Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-18244/2025 16.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı "su və kanalzasiya xəttinin çəkilməsi" tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Rəşid Behbudov küçəsi, ev 8, 54 saylı mənzilə su və kanalizasiya xəttinin çəkilməsi öhdəliyini cavabdehlər Bakı şəhəri, Səbail rayon Sukanal idarəsinə və ünvan 1 ünvanında qeydiyyatda olan usta Cavabdeh2 həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində olan mənzildən tam istifadə edə bilmir. Mənzildə su və kanalizasiya xətti mövcud deyildir. Bu hüquqdan məhrum olmuşdur. Bu barədə səlahiyyətli bütün dövlət inzibati orqanlarına tərəfindən rəsmi məlumatlar, müraciətlər və ərizələr verilmişdir. Son ərizə xx.xx.2025-ci il tarixdə ərazi üzrə Bakı şəhəri Səbail rayon Su Kanalı idarəsinə verilmişdir. Cavabdeh tərəf inzibati orqan 18 sentyabr 2025-ci il tarixli məktubu ilə ərizəsinə imtina cavabı vermişdir. Azərbaycan Dövlət Su ehtiyatları Agentliyi “İri şəhərlərin Birləşmiş Su təchizatı xidməti” Publik hüquqi şəxsi xx.xx.2025-ci il tarixdə iddiaçının ərizəsinə baxmış və Səbail rayon Su Kanalına göstəriş verilmişdir ki, mənzilin yaşayış binasının daxilində yerləşdiyi və həmin binanın su və kanalizasiya şəbəkələrinə qoşulduğunu abonent qeydiyyatına alındığını nəzərə alaraq mənzilin su və kanalizasiya xətləri yaşayış binasının daxili su və kanalizasiya şəbəkələri ilə əlaqələndirilsin. Daha sonra mülkiyyətində olan mənzilə su və kanalizasiya xəttinin çəkilməsi ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Yanında Mədəni irsin qounması, inkişafı və bərpası üzrə Dövlət xidməti idarəsinə 05 sentyabr 2024-cü il tarixdə etdiyi müraciətə baxaraq, sənədlərin hazırlanması ilə bağlı konsultasiyası üçün müvafiq sahədə böyük təcrübəyə malik "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etməsi tövsiyə edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə etdiyi müraciətə 22 noyabr 2024-cü il tarixdə baxılmış, mütəxəssis göndərilmiş, mənzilə yerində baxış keçirilmişdir. Mənzil bir otaqdan ibarətdir və ikinci mərtəbədə yerləşir. Binada daxili su və kanalizasiya xətləri mövcud deyildir. Xətlər həyət tərəfdə binanın fasadına sonradan quraşdırılmışdır. Mənzil mövcud su və kanalizasiya xəttindən aralıda küçə tərəfdə yerləşir. Bununla əlaqədar olaraq yaşadığı rayon üzrə su və kanalizasiya idarəsinə lazımi layihə sənədlərinin hazırlanması üçün müraciət etməsi tövsiyə edilmişdir. Kanalizasiya xəttinin və koridordakı digər işlərin görülməsi üçün iddiaçı Cavabdeh2 hissəhissə cəmi 2900 (iki min doqquz yüz) manatdan çox məbləğdə pul ödəmişdir. 4 il 7 ay keçməsinə baxmayaraq o xəttin işlək vəziyyətini təhvil verməmişdir. Həmçinin koridorda döşəmə işlərini düzgün yerinə yetirməmişdir. Belə ki, güclü yağışlar zamanı sel nəticəsində yağış suları ümumi giriş qapısından içəri vurarkən koridorda müxtəlif narahatçılıqlar yaradır. X1 Kanal idarəsindən baxış üçün əməkdaşları dəvət etmiş, onlar Ramiz tərəfindən çəkilmiş kanalizasiya xəttinin işlək olacağına 100% zəmanət vermirlər. Öhdəçiliyini düzgün yerinə yetirməyən həmin şəxs iddiaçıya külli məbləğdə maddi və mənəvi ziyan vurmuşdur. Cavabdehlər iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında nümayəndələrinin iştirak təmin etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçının hazırkı tələbi yaşadığı sahəsinin su və kanalizasiya xətti ilə təmin edilməsi ilə bağlıdır. Məhkəmə bununla bağlı qeyd edir ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 13 və 14-cü bəndinə əsasən:
13. Qanunvericiliklə onlara inzibati akt qəbul etmək, eləcə də ümumi (publik) hüquq sahəsində hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı faktiki xarakterli hərəkətlər etmək səlahiyyətinin verildiyi konkret hallar istisna olmaqla, təbii inhisar subyektləri “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan sayılmırlar.
14. Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, Plenum Qərarına əsasən təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması ilə bağlı münasibətlər təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla mülki-hüquqi xarakterə malikdir və bu münasibətlərlə bağlı yaranmış mübahisələrə inzibati deyil, ümumi məhkəmədə baxılmalıdır. İddia ərizəsindən görünür ki, iddiaçının hazırkı tələbi də yaşadığı evə su və kanalizasiya xəttinin çəkilməsi ilə bağlıdır ki, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçı ilə cavabdeh arasında həmin məsələ ilə bağlı yaranmış münasibət inzibati deyil, mülkihüquqi xarakterə malikdir. İddiaçının cavabdeh qismində göstərdiyi Cavabdeh2 gəldikdə, məhkəmə qeyd edir ki, həmin şəxs qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki şəxs deyil və onunla iddiaçı arasında yaranmış münasibətlər mülki hüquqi münasibət olmaqla inzibati mühakimə icraatının predmeti hesab olunmur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1-ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərar 15.2-ci bənd). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərar 15.3-cü bənd). Qeyd edilənlərə əsasən məhkəmə iddianın məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı iddiaçıya izah edir ki, onun hazırkı tələblə mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Səlma Qənbərova