Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1825/2024 24.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının vəkili Vəkil iştirakı ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı «mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi» tələbi üzrə iddiası ilə bağlı işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Bakı şəhəri Yasamal RİH-ə qarşı «mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə sərəncam verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Yasmal rayonu, H.Zərdabi küçəsi, 73 saylı evin 21 saylı mənzili Bakı şəhəri Oktyabr Rayon XDS İK-nın 8/3 nömrəli 29 iyun 1990-cı il tarixli qərarına əsasən İddiaçı1 istifadəsinə, Bakı Şəhər ZDS İK-nin 18344 nömrəli 24 iyun 1964-cü il tarixli orderinə əsasən isə X2 istifadəsinə verilmişdir. İddiaçılar həmin mənzillə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişlər. İdarənin 19 may 2023-cü il tarixli bildirişi məsələnin həllindən imtina olunmuş və imtinaya səbəb kimi müvafiq icra hakimiyyəti orqanının sərəncamın əlavə edilməməsi göstərilmişdir. Bundan sonra müvafiq sərəncamın verilməsi üçün iddiaçılar tərəfindən cavabdeh Bakı şəhəri Yasamal RİH-ə müraciət edilmişdir. Cavabdehin 24 iyun 2023-cü il tarixli məktubları ilə formal mülahizələrlə sərəncamın verilməsindən imtina olunmuşdur. Belə ki, cavabdeh sərəncamın verilməsindəm imtina edərkən mübahisəli mənzilin iddiaçıların sadəcə istifadəsinə verildiyini, mübahisənin mülkihüquqi xarakterli olduğunu və qanun üzrə vərəsəlik şəhadətnaməsi təqdim olunmadığını bildirmişdir. Hesab olunur ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. X3 ilə İddiaçı2 27 iyun 1955-ci il tarixdə rəsmi nikaha daxil olaraq qeyd olunan vaxtdan birgə həmin mənzildə yaşamışlar. 4 yanvar 1997-ci il tarixdə X3 vəfat etmişdir. Onun ölümündən sonra İddiaçı2 hazırkı vaxtadək mübahisəli mənzildə yaşamaqla mirası faktiki qəbul etmişdir. İddiaçı1 isə doğulduğu gündən mübahisəli mənzildə yaşayır. Məlum olduğu kimi, əvvəlki dövrlərdə bütün müqavilələr, orderlər istifadə hüququ əsasında vətəndaşlara verilirdi. Azərbaycan Respubılikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 19.1-ci maddəsinə, İPM-in 14.3, 34, 73.1-ci maddələrinə əsaslanaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə kirayə müqaviləsi bağlanmasına dair sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Yasamal RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Yasamal RİH-in iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətində bildirilir ki, İddiaçı1 və İddiaçı2 müraciəti üzrə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, 73 saylı evin, 21-ci mənzili Bakı şəhəri ZDS İK-nin 18344 nömrəli 24 iyun 1964-cü il tarixli orderinə əsasən X1 istifadəsinə verildiyindən, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim olunmadığından hər hansı bir sənədləşmə işləri aparılmamışdır. İddiaçı1 və İddiaçı2 yuxarıda qeyd olunan mənzilə dair sərəncam verilməsi barədə RİH tərəfindən imtina verilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında İddiaçı2 vəkili gəlmiş, digər iddiaçı və cavabdeh tərəf gəlməmişlər. Məhkəmə İPM-in 30.4 və 62.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia ərizəsinin məmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 85-ci maddəsinə görə icarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-büluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. İcarədarın və onun ailə üzvlərinin çıxarıla bilmədiyi hallardan başqa, bu maddənin birinci hissəsində müəyyən olunmuş qaydalar həmin Məcəllənin 95-ci maddəsində nəzərdə tutulmuş qaydada evlərindən çıxarmaya yol verilən mühüm xalq təsərrüfatı sahələrinin müəssisə, idarə və təşkilatların evlərində yaşayış sahəsinin icarəsinə tətbiq edilmir. Ailə üzvünün icarədar hesab edilməsi ilə əlaqədar yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Həmin Məcəllənin 87-ci maddəsinə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 52-ci maddəsində göstərilir ki, dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Sözügedən Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məıcəlləsinin 81-ci maddəsinə görə bir mənzildə yaşayan və mənzildəki yaşayış sahələrindən ayrı-ayrı sosial kirayə müqavilələri əsasında istifadə edərək, bir ailədə birləşmiş vətəndaşların yaşadıqları bütün yaşayış sahələrinin sosial kirayə müqaviləsini onlardan biri ilə bağlamağı tələb etmək ixtiyarı vardır. Kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 3.9.6-cı bəndinə görə dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılması və idarə olunmasının təşkili, 3.9.8-ci bəndinə görə müvafiq ərazidədövlət mənzil fondunun boş olan yaşayış sahələrinin qorunmasına və saxlanılmasına nəzarəti həyata keçirmək yerli icra hakimiyyəti başçısının vəzifələrindəndir. Əsasnamənin 6.8-ci bəndinə görə yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilati, nəzarət və sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ aktlar qəbul edir. Qeyri-normativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, həm 1 oktyabr 2009-cu il tarixədək, həm də qeyd olunan tarixdən sonrakı dövrdə (hazırda da) qüvvədə olan mənzil qanunvericiliyinin müddəaları kirayəcinin olmadığı halda, onun birlikdə orada yaşamış şəxslərin ümumi razılığı əsasında kirayəçi kimi tanınmasını tələb etmək hüququnu nəzərdə tutur. Hazırkı işin hallarına görə isə, iddiaçı əvvəlki kirayəçinin ailə üzvü və ya onuna birlikdə təsərrüfat aparan şəxs qismində deyil, boş olan mənzildə faktiki olaraq yaşayan şəxsdir və onunla mənzil kirayə müqaviləsi bağlanmasa da, belə müqavilədən irəli gələn vəzifələr müəyyən həcmdə yerinə yetirmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 73 saylı evin 21 saylı mənzilində yaşayan şəxs kimi orada uzun müddət təsərrüfat apardığından, mənzilin balans saxlayıcısı olan orqan Bakı şəhəri Yasamal RİH-dən onların həmin mənzilin icarədarı sayılmaqla kirayə müqaviləsinin bağlanmasını tələb etməkdə haqlıdırlar. Odur ki, məhkəmənin qənaətinə görə cavabdehin “iddiaçılarla mənzilə dair kirayə müqaviləsinin bağlanması”ndan imtinası qanuna ziddir və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati atın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 73 saylı evin 21 saylı mənzilinə kirayə müqaviləsi bağlanmasına dair sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal RİH-in üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ilə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 73 saylı evin 21 saylı mənzilinə kirayə müqaviləsi bağlanmasına dair sərəncam verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal RİH-in üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1825/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1825/2024
24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver