Məhkəmə qərarları › İş №2-1(112)-1827/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1827/2020

10.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1827/2020 10.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X7 X5 üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili-“Əkrəm Həsənov və Partnyorları” vəkil bürosunun vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X7 X5 üzrə Mərkəzi Filialına qarşı pensiyanın bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Nərimanov rayon şöbəsinə (bundan sonra DSMF Nərimanov rayon şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işlədiyi illərin güzəştli iş stajı kimi nəzərə alınaraq təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1981-ci il tarixindən 2014-cü il tarixinədək toxuculuq kombinatında əyrici peşəsində işləmişdir. 2019-cü ilin aprel ayından ona güzəştli şərtlərlə pensiya təyin edilmişdir. Lakin xx xxxxxxx 2019-cu il tarixində təyin edilmiş pensiya məbləğinin dayandırılmasının şahidi olmuşdur. Bu barədə iddiaçı ərizə ilə cavabdeh orqana müraciət etdikdə ona bildirilmişdir ki, Əmək və X3 Nazirliyi X4 və audit şöbəsinin araşdırması nəticəsində iddiaçının qanunvericiliklə tələb olunan güzəştli sosial sığorta stajının olmasını təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən əmək pensiyasının ödənişi xx xxxxxxx 2019-cu il tarixindən dayandırılmışdır. Hesab edir ki, araşdırma əsasında qəbul edilmiş qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və onun pensiya hüququ bərpa edilməlidir. "xxxxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi güzəşt arayışında bildirilir ki, o, həqiqətən xx.xx.1981-ci ildən xx.xx.2014-cü ilə kimi Bakı xxxxxx Kombinatında əyrici sexində 5-ci dərəcə ilə əyrici işləmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarının 11.9-cu bəndinə əsasən ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yenidən bərpa edilməlidir. Çünkii qeyd olunan qanunvericilik normalarının tələbinə uyğun olaraq, 25 ildən artıq sığorta stajına malikdir və bu müddətdə zərərli işdə çalışıb və ona görə də onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2019-cu il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehlərə təqdim edilmiş və cavabdehlərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X7 Bakı şəhəri Nərimanov rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X7 X5 İdarəsi (hazırda Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X7 X5 üzrə Mərkəzi Filialı) ilə əvəz olunması qərara alınmışdır. Cavabdeh Dövlət X7 X5 üzrə Mərkəzi Filialı məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, İddiaçı cavabdeh İdarəyə qarşı işlədiyi illərin güzəştli iş stajı kimi nəzərə alınaraq güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının bərpa edilməsinə dair iddiasını qəbul etmirlər. İddiaçının dəlili yersizdir. “Vətəndaşların pensiya təminatı haqqında” qanun İddiaçı münasibətdə tətbiq edilə bilməz. İddiaçıya DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən 2019-cu ilin aprel ayında güzəştli şərtlərlə pensiya təyin edilmişdir. ƏƏSMN-nin X4 və audit şöbəsinin araşdırması nəticəsindən İddiaçının qanunvericiliklə tələb olunan güzəştli sosial sığorta stajının olmasını təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən iddiaçının əmək pensiyasının ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra - ƏPQ) 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” qanunun İddiaçıya şamil edilə bilməsi üçün İddiaçının x xxxxxx 2006-ci il tarixinədək (yəni ƏPQ-nin qüvvəyə minməsinə qədər) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) İddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) İddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; və 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərinə əməl edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” qanunun 13-cü maddəsinin (b) bəndinə görə, istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan qadınlar—52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “xxxxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu tarixli güzəştli arayışa əsasən İddiaçı xx.xx.1981 – xx.xx.2014-cü illər ərzində zərərli iş sahəsində işləmişdir. Lakin həmin təşkilat tərəfindən təqdim edilmiş digər arayışa əsasən İddiaçı xx.xx.1991-dən xx.xx.1999dək analıq məzuniyyətində və xx.xx.1999-dan xx.xx.2014-dək ödənişsiz məzuniyyətdə olmuşdur. Əlbəttə ki, həmin müddətlər İddiaçının ümumi iş stajına daxil edilə bilər, lakin güzəştli iş stajına daxil edilə bilməz. Belə olan halda, iddiaçının güzəştli staj illəri 10 ildən azdır. Belə olan halda, iddiaçıya münasibətdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun tətbiq edilə bilməz. Göründüyü kimi, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlamamışdır. Bu mənada, ƏPQ-nin 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh-Dövlət X7 X5 üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili- X6 iddianı qəbul etməyərək və etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınmaqla iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materiallarında olan; - Bakı şəhəri Nərimanov RPİ tərəfindən xx.xx.2012-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci ildə Azərbaycan Quba rayonu Digah kəndində doğulmuş İddiaçı ünvan 1 mənzil 602 ünvanında qeydiyyatdadır. - İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixə qədər 84 saylı texniki peşə məktəbində təhsil alıb. xx.xx.1981-ci ildə Bakı üzlük materialları kombinatına istehsalat təcrübəsinə qəbul olunub. xx.xx.1981-ci ildə istehsalat təcrübəsi bitdikdən sonra Bakı sexinə 2 dərəcəli nəzarətçi vəzifəsinə təyin olunub. xx.xx.1981-ci ildə Azərbaycan SSR Əmək Məcəlləsinin 36-cı maddəsinin 1-ci bəndinə əsasən işdən azad olunub. xx.xx.1981-ci il ildə Azərbaycan SSR Yüngül sənaye nazirliyi Bakı xxxxxx kombinatına əyrici sexinə qəbul olunmuşdur. xx.xx.1982-ci ildə 4-cü dərəcəli əyrici vəzifəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə 5-ci dərcəli əyrici vəzifəsinə keçirilmişdir. xx.xx.2014-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. - DSMF Bakı şəhəri Nərimanov rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 2019-cu il aprel tarixli qərarı ilə İddiaçı xx.xx.2016-cı il tarixdən 156,29 manat məbləğində güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. - DSMF-nin Nərimanov rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019cu il tarixli **********8 saylı məktubda iddiaçıya Əmək və X3 Nazirliyi X4 və audit şöbəsinin araşdırması nəticəsində onun qanunvericiliklə tələb olunan güzəştli sosial sığorta stajının olmasını təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən əmək pensiyasının ödənişinin xx.xx.2019-cu il tarixdən dayandırılması qeyd olunmuşdur. - “xxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 93 №-li xx.xx.2019-cu il tarixli güzəşt arayışda İddiaçı xx.xx.1981-ci ildən xx.xx.2014-cü ilə kimi Bakı xxxxxx Kombinatında əyrici sexində 5-ci dərəcə ilə əyrici vəzifəsində işlədiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli güzəştli şərtlərlə yaşa görəəmək pensiyası hüququ vermək haqqında qərarına əsasən İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququna malik olduğu (32. Toxuculuq İstehsalat səh. 200. Əyricilər) qeyd olunmuşdur. - “xxxxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 98 №-li xx.xx.2019-cu il tarixli arayışda Bakı-X2 İttifaqı Komitəsinin 17A-saylı qərarına əsasən xammal çatışmazlığı ilə əlaqədar kombinatda çalışan işçilərin öz hesabına məzuniyyətə buraxılmaları, İddiaçı bu qərara əsasən xx.xx.1999-cu il tarixdən xx.xx.2014-cü il tarixinə kimi öz hesabına məzuniyyətə buraxılması, xx.xx.1991-ci ildən xx.xx.1999-cu ilə kimi analıq məzuniyyətində olması qeyd olunmuşdur. ƏƏSMN-nin X4 və audit şöbəsinin araşdırması nəticəsindən iddiaçının qanunvericiliklə tələb olunan güzəştli sosial sığorta stajının olmasını təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən iddiaçının əmək pensiyasının ödənişi xx.xx.2019-cu il tarixdən dayandırılmışdır. Hazırda iddaçı cavabdeh inzibati orqan tərəfindən ona əmək pensiyasının ödənişinin dayandırılmasını mübahisələndirmişdr. Məhkəmə bildirir ki, hazırkı iddia, növünə görə mübahisələndirmə haqqında iddialara aiddir. Bu növ iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar maddi-hüquqi baxımdan qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir. Belə ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır; 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin x xxxx 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: qadınlar- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. ““Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri x xxxxxx 1997-ci ildən, qalan maddələri isə x xxxxxx 1998-ci ildən qüvvəyə minmişdir. Göründüyü kimi, 52 yaşına çatmış qadınlar azı 20 il ümumi iş stajına malik olduqda, onun isə 10 ilini əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmışdırlarsa, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu əldə edirlər. “xxxxxx” ASC tərəfindən təqdim edilmiş xx.xx.2019-cu tarixli güzəştli arayışa əsasən iddiaçı xx.xx.1981 – xx.xx.2014-cü illər ərzində zərərli iş sahəsində işləmişdir. Lakin həmin təşkilat tərəfindən təqdim edilmiş digər arayışa əsasən iddiaçı xx.xx.1991dən xx.xx.1999-dək analıq məzuniyyətində və xx.xx.1999-dan xx.xx.2014-dək ödənişsiz məzuniyyətdə olmuşdur ki, həmin müddətlər iddiaçının ümumi iş stajına daxil edilsə də, lakin güzəştli iş stajına daxil edilə bilməz. Belə olan halda, iddiaçının əmək şəraiti zərərli olan staj illəri 10 ildən az təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinin tələbinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar