Məhkəmə qərarları › İş №2-1(112)-1828/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1828/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1828/2024 04.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək 1975-ci ildən hal-hazıra qədər olan dövr üzrə əmək stajı nəzərə alınmaqla, güzəştli şərtlərlə pensiya hüququnun 50 yaşının tamam olduğu 17 yanvar 2005-ci il tarixinədək hesablanıb ödənilməklə ömürlük pensiya təyin olunması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu Xüsusi Çərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İş üzrə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbi “57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu Sosial Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ərizə ilə müraciət edərək onun 1975-ci ildən hal-hazıra qədər olan dövr üzrə əmək stajı nəzərə alınmaqla, güzəştli şərtlərlə pensiya hüququnun 50 yaşının tamam olduğu 17 yanvar 2005-ci il tarixədək hesablanıb ödənilməklə, ömürlük pensiya təyin olunması vəzifəsi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Qaradağ rayon Şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Halhazırdakı iddia ərizəyə əlavə edilmiş göndərmə poçt qəbzində göründüyü kimi, ərizə xüsusi Şərtlərlə Təyinat İdarəsinə poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixində göndərilmişdir. Ərizə Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən bir aidan artıq müddət keçdiyinə baxmayaraq, ərizəyə dair heç bir araşdırma aparılmayıb və ona hal-hazıradək heç bir cavab verilməyib. Belə olan halda hesab edilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat İdarəsinin hərəkəti ərizəmə dair imtina kimi hesab olunmalıdır və həmin məsələ Məhkəmə qaydasında həll olunmalıdır. Belə ki, iddiaçı Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəni bununla əsaslandırmışdır ki, onun 1975-ci ildən hal-hazıra qədər olan dövr üzrə əmək stajı nəzərə alınmaqla, güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 50 yaşını tamam olduğu 17 yanvar 2005-ci il tarixdən hesablanıb ödənilməklə, ömürlük pensiya təyin olunması vəzifəsi hesab edilmişdir ki, AR Əmək və ƏSMN-yi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinə həvalə edilməlidir. Beləki, 01 yanvar 2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalçıların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşma çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabı sığorta hissəsində qeydə alınmış pensiya kapital əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 9.8-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək bu qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (xx.xx.2006-cı il tarixə qədər) qüvvədə olmuş. “Vətəndaşların pensiya təminatı haqqında" qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 14-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR-nın Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşma çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir (Qanun qeyd edilən 13-cii maddəsinə 1997-ci il tarixli 358-İQD nömrəli qanunla dəyişiklik edilərək 50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqust 1-dək hər il 6 av artırılmışdır). Həmin qanunun 69-cü maddəsinin 1-ci hissəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır (Eyni zamanda “Əmək pensiyaları haqqında” AR-sı qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sıgortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) Həmin qanunun 67-ci maddəsinin 3-cü hissəsinin “c” bəndinə (qüvvədə olan “Əmək pensiyaları haqqında’' qanunun 21.2.3-cü maddəsinə) əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) sosial sığorta stajına daxil edilir. Ərizəyə əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, keçmiş SSRİ dövründən Qobustan Avtobazasından işlədiyi vaxt və dövlət müəssisəsi tərəfindən açılmış əmək kitabçası mövcuddur. Qeyd olunan əmək kitabçasından çıxarışın surətinə əsasən onun ümumi 47 il 02 ay 25 gün əmək stajı müəyyən olunur. Qeyd olunan əmək kitabçasının çıxarışına əsasən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər üzrə aşağıdakı əmək stajı müəyyən olunur: xx.xx.1975-xx.xx.1979-cu illərdə N.Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsinin istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsində № c və A üzrə çilingər peşəsində işləmiş, (əmr 209-K xx.xx.1975-ci il) (əmək stajı 3 il 4 ay 16 gün) xx.xx.1993-xx.xx.2006-cı illərdə Nəzarət ölçü cihazları və avtomatika sexində NÖC və A üzrə çilingər peşəsində işləmiş, (əmək stajı 13 il 16 gün) xx.xx.2006-xx.xx.2023-cü illərdə N.Nərimanov adma Neft və Qaz Çıxarma İdarəsinin istehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsində nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində işləmiş (hal-hazırda da işləyirəm) (əmək stajı 16 il 09 ay) Əmək şəraitim xüsusilə zərərli və ağır işlər üzrə əmək stajı ümumləşdirdikdə halhazırdakı zamanadək tərəfindən qazanılmış sığorta stajı 33 il 02 ay 02 gün təşkil edir. AR Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin arayışlardan müəyyən edilir ki, yuxarıda qeyd olunmuş ona aid bütün ixtisaslar dəniz şəraitində neft və qazçıxarma stasionar özül obyektləri (dənizdə yerləşən) obyektləri ilə əlaqədardır və işldədiyim müddətdə D-430 Civəli Difmanometr (zərərli olan) sefrölçən cihazının texniki xidməti ilə məşğul olmuşdum. Belə olan halda, konkret halda o SSRİ dövründə və 05 aprel 2019-cu il üçün qazandığını 47 il 02 ay 25 gün (o cümlədən 47 il 02 av 25 gün Bulla-dəniz) (QCİ-də dənizdə xüsusilə və agır iş şəraitində, zəhərli civəli cihazının xidməti ilə işlərində çalışdığını dövr) onu əmək stajı kimi qəbul edilməlidir. Beləliklə də, iddiaçının “Vətəndaşların pensiya təminatı haqqında’' qanunun 13-cü maddəsinin xx.xx.1997-ci ilə kimi qüvvədə olan “a" bəndinin redaksiyasına müvafiq olaraq 50 yaşının tamam olduğu 17 yanvar 1955-ci il tarixdən iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranır.

4. Cavabdehin tərəfindən təqdim edilmiş etirazda bildirilmişdir ki, İddiaçı müraciətinə aidiyyəti üzrə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialında baxılaraq, xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-140882/2023 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. İddiaçı iddia ərizəsində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun iddia tələbinin “57 yaşının tamam olduğu 01,07.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilməsini məhkəmədən xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edilmişdir ki, 2-1(112)-12439/2023 nömrəli inzibati iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndınə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cı il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalısan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Q.X6 təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-omadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Nəticə etibarilə nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlilərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Göründüyü kimi, İddiaçı güzəştli şərtlərlə pensiya təyinatının aparılması onun güzəştli iş stajının olmaması səbəbindən mümkün deyildir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi"nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

5. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” X2 adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışda qeyd edilmişdir ki, xx.xx.1975-ci ildən xx.xx.1978 -ci ilə qədər N.Nərimanov adına Neft və Qazçıxarma idarəsində istehsalatın avtomatlaşdırılması sexində nəzarət ölçü cihazları üzrə çilingər peşəsində işləmişdir. xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilə qədər “Bulla-dəniz” NQÇİ-nin Nəzarət ölçü cihazları və avtomatika sexində Nöc və A üzrə çilingər peşəsində işləmişdir. xx.xx.2006-cı ildən halhazıra qədər N.Nərimanov adına NQÇİ-nin İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsində nəzarət ölçü cihazları üzrə çilingər peşəsində işləmişdir. Arayış N. Nərimanov adına NQÇİ-də saxlanılan T-2 formalı kartoçka. kadr əmrləri və əmək kitabçası əsasında verilir.

6. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” X2 adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cı il tarixli arayışda qeyd edilmişdir ki, xx.xx.1975-ci ildən xx.xx.1979-cu ilə qədər N.Nərimanov adına NQÇİ-nin İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsində NÖC və A üzrə çilingər peşəsində işləyib (əmr 209-k xx.xx.1975-ci il) xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixinə qədər “Bulla-dəniz” NQÇİ-nin Nəzarət ölçü cihazları və avtomatika sexində NÖC və A üzrə çilingər peşəsində işləmişdir. (Əmr 384/k xx.xx.1993-cü il) xx.xx.2006-cı ildən hal-hazırki dövrə qədər N.Nərimanov adına NQÇİ-nin İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları və Avtomatika üzrə çilingər peşəsində işləyir. (Əmr 402/k xx.xx.2006-cı il)

7. SOCAR “Azneft” İstehsalat birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi Bakı şəhəri xx.xx.2020-ci il tarixli arayışda qeyd edilmişdir ki, xx.xx.1993-cü ildən hal-hazıra kimi Bulla-dəniz NQÇİ-də və N.Nərimanov adına Neftqazçıxarma İdarəsində İstehsalat proseslərinin avtomatlaşdırılması və nəzarət ölçü cihazları sahəsində Nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsində işləyib. Yuxarıda qeyd olunmuş ixtisas dəniz şəraitində neft və qazçixarma stasionar özül obyektləri ilə əlaqədardır. Stasionar dəniz özüllərində neft və qazın hasilatı üzrə operator peşəsində işləyənlərlə birgə çalışmışdır. İşlədiyi müddətdə DP-430 Civəli Difmanometr sərfölçən cihazının texniki xidməti ilə məşğul olmuşdur.

8. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQÇİ tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli, xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şiştin emalı bölməsinin neft, qaz və qaz kondensatının hasilatı bəndində mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1 çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsi nəzərdə tutulmuşdur. SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun “Qazın keyfiyyət göstəricilərinin sertifikatlaşdırılması” şöbəsi tərəfindən olunan analiz nəticələrinə əsasən N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinə məxsus yataqlarda qazın tərkibində kükürdlü hidrogen 0,096-dır, neftin tərkibində 0,5% aşağıdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı xx.xx.1993-xx.xx.2020-ci illərdəki işlədiyi nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahının, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında göstərilən peşələrə uyğun deyildir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2024-cü il tarixli müvafiq məlumatların göndərilməsi haqqında məktubda bildirilmişdir ki, X1 və X3 Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. Buna görə də adıçəkilən şəxslər dair Mərkəzi Filialda hər hansı məlumat mövcud olmadığından məktubda qeyd edilən məsələlərə münasibət bildirilməsi mümkün deyil. Əlavə olaraq, X4 30 dekabr 2009-cu il tarixində Fondun Salyan rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsə dair “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2016-cı il tarixli 224 nömrəli arayışının surətinin təqdim edildiyi bildirilmişdir. Həmin arayışın təqdim edildiyi bildirilsə də, faktiki olaraq cavaba əlavə edilmədiyindən məhkəmə həmin arayışın təqdim edilməsini cavabdehdən tələb edilmişdir.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış xx.xx.2024-cü il tarixli müvafiq məlumatların göndərilməsi haqqında məktubda bildirilmişdir ki, X4 30 dekabr 2009-cu il tarixində Fondun Salyan rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsin pensiya işinə dair sənədlərdə “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin ona dair arayışı mövcud deyil. Əlavə olaraq bildirilmişdir ki, həmin xx.xx.2016-cı il tarixli 224 nömrəli arayışın texniki səhv nəticəsində Nadir Hüseynova aiddir və İddiaçıa aid həmin arayış ərizəyə təqdim edilmişdir.

11. Məhkəmənin baxış iclasında iddiaçı iştirak etməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmiş və bilirmişdir ki, onunla eyni şəraitdə işləyən adıçəkilən şəsxlərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir.

12. Şifahi dinləmələr zamanı (məhkəmənin baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmamasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

13. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

14. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

15. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.

16. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. -Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

17. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin a) bəndinə əsasən: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa.

18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).

20. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər üçün yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 50, qadınlarda 45 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 52, qadınlarda 50) və iş stajı (kişilərdə az 20 il, bu müddətin azı 10 ili əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 15 il iş stajı, bu müddətin azı 7 il 06 ayını ili əmək şəraiti xüsusilə zərərli və ağır olan olmalıdır); xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

22. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 nömrəli Siyahısı” (bundan sonra 1 və 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.

IV.Qeyd edilənlərin hazırki işə tətbiqi

23. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.

24. İddiaçı 1955-ci il təvəllüdlüdür. Odur ki, onun xx.xx.2012-ci il tarixədək əmək stajı nəzərə alınmalıdır.

25. İddiaçının ümümi əmək stajı ilə bağlı mübahisə yoxdur.

26. Əmək şəraiti ağır və zərərli işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli, xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şiştin emalı bölməsinin neft, qaz və qaz kondensatının hasilatı bəndində mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1 çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsi nəzərdə tutulmuşdur.

28. SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQÇİ tərəfindən məhkəmənin sorğusuna cavab məktubundan aydın olur ki, SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunun “Qazın keyfiyyət göstəricilərinin sertifikatlaşdırılması” şöbəsi tərəfindən olunan analiz nəticələrinə əsasən N.Nərimanov adına Neft Qazçıxarma İdarəsinə məxsus yataqlarda qazın tərkibində kükürdlü hidrogen 0,096-dır, neftin tərkibində 0,5% aşağıdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı xx.xx.1993-xx.xx.2020-ci illərdəki işlədiyi nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahının, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında göstərilən peşələrə uyğun deyildir.

29. İddiaçının onunla birlikdə eyni şərtlərlə işlədiyini iddia etdiyi şəxslərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi barədə dəlillərini məhkəmə araşdırmış və həmin hallar öz təsdiqini tapmamışdır. Belə ki, müəyyən olunmuşdur ki, X1 və X3 Mərkəzi Filial tərəfindən hər hansı növ əmək pensiyası ödənilmir. X4 30 dekabr 2009-cu il tarixində Fondun Salyan rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsin pensiya işinə dair sənədlərdə “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin ona dair arayışı mövcud deyil. Odur ki, bərabər vəziyyət mövcud deyil.

30. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı xx.xx.1993-xx.xx.2020-ci illərdəki işlədiyi nəzarət ölçü cihazları və avtomatika üzrə çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli, xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarları ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” siyahısında qeyd edilmiş peşələrə uyğun gəlmədiyindən (belə ki, həmin siyahıda tərkibində kükürdlü hidrogen olan (1 çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər peşəsi nəzərdə tutulduğu halda, iddiaçının çilingər peşəsi üzrə işlədiyi yataqlarda qazın tərkibində kükürdlü hidrogen 0,096-dır) iddiaçının güzəştli iş stajı mövcud deyildir.

31. Odur ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün güzəştli iş stajı mövcud deyil.

32. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. İddiaçı xx.xx.1955-ci ildə anadan olub və 57 yaşının tamam olduğu tarixə güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malik deyil. Odur ki, iddiaçının 57 yaşının tamam olduğu tarixdən güzəştli şərtlər yaşa görə pensiya təyin edilməsindən cavabdehin imtinası qanunsuz hesab edilə bilməz.

33. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim ediliyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar