Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-18284/2025 29.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq, Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2025-ci il tarixli, 225 nömrəli Sərəncamından çıxarış əsasında iddiaçıya kirayəyə verilmiş ünvan 1 ünvanında yerləşən 48 saylı mənzilin ilkin qeydiyyata alınmaqla çıxarışın verilməsi öhdəliyinin cavabdehin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırırılmışdır ki, İddiaçı xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, ünvan 2 ünvanında böyümüş və hal-hazırda bu ünvanda qeydiyyatda olmaqla faktiki yaşayır. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 13 ünvanında yerləşən 48 saylı mənzilin kirayəçisi vətəndaş A.L.Koval olmuşdur. O, xx.xx.1994-cü ildən mənzildən qeydiyyatdan çıxmışdır. Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, m-82 №-li Sərəncamından çıxarışa əsasən, adıçəkilən mənzilin kirayə müqaviləsinin X2 ilə bağlanılması və mənzilin şəxsi - maliyyə hesabında dəyişiklik edilməsinə dair MKİS-ə göstəriş verilmiş, E.N.Kərimov mənzilin kirayəçisi hesab edilmişdir. X2 xx.xx.2019-cu il tarixdə “ürəyin hiertenziv xəstəliyi” səbəbilə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu ildə akt qeydi edilmişdir. Bundan başqa, Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2025-ci il tarixli, 225 nömrəli Sərəncamından çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 13 saylı evin yaşayış sahəsi 30,01 kv.m olan 2 otaqlı 48 saylı mənzilinin daimi kirayə müqaviləsinin vətəndaş İddiaçı ilə bağlanması və şəxsi - maliyyə hesabında dəyişiklik edilməsi, vətəndaş İddiaçı mənzilin əsas kirayəçisi hesab edilməsi ilə bağlı Aparatın Hüquq şöbəsinin müdiri Teymur Əzizova göstəriş verilmişdir. 4 Saylı Bakı ASAN Xidmət mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışdan da məlum olur ki, o (xx.xx.2017-ci il tarixdən) və 2 övladı - xx.xx.2024-cü il təvəllüdlü X6 və xx.xx.2024-cü il təvəllüdlü X9 hal-hazırda faktiki yaşayış yeri üzrə, yəni ünvan 2 ünvanında qeydiyyatdadırlar. Yuxarıda qeyd edilən sübutlardan da aydın olur ki, iddiaçı artıq 34 ildir ki, həmin ünvanda yaşamağına və 8 ildir ki, burada qeydiyyatda olmağına baxmayaraq müvafiq mənzilə dair hüquqmüəyyənedici sənəd (çıxarış) yoxdur. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 13 ünvaında yerləşən 48 saylı mənzilin ilkin qeydiyyata alınmaqla çıxarışın verilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri PHŞ-in 1 Saylı Bakı Ərazi İdarəsinə tərəfindən rəsmi müraciət ünvanlansa da, cavabdeh Xətai Rayon İH-in arxiv fondu üzrə xx.xx.2007-ci il tarixli, m-82 saylı sərəncamının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyini əsas gətirərək hüquqlarımın dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Cavabdehin müraciətinə imtina etməsi aşağıdakı xüsusiyyətlərə görə əsassız sayır: Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2025-ci il tarixli 225 saylı Xətai Rayon İcra Hakimiyyətinin möhrü ilə təsdiq olunmuş sərəncamından çıxarış bir daha sübut edir ki, o, müvafiq mənzilin sosial kirayə müqaviləsi əsasında, artıq 3 aydır ki, mənzilə sahiblik edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR-sı Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə ki, Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, m-82 №-li Sərəncamından çıxarış İH-in səlahiyyətli şəxsi tərəfindən imzalanmış, eyni zamanda XRİH-in möhürü ilə təsdiq olunmuşdur. Dövlət Arxivinin Bakı filialında bu sənədin aşkar olunmamasında bir mənalı şəkildə iddiaçı yox, Xətai Rayon İcra Hakimiyyəti və Milli Arxivlər İdarəsi məsuliyyət daşıyır !!! Çünki Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamların və ona əlavə edilmiş sənədlərin verilmə tarixindən 5 il müddət keçdikdən sonra Azərbaycan Respublikası Milli Arxivlər İdarəsinin Bakı Filialına təhvil verilməli olmasına baxmayaraq, Milli Arxivlər İdarəsinin Bakı Filialında bu sənədlər aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1 maddəsində deyilir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsasdır. AR Mülki Məcəlləsinin 695.2-ci maddəsinə əsasən, Kirayəçinin öz arvadı (əri) və ya ailə üzvləri ilə yaşadığı yaşayış otağının kirayəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinə kirayəçinin öldüyü halda onun arvadı (əri) və ya ailə üzvləri girirlər. Ölən kirayəçinin ailə üzvlərinin bu hüquqları birbaşa qanunun imperativ göstərişindən irəli gəlir və onlar bu münasibətlərə girmələri barədə heç bir xəbərdarlıq verməyə borclu deyillər. Bundan əlavə, AR Mənzil Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvü digər ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə əvvəl bağlanmış sosial kirayə müqaviləsi üzrə ilkin kirayəçi əvəzinə özünün kirayəçi kimi tanınmasını tələb etmək ixtiyarı vardır. Bu hüquq kirayəçinin vəfat etdiyi halda onun fəaliyyət qabiliyyətli bütün ailə üzvlərinə məxsusdur. Belə olan halda iddiaçının pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 13 saylı evin, 48 saylı mənzilinə dair verilmiş Xətai rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, m-82 saylı sərəncamı ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə və Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmiş, sorğulara cavab olaraq, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin 5-11/2-1845/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamların və ona əlavə edilmiş sənədlərin verilmə tarixindən 5 il müddət keçdikdən sonra Azərbaycan Respublikası Milli Arxivlər İdarəsinin Bakı Filialına təhvil verildiyi, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 3-48-2F/2-1952/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubu ilə Xətai rayon İHnin arxiv fondu üzrə xx.xx.2007-ci il tarixli, m-82 saylı sərəncamının Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Həmçinin idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman mənzilin faktiki ümumi sahəsinin 51.54 kv.m təşkil etdiyi məlum olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
4. Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, m-82 №-li Sərəncamından çıxarışa əsasən Bakı şəhəri, M.Rüstəmov küçəsindəki 13 №-li evin, yaşayış sahəsi 30.1 kv.m olan 2 otaqlı 48 saylı mənzilin kirayə müqaviləsi vət. X8 ilə bağlansın və mənzilin şəxsi-maliyyə hesabında dəyişiklik edilsin. Ailə tərkibi 1 nəfər, tək özü olmaqla vət. E.N.Kərimov mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. Sərəncamda qeyd olunur: Bakı şəh. M.Rüstəmov küçəsindəki 13 №-li evin, yaşayış sahəsi 30,1 kv.m olan 2 otaqlı 48 №-li mənzilinin kirayəçisi vət. A.L.Koval olmuşdur. O, xx.xx.1994-cü ildən mənzildən qeydiyyatdan çıxmışdır. Onun əri X8 ərizə ilə Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək, yaşadığı mənzilin kirayə müqaviləsinin onunla bağlanmasını xahiş edir.
5. Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2025-ci il tarixli, 225 nömrəli Sərəncamından çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, M Rüstəmov küç., 13 saylı evin, yaşayış sahəsi 30.01 kv.m olan 2 otaqlı, 48 saylı mənzilin daimi kirayə müqaviləsi vət.İddiaçı ilə bağlansın və şəxsi maliyyə hesabında dəyişiklik edilsin. Ailə tərkibi 3 nəfər (özü və 2 qızı) olmaqla vət İddiaçı mənzilin əsas kirayəçisi hesab edilməsi qərara alınmışdır. Sərəncamda qeyd olunur: Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küç., 13 saylı evin, yaşayış sahəsi 30,01 kv.m olan 2 otaqlı, 48 saylı mənzilin kirayəçisi vət X8 olmuşdur, (əsas: Xətai rayon İcra Hakimiyyəti Başçısının m-82 saylı, xx.xx.2007-cı ıl tarixli sərəncamı) Vət. İddiaçı ərizə ilə Xətai rayon İcra Hakimiyyətinə müraciət edərək, X2nun vəfat etməsi ilə əlaqədar yuxarıda qeyd olunan yaşadığı mənzilin daimi kirayə müqaviləsinin onunla bağlanmasını xahiş edir. Əsas kimi ərizəyə o, mənzilə dair sərənsamın surətini, şəxsiyyət vəsiqəsinin, doğum haqqında şəhadətnaməsinin surətlərini, MKİS-dən maliyyə hesab vərəqəsini, forma 2 arayışını və yaşayış yeri uzrə qeydiyyat arayışını əlavə etmişdir.
6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı (xx.xx.1991-ci il təvəllüdlü) ünvan 2 ünvanında xx.xx.2017-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadır.
7. AZ-İİİ 931014 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olan İddiaçı X2dur.
8. AZ-İİ 482518 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2019-cu il tartixdə vəfat etmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müfafiə edərək iddianın təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
14. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmənin mövqeyi
15. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının 3 nəfər ailə tərkibi (özü və iki qızı) ilə birlikdə Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2025-ci il tarixli, 225 nömrəli sərəncamı əsasında Bakı şəhəri, Xətai rayonu, M Rüstəmov küç., 13 saylı evin, yaşayış sahəsi 30.01 kv.m olan 2 otaqlı, 48 saylı mənzilin əsas kirayəçisi hesab edilməsi qərara alınmışdır. Həmin sərəncam, sözügedən mənzilin kirayəçisi olmuş iddiaçının X2nun vəfatından sonra orada qeydiyyatda olan iddiaçının müraciətinə əsasən verilmişdir. Mənzillə bağlı hər hansı mübahisə yoxdur. Sərəncamda və DİN-in yaşayış yeri uzrə qeydiyyat haqqında məlumatında mənzilin eyniləşdirilməsi və mənzilə dair hüquqların qeydə alınması üçün zəruri məlumatlar mövcuddur.
16. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarının əsas gətirilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir.
17. Konstitusiya Məhkəməsinin Plenumunun nümayiş etdirdiyi mövqeyi ona deməyə əsas verir ki, əgər kirayə müqaviləsinin bağlanılması barədə sərəncamda və ya kirayə müqaviləsinin özündə kirayəçi ilə yanaşı, həmçinin kirayəçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin adları göstərilmişdirsə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin tələbləri baxımından kirayəçinin özü və ya kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri (razılıq ərizələri əsasında) mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatını tələb etmək hüququna malikdirlər. Başqa sözlə, əgər kirayəçinin və kirayə müqaviləsində qeyd olunan digər şəxslərin razılıqları olarsa, bu zaman kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvü mənzil üzərində mülkiyyət hüquqlarını tələb edə bilər.
18. İddiaçının mənzilə dair hüquqmüəyyənedici sənədinin olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi.
23. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Lakin həmin maddənin tələbindən də aydın olur ki, həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək qəbul edilməsi şərti də müəyyən edilmişdir.
24. Məhkəmə hesab edir ki, Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2025-ci il tarixli, 225 nömrəli sərəncamının verilməsinə əsas Xətai Rayon İcra Hakimiyyətnin xx.xx.2007-ci il tarixli, m-82 saylı sərəncamı olmuşdur və həmin sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənəd kimi qəbul edilməlidir. Belə ki, Xətai Rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli, m-82 №-li Sərəncamından çıxarışa əsasən müəyyən olunur ki, Bakı şəhəri, M.Rüstəmov küçəsindəki 13 №-li evin, yaşayış sahəsi 30.1 kv.m olan 2 otaqlı 48 saylı mənzilin kirayə müqaviləsi ilə ailə tərkibi tək özü olmaqla X5 verilmişdir. Sonuncunun vəfat etməsi ilə əlaqədar yuxarıda qeyd olunan mənzilin daimi kirayə müqaviləsinin iddiaçının xahişi ilə onunla (ailə təkibi 3 nəfər) bağlanması qərara alınmışdır.
25. Məhkəmə sərəncamlarda qeyd olunan ailə üzvlərinin razılığının olub-olmaması barədə qeyd edir ki, xx.xx.2007-ci il tarixli sərəncamda mərhum X3 yalnız özü qeyd olunmuş, onun vəfatından sonra xx.xx.2025-ci il tarixli Sərəncam da mərhumun oğlunun, yəni iddiaçının adına 3 nəfər ailə tərkibi (özü, yetkinlik yaşına çatmayan iki qızı) olmaqla verilmişdir. Odur ki, iddiaçı ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin adları müəyyən olunmur.
26. Göründüyü kimi, mübahisəli daşınmaz əmlaka dair hüquq münasibətləri 2007-ci ildən, başqa sözlə 2009-cu ilin oktyabrın 1-dək yaranmışdır.
27. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilən xx.xx.2007-ci il tarixli, m-82 saylı sərəncam Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
28. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Xətai Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2025-ci il tarixli, 225 nömrəli sərəncamından çıxarışda xx.xx.2007-ci il tarixli, m-82 saylı sərəncamda qeyd olunan məlumatlar öz əksini taparaq sərəncamın verilməsinə əsas: Xətai Rayon İcra Hakimiyyəti Başçısının m-82 saylı, xx.xx.2007-ci il tarixli sərəncamı göstərilmişdir. Beləliklə cavabdeh tərəfindən mübahisələndirilən sərəncamın mövcudluğu və mötəbərliyinə əsaslı şübhələr aşkar olunmadı.
29. Beləliklə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin mövcudluğu sübut olunduğundan məhkəmə cavabdehin dəlilini əsassız hesab edərək bildirir ki, cavabdeh iddiaçının daşınmaz əmlakın dövlət reyestrində istifadə hüquqlarının qeydiyyatını apararaq mülkiyyət hüququna dair çıxarış verilməsindən imtina etməkdə haqlı olmamışdır.
30. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır.
31. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, ev 13 ünvanında yerləşən 48 saylı mənzilə dair mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq buna dair çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva