Məhkəmə qərarları › İş №2-1(112)-1829/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1829/2023

23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1829/2023 23.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “sərəncamların ona aid hissədə etibarsız hesab edilməsi” (3-cü şəxs: “İnterservis” Müdriyyəti) tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti başçısının 37 saylı, 05 fevral 2016-cı il tarixli Sərəncamının 3-cü bəndinin “Bakı şəhər İcra Hakimiyyəti nəznində “İnterservis” müdriyyəti ilə iddiaçı arasında torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmasının təmin edilməsi” hissəsində və ondan doğan nəticələrin etibarsız hesab edilməsi barəsində qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 37 saylı 05 Fevral 2016-cı il tarixli Sərəncamı əsasında ünvan 1 ünvanda 0,2519 ha və ona bitişik 0,2405 ha, ümumilikdə 0,4924 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsi üçün iddiaçıya icazə verilib. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 37 saylı 05 Fevral 2016-cı il tarixli Sərəncamının 3-cü bəndində Bakı Şəhər İcra Hakimiyyəti nəzdində “İnterservis” müdriyyəti ilə iddiaçı arasında torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmasının təmin olunması tapşırılıb. Bundan sonra iddiaçı ilə cavabdeh arasında 2405 kv.m. torpaq sahəsinin icarəsi ilə bağlı 49 il müddətə 1159 saylı 11 May 2017-ci il tarixli X1 bağlanıb. Həmin torpaq sahəsində sakinlərin vəsaiti hesabına çoxmərtəbəli, çoxmənzilli yaşayış binası tikilib. Tikilmiş bina Ö/004110 saylı 19 Oktyabr 2020-ci il tarixli istismara hazırlıq aktı ilə 10 Avqust 2018-ci ildən tikintinin başa çatması təsdiq olunub. Həmin tarixdən bina sakinlərlə tam məskunlaşdırılıb. İddiaçı qeyd olunanlara əsaslanaraq, inzibati aktın etibarsız hesab olunmasını xahiş edir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırki iş üzrə “İnterservis” Müdriyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, qanunvericilik inzibati aktın (qərarının) “ləğv edilməsi” və “etibarsız hesab edilməsi”nin ifadələrini fərqləndirmişdir. Belə ki, inzibati aktın ləğv edilməsi aktın mahiyyəti üzrə əsaslı qəbul edilib-edilməməsinə söykənir. Lakin, inzibati aktın (qərarın) etibarsızlığı isə müvafiq olaraq İnzibati Prosessual Məcəlləsinin 65.1-ci maddəsində nəzərdə tutulmuş hallar əsasında müəyyən edilir. Nəzərə alınmalıdır ki, məhkəmə icraatı zamanı iddiaçıya mübahisələndirilən sərəncamın ləğvi və ya etibarsız hesab edilməsi istiqamətində tələbin irəli sürülməsi ilə bağlı hüquqlarının mövcud olduğu izah olunmuş, eyni zamanda inzibati aktın ləğvi və etibarsızlığı əsaslarının fərqləndirilməsi, hazırki iddia növünün müəyyən etmə və tanınma barədə iddia olması, iddiaçının isə inzibati aktın ləğv edilməsini tələb etmək kimi mübahisələndirmə haqqında iddia növü ilə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmiş, inzibati prosessual qanunvericiliklə yanaşı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda inzibati aktın ləğvi və etibarsızlığı əsasları nədən ibarət olması tərəflərin diqqətinə çatdırılmışdır. Hazırkı halda sərəncamın mübahisələndirilməsi ilə bağlı mübahisələndirmə və ya etibarsız hesab edilməsi ilə bağlı müəyyən etmə və tanınma növlərindən hansının seçilməsi təklif edilmişdir. İddiaçı isə konkret olaraq cavabdehin Bakı şəhər İcra Hakimiyyəti başçısının 37 saylı, 05 fevral 2016-cı il tarixli Sərəncamının ona aid olan hissədə etibarsız hesab edilməsini tələb etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirmə növündə iddia üzrə 30 günlük prosessual müddətin ötürülməsinin yoxlanılmalı olması ilə bağlı hal mövcud olmuş olsa da, hazırkı iddia tələbi müəyyən etmə və tanınma növündə iddia kimi sərəncamın ona aid olan hissədə etibarsız hesab edilməsi ilə bağlı olduğundan, etibarsız hesab edilmənin əsasları kimi iddiaçı cavabdehin həmin sərəncamın qəbul edilməsində həmin qurumun səlahiyyətinin olmaması ilə əlaqələndirdiyindən və inzibati prosessual qanunvericiliklə həmin iddia növünə münasibətdə müddətlə bağlı şərt müəyyən edilmədiyindən iddia mümkün hesab edilir. Beləliklə hazırkı növ iddianın verilməsi ilə bağlı prosessual müddət ötürülmədiyindən, müddətin bərpa edilməsi barədə ərizənin verilməsi əsası, eyni zamanda həmin ərizənin verilməli olmasına dair hüquqların izah edilməli olması əsası da aradan qalxmış olur. Beləliklə məhkəmə hesab edir ki,hazırkı iddia mümkünlük şərtləri yerinə yetirilməklə verilmiş, subyektiv hüquqla bağlı, eyni zamanda iddia mübahisələndirmə növündə iddia olmadığından müddətlə bağlı şərt pozulmamış, iddiaçı hazırkı növ, yəni müəyyən etmə və tanınma növündə iddia üzrə hüquq və mənafelərinin qorunmasına çalışdığından icraata qəbul edilmiş iddia mümkün hesab edilməlidir. İddianın mübahisələndirmə və ya müəyyən etmə və tanınma formasında olmasının məhkəmənin mahiyyəti üzrə qiymətləndirmə aparmasına münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Eyni zamanda iddianı mübahisələndirmə növündə olmasında israr edərək daha sonra prosessual müddətin yoxlanılması və ehtimal olunan müddətin üzrsüz hesab edilərək bərpa edilməməsi və iddianın qeyri mümkün hesab edilməsinə yönələ biləcək prosessual hərəkətlər etməyə də haqlı deyildir. Belə ki, AR İPM-nin 13 və 48-ci maddəsinin tələbləri iddianın mümkünsüzlüyü ilə nəticələnə biləcək hallarla uzlaşmır. Tərəf cavabdehin sərəncamının qismən etibarsız hesab edilməsini qeyd edirsə, məhkəmə yardım etmənin prinsiplərindən kənara çıxmadan etibarsızlığın əsaslarının olub-olmamasını yoxlamalıdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2016-cı il tarixli, 37 nömrəli Sərəncamının surətindən görünür ki, həmin sərəncam ilə İddiaçı MMC-nin xx.xx.2016-cı il tarixli, 01 saylı müraciətini, Xətai rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 1254 saylı razılıq məktubunu, Ekologiya və Təbi Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin xx.xx.2014-cü il tarixli, 15/3878 saylı məktubunu, Nəsimi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(006)-3715/2015 saylı qərardadını və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışını nəzərə alaraq, Xətai rayonu, M.Hadi küçəsi 41 saylı binanın yaxınlığında istifadədə olan 0,2519 ha və ona bitişik icarə sənədi əsasında 0,2405 ha ümumilikdə 0,4924 ha torpaq sahəsində yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün MMC-yə icazə verilməsi qərara alınmışdır. Adıçəkilən sərəncamın 3-cü bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası “Torpaq Məcəlləsi”nin 66,67 və 68-ci maddələrinə uyğun olaraq, Bakı şəhər İcra Hakimiyyəti nəznində “İnterservis” müdriyyəti sifarişçi ilə 0,2405 ha torpağın icarə müqaviləsinin bağlanmasını təmin etməli və torpaq sahəsi üzərində icarə hüququ dövlət qeydiyyatına alınmalıdır. Göründüyü kimi mübahisələndirilən sərəncam bilavasitə torpaq sahəsində yaşayış binasının tikintisinin iddiaçı tərəfindən layihələndirilməsi ilə bağlı olsa da, iddiaçı sərəncamın bir hissəsi ilə razılaşmır və sərəncamı həmin hissədə mübahisələndirir. Bununla bağlı qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Qanunvericiliyin tələbindən də göründüyü kimi publik hüquq sahəsinə aid olan müəyyən məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Adıçəkilən maddələrin təhlilindən müəyyən edilir ki, inzibati akt qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində geri çağrılana, ləğv edilənə, dəyişdirilənədək bütün şəxslər, o cümlədən inzibati aktın yönəldiyi fiziki və hüquqi şəxslər üçün hüquqi qüvvəyə malikdir ki, onun hüquqi qüvvəsi və hüquqi cəhətdən etibarlılığı həmin qərarı qəbul etmiş inzibati orqan və digər inzibati orqanlar üçün də istisna təşkil etmir. Bununla əlaqədar olaraq aşağıdakıların qeyd edilməsi zəruridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Şərh olunan qanunvericiliyin müddəalarından göründüyü kimi, İnzibati icraat haqqında Qanunun 65.1-ci maddəsində inzibati aktın etibarsız sayılmasının konkret əsasları göstərilmişdir. Bu əsasların mövcud olması inzibati aktın heç bir hüquqi əhəmiyyətə malik olmadığını bildirir. Qanunvericiliyin bu əsasları dəqiq müəyyən etməsi ona xidmət edir ki, ilk növbədə aydın şəkildə inzibati aktı etibarsız edən hallar konkretləşdirilsin. İşin hallarından isə görünür ki, iddiaçı cavabdehin sərəncamının qismən etibarsız hesab edilməsini xahiş etsə də, iddia tələbinin maddi əsası olan, sözügedən Qanunun 65.1-ci maddəsində təsit edilən və həmin sərəncamın etibarsızlığına səbəb olan əsaslardan hər hansı biri hazırki işdə mövcud olmadığından sərəncamın qismən etibarsızlığına dair tələb əsaslı hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, iddia tələbinin mahiyyətindən və məhkəmə araşdırmasından da aydın olur ki, iddiaçı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin tələbləri nəzərə alınmadan cavabdeh tərəfindən torpaq sahəsinin daimi istifadəyə verilməsi əvəzinə səlahiyyətindən kənar olaraq icarəyə verilməsini mübahisələndirir. Maddənin tələbindən də göründüyü kimi əhalinin mənzil hüququnun təmin edilməsi məqsədi ilə dövlət torpaqları əhalinin vəsaiti hesabına inşa edilən çoxmərtəbəli, çoxmənzilli yaşayış evlərinin müvafiq mənzil-istismar təşkilatlarına bir qayda olaraq daimi istifadəyə verilir. Qeyd olunmalıdır ki, “bir qayda olaraq” ifadəsi cavabdehin inzibati aktın qəbulu ilə əlaqədar diskresion səlahiyyətinə işarədir. Bu zaman, cavabdehin bir qayda olaraq istifadəyə verməsi, digər qaydaya uyğun qərar qəbul etmək səlahiyyətinin olmaması mənasına gəlmir. Lakin, iddiaçı diskresion səlahiyyətin düzgün həyata keçirilməməsini mübahisələndirə də bilər ki, həmin mübahisələndirmə inzibati aktın etibarsız hesab edilməsi ilə bağlı iddianın yox, inzibati aktın ləğv edilməsi ilə bağlı mübahisələndirmə növündə iddianın predmetidir. Belə ki, diskresion səlahiyyət ifadəsindən də göründüyü kimi cavabdehin səlahiyyətli orqan olduğu bəllidir, lakin həmin səlahiyyətdən düzgün istifadə edilib-edilməməsi isə ayrı mübahisədir. Hər bir halda, hazırkı iddia mübahisələndirmə növündə yox, inzibati aktın etibarsızlığı ilə əlaqədardır ki, nə qədər ki, iddiaçı məhz səlahiyyətin olmaması əsası ilə hazırkı iddianı etibarsızlıq növündə qaldırmışdır, məhkəmə də səlahiyyətin olmaması əsası ilə etibarsızlıq əsasları kim 65-ci maddədə olan halların olub-olmadığını araşdırmış və müəyyən etmişdir ki, cavabdeh hazırkı inzibati akt qəbul etməkdə tam səlahiyyətli olmuşdur. Göründüyü kimi, iddiaçı sərəncamın etibarsız hesab edilməsini tələb etsə də, məhkəmə araşdırmaları zamanı inzibati aktın etibarsız hesab edilməsi üçün İnzibati icraat haqqında Qanunun 65.1-ci bəndində səciyyələnmiş hər hansı bir əsas aşkar edilməmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, işin faktiki halları cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın etibarsız hesab edilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş halların mövcud olmadığını təsdiq edir. Həmin hallar yoxdursa, inzibati aktın etibarsız hesab edilməsindən, nəticədə hazırkı iddia tələbinin təmin edilməsindən söhbət gedə bilməz. İddianın digər tələbi (sərəncamın icrasından doğan nəticələrin etibarsız hesab edilməsi) əsas tələb olan sərəncamın qismən etibarsız sayılmasının nəticələri ilə bağlı olduğundan iddia həmin tələbə münasibətdə də təmin edilməməlidir. Belə ki, doğrudur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 65.2-ci maddəsində etibarsız inzibati aktın qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayıldığı və heç bir hüquqi nəticə yaratmadığı təsbit olunmuşdur. Qeyd olunmalıdır ki, hal-hazırki iddia ilə mübahisələndirilən sərəncam etibarsız hesab olunmadığından, sərəncamın icrası nəticəsində meydana gələn nəticələrin etibarsız hesab edilməsi mümkün deyildir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-174/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarda kassasiya instansiya məhkəməsi qanunvericilikdə nəzərdə tutulmuş inzibati aktın etibarsız hesab edilməsi əsaslarını müəyyən etmiş, mübahisələndirilən inzibati aktın bu əsasların heç birinə malik olmadığını vurğulamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar