Məhkəmə qərarları › İş №2-1(112)-1829/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1829/2024

29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1829/2024 29.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə 29 avqust 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün cavabdehə etdiyi müraciət təmin edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29 dekabr 2003-01 iyul 2023-cü illər üçün 09 il 06 ay keçmiş müddət üçün təxminən 37063 manat məbləğində qazanılmış pensiyaya görə pul vəsaitinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, ərizə təmin edilmiş və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 may 1994-cü il tarixdə 53 yaşında ümumilikdə sığorta stajı 25 il 9 ay 28 gün olmaqla ona pensiya təyin edilmişdir. Həmin müddətin də 22 il 5 ay 21 günü xüsusilə zərərli və ağır peşədə çalışdığı müddət təşkil edir, yəni N.Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsində dəniz şəraitində yerləşən neft çıxarma obyektlərində çilingər vəzifəsində işləmişdir və pensiya təyin olunduğu 18 may 1994-cü il tarixdən hal-hazıradək 363 manat məbləğində pensiya alır. Hesab edir ki, aylıq pensiya məbləği düzgün hesablanmayıb, yəni az miqdarda hesablanıb və pensiya təyin edildiyi vaxtda pensiyaya dair artırılma olsa belə, onun pensiya məbləği heç vaxt artırılmayıb, Dövlət Sosial Müdafiə Fondu Qaradağ rayon Şöbəsinin təqsirinə görə pensiyanı qanunsuz olaraq az miqdarda təyin edildiklərinə görə, pensiya miqdarı yenidən hesablanaraq, pensiya təyin olunan 18 may 1994-cli ildən başlayaraq hal-hazırdakı zamanadək pensiya üzrə yaranan məbləğin fərqi ona birdəfəyə ödənilməlidir. Pensiyaya çıxdığı 18 may 1994-cü ildən xx.xx.2003-cü ilə qədər NQÇİ-də işlədiyi dövrdə qazanılmış aylıq = 650,25 manat pensiya məbləği 50% endirməklə ayda 363 manat pensiya alırmış. xx.xx.2003-cü il tarixdən hal-hazırdakı zamanadək işə görə 50% azaldılan pensiya məbləği qeyri-qanuni olaraq 50% artırılmayıb, yəni qazanılmış 650,25 manat pensiya məbləği bərpa olunmayıb. Hesab edir ki, 650,25 manat pensiya məbləği ilə xx.xx.2003-cü ildən xx.xx.2023-cü ilədək aldığı 363 manat pensiya məbləği arasında yaranan fərq keçmiş müddət üçün hesablanaraq ona ödənilməlidir və xx.xx.2023-cü il tarixdən pensiya məbləği = 650,25 manat olmaqla gələcəkdə hər ay ödənilməlidir. Keçmiş illər üçün ödənilməmiş pensiya məbləği xx.xx.2003-xx.xx.2023-cü illər üçün 9 il 6 ay təşkil edir. 650,25 manat (qazanılmış pensiya məbləği): 2 = 325,12 manat 9 il 6 ay (keçmiş müddət) = 114 ay x 325,12=37.063,68. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçıya 01 yanvar 2006-cı il tarixdən Fondun Qaradağ rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 28 dekabr 2021-ci il tarixli **********0 nömrəli qərarına əsasən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmış, əmək pensiyasının məbləği 290,68 manat müəyyən edilmişdir. İddiaçının əmək pensiyası "Əmək pensiyaları haqqında” Qanunun 01 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən 317,22 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən pensiyanın indeksləşdirilməsi ilə əlaqədar iddiaçının əmək pensiyası xx.xx.2023-cü il tarixdən etibarən 363,86 manat təşkil edir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 28 dekabr 2021 -ci il tarixli **********0 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası yenidən hesablanmış, əmək pensiyasının məbləği 290,68 manat müəyyən edilmişdir Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 10.2. Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. 10.4. Yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir. Maddə 45. Əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. (xx.xx.2022-dək qüvvədə olan redaksiya) Maddə 26. Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması (xx.xx.2017-dək qüvvədə olan redaksiya) 26.1. Bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği dəyişdirilmədən bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu məqsədlə, Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 26.2. Bu Qanunun qüvvəyə mindiyi günədək müvafiq orta aylıq əməkhaqqına məhdudiyyət (ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğində) tətbiq edilməklə hesablanmış əmək pensiyası, həmin əməkhaqqının tam məbləği əsas götürülməklə yenidən hesablanır. Qeyd: 26.2-ci maddə 2008-ci il yanvarın 1-dən tətbiq edilir və bu tarixədək olan dövr üzrə pensiyaların hesablanmasına, indeksləşdirilməsinə və ödənilməsinə şamil edilmir. 26.3. Bu Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğinə bərabər tutulur. 26.3-1. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. 26.3-2. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin, onlara pensiya təyin edildiyi tarixdən 2006-cı il yanvarın 1-dək olan dövrdəki iş stajının hər ili üçün də 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilərək pensiyalarının sığorta hissəsinin 2011-ci il 01 iyul tarixindən yenidən hesablanmasında nəzərə alınır. 26.3-3. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. 26.4. Bu Qanunun 20.1.1—20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş pensiyasının (bütün əlavələr və digər ödəmələrlə birlikdə) ümumi məbləğindən bu Qanunun qüvvəyə mindiyi günədək ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləği çıxıldıqdan sonra yerdə qalan məbləğ qulluq stajına görə əmək pensiyasına əlavə kimi müəyyənləşdirilir. 26.5. Bu Qanunun qüvvəyə mindiyi günədək ölkə üzrə pensiya hesablanması üçün təsdiq olunmuş orta aylıq əməkhaqqının üçqat məbləğindən əmək pensiyasının qanunvericiliklə müəyyən edilən baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğ bu Qanunun 20.1.1—20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. 26.6. Bu Qanunun qüvvəyə minməsi ilə əlaqədar əmək pensiyasının baza hissəsinin üzərinə bu Qanunun 19-cu maddəsi ilə müəyyən olunmuş əlavələr hesablanır. 29.2. Əmək pensiyasının sığorta hissəsi (o cümlədən bu Qanun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyasının sığorta hissəsi) və fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ildə bir dəfədən az olmamaqla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilir. (xx.xx.2017-dək qüvvədə olan redaksiya) 29.1. Əmək pensiyasının sığorta hissəsi və fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. (xx.xx.2017-dən xx.xx.2019-dək qüvvədə olan redaksiya) 29.1-1. Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. (xx.xx.2019-dan qüvvədə olan redaksiya) Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 26 və 27-ci maddələrinin 1 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş redaksiyalarının və bundan sonrakı əlavə və dəyişikliklərin məzmunlarından aşkar görünür ki, həmin normalar Qanunun qüvvəyə mindiyi vaxtdan və sonrakı dövrlərdə də fərqli nizamasalma məqsədli (təyinatlı) olmuş, 1 yanvar 2006-cı il tarixədək təyin edilmiş pensiyalarla həmin tarixədək qazanılmış pensiya hüquqlarını (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) qanunverici həmin normalarla fərqləndirmişdir. Başqa sözlə, 1 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 26-cı maddəsi (1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyada) “Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş əmək pensiyasının yenidən hesablanması” qaydalarını, 27-ci maddəsi isə “Qanunun qüvvəyə mindiyi günədək qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” qaydalarını tənzimləmişdir. İddiaçıya ilkin olaraq xx.xx.1994-cü il tarixdən pensiya təyin edilmiş və “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən pensiyasının məbləği əmək haqqına görə müəyyən edilmişdir. 2006-cı ildə “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, 37 il 3 ay 25 gün stajına əsasən 44,06 (37,32 x 170 / 144) manat pensiya kapitalı hesablanmış və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış, 25 manat baza hissə ilə toplanmaqla 69,06 manat pensiya məbləği müəyyən edilmişdir. xx.xx.2011-ci il tarixli qərarla “Əmək pensiyaları haqqında” Qanunun 26.3-1-ci maddəsinə əsasən, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat hesablanmaqla pensiyasının sığorta hissəsi yenidən hesablanmışdır. İş materiallarında olan xx.xx.2006-cı il tarixdən sonra pensiya məbləğinin hesablanması barədə cədvəldən görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, xx.xx.2017-dən xx.xx.2019-dək qüvvədə olan qanunvericiliyə əsasən isə, ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq (2018 - 5,7%, 2019 - 3%) indeksləşdirilmişdir. İddiaçının qeyd etdiyi kimi pensiya məbləğinin 50 faiz ödənilməkdə davam etdirilməsi iş materialları ilə təsdiqini tapmamışdır. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “pensiyanın yenidən hesablanması” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar