Məhkəmə qərarları › İş №2-1(112)-183/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-183/2022

14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-183/2022 14.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı “onun xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmanın “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı “onun xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmanın “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı ona xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmanın “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı 1990-1996-cı illərdə Gəncə Şəhər Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində xidmət etmiş, Dağlıq Qarabağ hadisələri ilə əlaqədar döyüş bölgəsinə xidməti ezamiyyətə göndərilmişdir. xx.xx.1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdamda gedən döyüşlərin birində top mərmisinin partlayışından kəllə-beyin travması, baş-beyin silkələnməsi travması almışdır. Yaralandıqdan sonra döyüşçü yoldaşları tərəfindən döyüş bölgəsindən çıxarılaraq Yevlax rayon mərkəzi xəstəxanasına təxliyə olunaraq orada xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü ilə qədər stasionar şəraitdə müalicədə olmuşdur. Müalicəsi bitdikdən sonra yenidən qayıdaraq xidmətini davam etdirmişdir. Döyüşlərdə aldığı travmanın səbəbinin tibbi şəhadətləndirilməsi üçün tibbi sənədlərini DİN-nin Xüsusi Həkim Komissiyasına təqdim etmiş, lakin komissiya iddiaçını şəhadətləndirməmişdir. Səbəbini izah edir ki, onun yaralanmağı barədə travma haqqında arayış yoxdur. O, həmin dövrdə polis nəfəri olmuş və heç bir sənədləşməyə cavabdehlik daşımamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarının 7.3-cü maddəsinə əsasən, hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandir, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Əsasnamənin 7.4.-ci maddəsinə əsasən, hərbi xidmət (hərbi toplanış) orqanlarda xidmət keçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarının müddəalarına əsasən və yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-183/2022 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və inzibati iş apellyasiya şikayəti ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1412/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-183/2022 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apellyasiya məhkəməsinin göstərişinə əsasən işə birinci instansiya qaydasında yenidən baxılarkən iddiaçının aldığı xəsarətinin səbəb əlaqəsi haqqında qərar qəbul edilməsi üçün vacib sayılan sənəd - travma barədə arayışın tərtib olunub-olunmaması barədə onun xidmət etdiyi (ezam olunduğu) hərbi hissəyə sorğu verilməli, bu barədə nəinki travma arayışı, eyni zamanda həmin dövrdə (xx.xx.1994-xx.xx.1994) xidmət edən şəxslərin yaralanması və xəsarət alması barədə qeydləri özündə toplayan müvafiq qeydiyyat jurnalı tələb edilməli, həmin sənədlər əsasında iddiaçının aldığı travmanın səbəbi müəyyən edilməli, bundan sonra həmin səbəbin iddiaçının tələb etdiyi əsasla əlaqəli olub-olmadığı yoxlanılmalı, bu zaman iddiaçının müharibə veteranı olması, aldığı travmaya görə Yevlax rayon Mərkəzi Xəstəxanasında müalicə olunması, barəsində verilmiş epikrizlər də nəzərə alınmalıdır. İş Bakı İnzibati Məhkəməsinə daxil olandan sonra müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı təyin edilmiş məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2022-ci ildə məhkəmənin dəftəxanası vasitəsi ilə göndərdiyi ərizəsində səhhətilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, vətəndaşın aldığı xəstəliyin (travma, xəsarət, kontuziya, yaralanma) səbəb əlaqəsinin qiyabi təyin edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarına əsasən həyata keçirilir. Qeyd olunan qərarın 7.3-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi orqan rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa (xidməti rəy) uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma tarixi, şəraiti, habelə, xidməti vəzifələrin icrası ilə bağlı olub-olmaması göstərilir. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi və Baş Mühafizə İdarəsinin X4 İdarəsinə edilmiş sorğular nəticəsində İddiaçı döyüş bölgəsində yaralanması və xəsarət alması barədə heç bir məlumat aşkar edilmədiyini bildirmişdir. İddiaçı 1996-cı ildə xəstəliklə deyil, öz xahişi ilə DİO-da xidmətdən xaric olunmuşdur. Xaric olunarkən xəstəliyi barədə məlumat verməmiş və Xüsusi Həkim Komissiyasına göndərilməmişdir. Eləcə də iddiaçı ötən 26 il ərzində kontuziya və ya kəllə beyin travması ilə bağlı stasionar müalicədə olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarın 7.3-cü bəndinə əsasən Xüsusi Həkim Komissiyasına travma haqqında arayış (xidməti rəy) təqdim edilmədiyindən İddiaçı xəsarətinin səbəb əlaqəsi barədə qərar çıxarılması imkan xaricindədir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda izahat verərək, əlavə olaraq iddiaçının aldığı xəsarətinin səbəb əlaqəsi haqqında qərar qəbul edilməsi üçün vacib sayılan sənəd olan travma barədə arayışı, eyni zamanda həmin dövrdə (xx.xx.1994-xx.xx.1994) xidmət edən şəxslərin yaralanması və xəsarət alması barədə qeydləri özündə toplayan müvafiq qeydiyyat jurnalı olmadıgından və iddiaçı tərəfindən belə bir arayış təqdim edilmədiyindən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2020-ci il tarixli, 029-2042S-3220/4 nömrəli məktubun; Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi X4 İdarəsinin xx.xx.2019-cu il tarixli, 98 nömrəli arayışı; Gəncə şəhər Polis İdarəsinin yanında mühafizə şöbəsinin rəisinin 22 mart 1994-cü il tarixli, 27 nömrəli əmrindən çıxarışı; DİN tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli, 021007 nömrəli vəsiqənin surəti; Yevlax Mərkəzi rayon xəstəxanasının 22 fevral 1994-cü il tarixli 628 nömrəli stasionar çıxarışın surəti; Gəncə şəhər Kardioloji xəstəxanasının İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci ilədək müalicəsi ilə əlaqədar çıxarış epikrizin surəti; Gəncə şəhər Kardioloji xəstəxanasının iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müalicəsi ilə bağlı çıxarış epikrizin surəti; Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2019-cu il tarixli, 452 nömrəli arxiv arayışının surəti; İddiaçı aid H3 ******* nömrəli hərbi biletinin surəti; İddiaçıya məxsus ИТ-İ № ******* əmək kitabçasının surəti; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2019-cu il tarixli, 012-28641-1219 nömrəli məktubun surəti; İddiaçının xidmətkeçmə vərəqəsinin surəti; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 120-8736-1222 nömrəli məktubu; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2022-ci il tarixli, 029-1305-1222 nömrəli məktubu.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsassız olduğundan təmin edilməməlidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı tələb irəli sürərək “onun xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmanın “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bununla bağlı iddiaçı inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, iddiaçıya ünvanlanmış 029- 2042S-3220/4 saylı xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, DİN-Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi və Baş Mühafizə İdarəsinin X4 İdarəsinə edilmiş sorğular nəticəsində iddiaçının döyüş bölgəsində yaralanmağı və xəsarət alması barədə heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 59 saylı 29 fevral 2008-ci il tarixli Qərarının 7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi orqanın rəhbəri tərəfindən verilmiş travma haqqında arayışa (xidməti rəy) uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, xidməti vəzifələrin icrası ilə bağlı olub-olmaması göstərilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 saylı qərarın 7.3-cü bəndinə əsasən Xüsusi həkim komissiyası travma haqqında arayış (xidməti rəy) təqdim etmədiyindən aldığı xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılması mümkün olmamışdır. Həmin imtinadan narazı qalan iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı 1996-ci ildə xəstəliklə deyil, öz xahişi ilə daxili işlər orqanlarından xidmətdən xaric olunmuş, həmin zaman xəstəliyi barədə məlumat verməmiş, Xüsusi Həkim Komissiyasına şəhadətləndirilməsi üçün göndərilməmiş, təqdim edilmiş tibbi sənədlərdə də hal-hazırda onda olan xəstəliklərin kəllə-beyin travması ilə əlaqəli olması göstərilməmiş, onun xx.xx.1994-cü ildə aldığı travmadan sonra 26 il ərzində kontuziya və ya kəllə-beyin travması ilə bağlı stasionar müalicədə olması barədə məlumat, ən əsası isə xidmət keçdiyi orqanın rəhbəri tərəfindən tərtib olunmuş xəsarət aldığı zaman travma haqqında arayışı iddia ərizəsinə əlavə edilməmiş, eləcə də belə sənədlər məhkəmə gedişatında təqdim edilməmişdir. İş materiallarında olan iddiaçının xidməti vərəqəsindən, DİN Baş Mühafizə İdarəsi X4 İdarəsinin 98 saylı xx.xx.2019-cu il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1990-cı ildən xx.xx.1996-cı il tarixədək daxili işlər orqanlarında, Gəncə şəhər Mühafizə şöbəsində polis nəfəri vəzifəsində xidmət etmişdir. 021007 saylı xx.xx.1999-cu il tarixli vəsiqədən görünür ki, o, müharibə veteranıdır. Gəncə şəhər Polis İdarəsi yanında Mühafizə şöbəsinin rəisinin 27 saylı xx.xx.1994-cü il tarixli əmrindən çıxarışdan görünür ki, Polis İdarəsinin 24 saylı xx.xx.1994-cü il tarixli əmrinə əsasən İddiaçı “N” saylı hərbi hissəyə ezam olunmuşdur. Azərbaycan Respublikası Dövlət X2 452 saylı xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək kəlləbeyin travması, beyin silkələnməsi diaqnozu ilə Yevlax rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinin Arxiv bölməsinin jurnalında 628 nömrəli xəstəlik tarixçəsi qeydiyyata alınmışdır. Yevlax Mərkəzi rayon xəstəxanasının 628 saylı 22 fevral 1994-cü il tarixli stasionar çıxarışından görünür ki, iddiaçı xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək kəllə-beyin travması, baş beyin silkələnməsi diaqnozu ilə müalicə almışdır. Gəncə şəhər Kardioloji xəstəxanasının çıxarış epikrizlərinə əsasən iddiaçı stenokardiya və yanaşı xəstəliklər diaqnozu ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək müalicədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 59 saylı 29 fevral 2008-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.3-cü bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və bu Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi xəsarətinin səbəb əlaqəsi haqqında qərar qəbul edilməsi ilə bağlı olsa da, qanunvericiliyin tələbinə görə belə qərarın vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa əsasən qəbul edildiyini nəzərə alınaraq və iddiaçı xidmət keçdiyi orqanın (Gəncə şəhər Polis İdarəsi) rəhbəri tərəfindən tərtib olunmuş xəsarət aldığı zaman travma haqqında arayışı cavabdeh orqanın hərbi-həkim komissiyasına təqdim etmədiyindən iddia əsaslı sayıla bilməz. Məhkəmə tərəfindən işə yenidən baxılarkən iddiaçının aldığı xəsarətinin səbəb əlaqəsi haqqında qərar qəbul edilməsi üçün vacib sayılan sənəd - travma barədə arayışın tərtib olunub-olunmaması barədə onun xidmət etdiyi (ezam olunduğu) orqana sorğu verilmiş, həmin dövrdə (xx.xx.1994-xx.xx.1994) xidmət edən şəxslərin yaralanması və xəsarət alması barədə qeydləri özündə toplayan müvafiq qeydiyyat jurnalı tələb edilmiş, lakin məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin xx.xx.2022-ci il tarixli, 029-1305-1222 nömrəli məktubu ilə bildirilmişdir ki, iddiaçının arxiv şəxsi işində onun döyüş əməliyyatlarında iştirak etməsi, yaralanması və xəsarət alması barədə qeydiyyat aşkar olunmamış, Gəncə şəhər mühafizə şöbəsinin 1999-cu ilədək əmrləri DİN-in arxivinə təhvil verilmədiyindən arxivdə saxlanan BMİ-nin və Gəncə şəhər polis idarəsinin 1990-1994-cü illəri əhatə edən əmrlərinə baxılmış, lakin N. S. Səfərovun döyüş bölgəsinə ezam olunması barədə əmr müəyyən edilməmişdir. Həmçinin cavabdehin nümayəndəsi məhkəmə iclasında belə qeydiyyat jurnalının olmadıgını bildirmişdir. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 1.2.-ci bəndinə əssən, hərbihəkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətində, Azərbaycan Ordusunda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə (bundan sonra — digər qoşunlar), Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və gömrük orqanlarında (bundan sonra — orqanlar) Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra — vətəndaşlar) sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə və orqanlarda xidmətə yararlılıq kateqoriyasını, habelə vətəndaşların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmətlə (hərbi toplanışla), orqanlarda xidmət keçməklə səbəb əlaqəsini (bundan sonra-xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin etmək məqsədi ilə keçirilir. Həmin Əsasnamədə qeyd olunmuşdur ki, bu Əsasnamədə nəzərdə tutulmuş hallardan başqa, qiyabi (sənədlər üzrə) şəhadətləndirilmə qadağandır (1.5-ci bəndinin 4cü ab.); hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər(1.5-ci b. 5-ci ab.) Həmin Əsasnamənin 7.1.-ci bəndinə görə hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçən, hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: a) vətəndaş hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və ya müalicə almış olsun, yaxud hərbi xidmətdən (orqanlarda xidmətdən) sağlamlıq vəziyyətinə görə buraxılmış olsun; b) vətəndaşda döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə almış olduğu bədən zədələnmələrinin aşkar nəticələri olsun; c) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən (hərbi toplanışın qurtarmasından), orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşın əlilliyi müəyyən edilmiş olsun, yaxud o, vəfat etsin. Həmin Əsasnamənin 7.2-ci bəndinə əsasən hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır»; b) «Hərbi travmadır, SSRİ-nin müdafiəsi zamanı alınmışdır»; c) «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır»; ç) «Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır»; d) «Xəstəlikdir, Çernobıl AESdə qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır»; e) «Ümumi xəstəlikdir». Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri o halda qanunsuz hesab edilə bilər ki, həmin hərəkətlər qanunvericiliyin tələblərinə zidd olaraq həyata keçirilsin. Hazırki işdə yuxarıda göstərilən hüquqi aktların tələblərinə əsasən cavabdehin hərəkəti qanuni və əsaslı olmuşdur. Belə ki, xəstəliklərin səbəb əlaqəsi haqqında «Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» qərarın qəbul edilməsi cavabdehin vəzifəsi olduğu üçün həmin vəzifənin icrası zamanı cavabdeh orqan Əsasnaməyə müvafiq olaraq (1.5-ci b. 5-ci ab.) zəruri olan digər sənədləri tələb etmiş, DİN-Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi və Baş Mühafizə İdarəsinin X4 İdarəsinə edilmiş sorğular nəticəsində iddiaçının döyüş bölgəsində yaralanmağı və xəsarət alması barədə heç bir məlumat aşkar edilməmişdir. İddiaçı tərəfindən isə Əsasnamənin 7.3-cü bəndinə əsasən Xüsusi həkim komissiyasına travma haqqında arayış (xidməti rəy) təqdim edilmədiyindən aldığı xəsarətin səbəb əlaqəsi barədə qərar çıxarılmasından imtina edilmişdir. Düzdür iş materiallarından görünür ki, Gəncə şəhər Polis İdarəsi yanında Mühafizə şöbəsinin rəisinin 27 saylı xx.xx.1994-cü il tarixli əmri ilə Polis İdarəsinin 24 saylı xx.xx.1994-cü il tarixli əmrinə əsasən İddiaçı “N” saylı hərbi hissəyə ezam olunmuş, Yevlax Mərkəzi rayon xəstəxanasının 628 saylı 22 fevral 1994-cü il tarixli stasionar çıxarışına əsasən ezam olunduğu gündən bir gün sonra aldığı travmalara görə xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək müalicə almışdır. İşdə olan Yevlax Mərkəzi rayon xəstəxanasının adı çəkilən çıxarışının məzmununda İddiaçı xx.xx.1994-cü il tarixdə Ağdam uğrunda erməni faşistlərinə qarşı döyüşdə top mərmisinin partlayışından yaralandığı qeyd olunmuşdur. Lakin məhkəmə hesab edir ki, həmin sənədlər, həmçinin də iddiaçının müharibə veteranı olması, aldığı travmaya görə Yevlax rayon Mərkəzi Xəstəxanasında müalicə olunması, barəsində verilmiş epikrizlər Əsasnamənin 7.3-cü bəndində göstərilən vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışı (arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir, arayışın forması Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Əsasnamənin 1.2-ci bəndində göstərilmiş orqanlar tərəfindən müəyyən edilir) əvəz edə bilməz. Odur ki, xidmət keçdiyi orqanın (Gəncə şəhər Polis İdarəsi) rəhbəri tərəfindən tərtib olunmuş xəsarət aldığı zaman travma haqqında arayışın verilməsi ilə əlaqədar müvafiq inzibati orqana yeni müraciət olmadan hazırkı iddia qarşıya qoyulan məqsədə çatmaq üçün yetərli deyildir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı isə zəruri faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya “onun xx.xx.1994-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmanın “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi barədə qərarın qəbul edilməsindən imtinası əsaslı olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İddiaçıya hüquqi yardım olaraq məhkəmə izah edir ki, xidmət keçdiyi orqanın (Gəncə şəhər Polis İdarəsi) rəhbəri tərəfindən tərtib olunmuş xəsarət aldığı zaman travma haqqında arayışın verilməsi ilə əlaqədar müvafiq inzibati orqana müraciət etmək, imtina olundugu halda isə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmaq hüququ vardır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı ona xx.xx.1994-cü il tarixdə Azərbaycan Respubliaksının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmanın “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı iddiaçıya xx.xx.1994-cü il tarixdə Azərbaycan Respubliaksının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı travmanın “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar