Məhkəmə qərarları › İş №2-1(112)-1831/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1831/2022

13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1831/2022 13.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı “istifadə edilməmiş növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun 22.06.2021-ci il tarixli ərizəsinin cavablandırılmamasında ifadə olunan hərəkətsizliyinin (hərəkətinin) qanunsuz hesab olunması və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində onun hərbi xidmət keçdiyi müddət ərzində istifadə etmədiyi 240 gün növbəti məzuniyyətə görə (1994-1999-cu il müddətin hər ili üçün 5 gün (cəmi 30 gün), 2000-2009cu il müddətin hər ili üçün 15 gün (cəmi 150 gün), 2010-cu il üçün 60 gün kompensasiyanın (ehtiyata buraxılarkən tutduğu vəzifənin və malik olduğu polkovnikleytenant hərbi rütbəsinin bugünkü tarixə mövcud olan vəzifə və rütbə maaşları əsas götürülməklə) və 1999-2010-cu illər üçün maddi yardımın (ehtiyata buraxılarkən tutduğu vəzifənin və malik olduğu polkovnik-leytenant hərbi rütbəsinin bugünkü tarixə mövcud olan vəzifə və rütbə maaşları əsas götürülməklə) hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1994-2010-cu illərdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində hərbi xidmət keçdiyi müddət ərzində istifadə etmədiyi 195 gün növbəti məzuniyyətə görə kompensasiyanın (ehtiyata buraxılarkən tutduğu vəzifənin bu günki tarixə mövcud olan 1150 manat vəzifə maaşı, malik olduğu kapitan hərbi rütbəsinin bu günə mövcud olan 146 manat rütbə maaşı, xidmət illərinə görə vəzifə və rütbə maaşının 25%-i miqdarında 324 manat əlavə nəzərə alınmaqla) hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, o, 12.07.1989-cu il tarixdən 25.05.1991-ci il tarixədək keçmiş Sovet Ordusunda, 05.06.1992-ci il tarixdən 26.08.1994-cü il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, 26.08.1994-cü il tarixdən 01.06.2000-ci il tarixədək gizir kimi, 01.06.2000-ci il tarixdən 01.11.2010-cu il tarixədək zabit kimi Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin 01.11.2010-cu il tarixli, 179 ş/h №-li əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən ehtiyata buraxılmışdır. Təqvim hesabı ilə 20 il 03 ay 09 gün hərbi xidmətdə olmuşdur. O, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət keçdiyi müddət ərzində “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində nəzərdə tutulan növbəti məzuniyyətdən tam istifadə etməmişdir. Belə ki, 1994-2010-cu illərdə ona hər il 45 günlük növbəti məzuniyyətin yalnız 30 günü verilmişdir. Növbəti məzuniyyətinin 15 günü isə ona verilməmişdir. Həmçinin 2010-cu ildə ehtiyata buraxılarkən ona növbəti məzuniyyət 3 aylıq müddətə verilməli olsa da, həmin məzuniyyət ona verilməmişdir. O, 22.06.2021-ci il tarixdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinə ərizə ilə müraciət edərək istifadə edilməmiş növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsini tələb etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 oğlu izahatında bildirdi ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən 3 ay müddətində məzuniyyət Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilir. Odur ki, qeyd olunan müddəa iddiaçıya şamil oluna bilməz. Çünki iddia ərizəsinə əlavə olunan İddiaçı məxsus hərbi biletin surətindən də göründüyü kimi İddiaçı yaşına və xəstəliyinə görə deyil, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə ehtiyata buraxılmışdır. Buna görə də iddia tələbi “ehtiyata buraxılarkən iddiaçıya növbəti məzuniyyətin 3 aylıq müddətə verilməli olması” hissəsində əsassızdır. Bundan başqa İddiaçı iddia ərizəsində 1999-cu ildən başlayaraq ona hər il ödənilməli olan maddi yardımın ödənilmədiyini göstərsə də Xidmətin 1999-2010-cu illərə aid olan maliyyə sənədlərindən məlum olur ki, İddiaçı qeyd olunan dövrdə hər il maddi yardım ödənilmişdir. Bu səbəbdən İddiaçı 1999-2010-cu illər üçün maddi yardımın ödənilməsi Xidmətin üzərinə öhdəlik kimi qoyula bilməz. Qeyd olunanlarla yanaşı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 957 nömrəli Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi yaradılmışdır. Ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin öhdəliklərinə görə məhz Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin cavabdehlik daşıması isə hər hansı bir hüquqi sənəddə təsbit olunmamışdır. Bundan başqa ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət keçdiyi müddət ərzində növbəti məzuniyyətdən istifadə etməyən hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi o halda təmin oluna bilər ki, bununla bağlı Maliyyə Nazirliyi tərəfindən tələb olunan məbləğdə maliyyə vəsaiti ayrılmış olsun. Bu məqsədlə Maliyyə Nazirliyi tərəfindən müvafiq vəsait ayrılmamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinin 03.06.2021-ci il tarixli 120 saylı arayışından görünür ki, 1971-ci il təvəllüdlü ehtiyatda olan kapitan İddiaçı həqiqətən 05.06.1992-ci ildən 01.11.2010-cu ilədək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində hərbi xidmətdə olmuş və XDMX rəisinin 179 ş/h saylı 01.11.2010-cu il tarixli əmrinə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsində hərbi qeydiyyatdadır. İş materiallarında olan XDMX-nın hissədən müvəqqəti məzuniyyətə getmiş və hissəyə müvəqqəti gəlmiş şəxsi heyətin 01.02.2022-ci il tarixli qeydiyyat kitablarından çıxarışdan görünür ki, İddiaçı - 2001-ci ildə hərbi rütbəsi - leytenant, vəzifəsi - XTD “Beta” mühafizə zabiti, məzuniyyətin növü - növbəti, getmiş 15.02.2001, qayıtmış 17.03.2001, istifadə etmədiyi günlərin sayı - 15; 2002-ci ildə hərbi rütbəsi - leytenant, vəzifəsi - XTD “Beta” mühafizə zabiti, məzuniyyətin növü - növbəti, getmiş 18.01.2002, qayıtmış 17.02.2002, istifadə etmədiyi günlərin sayı - 15; 2003-cü ildə hərbi rütbəsi - leytenant, vəzifəsi - XTD “Beta” mühafizə zabiti, məzuniyyətin növü - növbəti, getmiş 06.03.2003, qayıtmış 05.04.2003, istifadə etmədiyi günlərin sayı - 15; 2004-cü ildə hərbi rütbəsi - baş leytenant, vəzifəsi - XTD “Beta” mühafizə zabiti, məzuniyyətin növü - növbəti, getmiş 07.05.2004, qayıtmış 06.06.2004, istifadə etmədiyi günlərin sayı - 15; 2005-ci ildə hərbi rütbəsi – baş leytenant, vəzifəsi - XTD “Beta” mühafizə zabiti, məzuniyyətin növü - növbəti, getmiş 03.05.2005, qayıtmış 02.06.2005, istifadə etmədiyi günlərin sayı - 15; 2006-cı ildə hərbi rütbəsi - kapitan, vəzifəsi - XTD “Beta” mühafizə zabiti, məzuniyyətin növü - növbəti, getmiş 14.03.2006, qayıtmış 13.04.2006, istifadə etmədiyi günlərin sayı - 15; 2007-ci ildə hərbi rütbəsi - kapitan, vəzifəsi - XTD “Beta” mühafizə zabiti, məzuniyyətin növü - növbəti, getmiş 04.07.2007, qayıtmış 03.08.2007, istifadə etmədiyi günlərin sayı - 15; 2008-ci ildə hərbi rütbəsi - kapitan, vəzifəsi - XTD “Beta” mühafizə zabiti, məzuniyyətin növü - növbəti, getmiş 09.01.2008, qayıtmış 23.08.2008, istifadə etmədiyi günlərin sayı - tam istifadə etmişdir; 2009-cu ildə hərbi rütbəsi - kapitan, vəzifəsi - XTD “Beta” mühafizə zabiti, məzuniyyətin növü - növbəti, getmiş 04.02.2009, qayıtmış 21.03.2009, istifadə etmədiyi günlərin sayı - tam istifadə etmişdir; 2010-cu ildə hərbi rütbəsi - kapitan, vəzifəsi - XTD “Beta” mühafizə zabiti, məzuniyyətin növü - növbəti, getmiş 09.02.2010, qayıtmış 26.03.2010, istifadə etmədiyi günlərin sayı - tam istifadə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 28.04.2022-ci il tarixli 2/994 saylı məktubda qeyd olunur: Bakı İnzibati Məhkəməsinin 01.02.2022-ci il tarixli 2-1(112)-1831/2022 saylı qərardadına Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində baxılmışdır. İddiaçı iddia ərizəsində xidmət müddətində istifadə etmədiyi məzuniyyət günlərinin sayının 240 gün olduğunu göstərsə də onun Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət etdiyi müddət ərzində istifadə edilməmiş məzuniyyəti 1994-1999-cu illər üçün hər biri 5 (beş) gün, 2000-2007-ci illər üçün hər biri 15 gün olmaqla, ümumilikdə 150 (bir yüz əlli) gün təşkil edir. İddia tələbinin “ehtiyata buraxılarkən iddiaçıya növbəti məzuniyyətin 3 aylıq müddətə verilməli olması” hissəsinə münasibətdə bildiririk ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən 3 ay müddətində məzuniyyət Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilir. Odur ki, qeyd olunan müddəa iddiaçıya şamil oluna bilməz. Çünki iddia ərizəsinə əlavə olunan İddiaçı məxsus hərbi biletin surətindən də göründüyü kimi İddiaçı yaşına və xəstəliyinə görə deyil, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə ehtiyata buraxılmışdır. Bundan başqa İddiaçı iddia ərizəsində 1999-cu ildən başlayaraq ona hər il ödənilməli olan maddi yardımın ödənilmədiyini göstərsə də Xidmətin 1999-2010cu illərə aid olan maliyyə sənədlərindən məlum olur ki, İddiaçı qeyd olunan dövrdə hər il maddi yardım ödənilmişdir. Bu səbəbdən İddiaçı 1999-2010-cu illər üçün maddi yardımın ödənilməsi Xidmətin üzərinə öhdəlik kimi qoyula bilməz. Qeyd olunanlarla yanaşı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 957 nömrəli Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilmiş və onun əsasında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi yaradılmışdır. Ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidmətinin öhdəliklərinə görə məhz Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin cavabdehlik daşıması isə hər hansı bir hüquqi sənəddə təsbit olunmamışdır. Bundan başqa ləğv edilmiş Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət keçdiyi müddət ərzində növbəti məzuniyyətdən istifadə etməyən hərbi qulluqçulara istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi o halda təmin oluna bilər ki, bununla bağlı Maliyyə Nazirliyi tərəfindən tələb olunan məbləğdə maliyyə vəsaiti ayrılmış olsun. Bu məqsədlə 29.04.2020-ci il tarixdə Maliyyə Nazirliyinə məktub göndərilsə də müvafiq vəsait ayrılmadığı üçün kompensasiyanın ödənilməsi mümkün olmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 1-ci hissəsinin 7-16-cı abzasına əsasən dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyətlər; b) qısa müddətli məzuniyyətlər; c) xəstəliyə görə məzuniyyət; ç) tədris təlimi zamanı məzuniyyət; d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət; e) təhsil məzuniyyəti; ə) yaradıcılıq məzuniyyəti; f) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, 3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər; g) əlavə məzuniyyət. 11-ci maddəsinin 1-ci hissəsinin 17-ci abzasına əsasən ildə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvin ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedibqayıtmaq vaxtı həmin müddətə daxil deyildir. 11-ci maddəsinin 1-ci hissəsinin 19-cu abzasına əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. 11-ci maddəsinin 1-ci hissəsinin 20-ci abzasına əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin: 114-cü maddəsinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyət; b) qısa müddətli məzuniyyət; v) xəstəliyə görə məzuniyyət; q) tədris-təlimi zamanı məzuniyyət; d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət; e) tədris məzuniyyəti; y) yaradıcılıq məzuniyyəti; z) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər; i) əlavə məzuniyyət. 120-ci maddəsinə əsasən növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə 10 gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün; q) zabitlərə — hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. 121-ci maddəsinin 2-ci hissəsinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci hissəsinin 20-ci abzası və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinin 2-ci hissəsi 11 may 2010-cu il tarixli 1005-İİİQD nömrəli "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə əlavə edilməsi barədə» Azərbaycan Respublikasının Qanununa əsasən əlavə edilmişdir. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 05.06.1992-ci ildən 01.11.2010-cu ilədək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində hərbi xidmətdə olmuş və XDMX rəisinin 179 ş/h saylı 01.11.2010-cu il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Hazırda iddiaçı 1994-2010-cu illərdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində hərbi xidmət keçdiyi müddət ərzində istifadə etmədiyi 195 gün növbəti məzuniyyətə görə kompensasiyanın hesablanaraq ona ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. İddiaçı isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən - öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bu səbəbdən 2010-cu ildə ehtiyata buraxılarkən ona 3 aylıq müddətə növbəti məzuniyyətin verilməli olması ilə əlaqədar iddia tələbi əsassızdır. Eyni zamanda məhkəmə qeyd edir ki, hərbi qulluqçu növbəti məzuniyyətdən istifadə etmədikdə ona istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın verilməsini nəzərdə tutan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci hissəsinin 20-ci abzası və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinin 2-ci hissəsi 11 may 2010-cu il tarixli 1005-İİİQD nömrəli "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə əlavə edilməsi barədə» Azərbaycan Respublikasının Qanununa əsasən əlavə edilmişdir. İddiaçı isə 01.11.2010-cu il tarixli əmrlə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır və 2010-cu ildə növbəti məzuniyyətdən tam istifadə etmişdir. Göründüyü kimi, iddiaçının xidmət etdiyi dövrdə istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar