Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1831/2023 06.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********685500 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2021-ci il tarixli mənfəət vergisi üzrə “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********685500 nömrəli qərarına əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə 143.067,86 manat mənfəət vergisi hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış mənfəət vergisi məbləğləri əsassız və qanunsuz olaraq hesablanmışdır. Bildirilir ki, daha öncə xx.xx.2022-ci il tarixli, **********442700 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən müəssisəyə 49.541,52 manat mənfəət vergisi kameral qaydada hesablanmışdır. Sonradan vergi bəyannaməsinə dəqiqləşmiş bəyannamə təqdim olunmuşdur. Nəticədə xx.xx.2022-ci il tarixli, **********813200 saylı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən 191.459,32 manat kameral mənfəət vergisi hesablanmışdır. Bundan sonra yuxarı vergi orqanına şikayətlə müraciət edilmiş, şikayət xx.xx.2022-ci il tarixli, **********748200 saylı qərarla qismən təmin edilmiş və yekunda “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********685500 nömrəli qərar qəbul edilmişdir. Qərara əsasən xx.xx.2022 tarixli qərar ilə hesablanan kameral vergi mənfəət vergisi məbləği 48.391,46 manat azaldılmış, yekunda 143.067,86 manat mübahisəli mənfəət vergisi hesablanmışdır. Göstərilənlərlə əlaqədar bütün sübutlar vergi orqanına təqdim edilmişdir. İddiaçı şikayətində 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin düzgün hesablanmadığını, Cəmiyyətin təsisçiləri tərəfindən nizamnamə kapitalına əmlak şəklində ümumi dəyəri 715.349,32 manat dəyərində olan mal-materialların (avtomobil ehtiyat hissələri) qoyulduğunu, qeyd olunan mal-materialların 2021-ci ildə satıldığını, satılmış malların dəyərinin 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin gəlir hissəsində bəyan edildiyini, bu səbəbdən satılmış malların bazar dəyərinin mənfəət vergisi bəyannaməsində xərc qismində əks etdirildiyini, təsisçilər tərəfindən Cəmiyyətin nizamnamə kapitalına əmlak şəklində qoyulan malların idxalı və (və ya) alışı ilə bağlı təsdiqedici sənədlərin mövcud olub-olmaması barədə məlumatının olmadığını, qeyd olunan mallar Cəmiyyətin nizamnamə kapitalına əmlak şəklində qoyulan zaman auditor rəyinin və təhvil-təslim Aktının tərtib edildiyini, idxal edilmiş mallar üzrə Cəmiyyət tərəfindən qeyri-rezidentlərə daşıma xərclərinin ödənildiyi bildirilmişdir. Həmçinin həmin audit rəyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X7 qeydiyyat İdarəsinə göndərilmiş və onlar tərəfindən tərtib olunmuş çıxarışda da nizamnamə kapitalının miqdarının artırılaraq 715.349,32 manat olduğu qeyd olunmuşdur. Cəmiyyət tərəfindən edilmiş müraciətlərdə kameral vergi yoxlaması zamanı təsdiqini tapmayan 715.339,32 manat xərclərin auditor rəyi əsasında Cəmiyyətin nizamnamə kapitalında əmlak şəklində qoyulduğunu və həmin məbləğin mənfəət vergisi bəyannaməsinin 1 №-li əlavəsinin 1.8-ci “Kapitallaşdırma üçün aktivlər” sətrində 715.339,32 manat məbləğinin qeyd edildiyini və bunun audit rəyi ilə nizamnamə kapitalının artırılması üçün istifadə edildiyini, həmçinin dövlət reysterindən çıxarışa dəyişiklik edildiyini, həmin 715.339,32 manat məbləğin nizamnamə kapitalına əmlak şəklində qoyulan mal-materialın bəyannamənin 1 №li əlavəsinin 1.3-cü “Ehtiyatlar” sətrində mal-material kimi daxil edildiyini bildirmiş və bununla əlaqədar audit rəyini və audit rəyinin əlavəsi təqdim edilmişdir. Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdə “Kommersiya qurumunun dövlət qeydiyyatı haqqında” ərizə ilə müraciət edilərək, Cəmiyyətin nizamnamə kapitalına əlavə olaraq 715.339,32 manat məbləğində mal-material üzrə əmlak şəklində 2 pay artırılması barədə müraciət edildiyi və qeyd edilən dəyişikliyin xx.xx.2021-ci il tarixli, **********203800 nömrəli “Dövlət reyestrindən çıxarışıla təsdiq edildiyi müəyyən edilmişdir. Həmçinin araşdırma zamanı Cəmiyyət tərəfindən 2021-ci il üçün hesablama metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 1 №-li əlavəsinin 1.8-ci “Kapitallaşdırma üçün aktivlər” sətrində 715 339,32 manat məbləğin (mal-materialın) dövr ərzində daxil edildiyi və silindiyi kimi qeyd edildiyi, həmçinin qeyd edilən mal-materialın sonradan satıldığı üçün bəyannaməsinin xərclər hissəsində malların dəyəri kimi və gəlirlər hissəsində gəlir kimi qeyd edildiyi, eyni zamanda həmin məbləğin bəyannamənin 1 №-li əlavəsinin 2.1.1 -ci “Nizamnamə kapitalı” sətrinin dövr ərzində daxil olmuşdur” sütununda göstərildiyi və qeyd edilən dəyişikliklərin xx.xx.2021-ci il tarixli müstəqil auditor rəyində öz təsdiqini tapdığı müəyyən edilmişdir. İddiaçı hesab edir ki, sözügedən iş üzrə səlahiyyətli orqan işə baxarkən və qərar çıxararkən işin faktiki hallarını düzgün təhlil etməmiş, işi lazımi qaydada və obyektiv araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını tətbiq etməmiş və yaxud düzgün təfsir etməmişdir. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin yuxarıda qeyd olunan qərarları ilə qeyd edilən xüsusatlara əsasən razılaşmayaraq iddiaçı hesab edir ki, 21,07.2022-ci il tarixli **********685500 nömrəli “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, uçot-baza məlumatlarına əsasən iddiaçı "xxxx" MMC-nin xx.xx.2013-cü il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alındığı, xx.xx.2016-cı il tarixdən ƏDV məqsədləri üçün qeydiyyata alındığı və əsas fəaliyyət növünün “ixtisaslaşdırılmamış topdansatış” olduğu müəyyən edilmişdir. Kameral vergi yoxlaması zamanı xx.xx.2022-ci il tarixdə Cəmiyyət tərəfindən 2021-ci il üçün hesablama metodu tətbiq edilməklə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən 2021-ci il üçün xx.xx.2022-ci il tarixində təqdim edilmiş mənfəət vergisi bəyannaməsində 709590,62 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmiş, eyni zamanda vergi ödəyicisi tərəfindən 2021-ci ildə aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 332.435,5 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********839500 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qanunvericiliklə nəzərdə tutulan müddətdə dəqiqləşdirilmiş vergi bəyannaməsi və müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyindən 2022-ci il üçün əlavə 191.459.32 manat mənfəət vergisi məbləği hesablanaraq vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********813200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixli, **********13200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərardan şikayət edərək kameral vergi yoxlamasının nəticələri ilə razı olmadığını bildirmiş və 2021-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən edilmiş müraciətlərdə kameral vergi yoxlaması zamanı təsdiqini tapmayan 715.339,32 manat xərclərin auditor rəyi əsasında nizamnamə kapitalına əmlak şəklində qoyulduğunu və həmin məbləğin mənfəət vergisi bəyannaməsinin 1 №-li əlavəsinin 1.8-ci "Kapitallaşdırma üçün aktivlər" sətrində 715.339,32 manat məbləğinin qeyd edildiyini və bunun audit rəyi ilə nizamnamə kapitalının artırılması üçün istifadə edildiyini, həmçinin dövlət reyestrindən çıxarışa dəyişiklik edildiyini, həmin 715.339,32 manat məbləğin nizamnamə kapitalına əmlak şəklində qoyulan mal-materialın bəyannamənin 1 №-li əlavəsinin 1.3-cü “Ehtiyatlar" sətrində malmaterial kimi daxil edildiyini bildirmiş və bununla əlaqədar audit rəyini və audit rəyinin əlavəsini təqdim edilmişdir. Həmçinin araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2021-ci il üçün hesablama metodu ilə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 1 №-li əlavəsinin 1.8-ci “Kapitallaşdırma üçün aktivlər" sətrində 715.339,32 manat məbləğin (mal-materialın) dövr ərzində daxil edildiyi və silindiyi kimi qeyd edildiyi, həmçinin qeyd edilən mal-materialın sonradan satıldığı üçün bəyannaməsinin xərclər hissəsində malların dəyəri kimi və gəlirlər hissəsində gəlir kimi qeyd edildiyi, eyni zamanda həmin məbləğin bəyannamənin 1 №-li əlavəsinin 2.1.1-ci "Nizamnamə kapitalı” sətrinin dövr ərzində daxil olmuşdur sütununda göstərildiyi və qeyd edilən dəyişikliklərin xx.xx.2021-ci il tarixli müstəqil auditor rəyində öz təsdiqini tapdığı müəyyən edilmişdir. Buna əlavə olaraq, ANT Lojistik LTD. Şti. adlı qeyri-rezident tərəfindən daşıma xidmətlərinin göstərilməsi ilə 2021-ci il ərzində manat ekvivalenti 320.083,00 olan invoyslar təqdim edildiyi, dövr ərzində vergi ödəyicisi tərəfindən həmin şirkətə bank hesabı vasitəsilə 281.588,00 manat vəsait köçürüldüyü və inzibati araşdırmaya təqdim edilmiş yük gömrük bəyannamələrində çatdırılma şərtlərinin “EXW” kimi qeyd edildiyi müəyyən edilmişdir. "EXW” inkoterms şərtinə əsasən satıcının vəzifəsi alıcı ilə razılaşdırılmış vaxtda məhsulu alıcıya təqdim etməkdir. Bu təqdimetmə satıcının olduğu ölkədə baş verir. Satıcı məhsulu alıcıya təqdim etdikdən sonra onun vəzifəsi bitmiş hesab olunur. İdxal edilmiş malların daşınması ilə bağlı olaraq qeyri-rezident ANT Lojistik LTD. Şti. şirkətindən invoysların əldə edilməsinə və qeyd olunan şirkətə ödənişlərin edilməsinə baxmayaraq, vergi ödəyicisi tərəfindən 2021-ci ilin 1-4-cü rübləri üçün təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyənnaməsinin 1608.3-cü sətrində (“Beynəlxalq daşımalar həyata keçirilərkən nəqliyyat xidmətləri üçün ödəmələr”) hər-hansısa məbləğin bəyan edilmədiyi müəyyən edilmişdir. Araşdırma zamanı daşımalar üzrə tərtib olunmuş invoyslarda son təyinat nöqtəsi Gürcüstan Respublikası kimi qeyd olmuşdur. Belə ki, qeyd olunan invoysların izah hissələrində son təyinat nöqtəsi “Bursa-Georgia (Azerbaijan border)” və “İtaly-lstanbul-Georgia (Azerbaijan border)" kimi qeyd edildiyi müəyyən edilmişdir. Təqdim edilmiş invoyslara və bank çıxarışlarına əsasən vergi ödəyicisinin qeyrirezidentə ödədiyi daşıma xidmətləri ilə bağlı xərcləri təsdiqini tapmışdır. Beləliklə, uçotbaza məlumatlarına, bəyannamə göstəricilərinə və araşdırmaya təqdim edilmiş müvafiq təsdiqedici sənədlərə əsasən vergi ödəyicisinin təsisçiləri tərəfindən nizamnanmə kapitalına əmlak şəklində qoyulmuş mal-materialın dəyərinin inzibati araşdırma zamanı müəyyən edilməsinin mümkün olmadığını, qeyd olunan malların bazar dəyərinin müəyyən edilməsi məqsədilə ekspert rəyinin alınmalı olduğunu, təsisçilər tərəfindən nizamnamə kapitalına pay kimi qoyulmuş mal-material ehtiyatının dəyərini müəyyən edən auditor rəyi gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərci təsdiq edən sənəd hesab edilmədiyini, həmçinin təsisçilər tərəfindən nizamnamə kapitalına əmlak şəklində qoyulmuş mal-materialın (avtomobil ehtiyat hissələrinin) öz fəaliyyətinə uyğun olaraq satış məqsədi ilə alındığını, təsisçilər tərəfindən nizamnamə kapitalına qoyulan malların idxalı və ya alışı ilə bağlı müvafiq təsdiqedici sənədlərin inzibati araşdırmaya təqdim edilmədiyini, vergi ödəyicisi tərəfindən idxal edilmiş mallar üzrə qeyri-rezident ANT Lojistik LTD. Şti. şirkətindən 2021ci il ərzində 320.083,00 manat dəyərində olan invoysların əldə edildiyini və qeyd olunan şirkətə vergi ödəyicisi tərəfindən 2021-ci il ərzində 281.588,00 manat vəsait bank hesabı vasitəsilə köçürüldüyünü nəzərə alaraq, vergi ödəyicisinin inzibati şikayəti qismən təmin edilmiş və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********813200 nömrəli Qərarı 143.067,86 manat hissədə dəyişdirilmədən saxlanılmış, 48.391,46 manat hissədə isə ləğv edilmişdir. Nəticədə, vergi ödəyicisinin şikayəti qismən təmin edilərək ona xx.xx.2022-ci il tarixli **********685500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. İddiaçı tərəf iddia ərizəsində 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin düzgün hesablanmadığını, Cəmiyyətin təsisçiləri tərəfindən nizamnamə kapitalına əmlak şəklində ümumi dəyəri 715.349,32 manat dəyərində olan mal-materialların (avtomobil ehtiyat hissələri) qoyulduğunu, qeyd olunan mal-materialların 2021-ci ildə satıldığını, satılmış malların dəyərinin 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin gəlir hissəsində bəyan edildiyini, bu səbəbdən satılmış malların bazar dəyərinin mənfəət vergisi bəyannaməsində xərc qismində əks etdirildiyini, təsisçilər tərəfindən Cəmiyyətin nizamnamə kapitalına əmlak şəklində qoyulan malların idxalı və (və ya) alışı ilə bağlı təsdiqedici sənədlərin mövcud olub-olmaması barədə məlumatının olmadığını, qeyd olunan mallar Cəmiyyətin nizamnamə kapitalına əmlak şəklində qoyulan zaman auditor rəyinin və təhvil-təslim Aktının tərtib edildiyini, idxal edilmiş mallar üzrə Cəmiyyət tərəfindən qeyri-rezidentlərə daşıma xərclərinin ödənildiyini bildirilmişdir. Bununla bağlı qeyd olunur ki, Vergi Məcəlləsində nizamnamə kapitalına əmlak şəklində qoyulan kapital növbəti illərdə təqdim edildikdə mənfəət vergisinin azadolması nəzərdə tutulmamışdır. Göründüyü kimi, Vergi Məcəlləsinin 106-cı mədəsində azadolmalar və güzəştlər açıq şəkildə qeyd olunmuşdur ki, nizamnamə kapitalına əmlak şəklində qoyulan pay mənfəət vergisinin azadolmasına aid deyil. Cavabdeh Vergi Məcəlləsinin 106, 24.0.1-ci maddələrinə istinad edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə etməklə iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X7 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı MMC xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmış, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət, nizamnamə kapitalının dəyəri 10,00 manat təşkil edir. - Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Departamentinin X7 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, MMC-nin nizamnamə kapitalının miqdarı (ödənilmiş əvvəlki) 10 manat, hazırkı məbləği 715.349,32 manat təşkil edir. - İddiaçı Nizamnaməsinin 1-ci vərəqindən görünür ki, şirkətin nizamnaməsinin müvafiq bəndləri dəyişdirilərək aşağıdakı redaksiyada verilmişdir: - Cəmiyyətin nizamnamə kapitalı 715349.32 (yeddi yüz on beş min üç yüz qırx doqquz manat otuz iki qəpik) manat həcmindədir və hər biri 357674.66 (üç yüz əlli yeddi min altı yüz yetmiş dörd manat altmış altı qəpik) olmaqla 2 (iki) paydan ibarətdir (715339.32 manat dəyərində mal-material olmaqla əmlak şəklində. 10 manat pul şəklində). Cəmiyyət iştirakçılarının nizamnamə kapilalındakı payları aşağıdakı kimi müəyyən edilmişdir:- X4 357674.66 manat, 50%. 1 pay, 5 manat pul. 357669.66 manat dəyərində mal-material olmaqla əmlak şəklində. X5-357674.66 manat, 50%. 1 pay, 5 manat pul. 357669.66 manat dəyərində mal-material olmaqla əmlak şəklində. - 2021-ci ilin mənfəət (gəlir) vergisi bəyannaməsindən görünür ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) 6.508.958,14 manat gəlir, 6.171.101,44 manat xərc, ödənilməli mənfəət vergisinin 67.571,34 manat məbləğinin olduğu bəyan edilmişdir. - Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli məktublardan görünür ki, vergi orqanı tərəfindən vergi ödəyicisindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə istinad edilməklə kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri sənədlərin təqdim edilməsi tələb edilmişdir. - Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktublardan görünür ki, vergi orqanı tərəfindən qeyd olunan məktub əsasında vergi ödəyicisindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1, 37.3-cü maddələrinə istinad edilməklə araşdırma zamanı vergi ödəyicisi tərəfindən təqdim edilən 2021-ci ilin mənfəət (gəlir) vergisi bəyannaməsində 6 508 958.14 gəlir və xərc məbləğini 6.171.101.44 manat qeyd edildiyinə baxmayaraq, mal qalığı barədə məlumatlar və malların hərəkəti cədvəlini, bank hesablarında aparılmış əməliyyatların təyinatı barədə məlumatların və müvafiq təsdiqedici sənədlərin, idxal edilmiş malların uçotunun faktiki dəyərlə aparıldığını təsdiq edən sənədləri, gəliri və xərci təsdiq edən digər sənədlərin araşdırmaya təqdim edilmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) iş gün ərzində cari (dəqiqləşdirilmiş) vergi bəyannamələri və zəruri sənədləri (məlumatları) vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********813200 nömrəli qərarına əsasən 2021-ci ilin hesabat dövrü üzrə vergi ödəyicisinin inzibati şikayəti qismən təmin edilmiş və xx.xx.2022-ci il tarixli, **********813200 nömrəli Qərara əsasən kameral vergi yoxlaması nəticəsində hesablanmış vergi məbləğinin azaldılması təmin edilməlkə 48.391,46 manat hissədə ləğv edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “inzibati şikayətin qismən təmin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********748200 nömrəli qərarına əsasən Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsində İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********073600 nömrəli) inzibati şikayəti araşdırılmış, nəticədə şikayət qismən təmin edilərək, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli, **********813200 nömrəli Qərarının 143.067,86 manat hissədə dəyişdirilmədən saxlanılması, 48.391,46 manat hissədə isə ləğv edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********685500 nömrəli qərarına əsasən 2021-ci ilin bəyannamə və hesabat dövrü üzrə 709590,62 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edildiyindən, eyni zamanda vergi ödəyicisi tərəfindən 2021-ci ildə aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 332.435,5 manat fərq yarandığı müəyyən edildiyindən bu hal xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir. - İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş X4 (357674,66 manat məbləğində, mal-material üzrə əmlak şəklində 1 pay miqdarında) və X3 (357674.66 manat məbləğində, mal-material üzrə əmlak şəklində 1 pay miqdarında) müəssisənin nizamnamə kapitalında payının (ümumilikdə 715.339.32 manat məbləğində, mal-material üzrə əmlak şəklində 2 pay miqdarında) nizamnamə fondunda artırılması barədə müstəqil auditor hesabatından görünür ki, İddiaçı MMC-nin direktoru arasında bağlanmış xx.xx.2021-ci il tarixli AR 048/21 saylı müqavilənin şərtlərinə əsasən müəssisənin təsisçisi X2 müəssisənin nizamnamə fonduna qoyulmuş kapitalının (mal-material formasında) artırılması barədə araşdırmaya xx.xx.2021-ci il tarixdə başlanmış xx.xx.2021-ci il tarixdə başa çatdırılmışdır. Rəyə əsasən X4 tərəfindən bazar dəyəri 357669.66 manat olmaqla müxtəlif növ avtomobil ehtiyat hissələri mal-material qismində (əmlak şəklində) və X5 tərəfindən bazar dəyəri 357669.66 manat olmaqla müxtəlif növ avtomobil ehtiyat hissələri mal-material qismində (əmlak şəklində) müəssisənin nizamnamə kapitalına qoyulmuş və müəssisəyə qoyulmuş müxtəlif növ avtomobil ehtiyat hissələrinin bazar dəyəri ümumilikdə 715.339.32 (yeddi yüz on beş min üç yüz otuz doqquz manat otuz iki qəpik) manat müəyyən edilmişdir. Mal-material əmlak şəklində müəssisənin nizamnamə kapitalına qoyulmuş və əmlakın qiymətləndirilməsinin yekunu olaraq MMC-nin nizamnamə kapitalı 715.349.32 (yeddi yüz on beş min üç yüz qırx doqquz manat otuz iki qəpik) manat olaraq formalaşdırdığı və nizamnamə fondunun artırılması üçün qoyulan ümumilikdə 715.339.32 (yeddi yüz on beş min üç yüz otuz doqquz manat otuz iki qəpik) manat dəyərində əmlak şəklində mal-materialın müəssisənin təsisçiləri olan X4 (357.669.66 manat dəyərində) və X3 (357.669.66 manat dəyərində) adından təsis payı kimi nizamnamə fonduna əlavə edilməsi, yəni 715.339.32 (yeddi yüz on beş min üç yüz otuz doqquz manat otuz iki qəpik) manat məbləğində artırılması qanunamüvafıq hesab edilmişdir. İşin faktiki hallarından görünür ki, ləğv edilməsi istənilən qərarın mübahisələndirilməsinin əsası qismində iddiaçı Cəmiyyətin təsisçiləri tərəfindən nizamnamə kapitalına əmlak şəklində ümumi dəyəri 715.349,32 manat dəyərində olan mal-materialların (avtomobil ehtiyat hissələri) qoyulması, həmin mal-materialların 2021-ci ildə satılması və satılmış malların dəyərinin 2021-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin gəlir hissəsində bəyan edilməsi, bu səbəbdən satılmış malların bazar dəyərinin mənfəət vergisi bəyannaməsində xərc qismində əks etdirilməsi təşkil edir. İddiaçı tərəf həmçinin, Cəmiyyətin təsisçiləri tərəfindən MMC-nin nizamnamə kapitalına əmlak şəklində qoyulan malların idxalı və (və ya) alışı ilə bağlı təsdiqedici sənədlərin mövcud olub-olmaması barədə məlumatının olmadığını, qeyd olunan malların Cəmiyyətin nizamnamə kapitalına əmlak şəklində qoyulan zaman auditor rəyinin və təhvil-təslim aktının tərtib edildiyi, idxal edilmiş mallar üzrə Cəmiyyət tərəfindən qeyri-rezidentlərə daşıma xərclərinin ödənildiyinə, aidiyyəti vergi orqanı tərəfindən isə nizamnamə kapitalının miqdarının artırılmasının qəbul edildiyinin və bu barədə onlar tərəfindən tərtib olunmuş çıxarışın da olmasına istinad edərək sözügedən qərarın əsassız olmasını iddia edir. Cavabdeh Cəmiyyətin nizamnamə kapitalına əmlak şəklində qoyulan mal-materialın sənədlərlə təsdiqini tapmayan xərclər olduğunu, qanunvericilikdə nizamnamə kapitalına əmlak şəklində qoyulan kapital növbəti illərdə təqdim edildikdə mənfəət vergisinin azadolmasına aid olmadığını bildirmiş, bu məsələdə Vergi Məcəlləsinin 106-cı maddəsinə istinad etmiş və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.10-cu maddəsinə görə malların təqdim edilməsi – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, habelə bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi, natura şəklində əməkhaqqı ödənilməsi və natura şəklində digər ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə alqı-satqı müqavilələrinin sonradan eyni şəxslə notarial qaydada təsdiq edilməsi bu maddənin məqsədləri üçün vergi tutulan təqdimetmə hesab edilmir. Həmin Məcəllənin 58.8-ci maddəsinə əsasən (mübahisələndirilən qərar qəbul edilən anda qüvvədə olan redaksiya) səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada gəlirlərin və xərclərin uçotu aparılmadıqda, habelə bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktı olmadıqda maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 71.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan hər hansı şəxs: 71.1.1. həmin şəxsin vergi öhdəliklərinin yaranmasına səbəb ola bilən; 71.1.2. həmin şəxsdə vergi tutulmasına dair öhdəliklər yaranmasına səbəb ola bilən; 71.1.3. həmin şəxsdə bu Məcəlləyə müvafiq olaraq məlumat verməyə dair öhdəliklər yaranmasına səbəb ola bilən əməliyyatları sənədləşdirməyə borcludur. 71.2. vergi ödəyiciləri bu Məcəllənin 71.1-ci maddəsində göstərilən uçot sənədlərini qanunvericiliklə müəyyən edilmiş qaydada aparmağa borcludurlar. 71.3. vergi ödəyicisinin ayrı-ayrı uçot sənədləri xarici dildə tərtib edildikdə, vergi orqanları onların Azərbaycan dilinə rəsmi surətdə tərcümə olunmasını tələb edir. 71.4. mühasibat uçotu sənədləri, o cümlədən elektron və (və ya) kağız formatda məlumatlar tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla qanunla müəyyən edilmiş müddətdə saxlanmalıdır. Göründüyü kimi, mövcud vergi qanunvericiliyi malların alışını təsdiq edən sənədlərin konkret siyahısını müəyyən etmişdir. Lakin hazırkı mübahisə üzrə iddiaçı nizamnamə kapitalına əmlak şəklində ümumi dəyəri 715.349,32 manat dəyərində olan mal-materialların (avtomobil ehtiyat hissələri) alış və ya mədaxilini təsdiq edən hər hansı sənədi təqdim edə bilməmişdir. İddiaçının istinad etdiyi malların qiymətləndirilməsi və nizamnamə kapitalının formalaşdırılmasına dair audit rəyi isə Vergi Məcəlləsinin 58.8-ci maddəsində malların alış və ya mədaxilini təsdiq edən sənəd kimi nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə qeyd edir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X7 Qeydiyyat İdarəsi tərəfindən yuxarıda göstərilən mallar hesabına iddiaçının nizamnamə kapitalının artırılması zamanı malların alış sənədlərinin tələb edilməməsi Dövlət Vergi Xidmətinin digər bir qurumu tərəfindən aparılan vergi yoxlaması dövründə də həmin malların sənədlərinin tələb edilməli olmaması anlamına gəlməməlidir. Belə ki, vergi ödəyicisinin nizamnamə kapitalının artırılması proseduru və vergi yoxlamasının həyata keçirilməsi icraatı müxətlif icraatlar olmaqla bir-birindən asılı deyildir. Bir halda ki, vergi ödəyicisi əmlak şəklində mal qoymaqla nizamnamə kapitalını artırmışsa, onun üçün həmin malların Vergi Məcəlləsinin 58.8-ci maddəsinin tələbinə uyğun formada əldə olunmasını təsdiq edən sənədlərin vergi orqanına təqdim edilməsi hər hansı çətinlik təşkil etməməli idi. Lakin hazırkı mübahisədə iddiaçı müvafiq sənədlərin vergi orqanına verilməsini təmin edə bilməmişdir. Həm də vurğulanmalıdır ki, malların qiymətləndirilməsi və nizamnamə kapitalının formalaşdırılmasına dair audit rəyi istinad olunan 58.8-ci maddədə malların alış və ya mədaxilini təsdiq edən sənəd kimi nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən isə vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. Beləliklə, sübutetmə yükü üzərinə düşən tərəf olaraq cavabdeh vergi orqanı mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətnin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” tələbinə dar iddiası iddiası əsassız olduğuna görə təmin edilməməlidir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68-ci, 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1831/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1831/2023
06.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver