Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-18314/2025 11.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “işıq sayğaclarının yerinin dəyişdirilməsi və s. tələbləri” barədə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı ünvan 2 ünvanında yerləşən 12 ədəd işıq sayğaclarının 1 qutuya yığılaraq yerlərinin dəyişdirilməsi, quraşdırılması, blombun açılıb-vurulması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun illərdir ünvan 3 ünvanında ailələri ilə birlikdə yüzdən çox adamla yaşayırlar. Dəfələrlə "xxxx"ASC-yə sayğacların bir yerə yığılması ilə bağlı ərizə ilə müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. 2 il əvvəl yerli baxış keçirilərkən bu ünvana pano quraşdırılmasını xahiş etsələr də, quraşdırılmamışdır. Yaşadıqları fərdi yaşayış evinin girişində quraşdırılan 12 ədəd sayğac çox təhlükəli vəziyyətdədir, dəfələrlə yanğın olub, naqillər pis vəziyyətdə olduğuna görə yayda gərginlik 160-175 kV olur. Nəticədə kondisioner və soyuducu sıradan çıxır. 4 ədəd sayğac yerdən 30 metr hündürlükdə quraşdırılıb, çox təhlükəli şərait yaradır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmş, sərəncamın icrası ilə əlaqədar olaraq cavabdeh tərəfindən məhkəməyə vəsatətlə müraciət edilərək iddianın mümkün sayılmaması barədə qəradad qəbul edilməsi xahiş edilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi məhkəmə aidyyəti pozulmaqla verilmişdir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1 -ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1 -ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 14-cü bəndinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 9 oktyabr 2024-cü il tarixli 9 nömrəli Qərarının:
5. 14-cü bənd aşağıdakı redaksiyada verilsin: “Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.” Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarındakı hüquqi mövqedən göründüyü kimi, təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıdığından, həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 15.1 -ci maddəsində göstərilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (Qərar 15.2-ci bənd). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (Qərar 15.3-cü bənd). Qeyd edilənlərə əsasən məhkəmə iddianın məhkəmə aidiyyəti üzrə göndərilməsinin inzibati məhkəmə icraatında mümkünsüzlüyünü bildirməklə yanaşı izah edir ki, iddiaçının hazırkı tələblə mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət etmək hüququ saxlanılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80 və 85-cı maddələrini rəhbər tutaraq
QƏRARA ALDİ:
İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Hakim Aygün Abdullayeva