Məhkəmə qərarları › İş №2-1(112)-18315/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-18315/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-18315/2025 29.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əsəd qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” barədə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 28) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı MMC haqqında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin tərəfindən qəbul olumuş “əmlakın siyahıya alınması haqqında qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ’’Səyyar vergi voxlamasmın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********179763 nömrəli qərarı ilə “FANDOS" MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama ilə dekabr 2020 - noyabr 2023-cü illər əhatə olunmuşdur. Yoxlanılan dövrdə İddiaçı faktiki olaraq “taxta materiallarının topdan satışı ilə məşğul olmuşdur. Mövcud qanunvericiliklə qadağan olunmuş fəaliyyət növləri ilə məşğul olmamışdır. Keçirilmiş yoxlama **********180146 saylı xx.xx.2024-cü il tarixli “Səyyar vergi yoxlaması” aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama xx.xx.2023 tarixdə başlanılmış və xx.xx.2024 tarixdə başa çatdırılmışdır. Yoxlama müddəti 3 dəfə dayandırılmış, 4 dəfə uzadılmış, 1 dəfə isə əlavə vergi yoxlaması təyin edilmişdir. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********190321 nömrəli qərarına əsasən, səyyar vergi yoxlamasının nəticələri haqqında xx.xx.2024-cü il tarixli, **********180146 nömrəli akt nəzərə alınaraq iddiaçı qanunvericiliyin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********190321 nömrəli qərar əsasən əlavə hesablanmış vergilər: 176057.81 Azərbaycan manatı, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları: 93261.19 Azərbaycan manat, büdcəyə ödənilməli olan cəmi məbləğ 269319.00 Azərbaycan manatı müəyyən edilmişdir. Həmin inzibati akt tərəfindən mübahisələndirilmiş, eyni zamanda inzibati aktının icrasının dayandırılması barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə verilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsində 2-1(112)-6275/2025 nömrə ilə qeydiyyatdan keçməklə hal-hazırkı vaxtadək həmin məhkəmənin icraatındadır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 15(112)-54/2025 saylı qərarı ilə müvəqqəti xarakterli müdafiə tədbiri ərizə təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ərizəçi barəsində qəbul edilmiş Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 29 dekabr 2024cü il tarixli inzibati aktın (qərarın) icrası işə mahiyyəti üzrə baxılanadək dayandırılması qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin qeyd edilən qərardadı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 15(103)-120/2025 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardad hal-hazırda da qüvvədədir. Həmin birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi öz qərardadlarında qeyd etmişlər ki, “Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, inzibati aktın icrasının dayandırılması hesablanmış vergilər üzrə borcların dövlət büdcəsinə alınmasını təmin etmək məqsədi ilə Vergi Məcəlləsində nəzərdə tutulmuş bütün tədbirlərin görülməsi, yəni vergi ödəyicisinin əmlakını siyahıya almaq, banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, pulun sərəncamla silinməsi, hesabın dondurulması, tələbin icraya yönəldilməsi, ümumiyyətlə hesaba məhdudiyyət qoyulması, müvafiq hesab üzrə qadağa və silinmələrin tətbiqi və s. bu kimi hərəkətlərin edilməsinin qadağan olunmasını ehtiva edir ki, məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktın icrasının dayandırılması zamanı iddiaçının bank hesablarına qoyulmuş sərəncamların icrasının dayandırılmalı olması da vergi orqanı və aidiyyəti digər qurum və şəxslər tərəfindən, eləcə də ərizəçinin hesabı olan banklar tərəfindən nəzərə alınmalıdır. ”Lakin bütün bu yazılanlara və deyilənlərə baxmayaraq cavabdeh qanunsuz olaraq “əmlakın siyahıya alınması haqqında “ qərar qəbul etmiş, həmin qərar hal-hazırkı vaxta qədər bizə təqdim edilməmişdir. Cavabdeh orqan tərəfindən bizə göndərilən “Vergi ödəyicisinin aktivləri barədə məlumat" formasının təqdim edilməsi haqqında bildiriş olmuş, həmin bildirişin məzmunundan əmlakın siyahıya alınması haqqında qərar qəbul edildiyindən xəbərdar olmuşuq. Lakin qərarın surəti bizə rəsmi qaydada təqdim edilmədiyindən həmin qərarın tarixi, nömrəsi haqqında hər hansı məlumat sahibi deyilik. Dəfələrlə qərarın surətinin verilməsi barədə bildiriş təqdim etsək də, hər hansı hərəkər cavabdeh orqan tərəfindən həyata keçirilməmişdir. Digər məsələ isə ondan ibarətdir ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Bu o deməkdir ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı məhkəmədə mübahisələndirilirsə həmin qərar əsasında hesablanmış vergilər və tətbiq olunmuş maliyyə sanksiyaları da məhkəmə qərarı ilə də təsdiqini tapmalıdır. Mübahisənin getdiyi müddət ərzində isə şəxs təqsirsiz hesab edildiyindən və məhkəmənin qərardadı ilə inzibati aktın icrası dayandırıldığından, həmin şəxs hesablanmış vergi və tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə məcbur edilə bilməz.

3. Cavabdehin vəsatəti onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Bu səbəbdən, "xxxx" MMC-yə aktivlər barədə məlumatın təqdim edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli **********903900 nömrəli məktub göndərilmişdir. Lakin əmlakın siyahıya alınması üçün qərar açılmalı borclu vergi ödəyicilərinin araşdırması zamanı "xxxx" MMC-nin müvəqqəti xarakterli müdafiə tədbirləri barədə ərizəsi üzrə qəbul edilmiş Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 15(112)-54/2025 nömrəli qərardadının olduğu müəyyən edilmişdir. Buna görə də həmin vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında hər hansı qərar açılmamışdır. Həmçinin, vergi ödəyicisi xx.xx.2025-ci il tarixli məktublarla vergi orqanına müraciət etmiş, cavab olaraq, xx.xx.2025-ci il tarixli 3-21-2-3/2-D-16xx-xx/2025 nömrəli məktubla bildirilmişdir ki, sözügedən məhkəmə qərardadları nəzərə alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır (8.6-cı bənd). Bundan əlavə, həmin qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni zamanda, həmin qərarda göstərilir: “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.” İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, iddiaçının ləğv olunmasını tələb etdiyi “əmlakın siyahıya alınması barədə” hər hansı qərar mövcud olmadığından iddia mümkün sayılmamalıdır.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin mümkün sayılmamasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını və yekun qərar qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü

6. Məhkəmə hesab edir ki, iddianın növü mübahisələndirməyə dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır.

III. Məhkəmənin mövqeyi

7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır... 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar.

10. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.

11. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş “Əmlakın siyahıya alınması haqqında” qərarın ləğv edilməsini xahiş edir.

12. “İnzibati icraat haqqında” Qanunun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;

13. Vergi Məcəlləsinə əsasən: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər.

14. Məhkəmə qeyd edir ki, hazırkı tələb üzrə mübahisə yoxdur, belə ki, iddiaçının əmlakının siyahıya alınması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir inzibati akt qəbul edilməmiş, bu istiqamətdə hər-hansısa hərəkət edildiyi iş materialları ilə müəyyən olunmamışdır.

15. Beləliklə işin hallarından aydın olur ki, iddiaçı hazırda mövcud olmayan inzibati aktı mübahisələndirir.

16. X6 Məhkəməsinin presedent hüququna əsasən: -"Mübahisə" sözü (Fransız dilində "contestation") formal mənada deyil, daha çox maddi mənada başa düşülməlidir (Le Compte, Van Leuven və X5rşı, § 45). İstifadə edilən xarici formanın və dilin çərçivəsindən kənara çıxmaq və hər bir məhkəmə işinin hallarına uyğun olaraq, diqqəti faktiki vəziyyətə yönəltmək lazımdır (Gorou Yunanıstana qarşı (№. 2) [BP], § 29; və Boulois Luksemburqa qarşı [BP], § 92). 6-cı Maddə qarşı tərəflərin olmadığı və hüquqlarla bağlı hər hansı bir mübahisəli vəziyyətin mövcud olmadığı hallarda, çəkişmə prinsipinə əsaslanmayan və birtərəfli qaydada aparılan prosedura tətbiq olunmur (Alaverdyan Ermənistana qarşı, (qərardad), § 35). -"Mübahisə" real və ciddi olmalıdır (Sporrong və Lönnroth İsveçə qarşı, § 81). - Mübahisə təkcə hüququn faktiki mövcudluğu ilə deyil, onun tətbiq sahəsi və ya həyata keçirilmə qaydası ilə də əlaqəli ola bilər (Benthem Hollandiyaya qarşı, § 32). O, həmçinin fakt məsələləri ilə bağlı ola bilər. - Məhkəmə prosesinin nəticəsi sözügedən hüquq üçün bilavasitə həlledici olmalıdır (məsələn, Ulyanov Ukraynaya qarşı (qərardad)). Nəticə etibarilə, zəif əlaqə və ya uzaq nəticələrin olması 6 § 1 Maddənin tətbiq olunması üçün kifayət deyil (Boulois Luksemburqa qarşı [BP], § 90). -Mülki "hüquq" un mövcud olub-olmadığını və məhdudiyyətin maddi və ya prosessual kimi təsnifləndirildiyini müəyyən edərkən, ilk növbədə milli qanunvericiliyin müvafiq müddəalarına və yerli məhkəmələr tərəfindən bu müddəların necə şərh edildiyinə baxılmalıdır (Masson və X4rşı, § 49). Zahiri formadan kənara çıxmaq, milli qanunvericiliyin müəyyən məhdudiyyəti necə təsnifləndirdiyini araşdırmaq və faktiki hallar üzərində dayanmaq lazımdır (X1rşı, § 38). -Məhkəmə yerli qanunvericiliyə əsasən "ictimai hüquq" sahəsinə daxil olan və nəticəsi fərdi hüquq və vəzifələr baxımından həlledici olan məhkəmə proseslərinin, 6 § 1 Maddənin əhatə dairəsinə düşdüyünü hesab edir. - 6-cı maddənin redaksiyası (1) (maddə 6-1), daha genişdir; Fransız ifadəsi "contestations sur (des) droits et obligations de caractère sivil" nəticəsi şəxsi hüquq və öhdəliklər üçün həlledici olan bütün prosesləri əhatə edir. İngilis dilindəki "... mülki hüquqlarının və vəzifələrin müəyyən edilməsi" mətni bu şərhi təsdiqləyir. Buna görə də məsələnin necə tənzimlənməsini müəyyən edən qanunvericiliyin xarakteri (mülki, kommersiya, inzibati hüquq və s.) və həmin məsələ ilə bağlı səlahiyyətli qurum (adi məhkəmə və ya inzibati orqan və s.) az əhəmiyyət kəsb edir (Ringeisen Avstriyaya qarşı § 94).

17. Hazırkı mərhələdə məhkəmə müəyyən edir ki, iş üzrə “real” mübahisə mövcud deyil, mövcud “mübahisə”nin nəticəsi fərdi hüquq və vəzifələrin müəyyən edilməsi baxımından həlledici deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

18. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

19. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar