Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1832/2021 12.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı (Ünvanı: Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi ev 13B, mənzil 45) və onun nümayəndəsi, eyni zamanda vəkili Vəkil (Ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 10, mənzil 3; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 4 saylı Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi X1 (Ünvanı: Bakı şəhəri, Azadlıq prospekti, ev 196, mənzil 171; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialı, Hüquq və kadrlar sektorunun böyük məsləhətçihüquqşünas) iştirakları ilə, iddiaçı - İddiaçı cavabdeh - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyaya əlavələrin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı xidməti vəzifələri yerinə yetirərkən əlil olduğuna görə İddiaçı əmək pensiyasına müvafiq təminat xərcliyinin-100 faizi miqdarında əlavələrin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilməmişdir. İş üzrə şifahi məhkəmə baxışı ilə bağlı iclas 12.04.2021-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı 14.07.1993-cü ildən 02.09.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur, AR Müdafiə Nazirinin 07.05.2016-cı il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə (ştatların ixtisarına görə) müvafiq olaraq polkovnik- leytenant hərbi rütbəsində ehtiyata buraxılmışdır. 02.09.2016-cı il tarixədək N saylı hərbi hissədə hərbi xidmətdə olmuş, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinə göndərilmiş və 05.09.2016-cı il tarixdən həmin idarədə müvafiq qaydada qeydiyyata alınmışdır. Tərxis olunanadək dəfələrlə sağlamlığında yaranmış problemlərlə əlaqədar olaraq AR Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında və N saylı hərbi hissədə stasionar və ambulator, N saylı hərbi hissə komandirinin 11.01.2016-cı il tarixli, 42 saylı göndərişinə əsasən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında stasionar müalicədə olmuş və hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmişdır. Həmin şəhadətləndirilməyə əsasən nadir hallarda kəskinləşən, hissihərəki pozulmalarla təzahür edən, residiv gedişli, diskogen mənşəli xroniki boyun və beloma radikuliti, natamam remissiya mərhələsində fəqərələrarası disklərin protuziyaları və s. diaqnozu qoyulmaqla xəstəliyin hərbi xidmət dövründə alındığı qərarına gəlinmişdir. Daim artan və mənşəyi həmin dövrdə müəyyən olunmayan digər ağrıların müalicəsinin mümkün olmadığı zaman, konkret olaraq 25.02.2016-cı il tarixdə raportla N nömrəli hərbi hissə komandirinin şəxsi heyət üzrə müavininə sağlamlığında yaranmış problemləri nəzərə alaraq AR “Hərbi xidmətkeçmə haqıında” Əsasnamənin 156-cı maddəsinin “q” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. AR Müdafiə Nazirinin yuxarıda qeyd olunan müvafiq əmri də məhz bu müraciətdən sonra verilsə də o, 02.09.2016-cı il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. Son 7 aylıq dövr ərzində isə sağlamlığında əlavə, diaqnozu o dövr üçün müəyyənləşdirilməyən xəstəliklərdən əziyyət çəkməyə başlamışdır. Tərxis olunduqdan sonra isə ağrılar dözülməz olduğundan və səhhətində ciddi ağırlaşmalar baş verdiyindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsi rəisinin 17.01.2017-ci il tarixli, 22 nömrəli göndərişi ilə AR MN Mərkəzi Hərbi Həkim Komissiyasına yoxlanmaya göndərilmişdir. Mərkəzi Hərbi Həkim Komissiyasının 27.02.2017-ci il tarixli, 575 nömrəli qərarına əsasən “xarici amihnradiyasiyanın (yəni şüalanmanın) təsiri nəticəsində yaranan toksiki-postradiasion ensefalopatiyanın soltərəfli piramid çatışmazlığı, davamlı vegetativ-damar və astenonevrotik əlamətlərlə keçən ifadəli funksional pozğunluqlarla təzahür edən nəticələri” diaqnozu qoyulmaqla, bunların hərbi travma olmaqla hərbi xidmət vəzifələri yerinə yetirərkən alındığı bildirilmişdir. Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 163-cü maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsini müəyyənləşdirmək üçün hərbihəkim komissiyasının müayinəsinə göndərilir. Buraxılmanın səbəbləri müəyyənləşdiriləndən sonra onun nəticəsi nəzərə alınır. Bu məqsədlə hərbi-həkim komissiyasının müayinəsinə aşağıdakı hərbi qulluqçular öz xahişinə əsasən göndərilməyə bilərlər: həqiqi hərbi xidmətdə son yaş həddinə çatmış və xidmət illərinə görə maksimal miqdarda pensiya təminatı olan şəxslər; ehtiyatda olmağın son yaş həddinə çatmlş şəxslər. Əsasnamənin bu bəndinin tələblərindən göründüyü kimi mənim hərbi-həkim komissiyasının müayinəsinə göndərilməməyi üçün heç bir əsas olmadığı halda bu edilməmişdir. Əgər bu normaya əməl edilsəydi bugünki mübahisə də olmazdı. Həmin tələbə əsasən onun hərbi-həkim komissiyasının müayinəsindən keçib-keçməmək istəyindən asılı olmayaraq həmin müayindən keçirilməli idi. Göründüyü kimi bu norma onun kateqoriyasından olan hərbçilər üçün imperativ xarakterlidir. Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 163-cü maddəsinin tələblərinə AR Müdafiə Nazirliyi tərəfindən əməl edilməmiş və nəticədə mən hüquqlarımın qorunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məlum əmrin dəyişdirilməsi ilə bağlı əvvəlcə Müdafiə Nazirliyinə və nəticə etibarı ilə məhkəməyə müraciət etdi. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş 2-1(82)-205/2018 saylı 15.02.2018-ci il tarixli qərarı, Bakı Apellyasiya Məhkəməsinin iş 2-1(103)-311/2019 saylı 27.03.2019-cu il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının iş 2-1(102)- 2845/19 saylı 29.11.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə qərarından sonra Azərbaycan Respublikası Müdafiə nazirinin 092 nömrəli 11.02.2020 tarixli əmrinə və “Hərbi xitmətkeçmə haqqında əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) 07.05.2016-cı il tarixdən (N saylı hərbi hissə komandirinin N nömrəli 02.09.2016-cı il tarixli əmri ilə şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən yeni məlumat vərəqəsi tərtib edilmiş və Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmişdir. Bundan sonra o, 06.05.2020-ci il tarixində ərizə və qoşma sənədlərlə Xüsusi Şərtlərlə Təyinat İdarəsinin rəisinə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 20.16.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələrin edilməsinə köməklik göstərilməsini xahiş etsə də Xüsusi Şərtlərlə Təyinat İdarəsindən Direktor vəzifəsini icra edən Şahin Əliyevin imzası ilə ona göndərilmiş 11.08.2020-ci il tarixli **********5 nömrəli cavab məktubunda (məktubu poçt vasitəsilə 21.08.2020-ci il tarixdə almışam) bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası növündə təyinat aparılmış əmək pensiyaçısının sonradan əlilliyə görə əmək pensiyası növünə keçməsi hüququ yoxdur. Bu səbəbdən də ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Cavabdehə təqdim etdiyi sənədləri və işin faktiki hallarını nəzərə almadan ərizəsinə imtina cavabı verilmişdir. Hesab edir ki, bu hal düzgün deyildir. Onun Silahlı Qüvvələrdən ehtiyata buraxılarkən cavabdeh Müdafiə Nazirliyi tərəfindən mövcud qanunvericiliyin tələblərinin pozulması və sonradan məhkəmə qərarına əsasən hüquqlarının bərpa edilərək ehtiyata buraxılmağının əsasının dəyişdirilərək “xəstəliyə görə” əmrləşdirilməsi də nəzərə alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair Məlumata əsasən İddiaçı hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 575 nömrəli 27.02.2017-ci il tarixli Xəstəlik haqqında Şəhadətnaməsinə əsasən İddiaçı aldığı travma “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır”, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” kimi göstərilmişdir. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 205/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 07 may 2016-cı il tarixli, 0322 nömrəli əmrinin dəyişdirilərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən 27 fevral 2017-ci il tarixli, 575 nömrəli xəstəlik haqqında şəhadətnaməyə əsasən İddiaçı «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «v» bəndinə əsasən xəstəliyə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılma vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. (hakim - Z.M.Tağıyev) İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-311/2019 saylı, 14 mart 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-205/2018 saylı, 06 fevral 2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-2845/2019 saylı 01.11.2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(103)-311/2019 saylı iş üzrə 14 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, EZ seriyalı ******* nömrəli Hərbi Biletə əsasən İddiaçı “HXH Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən HDQ İdarəetmə heyətinin (N nömrəli h/h)dən 07.05.2016-cı il tarixdən ehtiyata buraxılmışdır. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh orqan 11.08.2020-ci il tarixli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinada bildirmişdir: “Ərizənizə baxaraq bildiririk ki, siz 28 sentyabr 2016-cı il tarixində İdarəyə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət etmisiniz. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İdarəyə təqdim olunmuş MN- 06298 nömrəli məlumat vərəqəsinə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən sizə 30 sentyabr 2016-cı il tarixində 27 il 9 ay 23 gün xidmət müddəti üçün təminat xərcliyinizin 71 faizi miqdarında yaşa görə (ştat ixtisarına görə tərxis olunmaqla) əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İdarəyə təqdim olunmuş 18 fevral 2020-ci il tarixli MN-06298 nömrəli yeni məlumat vərəqəsinə əsasən (xəstəliyə görə tərxis olunmaqla) əmək pensiyanız təminat xərcliyinizin (1690,35 manat) 76 faizi-1284,67 manat məbləğində müəyyən edilmiş, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanlara əsasən əmək pensiyanız üzrə keçmiş üç il müddət üçün hesablanmış 2266,46 manat fərq məbləğinin cari ilin iyul ayından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci madddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada hissə-hissə pensiyanızın üzərinə əlavə olunmaqla müvafiq kart hesabınıza köçürülməsi nəzərdə tutulub. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası növündə təyinat aparılmış əmək pensiyaçısının sonradan əlilliyə görə əmək pensiyası növünə keçməsi hüququ yoxdur. Bu səbəbdən də sizə əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.” Göründüyü kimi, cavabdeh orqan imtina məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə istinad edərək imtina etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 19 avqust tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə ləğv edilmişdir) 1.5-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyaları əlillik dərəcələrinin (qrupunun), müddətini və səbəbini müəyyən edir. Həmin Əsasnamənin 3.1-ci bəndinə əsasən, tibbi-sosial ekspert komissiyaları: ...həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir;... Həmin Əsasnamənin 5.1-ci bəndinə əsasən, əlillik müddəti «Əlilliyin müəyyən edilməsi meyarlarına dair Əsasnamə»yə uyğun olaraq müəyyən edilir. Əlillik müddətlə müəyyən edildiyi hallarda şəxs növbəti müayinə təyin edilən aydan sonrakı ayın 1-dək əlil hesab olunur. Həmin Əsasnamənin 5.4-cü bəndinə əsasən, müayinə olunan şəxs tibbi-sosial ekspert komissiyasının qərarı ilə razılaşmadıqda bir ay müddətində zona TSEK sədrinə ərizə ilə müraciət etmək hüququna malikdir. Belə hallarda zona TSEK sədri 3 gün müddətində onun tibbi ekspertiza sənədlərini və ərizəni ali pillə ekspertizaya göndərməlidir. Ali pillə TSEK həmin sənədi aldıqdan sonra sənədlər əsasında, yaxud əlili və sağlamlıq imkanları məhdud uşağı əyani müayinəyə cəlb etməklə qərar qəbul edir. Həmin Əsasnamənin 5.5-ci bəndinə əsasən, ali pillə ekspert komissiyasının qərarlarından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və məhkəməyə şikayət verilə bilər. Həmin Əsasnamənin 5.6-cı bəndinə əsasən, ilkin tibbi- sosial ekspert komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. “Əmək pensiyaları haqqında” Qanunun 20.16-cı maddəsinə əsasən bu Qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. müharibə ilə əlaqədar İ dərəcə əlilliyi olan şəxslərə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin—100 faizi, müharibə ilə əlaqədar İİ dərəcə əlilliyi olan şəxslərə—80 faizi, müharibə ilə əlaqədar İİİ dərəcə əlilliyi olan şəxslərə—55 faizi. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə qeyd edir ki, iddiaçıya hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar müddətsiz birinci dərəcəli əlillik təyin edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin müddəaları deyil, həmin Qanunun 20.016.1-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının aldığı travma Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır.” kimi şəhadətləndirilməsi və bununla əlaqədar, yəni hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar iddiaçıya müddətsiz birinci dərəcəli əlillik təyin edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdeh orqanın “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina etməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xidməti vəzifələri yerinə yetirərkən əlil olduğuna görə İddiaçı əmək pensiyasına müvafiq təminat xərcliyinin-100 faizi miqdarında əlavələrin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilir. Xidməti vəzifələri yerinə yetirərkən əlil olduğuna görə İddiaçı əmək pensiyasına müvafiq təminat xərcliyinin-100 faizi miqdarında əlavələrin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-1832/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1832/2021
12.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver