Məhkəmə qərarları › İş №2-1(112)-1832/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1832/2025

18.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1832/2025 18.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının yeni ölçülərə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının yeni ölçülərə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ünvan 2 ünvanındakı fərdi yaşayış evinə dair yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanındakı fərdi yaşayış evi üzərində hüüquqlarının daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmasına və textniki pasportun verilməsinə dair ərizə ilə cavabdehə müraciət etmişdir. Sözügedən əmlak ona məxsusdur. Həmin əmlaka dair ona cavabdeh tərəfindən ********** nömrəli xx.xx.2021-ci il tarixli çıxarış verilmişdir. Həmin çıxarış əsasında sözügedən mənzilin yenidən konstruksiyasını həyata keçirmişdir. xx.xx.2024-cü il tarixdə məlumatlandırma icraatı qaydasında Binəqədi rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Evin eskiz planı və təsdiq olunmuş layihəsi də, təqdim olunmuşdur. Binəqədi rayon İcra Hakimiyyətindən daxil olmuş 03/13-10-7/Ə-203-151 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda icraata razılıq verilmişdir. Sözügedən fərdi yaşayış evinin layihəsi lisenziyalı şirkət tərəfindən icra olunmuş, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikilərək təhvil verilmişdir. Həmin layihəyə uyğun olaraq inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraicət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin olunmasından xx.xx.2024-cü il tarixli məktubla imtina olunaraq bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman fərdi yaşayış evində aşırımlar arası məsafənin 6 metrdən çox olduğu müəyyən edilmişdir. Odur ki, məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalıdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdeh aşırımlar arasında ölçülərin konkret hüdud və sərhədlərini müəyyənləşdirməmiş, ölçünün 6 metrdən artıq olmasını formal əsaslarla qeyd edərək çıxarışda düzəlişin aparılmasın, yeni çıxarışın və texniki pasportun verilməsindən imtina etmişdir. Həmin ev uzun illərdir ki, onun istifadəsindədir. Evdə olan rekonstruksiya işləri qabaqcadan razılaşdırılmaqla, məlumatlandırma icraatı qaydasında və tələb oluna formada həyata keçirilib.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmasına baxmayaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir etiraz təqdim edilməmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 95.90 kv.m təşkil edən fərdi yaşayış evi və onun yerləşdiyi 0.034770 ha ölçüdə torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021ci il il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.

8. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 03/13-10-7/Ə-203-151 nömrəli məktubla bildirilmişdir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən mülkiyyətində olan fərdi yaşayış evinin təqdim edilən layihə əsasında sökülərək yenidən tikintisinə icazə verilməsi barədə İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2021-ci il tarixli, Ə-203-151 saylı müraciətinə baxılmışdır. Müraciətdə qeyd edilən məsələ ilə bağlı nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətindən xx.xx.2021-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı çıxarışla xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin təqdim edilmiş layihə (fiziki şəxs – X4 işi) əsasında, yanğın nəzarəti və tikintidə təhlükəsizlik qaydalarına və qonşuluq prinsiplərinə riayət olunmaqla sökülərək yenidən tikintisinə etiraz edilmir.

9. Fərdi yaşayış evinin Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihəsi iş materiallarına əlavə edilmişdir.

10. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-2-21360/2024 **********60 nömrəli məktubla bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman fərdi yaşayış evində aşırımlar arası məsafənin 6 metrdən çox olduğu müəyyən edilmilmişdir. Odur ki, məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalıdır. Bundan başqa, təqdim olunmuş layihə ilə fərdi yaşayış evinin faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur.

11. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı” məhkəməyə təqdim edilmişdir.

12. Məhkəmənin iş üzrə tikinti-texniki ekspertizasının təyin edilməsi barədə 2-1(112)- 1832/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 21 iyul 2025-ci il tarixli, 3-16-16/2-10/2084/2025 nömrəli məktubla təqdim edilmiş 10/2084 nömrəli ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evində aşırımlar arası məsafənin 6 metrdən çox olmadığı, ünvan 3 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində layihə üzrə inşa edilmiş fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə əsasən məlumatlandırma icraatı qaydasına uyğun olduğu müəyyən edilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

18. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

19. Məhkəmə işin halları ilə bağlı qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir:

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: ... 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; ...

22. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: M a d d ə 80. Məlumatlandırma icraatı 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur.

24. Beləliklə inzibati işin araşdırması zamanı müəyyən olunmuş mübahisəli hallarla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 95.90 kv.m təşkil edən fərdi yaşayış evi və onun yerləşdiyi 0.034770 ha ölçüdə torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il qeydiyyat tarixi, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən mülkiyyətində olan fərdi yaşayış evinin təqdim edilən layihə əsasında sökülərək yenidən tikintisinə icazə verilməsi barədə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edilmiş, sonuncu tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli, 03/13-10-7/Ə-203-151 nömrəli məktub ünvanlanaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətindən xx.xx.2021-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** saylı çıxarışla xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin təqdim edilmiş layihə (fiziki şəxs – X4 işi) əsasında, yanğın nəzarəti və tikintidə təhlükəsizlik qaydalarına və qonşuluq prinsiplərinə riayət olunmaqla sökülərək yenidən tikintisinə etiraz edilməmiş və təqdim edilmiş layihə razılaşdırılmışdır. Bundan sonra iddiaçı tərəfindən əvvəlki fərdi yaşayış evində yenidənqurma işləri aparılaraq rayon İcra Hakimiyyəti ilə razılaşdırılmış layihə əsasında yeni fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı bununla bağlı cavabdehə ərizə ilə müraciət edərək yeni inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, cavabdeh tərəfindən fərdi yaşayış evində aşırımlar arası məsafənin 6 metrdən çox olmasına, bu səbəbdən də, məlumatlandırma icraatı qaydasında deyil, tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün sənədlər təqdim olunmalı olmasına, bundan başqa, təqdim olunmuş layihə ilə fərdi yaşayış evinin faktiki vəziyyəti arasında uyğunsuzluğun mövcud olmasına istinad edilməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

25. Cavabdehin imtinasının əsaslarının araşdırılması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və həmin ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 10/2084 nömrəli ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyinə əsasən ünvan 3 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evində aşırımlar arası məsəfanənin 6 metrdən çox olmadığı, ünvan 3 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində layihə üzrə inşa edilmiş fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə əsasən məlumatlandırma icraatı qaydasına uyğun olduğu müəyyən edilmişdir.

26. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iş üzrə əldə edilmiş ekspert rəyi ilə ünvan 3 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində layihə üzrə inşa edilmiş fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1ci maddəsinin tələblərinə əsasən məlumatlandırma icraatı qaydasına uyğun olması təsdiq olunmuşdur. Məhkəmə həmin ekspert rəyini ekspert qarşısında qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, iş materiallarında olan sənədlərlə hər hansı bir ziddiyyət təşkil etmədiyindən iş üzrə mötəbər sübut qismində qiymətləndirir.

27. Bundan başqa, təqdim olunmuş layihə ilə fərdi yaşayış evinin faktiki vəziyyəti arasında uyğunsuzluğun (lift sahəsinin layihədə əksini tapmaması) mövcud olmasına istinad edilsə də, həmin uyğunsuzluq iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı yenidən inşa edilmiş fərdi yaşayış evi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün qanunvericiliklə müəyyən edilmiş bütün hüquqmüəyyənedici sənədləri cavabdehə və məhkəməyə təqdim etmiş, bundan əlavə layihə üzrə inşa edilmiş fərdi yaşayış evinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinin tələblərinə əsasən məlumatlandırma icraatı qaydasına uyğun olması təsdiqlənmişdir.

28. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin imtinasının və etirazının əsasını təşkil edən dəlillər əsassız hesab edilməklə iddiaçının sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

29. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/2084 nömrəli ekspertiza xərcinə dair bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat manatdır və iddiaçıdan 50 (əlli) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

33. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına yeni çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul İddiaçı Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar