Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1835/2022 22.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı xidmət illərinin yenidən hesablanması və yeni məlumat vərəqinin vərəqinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək iddiaçının döyüşən ordunun tərkibindəki xidmət illərinin güzəştli şərtlərlə (1 günün 3 gün kimi) düzgün hesablanıb «Məlumat Vərəqinin» tərtib edilərək pensiyasının yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla İş Departamentinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı bildirir ki, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının döyüşən ordunun tərkibindəki xidmət illərinin güzəştli şərtlərlə (1 günün 3 gün kimi) düzgün hesablanıb «Məlumat Vərəqinin» tərtib edilərək pensiyanın yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla İş Departamentinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsini xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək iddiaçının xidmət illərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı «Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətdən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının sıravi və rəis heyyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında» qərarına uyğun olaraq güzəştli şərtlərlə (1 günün 3 gün kimi) düzgün hesablanıb «Məlumat Vərəqinin» tərtib edilərək pensiyanın yenidən hesablanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçularla İş Departamentinə göndərilməsini xahiş etmişdir. İddiaçının mürtaciətinə baxan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ərizəni Bakı şəhər Baş Polis İdarəsinə göndərmiş və 28 iyul 2021-ci il tarixli məktubla Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinə göndərmişdir. İddiaçı bildirir ki, Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən o 27 yanvar 1994-cü il tarixdə həqiqi hərbi xidmətə çağırılmış və döyüşlərdə iştirak etməklə 19 oktyabr 1997-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Bu faktı təsdiq edən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş 12 noyabr 2019-cu il tarixli 265 nömrəli arayışa əsasən “verilir ehtiyatda olan çavuş, 1975-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən 27.01.1994-cü il tarixdən 12.02.1994-cü il tarixədək N saylı hərbi hissədə, 12.02.1994-cü il tarixdən 16.03.1994-cü il tarixədək N saylı hərbi hissədə, 16.03.1994-cü il tarixdən N saylı hərbi hissədə, 16.03.1994-cü il tarixdən 05.04.1995-ci il tarixədək N saylı hərbi hissədə, 05.04.1995-ci il tarixdən 06.07.1995-ci il tarixədək N saylı hərbi hissədə, 06.07.1995-ci il tarixdən 19.10.1997-ci il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. Döyüş bölgəsində yerləşən N və N saylı hərbi hissələrdə xidmət etdiyi dövrdə S. M. Mirzəyev döyüş əməliyyatlarında iştirak etmişdir. Əsas: NZ№ ******* saylı hərbi bilet. ” hərbi xidmətdə olmuşdur. Bildirir ki, o 30 iyun 1998-ci ildən Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin polis nəfəri, 2015-ci ildən 2019cu ilədək manqa komandiri işləmişdir. 2019-cu ilin oktyabrında pensiyaya çıxmışdır. Ona 715 manat məbləğində pensiya təyin edilmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa 2004-cü il 13 sentyabr tarixində edilən dəyişikliyə qədər onun güzəştli şərtlərlə xidmət illəri 3 il 9 ay 12 gün olmuşdur. Yuxarıda qeyd olunan qanunun 2004-cü ilin 13 sentyabr tarixinə qədər güzəştli şərtlərlə (1 günün 3 gün kimi) hesablanması tələbinə uyğun döyüş bölgəsində xidmət etdiyi illəri nəzərə alınmamışdır. Güzəştli şərtlərlə hesablanmış ümumi xidmət illəri olan 3 il 9 ay 12 gün xidmətinin 1 günün 3 gün kimi hesablanaraq üzərinə əlavə edilməsi xidmət ilinin artmasına təsir göstərmədiyi üçün pensiya hesablanması üçün nəzərə alınan xidmət illərinə əlavə edilməmişdir. Lakin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə «Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 22.12.2006-cı il tarixli, 499 nömrəli Fərmanının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2007-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın tələblərinə əməl etməmiş və həmin qərarla təsdiq edilmiş «əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında DSMF-ə təqdim olunan Məlumat Vərəqəsi»ni onun xidmət dövrünü müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq hesablayıb Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməmişdir. Buna görə də ona pensiya təyin edilərkən xidmət illəri düzgün hesablanmamışdır. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə yazdığı ərizəsində Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin 12 iyul 2021-ci il tarixli 054-15783/2021-3221 №-li imtina məktubunda yazılmışdır ki, "08.07.2021-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsindən daxil olmuş 261, 688, 691, N və N nömrəli hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə olduğunuz müddətin güzəştli qaydada hesablanılması barədə təkrar müraciətinizə baxılmışdır. Bildiririk ki, 261, 688, 691, 704, N nömrəli hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə olduğunuz müddətin güzəştli qaydada hesablanılması üçün əvvəlki müraciətinizlə birgə təqdim etdiyiniz arayış araşdırılması ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə göndərilmiş və həmin Xidmətin 06.02.2020ci il tarixli 1231 nömrəli məktubunda bildirilmişdir ki, Sizin 261, 688, 691, N və N nömrəli hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə olduğunuz müddətin güzəştli qaydada hesablanılması qanunamüvafıq deyildir. Qeyd olunanlara əsasən aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə müraciət etməyiniz məqsədə müvafiqdir. ” məzmunlu imtina verilmişdir. Cavabdehin imtinası ilə razılaşmır. Belə ki onun döyüşən ordunun tərkibindəki 27 yanvar 1994-cü ildən - 19 oktyabr 1997-ci il tarixədək xidmət illərinin hərbi xidmətdə olmuğu zaman qüvvədə olan “Vətəndaşların Pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli 305 №-li Azərbaycan Respublikası qanununun 68-ci maddəsinə əsasən pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti - üçqat ölçüdə... Lakin cavabdeh isə mövcud qanunvericilik aktlarını nəzərə almamışdır. Qeyd olunanlara əsaslanaraq iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi məhkəməyə təqdim etdiyi etiraz ərizəsində göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı verdiyi iddia ərizəsində “məlumat vərəqinin göndərilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı 1975-ci ildə anadan olmuş, orta təhsillidir, 24.01.1994 - 21.10.1997-ci il tarixlərdə Silahlı Qüvvələrdə, 30.06.1998-ci il tarixdən daxili işlər orqanlarında, 09.12.2015-ci il tarixdən 18.10.2019-cu il tarixədək isə BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin manqa komandiri vəzifəsində xidmət etmişdir. İddiaçı BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin manqa komandiri vəzifəsində xidmət edərkən, DİN-in Tibb İdarəsinin 17.10.2019-cu il tarixli 322 nömrəli xəstəliklər haqqında şəhadətnaməsinə əsasən həmin şöbənin 18.10.2019-cu il tarixli şəxsi heyət üzrə 118 nömrəli əmri ilə, «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 6-cı bəndinə (səhhətinə görə) əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. İddiaçı xidmət illəri hesablanarkən 24.01.1994-cü il tarixdən 21.10.1997-ci il tarixədək Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətdə olduğu müddət 03 il, 08 ay, 28 gün, daxili işlər orqanlarında xidmət etdiyi müddət 30.06.1998-ci il tarixdən 18.10.2019-cu il tarixədək 21 il, 03 ay, 18 gün ümumilikdə təqvimi hesablama ilə 25 il, 00 ay, 16 gün təşkil etmişdir. Cavabdeh bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarına əsasən pensiya təyin olunarkən uzun müddət xidmətə güzəştli şərtlər zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə aid edilir. İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric olunduğu vaxt qüvvədə olan qərara müvafiq olaraq, onun 24.01.1994 - 21.10.1997-ci il tarixlərdə Silahlı Qüvvələrdə döyüş bölgəsində müddətli həqiqi hərbi xidmətdə olduğu üçün həmin dövr (03 il, 08 ay, 28 gün) güzəştli şərtlərlə hesablanmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmununa izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə tədqiqatı zamanı tədqiq edilmiş: -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 08 iyul 2021-ci il tarixli məktubdan görünür ki, iddiaçının müraciəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinə ünvanlanmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş 12 noyabr 2019-cu il tarixli 265 nömrəli arayışdan görünür ki, arayış ehtiyatda olan çavuş, 1975-ci il təvəllüdlü İddiaçı ondan ötrü verilmişdir ki, o həqiqətən 27.01.1994-cü il tarixdən 12.02.1994-cü il tarixədək N saylı hərbi hissədə, 12.02.1994-cü il tarixdən 16.03.1994-cü il tarixədək N saylı hərbi hissədə, 16.03.1994-cü il tarixdən N saylı hərbi hissədə, 16.03.1994-cü il tarixdən 05.04.1995-ci il tarixədək N saylı hərbi hissədə, 05.04.1995-ci il tarixdən 06.07.1995-ci il tarixədək N saylı hərbi hissədə, 06.07.1995-ci il tarixdən 19.10.1997-ci il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçmişdir. Döyüş bölgəsində yerləşən N və N saylı hərbi hissələrdə xidmət etdiyi dövrdə S. M. Mirzəyev döyüş əməliyyatlarında iştirak etmişdir. Hazırda iddiaçı döyüşən ordunun tərkibindəki xidmət illərinin güzəştli şərtlərlə 1 günün 3 gün kimi hesablanaraq yeni məlumat vərəqinin göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə edilməsini istəyir. İddiaçı bununla bağlı ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən verilmiş 12.07.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, 261, 688, 691, N və N nömrəli hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə olduğu müddətin güzəştli qaydada hesablanılması üçün əvvəlki müraciətilə birgə təqdim etdiyi arayış araşdırılması ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinə göndərildiyi və həmin Xidmətin 06.02.2020-ci il tarixli 1231 nömrəli məktubunda İddiaçı 261, 688, 691, N və N nömrəli hərbi hissələrdə müddətli həqiqi hərbi xidmətdə olduğu müddətin güzəştli qaydada hesablanılmasının qanunamüvafiq olmadığı qeyd edilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırması zamanı xx.xx.1975-ci il təvəllüdlü İddiaçı xidmət illəri, döyüş əməliyyatlarında iştirak edib-etməməsi, hərbi xidmətin növü (müddətli həqiqi hərbi xidmət və ya müddətdən artıq həqiqi hərbi xidmət) barəsində məlumatın veriməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsindən, həmçinin Azərbaycan Respublikası Müdafiə Nairliyindən tələb edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 06.12.2021-ci il tarixli, 1630 saylı məktubundan görünür ki, 1975-ci il təvəllüdlü, ehtiyatda olan çavuş İddiaçı 24.01.1994-cü il tarixdə Beyləqan rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. 27.01.1994-cü ıl tarixdən 19.10.1997-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və 19.10.1997-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 160 saylı 26.09.1997-ci il tarixli əmri ilə həqiqi hərbi xidmətdən tərxis olmuşdur. Sorğuya cavabda həmçinin İddiaçı döyüş əməliyyatlarında iştirak edib-etməməsi haqqında SHXÇDX-nın Binəqədi rayon idarəsində əlavə məlumatın olmadığı qeyd edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 09 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, 1975-ci il təvəllüdlü, ehtiyatda olan çavuş İddiaçı 24.01.1994-cü il tarixdə Beyləqan rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. 27.01.1994-cü il tarixdən 19.10.1997-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş və 19.10.1997-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 160 saylı 26.09.1997-ci il tarixli əmri ilə həqiqi hərbi xidmətdən tərxis olmuşdur. İddiaçı Daxili işlər Nazirliyinin 18.10.2019-cu il tarixli Ə/118ş/h-054-19 saylı əmri ilə daxili işlər orqanlarından xaric olaraq hərbi qeydiyyata alınması üçün hərbi bileti məxfi olaraq göndərilmiş və 28.10.2019-cu il tarixdə hərbi qeydiyyata alındığı bildirilmişdir. Məhkəmə araşdırması zamanı həmçinin iddiaçıya məxsus qeydiyyat kartasının təsdiq edilmiş surəti məhkəməyə daxil olmuşdur. X1 görünür ki, iddiaçı 27.01.1994-cü il tarixdən 19.10.1997-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmiş və 19.10.1997ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 160 saylı 26.09.1997-ci il tarixli əmrinə əsasən həqiqi hərbi xidmətdən tərxis olmuşur. Məhkəmə ilk öncə qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsasını “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu və “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı təşkil edir. Belə ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. Həmin Qanunun 12-ci maddəsinin a) bəndinə əsasən, xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçular xidmət illərinə görə pensiya hüququna malikdirlər. Həmin Qanunun 16-cı maddəsinə əsasən, bu Qanuna uyğun olaraq hərbi qulluqçulara pensiya təyin edilməsi üçün xidmət illərinin hesablanması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ili iki xidmət ili kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların bir xidmət ilinin iki xidmət ili kimi hesablanması müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında həyata keçirilir. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. 01 may 1997-ci il tarixədək qüvvədə olmuş “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1993-cü il tarixli Qərarının 2-ci hissəsinin bəndlərinə əsasən: a) xidmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri; Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında alınan yaralar, kontuziya, şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti b) xidmətin bir ayı iki ay sayılmaqla: Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrdə xidmət müddəti; respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 1000 metr və daha çox hündürlükdə; reaktiv və turbovintli aviasiyada uçuş işində - Müdafiə Nazirliyinin müəyyən etdiyi şərtlərlə; su altında və barokameralarda yüksək təzyiq şəraitində xeyli qalmaqla iş aparan dalğıc vəzifələrində - müdafiə və daxili işlər nazirliklərinin müəyyənləşdirdiyi şərtlər sayılmaqla. Hazırda qüvvədə olan “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətindən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya və müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 631 nömrəli 23 noyabr 1993-cü il tarixli Qərarının 2-ci hissəsinin bəndlərinə əsasən, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti; b) xidmətin bir ayı ayyarım sayılmaqla: döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Beləliklə iş üzrə araşdırılanlardan müəyyən edilir ki, iddiaçı 24.01.1994-cü il tarixdə Beyləqan rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, 27.01.1994-cü il tarixdən 19.10.1997-ci il tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, 19.10.1997-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 160 saylı 26.09.1997-ci il tarixli əmri ilə həqiqi hərbi xidmətdən tərxis olmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının döyüş əməliyyatlarında iştirak edib-etməməsi, həmçinin onun xidmət növününün müddətli həqiqi hərbi xidmət və ya müddətdən artıq həqiqi hərbi xidmət olub-olmaması araşdırılmış, araşdırma nəticəsində iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçdiyi barədə məlumat aşkarlanmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2004-cü il tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş “Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydaları”nın 2-ci bəndinə əsasən daxili işlər orqanlarının kadrlarında saxlanılmaqla, müvafiq normativ hüquqi aktların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ali icra və ya qanunvericilik hakimiyyəti orqanlarına, hüquq mühafizə orqanlarının təşkilati və qanunvericilik təminatı ilə bağlı işə keçmiş və bu orqanlarda işdən çıxdıqdan sonra daxili işlər orqanlarında xidmətini davam etdirən əməkdaşların həmin orqanlarda işlədikləri müddət; Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün daxili işlər orqanları əməkdaşlarının xidmət illərinə hesablanır. Göründüyü kimi Qaydaların tələbi baxımından iddiaçının xidmət illərinin güzəştli şərtlərlə 1 günün 3 gün kimi hesablanması qaydası onun Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu olaraq xidmət etməsi ilə şərtlənmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq hərbi qulluqçu olaraq deyil, müddətli həqiqi hərbi xidmət keçdiyi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı xidmət illərinin yenidən hesablanması və yeni məlumat vərəqinin vərəqinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamaldıır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1835/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1835/2022
22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver