Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1835/2023 02.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Zeynalova Leyla Afiq qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində X17, X13, X18 və X19 cəlb olunmaqla) «qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı X4, X2, X5 və X6 Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 184 ünvanında yerləşən mənzildən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı özbaşına tikili olan Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 184 ünvanında yerləşən yaşayış sahəsində həm qeydiyyatdadır, həm də həmin yaşayış sahəsi 25 ildən artıqdır ki, onun sahibliyində və istifadəsindədir. İddiaçı nikaha daxil olduqdan sonra ərinə məxsus sözügedən yaşayış sahəsinə köçmüş və həmin vaxtdan etibarən orada ailəsi ilə birlikdə mübahisəsiz yaşamış, istifadə etmişdir. X17 iddiaçının baldızının qızıdır və Azərbaycan Respublikasında qeydiyyata alınması zərurəti ilə əlaqədar qohumları tərəfindən formal olaraq həmin yaşayış sahəsinə qeydiyyata alınmışdır. Digər şəxslər – X13, X18 və X19 isə X4 övladlarıdır və onlar sözügedən ünvanda yaşamasalar da analarının qeydiyyat ünvanında qeydiyyata alınmışlar. Qeyd olunan şəxslər sözügedən yaşayış sahəsində qeydiyyatda olmalarına baxmayaraq, burada heç vaxt yaşamamışlar. Bu hal Bakı şəhəri Nəsimi RİH Nəsimi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 59 saylı MKİS-in 23 fevral 2005-ci il tarixli 125 saylı, 21 aprel 2022-ci il tarixli 632 saylı və 7 mart 2023-cü il tarixli 356 saylı arayışları, həmçinin iddiaçının qonşularının Bakı şəhəri 14 saylı Notariat Ofisində verdikləri notarial ərizəsi ilə öz təsdiqini tapır. Sözügedən yaşayış sahəsində yaşayan və istifadə edən yeganə mülkiyyətçi iddiaçı X21r. Həmin yaşayış sahəsinə dair kommunal xidmətlər də hazırda iddiaçının adınadır və iddiaçı müntəzəm olaraq kommunal xidmətlərə görə pul ödəyir. Hazırda sözügedən yaşayış sahəsində qeyd olunan şəxslərin qeydiyyatda qalması iddiaçıya maddi cəhətdən ziyan vurduğundan o, əlavə kommunal xərcləri ödəmək məcburiyyətində qalır. Həmçinin bu hal iddiaçının mülkiyyətində olan evindən istədiyi kimi istifadə və sahiblik etməsinə, evinə dair sənədləşmələr aparmasına imkan vermir. Bu hal iddiaçının milli qanunvericilik və beynəlxalq hüquq normaları ilə qorunan mülkiyyət hüquqlarının pozulması deməkdir. Yeganə mülkiyyətçi olaraq iddiaçının iradəsidir ki, yaşayış sahəsinə heç bir hüququ olmayan şəxsləri qeydiyyatdan çıxarsın. Ona görə də hesab olunur ki, X17, X13, X18 və X19 iddiaçıya məxsus evdən qeydiyyatdan çıxarılmalıdırlar. İddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edilərək, ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə X4, X2, X5 və X6 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2007/2023 saylı 18 may 2023-cü il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Sözügedən qərardadın 3-cü səhifəsində qeyd edilmişdir ki, cavabdehlərin həmin mənzildə yaşamasına əsas verən, iddiaçı ilə yaxın qohumluq (müvafiq yazılı razılaşma olmadan iddiaçıya məxsus evdə yaşama hüququ yaradan) münasibətləri olmadığından, pasport qeydiyyatı isə yaşayış sahəsindən istifadə hüququ yaratmadığından, məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin iddiaçıya məxsus olan mənzildən istifadə hüququ mövcud olmamışdır. Bundan əlavə, sözügedən qərardadla iddiaçıya müvafiq inzibati orqana müraciət etmək hüququ izah edilmişdir. Odur ki, iddiaçı ərizə, qərardad və digər zəruri sənədlərlə birgə cavabdeh Bakı şəhəri Nəsimi RPİ-yə müraciət etmişdir. Nəsimi RPİ tərəfindən qeyd olunan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə bağlı imtina verilmişdir. Hesab olunur ki, Nəsimi RPİ-nin imtinası tamamilə əsassızdır, qüvvədə olan qanunvericiliyə tamamilə ziddir. İddiaçı qanuni gözlənti hüququna malikdir. Belə ki, uzun illər ərzində sözügedən yaşayış sahəsindən mübahisəsiz istifadə etdiyinə və yeganə mülkiyyətçisi olduğuna görə öz hüquqlarını gələcəkdə rəsmiləşdirmək niyyətindədir. Hazırda faktiki mülkiyyətçi kimi yaşayış sahəsinə sahiblik və istifadə hüquqları olduğuna görə hesab olunur ki, adıçəkilən şəxslər qeydiyyatdan çıxarılmalıdırlar. Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır (latridis Yunanıstana qarşı iş üzrə 25 mart 1999-cu il tarixli Qərar, № 31107/96, § 54). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadəsinin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 27 may 2010-cu il tarixli Qərar, № 18768/05, § 103). X4, X2, X5 və X6 uzun müddət ərzində sözügedən yaşayış sahəsində yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmələri ilə əlaqədardır. Belə ki, X1 yaşayış sahəsindən artıq 1989 – 1990-cı illərdən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, sözügedən yaşayış sahəsi ilə əlaqəsini tamamilə kəsmişdir. Odur ki, onların uzun bir bir müddət ərzində yaşayış sahəsində yaşamaması hər hansı üzürlü səbəblə əlaqədar ola bilməz. Buna görə də iddia təmin edilərək, həmin şəxslər qeydiyyatdan çıxarılmalıdırlar. Şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 27.1-ci maddəsinə, İPM-in 2.2.3, 34.1-ci maddələrinə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1, 2, 9-cu maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qannunun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsaslanaraq, X4, X2, X14, X6 İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 184 ünvanında yerləşən yaşayış sahəsindən qeydiyyatdan çıxarılması ilə bağlı qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxsin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X17, X13, X18 və X19 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf və üçüncü şəxslər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmənin sorğusuna əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsindən alınmış 28 dekabr 2022-ci il tarixli məktubda qeyd olunur ki, ünvan 2 ünvanında dövlət qeydiyyatına alınmış 4 fərdi yaşayış evi ilə bağlı məlumat aşkar edilmişdir. Həmin ünvan rekvizitlərinə malik fərdi yaşayış evi X7, digər 184 saylı fərdi yaşayış evi isə paylı mülkiyyət hüququ üzrə X9 (2/12 hissə), X20 (1/12 hissə), X10 (1/12 hissə), X11 (2/12 hissə), X8 (2/12 hissə), X12 (2/12 hissə), X3 (2/12 hissə) xüsusi mülkiyyətindədir. Eyni ünvan göstəriciləri ilə digər iki fərdi yaşayış evindən biri X15, digəri isə X16 mıxsusdur. Qeyd olunan fərdi yaşayış evləri üzərində sorğuda sadalanan fiziki şəxslərin (X17, X13, X18 və X19) istifadə və ya məhdud əşya hüquqlarının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.2-ci maddəsinə görə inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.7-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın və ya ona dair hüquqların qeydiyyatı ərizənin daxil olduğu tarix üzrə aparılır. Hazırkı məhkəmə icraatında İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə dair hər hansı hüquq müəyyənedici sənəd, o cümlədən order, müqavilə, reyestrdən çıxarış, habelə evin yerləşdiyi torpaq sahəsinə dair qərar, akt və s. təqdim etməmişdir. Bununla da İddiaçı həmin evə dair hər hansı hüququ müəyyən edilmir. Nəzərə alınmalıdır ki, iddia ərizəsində Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 184 ünvanında yerləşən evin özbaşına tikili olması İddiaçı özü tərəfindən qeyd olunmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının yaşayış sahəsində – fərdi yaşayış evində faktiki yaşaması, kommunal, işıq, qaz və s xidmətlərindən istifadəyə görə çəkdiyi xərcləri ödəməsi (işdə olan sənədlərə əsasən) qarşılıqlı müqavilə üzrə göstərilən xidmətlərə görə həyata keçirilən əvəzli ödənişlərdir ki, bu ödənişləri ehtiva edən sənədlər evin qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatdan keçməsini əks etdirən hüquqmüəyyənedici sənədi ifadə etmir. Xüsusilə vurğulanmalıdır ki, iddiaçı və onun qeydiyyatdan çıxarılmasını iddia etdiyi şəxslər müvafiq evə münasibətdə eyni statusla çıxış edirlər. Bütün qeyd olunanların məcmusunda iddiaçı sözügedən ünvandan digər şəxlərin həmin ünvana hər hansı hüququnun olub-olmamasından asılı olmayaraq qeydiyyatdan çıxarılması tələbini irəli sürmək üzrə subyektiv hüquqa malik deyil. Odur ki, məhkəmənin qənaətinə görə iddia tələbində qaldırılan məsələ ilə bağlı cavabdeh inzibati orqan Bakı şəhəri Nəsimi RPİ tərəfindən hazırkı iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1835/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1835/2023
02.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver