Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1835/2024 06.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sulu - Təpə qəsəbəsi, 29/329 nömrəli bağ sahəsi ünvanında yerləşən fərdi yaşayış sahəsinə dair onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının ərizəsinə əsasən məhkəmə qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Sulu - Təpə qəsəbəsində yerləşən 29/329 saylı bağın torpaq sahəsinin ölçüsü 500.0 kv.m. olmaqla mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsini öhdəliyinin AR İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sulu-Təpə qəsəbəsi, 29/329 nömrəli ünvanda yerləşən ümumi sahəsi 330.67 kv.m, yaşayış sahəsi 77.56 kv.m olan 4 otaqdan ibarət bağ evi fiziki şəxs X3 məxsus olmuşdur. 15 oktyabr 1998-cı il tarixində ‘‘BayBank” Kommersiya bankı ilə X6 arasında kredit müqaviləsi imzalanmışdır. “BayBank” Kommersiya bankı 21.000 ( iyirmi bir min) ABŞ dolları verməyib öhdəsinə götürmüşdür. Əvəzində şəxs isə 6 ay müddətində 25 aprel 1998-ci ilə qədər müqavilədə müəyyənləşdirilmiş faiz dərəcələrinə uyğun miqdarda pulu qaytarmağı öhdəsinə götürmüşdür. X6 15 oktyabr 1998-ci il tarixində “BayBank” kommersiya bankı ilə girov müqaviləsi bağlamışdır. Həmin müqavilənin predmeti məhz Bakı şəhəri, Sulu-Təpə qəsəbəsi, 29/329 ünvanında yerləşən bağ sahəsi olmuşdur. Tərəfər arasında bağlanmış girov müqaviləsinin 7-ci bəndinə əsasən X7 müqavilədən əmələ gələn öhdəliklərini vaxtında yerinə yetirməsə girova qoyulmuş əmlak “BayBank” Kommersiya bankı tərəfindən açıqhərrac qaydasında satılaraq, əldə edilmiş vəsaitin borcun silinməsi üçün istifadə olunmalı idi. 24 iyul 2002-ci il tarixində yaşayış evinin açıq hərracdan alınması barədə şəhadətnamədən görünür ki, iddiaçı X8 121.875 milyon manat məbləği qarşılığında Bakı şəhəri Sulu Təpə qəsəbəsində yerləşən 29/329 nömrəli bağ evini almışdır. Notarius qaydasında təsdiq olunmuş həmin şəhadətnamədən görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış evinə mülkiyyət hüquqları məhz X3 məxsus olmuşdur. Daha sonra Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 30/2126 nömrəli, xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi iddiaçıya verilmişdir. Həmin qeydiyyat vəsiqəsindən açıq-aşkar görünür ki, Bakı şəhəri, Sulu-Təpə qəsəbəsi, 4 yaşayış otağından ibarət 77.56 kv.m-lik yaşayış sahəsi, 39/329 nömrəli bağ sahəsi iddiaçının mülkiyyətinə keçirilmişdir. İddiaçının qonşuları X4, X10, Məlikov Hümmət imzaları ilə təsdiq etdikləri aktda da bildirirlər ki, həqiqətən də iddiaçı qeyd edilən bağ sahəsində faktiki olaraq yaşayır. İddiaçı sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixində cavab məktubu yollayaraq, iddiaçının həmin torpaq sahəsinə olan mülkiyyət hüquqlarını qeydiyyatda almaqdan imtina etmişdir.
4. Cavabdeh imtinasında bildirilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən “Çiçək” bağçılıq-yoldaşlığın nəzdində “29” saylı torpaq sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsinin bir hissəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Həmçinin göstərilən torpaq sahəsinin yerləşməsi bağçılıqyoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd edilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən “Çiçək” bağçılıq-yoldaşlığın nəzdində “29” saylı torpaq sahəsi digər fiziki şəxsin (X2) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, elektron kadastr baza məlumatına əsasən qeyd edilən torpaq sahəsinin bir hissəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Həmçinin göstərilən torpaq sahəsinin yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********66 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır. Yerli İcra hakimiyyəti orqanının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır.
6. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ünvanla bağlı sənədləri təqdim etmişdir. - Bağ evinin keçmiş mülkiyyətçisi X1 Cəmiyyətinin üzvlərinin xx.xx.1996-cı il tarixli 16/9 №li protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Bağçılıq Cəmiyyəti bağından sahəsi 500.0 kv.m olan 29/329 №li bağ sahəsi verilmişdir.
7. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi “Çiçək” bağçılıq yoldaşlığının 1988-ci il tarixli üzvlərinin siyahısını, Bakı şəhəri XDS İK-nin xx.xx.1988-ci il tarixli 6/330 qərarının, ayrıc aktının, eləcə də Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 29/239 saylı bağ sahəsinə dair tərtib edilmiş müayinə aktının təsdiq edilmiş surəti, həmçinin ortofoto təqdim edilmişdir. Həmin sənədlərə əsasən: - daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, bağ sahəsi hasar daxilindədir. Torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 500 kv.m, faktiki 777.0 kv.m-dir.
8. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 29/239 saylı torpaq sahəsinin qonşuluğunda yerləşən bağ evlərinin qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. – təqdim edilmiş 6 bağ evlərinə dair sənədlərdən müəyyən olunur ki, bağ sahələri “Çiçək” bağçılıq yoldaşlığı tərəfindən ayrılmışdır.
9. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 30/2126 nömrəli, xx.xx.2002-ci il tarixli qeydiyyat vəsiqəsi ilə Bakı şəhəri, Sulu-Təpə qəsəbəsi, 4 yaşayış otağından ibarət 77.56 kv.m-lik yaşayış sahəsi, 39/329 nömrəli bağ sahəsi iddiaçının mülkiyyətinə keçirilmişdir.
10. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək iddia tələbini təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
12. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
13. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
14. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
15. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
16. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
17. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
18. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
21. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” var.
22. Cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, “Çiçək” bağçılıqyoldaşlığın nəzdində “29” saylı torpaq sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsinin bir hissəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Həmçinin göstərilən torpaq sahəsinin yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir.
23. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edərək aşağıdakıları qeyq edir:
24. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Bakı şəhəri, Sulu - Təpə qəsəbəsində yerləşən “29/329” saylı torpaq sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Belə ki, bağ evinin keçmiş mülkiyyətçisi X1 Cəmiyyətinin üzvlərinin xx.xx.1996-cı il tarixli 16/9 №li protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. Bağçılıq Cəmiyyəti bağından sahəsi 500.0 kv.m olan 29/329 №li bağ sahəsi verilmişdir. “29/329” saylı torpaqla bağlı hər hansı mübahisə yoxdur. İddiaçı iddia tələbini dəqiqləşdirərək 29/329 saylı bağın torpaq sahəsinin ölçüsü 500.0 kv.m. olmaqla mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsini xahiş etmişdir.
25. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir.
26. Həmçinin məhkəmə sorğusuna əsasən iddiaçının torpaq sahəsinin qonşuluğunda yerləşən 6 bağ evlərinin qeydiyyata alınmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən olunur ki, hər birinin sahəsi 500.0 kv. metr olmaqla bağ sahələri “Çiçək” bağçılıq yoldaşlığı tərəfindən ayrılmışdır.
27. Beləliklə məhkəmə hesab edir ki, inzibati orqan iddiaçının 29/329 saylı (hüquq müəyyənedici sənəd üzrə 500 kv.m) bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir.
28. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
29. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəbdinndə göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
30. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Bakı şəhəri, Sulu - Təpə qəsəbəsində yerləşən “29/329 saylı bağın torpaq sahəsinin ölçüsü 500.0 kv.m. olmaqla üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsini öhdəliyi AR İqtisadiyyat yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva