Məhkəmə qərarları › İş №2-1(112)-1835/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1835/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1835/2025 14.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2 bəndinin tələbinə uyğun olaraq İddiaçı 2-ci dərəcə əlilliyin müddətsiz olaraq bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsi əsasında məhkəmənin qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının 10 iyun 2024-cü il tarixli 3-17-4/3-1- 12423/2024 nömrəli qərarının İddiaçı aid hissədə ləğv edilməsi və İddiaçı orqanizmin funksiyalarının 35-60% pozulmasının 04 yanvar 2024-cü il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, 1983-cü il təvəllüdlü, İddiaçı 2000-2006-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində kursant və zabit kimi hərbi xidmət keçmişdir. Səhhətində yaranan və proqressivləşmədə olan problemlərlə əlaqədar xx.xx.2006-cı ildə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin (Ələt hospitalı) hərbi-həkim komissiyası tərəfindən “Sağ ağ ciyəri yuxarı payının infiltrativ vərəmi” diaqnozu ilə şəhadətləndirilmiş, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmiş və bu qərara əsasən MN-nin müvafiq əmrinə ilə Ordu sıralarından xəstəliyə görə tərxis olunmuşdur. Uzunmüddətli müalicə almasına baxmayaraq, səhhətində müsbət irəliləyiş müşahidə olunmamışdır. Bununla əlaqədar olaraq TSEK-ə (Tibbi Sosial Ekspert Komissiyası) müraciət edib, müayinələrdən keçdikdən sonra xx.xx.2006-cı ildə TSEK tərəfindən İddiaçı 2 (ikinci) qrup əlillik təyin edilmişdir. Dəfələrlə stasionar və uzunmüddətli ambulator müalicə almışdır. Hər il əlilliyi ilə bağlı Tibbi Sosial Ekspertiza Komissiyası (Agentlik) tərəfindən müayinə olunmuş və hər dəfə əlilliyi təsdiq edilirdi. 2016-cı ildə təkrar müayinədən sonra İddiaçı 2-ci dərəcə 5 (beş) il müddətinə əlillik təyin edilmişdir. Ümumilikdə 15 (on beş) il fasiləsiz əlilliyi olub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2 bəndində “ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz 10 (on) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Lakin, 2021-ci ildə İddiaçı 15 (on beş) fasiləsiz əlilliyi olduğu halda növbəti qiymətləndirilmədə əlillik müddətsiz təyin olunmalı halda TSEK tərəfindən yuxarıda göstərilən Qərarın tələblərini pozaraq əlilliyi ləğv etmiş və təqaüd dayandırılmışdır. Səbəbi isə “Diaqnoz əlilliyi təyin etmir” kimi göstərilmişdir. Sənədlərdə ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi üçün “Forma-88”-in tərtib edilərək əlilliyin müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. İkinci dərəcəli əlilliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 (on) il olmasıdır. 15 (on beş) il fasiləsiz 2-ci dərəcə əlillik olduğu halda nə səbəbdən, hansı Qanun və ya Qərara əsasən 2021-ci ildə TSEK tərəfindən əlilliyə imtina verilir? 15 (on beş) il fasiləsiz 2-ci dərəcə əlillik olduğu halda TSEK tərəfindən verilən imtina Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2 bəndində göstərilən tələbinə ziddir və bu səbəbdən imtina əsassız sayılmalıdır.

4. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Bakı Baş Səhiyyə İdarəsinin T00157713HJZ nömrəli, xx.xx.2023-cü il tarixli göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 154 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Sağ ağciyərin yuxarı payının infiltrativ vərəmi sovrulma və bərkimə mərhələsində, KB (-) mənfi" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlik Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslik, ümumi halsızlıqdan şikayətlənmişdir. Auskultasiya zamanı hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası SpO2 96%, nəbzi 85 vurğu, tənəffüs hərəkətlərinin sayı 16, boyu 174 sm, çəkisi 90 kq, BKİ-29,8 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. 7 saylı X7 xx.xx.2021-xx.xx.2021-ci il tarixli Çıxarışında diaqnoz "Sağ ağciyərin infiltrativ vərəmi. Qanhayxırma. Xroniki obstruktiv bronxit" kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi X6 İnstitutunun xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz "Sağ ağciyərin fibroz-kavernoz vərəmi. Qarısıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 1249 nömrəli Spirometriya müayinəsinin nəticəsi "FVC 3.62 78%. FEV1 2.98 78%. Restriktiv tipli yüngül ventilyasiya pozğunluğu qeyd olunur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Vətəndaş günlük 1-2 ədəd tütün məhsulu istifadə etdiyini qeyd etmişdir. Hal-hazırda əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri və çəki defisiti əlamətləri aşkar olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

5. İddiaçının etiraza münasibətində bildirilmişdir ki, cavabdehin etiraz ərizəsində iddiada göstərilən qanun pozuntusu barədə fikir bildirilməmişdir. Etiraz ərizəsində iddiaya aid olmayan məsələyə toxunulmuşdur, bu isə məhkəməni yayındırmaq məqsədi kimi qəbul edilə bilər ki, İnzibati prosesual məcəllənin 52-ci Maddəsinin “Məhkəmə baxışının hədləri” Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir” tələblərinə zidddir. Cavabdeh bilməlidir ki, sənədlərdə ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda, əlilliyin müddətsiz müəyyən edilməsi üçün “Forma 88” in tərtib edilərək əlilliyin müəyyən edən orqana göndərilməsi nəzərdə tutulmamışdır. İkinci dərəcə əliliyin müddətsiz müəyyən edilməsinin yeganə şərti əlillik müddətinin fasiləsiz olaraq 10 (on) il olmasıdır. Odur ki, hesab olunur ki, cavabdehin etiraz ərizəsində göstərilənlər iddiada qaldırılan məsələyə heç bir aidiyyəti olmadığı səbəbdən etiraz əsassız sayılmalıdır.

6. TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2006-cı il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2006-cı il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2014-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2014-cü il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2015-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2016-cı il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, göndərişin natamam doldurulması – səbəb: Keyfiyyətsiz doldurulma. Spirometriya müayinəsi ətraflı qeyd edilməyib (faizlə), mütəxəssis rəyləri xəstənin hazırkı vəziyyəti, əsas xəstəliyin ağırlaşmaları dəqiqləşdirilsin və ətraflı qeyd olunsun. xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası kimi qeyd olunmuşdur ki, diaqnoz öz təsdiqini tapmaması – səbəb: diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

7. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2024-cü i tarixli Qərarında aşağıdakılar göstərilmişdir: Bakı şəhər sakini xx.xx.1983-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasınca əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komssiyası tərəfindən xx.xx.2006-cı il tarixli 154 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Saq ağciyərin yuxarı payının infiltrativ vərəmi sovrulma və bərkimə mərhələsində, KB (-) mənfi" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlik Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslik, ümumi halsızlıqdan şikayətlənmişdir. Auskultasiya zamanı hər iki ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası SpO2 96%, nəbzi 85 vurğu, tənəffüs hərəkətlərinin sayı 16, boyu 174 sm, çəkisi 90 kq, BKİ-29,8 müəyyənləşdirilmiş, əlilik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. 7 saylı X7 xx.xx.2021-xx.xx.2021-ci il tarixli Çıxarışında diaqnoz “Saq ağciyərin infiltrativ vərəmi. Qanhayxırma. Xroniki obstruktiv bronxif kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi X6 İnstitutunun xx.xx.2023-cü il tarixli Tibbi rəyində diaqnoz “Saq ağciyərin fibrozkavernoz vərəmi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu" kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli 1249 nömrəli Spirometriya müayinəsinin nəticəsi “FVC 3,62 78%, FEV1 2,98 78%. Restriktiv tipli yüngül ventilyasiya pozğunluğu qeyd olunur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Vətəndaş günlük 1-2 ədəd tütün məhsulu istifadə etdiyini qeyd etmişdir. Hal-hazırda əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri və çəki defisiti əlamətləri aşkar olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

8. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 ekspertlərinə həvalə edilmişdir: İddiaçı canlı müayinə olunmaqla, onda: 1) Əsas diaqnoz XBT 10 kodu A16 “tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıda göstərilən qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 1.1.6.1. İ-İİA dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması); 1.1.6.2. İB-İİİ dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması) 1.1.6.3. multirezistent və ya çoxsaylı dərmanlara davamlı (MDR) vərəm (infiltrasiya, dağılma, yayılma mərhələsi, VMB+ və ya VMB-) 1.1.6.4. tənəffüs orqanlarının aktiv vərəmi (infiltrasiya, dağılma, səpələnmə mərhələsi, VMB+ və ya VMB-, ağır dərəcəli intoksikasiya simptomlarının əhəmiyyətli təzahürü, kaxeksiya, anemiya, amiloidoz, ağciyər ürəyi, İİ-İİİ dərəcə xroniki ağciyər-ürək çatışmazlığı ilə). 2) Ağırlaşmalar XBT 10 kodu J95-J99 “tənəffüs sistemi orqanlarının digər xəstəlikləri” aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıda göstərilən qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 1.1.1.1.təngnəfəslik simptomlarının güclənməsi, qeyd olunan dövri kəskinləşmələrlə, orta ağır forma (ildə 4-6 dəfə), hipoksemik xroniki respirator çatışmazlığı, İ-İİ dərəcəli xroniki tənəffüs çatışmazlığı ilə; 1.1.1.2. təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə; 1.1.1.3. ağır forma, davamlı residivləşən gedişat, daimi ağır təngnəfəsliklər, hiperkapniya, xroniki respirator hipoksemiya, xroniki respirator alkaloz, İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİB və İİİ dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə; 1.1.1.4. 18 yaşınadək şəxslərdə tənəffüs çatışmazlığı olmadan (əməliyyatdan əvvəlki hal).

9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2024-cü il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli T 687/2024 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir:

1. Vətəndaş İddiaçı xx.xx.2024-cü il tarixdə “X1 İnstitutu”na müraciəti zamanı aparılmış müayinələrdən (spiroqrafıya, rentgen və əyani müayinə) sonra ona “A16.0-sağ ağciyərin fibroz-kavemoz vərəmi, S96.1-qarısıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” diaqnozu müəyyən edilmişdir. - Qeyd edilən diaqnoz qərardadın 1-ci bəndinin 1.1.6.1 yarımbəndindəki xəstəliklə eynilik təşkil edir.

2. Yuxarıda göstərilən xəstəliklərdən başqa onda tənəffüs sistemi orqanlarının digər xəstəliklərinə rast gəlinmədi.

10. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. İİ. İddianın növü və mümkünlüyü

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

13. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.

14. Əlillik altsistemindən görünür ki, xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

16. Hazırki iddia mübahisələndirmə haqqında iddiadır.

17. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

İV. Məhkəmənin mövqeyi

18. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

21. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya: - xx.xx.2006-cı il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2006cı il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar “sağ ağ ciyərin infiltratic vərəmi, dağılma fazasında BK (-) mənfi, xroniki diffuz bronxit, tənəffüs çatmamazlığı İİ dərəcə” diaqnozu ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir - Sonrakı 10 il ərzində davamlı olaraq iddiaçıya 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2016-cı il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar “tənəffüz orqanlarının bakteroloji və histoloji təsdiq edilmiş vərəmi, sağ ağ ciyərin infiltratic vərəmi dağılma mərhələsində VMB (-), başqa rubrikalarda təsnif olunmayan tənəffüs çatmamazlığı ilə” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2021-ci il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “ağ ciyər vərəmi, bakterioskopik təsdiq edilmiş, kultural üsulla – mühitdə artımla və ya artımsız, sağ ağ ciyərin infiltratic vərəmi, dağılma mərhələsində BK (-)” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Belə ki, əlilliyin təyin edilməsindən imtinanın əsası göndərişin natamam doldurulması olmuşdur. - xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “tənəffüz orqanlarının vərəmi, bakteroloji və ya histoloji təsdiq edilməmiş, tənəffüz orqanlarının vərəmi – ağciyər vərəmi” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası diaqnoz öz təsdiqini tapmaması, diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilməsi olmuşdur.

22. Göründüyü kimi, iddiaçı xx.xx.2016-cı il tarixdə DTSERA-da əyani müayinə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2. bəndinə uyğun olaraq 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır.

23. Daha sonra, yəni beş il müddətdən sonra cavabdeh tərəfindən qiymətləndirilmə aparılaraq göndərişin natamam doldurulması əsas gətirilərək əlilliyin təyinatından imtina olunmuşdur. Lakin iddiaçı inzibati aktın qəbulundan imtinanı mübahisələndirməmiş, Tibbi-sosial ekspert komissiyasına müraciət edərək xx.xx.2024-cü ildə əyani müayinə olunmuş, həmin əyani müayinənin nəticələrinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə diaqnozun öz təsdiqini tapmaması – xroniki çatmazlıq əlamətlərinin aşkar edilməməsi səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

24. Qərardan narazı qalan iddiaçı Komissiyanın qərarının “Diaqnoz əlillik əlaməti təyin etmir barədə” hissəsində ləğv edilməsi və əlilliyinin ləğv edildiyi tarixdən – xx.xx.2024-ci ilddən etibarən bərpa edilməsini xahiş edir.

25. Qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi nəticəsinə onda mövcud olmuş xəstəliklərin hazırda aşkar olunmaması, ikinci dərəcə əlillik təyinatına əsas ola biləcək xroniki tənəffüs çatışmazlığı əlamətlərinin klinik olaraq öz təsdiqini tapmaması səbəbindən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə barədə qərar qəbul edilmişdir. Göründüyü kimi həmin diaqnozun əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmaması əsas gətirilmişdir.

26. Həmin xəstəliklərin isə hazırda onda olub-olmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsi tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 687/2024 saylı saylı ekspert rəyində öz təsdiqini tapmışdır ki, iddiaçıda hal-hazırda “A16.0-sağ ağciyərin fıbroz-kavemoz vərəmi, S96.1-qarısıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” mövcuddur. Bundan başqa müayinə nəticəsində tənəffüs sistemi orqanlarının digər xəstəlikləri müəyyən edilməmişdir.

27. Beləliklə, iddiaçıya dair tərtib olunan Forma 88-də əks olunmuş xəstəlik - A16.0 kodlu xəstəlik inkar edilməmiş, ekspertiza nəticəsində aşkar olunmuş xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 1-ci bənd - Tənəffüs sistemi orqanlarının xəstəlikləri – 1.1.6-cı yarımbənd – “tənəffüs orqanlarının bakterioloji və ya histoloji təsdiq edilməmiş vərəmi A16” xəstəliyinin - 1.1.6.1. İ-İİA dərəcə xroniki tənəffüs çatışmazlığı ilə spesifik prosesin sorulması və bərkiməsi mərhələsində tənəffüs orqanlarının vərəmi (sorulma, qalınlaşma, boşluğun çapıqlaşması) qiymətləndirmə meyarı əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.

28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda sözügedən diaqnoza (1.1.6.1.) əsasən əlilliyin müddəti orqanizmin funksiyalarının pozulması 35-60% müəyyən olunmaqla 2 il nəzərdə tutulmuşdur.

29. Məhkəmə hesab edir ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.

30. Odur ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının 10 iyun 2024-cü il tarixli 3-17-4/3-1-12423/2024 nömrəli qərarı İddiaçı “Diaqnoz əlillik əlaməti təyin etmir” hissəsində ləğv edilməli və ona orqanizmin funksiyalarının 35-60% pozulmasının 04 yanvar 2024-cü il tarixdən təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

31. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının 10 iyun 2024-cü il tarixli 3-17-4/3-1-12423/2024 nömrəli qərarı İddiaçı “Diaqnoz əlillik əlaməti təyin etmir” hissəsində ləğv edilsin. İddiaçı orqanizmin funksiyalarının 35-60% pozulmasının 04 yanvar 2024-cü il tarixdən təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar