Məhkəmə qərarları › İş №2-1(112)-1836/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1836/2023

06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1836/2023 06.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi N №-li hərbi hissəsinə qarşı əmrin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək məhkəmədən cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti ilə əvəz edilməsini xahiş etmiş və məhkəmə qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçının vəzifədən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyata buraxılmasına dair N №-li hərbi hissə komandirinin xx.xx.2022-ci il tarixli 127 ş/h nömrəli əmrinin ləğv edilməsi, hərbi xidmətə bərpa olunması və ödənilməmiş əmək haqqının ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”: Maddə 156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə-həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə-hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə-ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); (-); e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə-yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.

165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Müsbət attestasiya olunub ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçular üçün işlərini və vəzifəsini təhvil verdikdən sonra aşağıdakı şəkildə təntənəli yola salma mərasimi keçirilir: həqiqi hərbi xidmətdən buraxılan bölmə, hərbi hissə və birləşmə komandirlərini, habelə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını — hərbi bölmə komandirlərinin təntənəli yola salınması qaydası barədə göstərişə uyğun olaraq şəxsi heyətin düzülməsi ilə (16 saylı əlavə); həqiqi hərbi xidmətdən buraxılan digər hərbi qulluqçulara — hərbi hissənin şəxsi heyətinin iclasında. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işinin birinci nüsxəsi hərbi hissə tərəfindən getmə haqqında sərəncam verilən gün Azərbaycan Respublikası Silahlı Qüvvələri şəxsi heyətinin uçotu haqqında təlimatla nəzərdə tutulmuş qaydada hərbi komissarlıqlara, yaxud digər orqanlara göndərilir. Həqiqi hərbi xidmətdən buraxılan hərbi qulluqçuların şəxsi işlərinin seçilmiş yaşayış yeri üzrə hərbi komissarlıqlara vaxtında göndərilməsi və daxil olmasına nəzarət korpusların (diviziyaların), Silahlı Qüvvələr növlərinin, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müvafiq qurumları tərəfindən həyata keçirilir. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Müəyyən edilmiş hərbi xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müvafiq icra hakimiyyəti orqanının əmri ilə elan edilir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: 2.0.1. hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir; Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X2”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Normativ hüquqi aktın tələblərinin şərhinə keçməzdən əvvəl, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə söhbət xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudan gedir. Onların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Bu isə ona deməyə əsas verir ki, hər bir əməkdaş xidmətdə və gündəlik həyatda nümayiş etdirdiyi hərəkətlər qanunçuluq, insan hüquq və azadlıqlarının, cəmiyyətdə qəbul olunmuş mənəvi dəyərlərin aliliyi, yüksək peşəkarlıq və səmimiyyət prinsiplərini özündə ehtiva etməlidir. Nəzərə alınmalıdır ki, xidməti uyğunsuzluğa görə hərbi qulluqçunun ehtiyata buraxılması anlayışı qanunvericilikdə ətraflı olaraq təsvir olunmasa da, bu anlayış özündə hərbi qulluqçunun nümayiş etdirdiyi hərəkətləri ehtiva edir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2012-ci il tarixli 1121 ş/h №-li əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həqiqi hərbi xidmətə qəbul edilmiş və cənub şöbəsinə 4-cü sahil nəzarəti məntəqəsinin nəzarətçisi vəzifəsinə təyin edilmişdir. Daha sonra o, xx.xx.2020-ci il tarixli, 1145 ş/h №-li əmr ilə “Qazax” əlahiddə sərhəd diviziyasının komplektləşdirilməsi məqsədi ilə 4-cü sərhəd komendatlığının sürücü vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan təqdimatın İİ.Əmək fəaliyyəti və hərbi xidmət bölməsindən də göründüyü kimi iddiaçı 4-cü sərhəd komendatlığının sürücü vəzifəsinə təyin olunduqdan sonra müxtəlif vəzifələr üzrə xidmət etmişdir. Son olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi rəisinin xx.xx.2022-ci il tarixli, 127 ş/h №-li əmri ilə gizir Heydərov X7 baş komanda-nəzarət mərkəzinin “Qum adası” texnikimüşahidə məntəqəsinin texnik-operatoru vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçı barəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılma ilə bağlı qəbul edilmiş əmrin əsasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsində nəzərdə tutulmuş əsas (xidməti uyğunsuzluğa görə) dayanır. Belə ki, Qərargahın baş komanda-nəzarət mərkəzinin “Qum adası” texniki-müşahidə məntəqəsinin texnik-operatoru gizir İddiaçı barəsində toplanmış materiallarından görünür ki, DSX Hərbi Hospitalı tərəfindən DSX rəisinin tapşırığına müvafiq olaraq Sahil Mühafizəsinin heyətindən analizlər götürülmüş, DSX Hərbi Hospitalından daxil olmuş müayinənin nəticələrinə əsasən miçman İddiaçı sidik nümunəsində narkotik maddənin aşkar olunduğu bildirilmişdir. Narkotik maddənin aşkar edilməsi ilə əlaqədar nəticənin dəqiqləşdirilməsi üçün analizlər Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 göndərilmiş, müayinə nəticəsində şəxsin sidik nümunəsinin tərkibində tiryək qrupuna aid olan alkoloid aşkar edilmişdir. Cavabdeh inzibati orqan məhkəmə-kimyəvi ekspertizasının rəyini, eyni zamanda Dövlət Sərhəd Xidmətinin müayinə nəticələrini rəhbər tutaraq iddiaçının sidik nümunəsində narkotik maddə aşkar olunduğunu hesab etmiş, bununla da onu xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxmışdır. Məhkəmə qeyd edir ki, doğrudur ki, Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının laboratoriya cavablarına görə İddiaçı xx.xx.2022-ci il tarixdə keçirilən toxicology müayinəsi zamanı onun sidik nümunəsində Opitate (OPİ) maddəsi aşkar olunmuşdur. Buna baxmayaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı şəhər Narkoloji Mərkəzi” tərəfindən 18 iyul 2022-ci il tarixdə müayinə aparılmış və şəxsin sidik nümunəsində nə Opiodlər (OPİ), nə də ki Morfin (MOP) adlanan maddələr aşkar olunmamışdır. Göründüyü kimi hər nə qədər ilkin yoxlama zamanı iddiaçıdan götürülən sidik nümunəsində Opiate adlanan maddə aşkar olunsa da, əhaliyə ixtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərən müalicə-profilaktika müəssisəsi olmaqla yanaşı Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların dövriyyəsinə nəzarəti həyata keçirən Narkoloji Mərkəz tərəfindən aparılan yoxlama zamanı sidik nümunəsində belə bir maddənin aşkar olunmadığı müəyyən edilmişdir. Doğrudur ki, aparılmış hər iki yoxlama arasında 1 ay müddət keçmişdir. Nəzərə alınmalıdır ki, insan organizmində (qan və sidik nümunələrində) hər hansı bir maddənin yüksəklik aktivliyi individualdır. İnsan hər hansı bir dərman vasitəsini qəbul etdikdən sonra bu dərman insan orqanizmində metabolizm prosesinə uğrayır, parçalanır və bədəndən ixrac olunur. Bu müddət orqanizmdə gedən metabolizm prosesinin surətindən, qəbul edilən dərmanların növündən (dərman prolonqik və prolonqik olmayan formaları) və dozasından asılıdır. Xüsusi ilə qeyd olunmalıdır ki, hər hansı maddənin yüksək aktivliyinin insan organizmində qalma müddəti yuxarıda da qeyd olunduğu kimi individualdır və bu hal göstərilən məhkəmə tibbi ekspertizasının nəticəsi kimi müvafiq ekspert rəyində də qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırki halda maddənin yüksək aktivliyinin insan organizmində qalma müddəti ilə bağlı konkret olaraq göstərici (müddət) müəyyən olunmadığından, hər iki toxicology analizinin cavabının hansı səbəbdən fərqli olduğunu müəyyən etmək mümkün olmamışdır. Lakin bu hal iddiaçının narkoloji maddədən istifadəsinə etməsi mənasını vermir. Belə ki, məhkəmə icraatı zamanı iddiaçı onun sidik nümunəsində aşkar olunan tiryək qrupuna aid olan alkoloidin aşkar olunmasının məhz paraferin adlı preparatın istifadəsi nəticəsində meydana gəldiyini bildirmişdir. İlkin məhkəmə tibbi ekspertizasının nəticəsi kimi rəsmiləşdirilmiş ekspert rəyində də iddiaçının HƏM-1992 sidik nümunəsinin tərkibində tiryək qrupuna aid olan alkoloidin aşkar edildiyi göstərilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, alkaloidlər — tərkibində azot olan əsasi xassəli, adətən, bitki mənşəli üzvi maddələr olmaqla, fizioloji aktiv birləşmələrdir. Nəzərə alınmalıdır ki, əczaçılıqda morfin, kodein, tebain, papaverin və s. alkaloidlərin alınmasında istifadə olunan maddələrdən biri də tiryək maddəsidir. Məhkəmə iddiaçının sidik nümunəsində aşkar olunan tiryək qrupuna aid olan alkoloidin məhz narkotik, psixotrop, uyuşdurucu, kefləndirici dərman maddələrindən istifadəsi nəticəsində yarandığını, ümumiyyətlə tiryək qrupuna aid olan alkoloidin hansı maddələrin istifadəsi nəticəsində aşkar edilməsi ilə bağlı kompleks məhkəmə-kimyəvi və məhkəmə tibbi ekspertizası təyin etmişdir. Təqdim olunmuş ekspert rəyindən də göründüyü kimi məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallar aşağıdaki formada cavablandırılmışdır: - İddiaçının sidik nümunəsinin tərkibində aşkar olunan tiryək qrupuna aid olan kodein adlı alkoloid Paraferin, Kodelak Kodefrin, Pentalgin H, Piralgin və s. dərman maddələrinin tərkib hissəsidir. Tiryək qrupuna aid olan Kodein adlı alkoloid həmin dərman preparatlarının tərkib hissəsi olduğu üçün bu dərman preparatlarından istifadəsi zamanı insan orqanizmində tiryək qrupuna aid olan Kodein adlı alkoloid aşkar edilir. Eyni zamanda 30 №-li paraferin adlı dərman preparatının istifadəsi tiryək qrupuna aid olan alkoloidin yaranmasına səbəb ola bilər. Bu zaman iddiaçının sidik nümunəsində aşkar olunan tiryək qrupuna aid olan kodein adlı alkoloid 30 № paraferin adlı dərman preparatının istifadəsi nəticəsində yaranmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə məhkəmə-kimya şöbəsndə İddiaçı götürülmüş qan və sidik nümunələrinin tərkibində barbitur turşusu törəməli, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Göründüyü kimi ilkin məhkəmə tibbi ekspertizasının keçirilməsi ilə bağlı rəyin verilməsində iştirak edən ekspert-kimyəçi İlahə Cəfərova eyni zamanda məhkəmə icraatı zamanı təyin olunmuş ekspertizanın keçirilməsində iştirak etmiş, ekspertiza tədqiqatı zamanı iddiaçının sidik nümunəsində aşkar olunan kodein adlı alkaloidin 30 № paraferin adlı dərman preparatının istifadəsi nəticəsində yarandığını, həmin alkoloidin Paraferin, Kodelak Kodefrin, Pentalgin H, Piralgin və s. dərman maddələrinin tərkib hissəsi olduğunu, ümumiyyətlə iddiaçının hazırda qan və sidik nümunələrində alkoloidlərin, eyni zamanda təbii mənşəli narkotik vasitə hesab edilən maddələrin aşkar olunmadığını bildirmiş və ekspert rəyi ilə rəsmiləşdirmişdir. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, narkotik vasitələrin və psixotrop maddələrin (resept olmadan) istifadəsi hərbi qulluqçunun adına xələl gətirəcək bir hərəkətdir. Hər nə qədər də cavabdeh inzibati orqan iddiaçının narkotik vasitəsindən istifadə etdiyi qənaətinə gəlsə də, məhkəmə araşdırılması zamanı iddiaçının sidik nümunəsində aşkar olunan alkoloidin narkotik vasitələrin və ya psixotrop maddələrin istifadə nəticəsində deyil, paraferin adlı dərmanın istifadəsi nəticəsində yaranmışdır ki, bu hal iddiaçının narkotik vasitə istifadə etmədiyini göstərir. Eyni zamanda nəzərə alınmalıdır ki, məhkəmə iclasında şahid qismində dəvət olunmuş iddiaçının arvadı X6 iddiaçının həmin dövrdə xəstə olduğunu, xəstəliyi ilə əlaqədar müxtəlif dərmanlar (paraferin, exinol xot, vitamin c) qəbul etdiyini bildirmişdir. Eyni zamanda şahid qismində dəvət olunmuş DSX SM-nin Tibb bölməsinin həkim terapevti X3 şahid idasində tibb məntəqəsində istifadə olunan dərmanların siyahısının ambulator xəstələrin qeydiyyat vərəqəsində qeyd olunduğu, “Paraferin” və “Exinol xot” adlı dərmanın həmin siyahıda göstərilmədiyini, ümumiyyətlə iddiaçının paraferin adlı dərmandan istifadə etməsi ilə bağlı məlumatın ona bildirilmədiyini vurğulamışdır. İddiaçı isə məhkəmə iclasında verdiyi izahatda bunun tam əksini bildirərək həmin dərman preparatından istifadə etməsi ilə bağlı həkimi məlumatlandırdığını bildirmişdir. Xususi ilə qeyd olunmalıdır ki, iddiaçının istifadə etdiyi paraferin adlı dərman preparatı isə 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıda nəzərdə tutulmamış, əksinə həmin dərman preparatının satışı reseptsiz olaraq həyata keçirilir. Bu səbəbdən də Məhkəmə hesab edir ki, iddiaçının istifadə etdiyi həmin preparatın satışı reseptsiz olaraq həyata keçirildiyindən və həmin preparatın farmakoloji təsiri ağrıkəsici, iltihabəleyhinə və hərarətsalıcı olduğundan, iddiaçının həmin dərman preparatından istifadə etməsi ilə bağlı DSX SM-nin Tibb bölməsinin həkim terapevti X1 məlumatlandırılmaması belə hər bir halda iddianın həllində hər hansı əhəmiyyət kəsb etmir. Göründüyü kimi iddiaçının sidik nümunəsində aşkar olunan alkoloidin dərman preparatının istifadəsi nəticəsində yarandığı müvafiq ekspert rəyi ilə təsdiqləndiyindən, iddiaçı tərəfindən hərbi qulluqçunun adına hər hansı xələl gətirən hərəkət edilməmişdir ki, bu da onun hərbi xidmətdən ehtiyata buraxılması barədə qəbul edilmiş inzibati aktın əsassız olduğunu göstərir. Belə olan halda Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi rəisinin xx.xx.2022-ci il tarixli, 127 ş/h №-li nömrəli əmri ləğv edilməli və iddiaçı işə bərpa olunmalıdır. Məhkəmə, iddianın ikinci hissəsinə (məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini) münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi rəisinin xx.xx.2022-ci il tarixli, 127 ş/h №-li nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini arzulamışdır. Nəzərə alınmalıdır ki, iddiaçının həmin tələbi İPM-nin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati hüquq münasibətlərini tənzmiləyən İnzibati Prosessual Məcəlləsinin: 2.2.1.Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirmə haqqında iddia İPM-nin 2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən biri olmaqla, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsini ehtiva edir. Nəzərə alınmalıdır ki, bu növ iddialarda qüvvədə olan qanunvericilik vətəndaşlara inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə ərizə ilə müraciət etmək hüququ vermişdir. Buna misal kimi hazırki iddia ilə mübahisələndirilən halı, yəni məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini əsas gətirmək olar. Belə ki, iddia tələbinin əsasında inzibati aktın (əmrin) ləğvi dayanır. İddiaçı həmin inzibati aktın, yəni hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin icra olunması nəticəsində meydan gəlmiş nəticənin aradan qaldırılmasını arzulayır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə əmr ləğv olunduğundan, inzibati aktın icrasının nəticəsinin aradan qaldırılması məqsədi ilə iddiaçının məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi cavabdeh tərəfindən təmin olunmalıdır. Məhkəmə, hesab edir ki, hazırkı tələbə bir yerdə baxılması həm prosessual qənaət, həmçinin də yeni məhkəmə mübahisələrinin yaranmaması baxımından da vacibdir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi rəisinin xx.xx.2022-ci il tarixli, 127 ş/h №-li nömrəli əmri ləğv edilsin. İddiaçı işə bərpa edilməsi və ödənilməmiş dövlət məvacibinin ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar