Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-18362/2025 22.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdehə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdehə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 yanvar 2026-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-162/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı "xxxx" ASC-yə qarşı transformatorların yaşayış binasından çıxarılması tələbinə dair iddiası qismən təmin edilmiş, ünvan 1 ünvanında yaşayış binasının daxilində yerləşən elektrik transformator məntəqəsinin cavabdeh "xxxx" ASC tərəfindən yaşayış binasının daxilindən çıxarılaraq kənarda yerləşdirilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manat cavabdeh "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2019-cu il tarixli, 2(103)-2787/2019 saylı qətnaməsi ilə cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-162/2018 saylı, 04 oktyabr 2018-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə cavabdeh "Azərişıq” ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 iyun 2019-cu il tarixli, 2(102)- 4647/2019 saylı qərarı ilə cavabdeh "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 13 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10773/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(006)-162/2018 saylı qətnaməsi qismən, yəni mübahisələndirilən hissədə ləğv edilmiş və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddianın mübahisələndirilən hissədə təmin edilməsi, ünvan 1 ünvanında yaşayış binasının daxilində yerləşən elektrik transformator məntəqəsinin cavabdeh "xxxx" ASC tərəfindən yaşayış binasının daxilindən çıxarılaraq kənarda yerləşdirilməsi, apelyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, keçirilmiş məhkəmə ekspertizasının xərci hesabına "xxxx" ASC-dən 200 (iki yüz) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-2160/2020 saylı qərarı ilə cavabdeh "xxxx" ASC-nin kasasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "Azərişıq” ASC İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, müraciətdə göstərilən 163 saylı transformator məntəqəsinin yerinin dəyişdirilməsi məqsədilə torpaq sahəsinin ayrılması üçün ərazi üzrə Cavabdehə müraciət edilmişdir. Torpaq sahəsi ayrıldıqdan sonra transformator məntəqəsinin köçürülməsi məsələsinə baxılacaqdır. "Azərişıq” ASC İddiaçı ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, sözügedən 163 saylı transformator məntəqəsinin yerinin dəyişdirilməsi məqsədi ilə torpaq sahəsinin ayrılması üçün ərazi üzrə Cavabdehə müraciət edilmişdir. Torpaq sahəsi ayrıldıqdan sonra transformator məntəqəsinin köçürülməsi məsələsinə baxılacaqdır. "Azərişıq” ASC İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Nəsimi rayonu Məhkəməsinin Qətnaməsinin icra olunması ilə əlaqədar transformator məntəqəsinin quraşdırılması üçün yeni torpaq sahəsinin ayrılması məqsədilə Bakı şəhər İcra Hakimiyyətinə rəsmi qaydada müraciət olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 4 ünvanında, binanın 1-ci mərtəbəsində olan 3 ədəd elektrik transformatorlarının yerinin dəyişdirilməsi üçün "Azərişıq” ASC-yə torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bildirilir ki, Nərimanov RİH sözügedən mülki iş üzrə tərəf olmamış və üzərinə hər-hansı vəzifə öhdəliyi qoyulmamışdır. İddiaçı xx.xx.2025-ci il tarixdəə ona 100000 manat məbləğində kompensasiyanın öənilməsi ilə bağlı Cavabdehə (bundan sonra cavabdeh) müraciət etmiş, lakin müraciəti cavablandırılmamışdır. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiaçının dəymiş maddi və mənəvi ziyana görə 100000 (yüz min) manat məbləğində kompensasiyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh qanuni qüvvəsini almış məhkəmə qərarının icra olunması üçün vəzifə öhdəliyini icra etməyərək “Azərişıq ASC-nə müvafiq torpaq sahəsi ayırmır. Cavabdeh Azərişıq ASC–nin müraciət etdiyi 2020-ci ildə ASC-yə torpaq sahəsi ayırıb məhkəmə aktının icrasına kömək etməli idi. Məhkəmə aktının qəsdən icra edilmədiyi 6 il ərzində mənəvi iztiraba məruz qalmış, öz mənzilini tərk edib paytaxtdan bölgəyə köçməyə məcbur qalmışdır. Bu səbəbdən də müxtəlif məhkəmələrdə iddiaçı tərəf olduğu çoxsaylı işlər üzrə iclaslarda iştirak edə bilməmiş və nəticə də qanuni, əsaslı iddia tələbləri rədd edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizələri onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati kompensasiya tələbi haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddialar ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçların prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İş materiallarına əsasən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 10773/2019 saylı, 31 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən ünvan 1 ünvanında yaşayış binasının daxilində yerləşən elektrik transformator məntəqəsinin cavabdeh "xxxx" ASC tərəfindən yaşayış binasının daxilindən çıxarılaraq kənarda yerləşdirilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış, lakin icra edilməmişdir. İddiaçının məhkəmə qərarın icrası ilə bağlı müraciətlərinə "Azərişıq” ASC tərəfindən cavab olaraq sözügedən 163 saylı transformator məntəqəsinin yerinin dəyişdirilməsi məqsədi ilə torpaq sahəsinin ayrılması üçün ərazi üzrə Cavabdehə müraciət edildiyi, torpaq sahəsi ayrıldıqdan sonra transformator məntəqəsinin köçürülməsi məsələsinə baxılacağı qeyd edilmişdir. Hazırda iddiaçı qəbul edilmiş məhkəmə qərarının məhz cavabdeh tərəfindən torpaq sahəsi ayrılmadığına görə icra edilmədiyini, nəticədə isə maddi və mənəvi ziyana məruz qaldığını bildirərək cavabdehdən ona kompensasiya ödənilməsini tələb edir. İddiaçı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciəti ilə bağlı hərəkətsizlik etmiş və hazırkı mübahisə yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən rədd edilməlidir. Belə ki, hazırkı iddianın növü İPM-in 2.2.7-ci maddəsində təsbit edilmiş inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbidir. Məhkəmə qeyd edir ki, iddianın əsaslılığın müəyyən edilməsi üçün ilk addım iddia tələbinin qanuni əsasının müəyyən edilməsindən ibarətdir. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala-qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. İddia tələbinin qanuni əsasını “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsi və vurulmuş ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq normaları təşkil edir. 89.1-ci maddənin tələbinə görə, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsinin məzmunun dispozisiya şərtlərindən görünür ki, vurulmuş ziyana görə məsuliyyətin yaranması üçün ilk növbədə, inzibati orqanın qanunsuz qərarı və ya qanunsuz hərəkəri olmalıdır. Yalnız bundan sonra Mülki Məcəllənin vurulmuş ziyana görə məsuliyyət müəyyən edən normalarının tələbləri yoxlanıla bilər. İddiaçı hazırkı tələbinin əsası kimi o hala istinad edir ki, ünvan 1 ünvanında yaşayış binasının daxilində yerləşən elektrik transformator məntəqəsinin "xxxx" ASC tərəfindən yaşayış binasının daxilindən çıxarılaraq kənarda yerləşdirilməsi üçün cavabdeh tərəfindən torpaq sahəsi ayrılmamış, buna görə maddi və mənəvi olaraq ziyana məruz qalmış, lakin əvəzində heç bir məbləğ ödənilməmişdir. Göründüyü kimi, iddiaçı cavabdehin hərəkətsizliyinin qanunsuzluğuna istinad edərək kompensasiya tələb edir. Məhkəmə qeyd edir ki, hazır ki iş üzrə iddiaçının məhz cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində maddi və ya mənəvi ziyana məuz qalması, iddiaçının cavabdehə yönələn kompensasiya tələbinin qanuni əsası müəyyən edilmiir. Belə ki, iddiaçının "xxxx" ASC-yə torpaq sahəsinin ayrılması ilə bağlı cavabdehə müraciət edən zaman cavabdeh qurumun torpaqayırma səlahiyyətli olmamışdır. Belə ki, Yerli İcra Hakimiyyətləri xx.xx.2001-ci il tarixədək torpaq ayıra bilərdi. Torpaq Məcəlləsinin 59-cu maddəsinə görə:
1. Yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr aşağıdakı məqsədlər üçün verilir: kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil-tikinti kooperativlərinin mülkiyyətinə; fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə; çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi üçün mənzil tikintisi ilə məşğul olan hüquqi şəxslərin mülkiyyətinə; fərdi və kooperativ qarajların tikintisi üçün əvəzi ödənilməklə fiziki şəxslərin və onların kooperativlərinin mülkiyyətinə və ya icarəsinə; sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün bu Məcəllənin 48-ci maddəsinin 3-cü bəndində göstərilən hüquqi və fiziki şəxslərin icarəsinə, habelə dəyəri ödənilməklə Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə.
2. Ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol kənarı, sahil, park, meşə-park, xiyaban, bulvar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər yerlərdə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə ticarət, məişət, ictimai-iaşə obyektlərinin və digər zəruri tikililərin müvəqqəti inşası üçün sahələr bələdiyyə torpaqları haqqında qanunvericiliyə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə verilir.
3. Kooperativ, habelə digər çoxmənzilli yaşayış evlərinin və qarajların tikintisi məqsədilə ayrılan torpaq sahəsinin ölçüsü müvafiq yaşayış məntəqəsinin planlaşdırılması və tikinti layihələrinə, habelə tikinti normalarına uyğun olaraq, ayrı-ayrı konkret hallarda bələdiyyə tərəfindən müəyyən edilir.
4. Fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün ayrılan torpaq sahəsinin ölçüsü yerli şəraitdən və torpaq ehtiyatı imkanlarından asılı olaraq, bələdiyyə tərəfindən müəyyən edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Bələdiyyə torpaqları
1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrin, meydanların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı, habelə əhalinin malqarası üçün örüş sahələri, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar aiddir. Fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlara onların daimi və ya müvəqqəti (qısamüddətli və uzunmüddətli) istifadəsində, eləcə də idarəsində istifadəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.
2. Bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər. Bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatına yararlı torpaqları kənd təsərrüfatı istehsalı üçün hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız icarəyə verilir. Kənd təsərrüfatı istehsalı üçün müvəqqəti istifadəyə və icarəyə verilən torpaq sahələrinin normalarını bələdiyyələr müəyyən edir.
3. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər.
Maddə 25. Keçid müddəaları Azərbaycan Respublikasında bələdiyyə orqanları formalaşana qədər bu Qanunla bələdiyyələrə ayrılan torpaqların idarə olunması müvafiq dövlət icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi dəyişilənədək bu Qanuna zidd olmayan hissədə tətbiq edilir. 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Sadalanan normalardan göründüyü kimi, yerli icra hakimiyyəti orqanları xx.xx.2001-ci il tarixdən sonra torpaq ayırmaq səlahiyyəti olmamışdır. Hazırkı iddia tələbinin əsaslı olması üçün ilk növbədə cavabdehin hərəkətsizliyinin qanunsuzluğu müəyyən edilməlidir. Hazırki iş üzrə isə qeyd edilən hal mövcud olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati orqanın qanunsuz hərəkətsizliyi nəticəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi barədə tələbin qanuni əsasının dispozisiya şərtləri də ödənmir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirməninin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbin rədd edilməlidir.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Bəhlul Cəlalov