Məhkəmə qərarları › İş №2-1(112)-1838/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1838/2022

04.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1838/2022 04.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “1993-2005-ci illərdə Gürcüstan Respublikasına xidməti ezamiyyəti güzəştli şərtlərlə xidmətə daxil olaraq yenidən hesablanması və göndərilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, 09.11.1993-cü il tarixdən 25.03.2005-cı il tarixə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq planına uyğun olaraq, hərbi hissə komandirlərinin əmrlərinə əsasən müxtəlif illərdə döyüş tapşırıqlarını yerinə yetirmək ücün Gürcüstan Respublikasına 486 (dörd yüz səksən altı) gün xidməti ezamiyyətdə olmağını güzəştli şərtlərlə xidmət illərinə daxil edərək yenidən hesablanması və yenilənmiş məlumat vərəqəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiə Fondunun Hərbi qulluqçularla və xüsusi rütbəlilərlə iş departamentinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbi irəli sürmüşdür.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ilin iyun ayindan, 2005-cı ilin mart ayina kimi həqiqi hərbi xidmətdə olmuşam (Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xidmətkeçmə haqqında " Əsasnamənin 156-cı maddəsinin "b " (yaşa görə) bəndinə əsasən polkovnik-leytenant rütbəsində ehtiyata buraxılmışdır. 24.06.1992-ci il tarixdən 25.03.2005-ci il tarixə qədər Azərbaycan Respublikasının Müdafiə Nazirliyində və Kəşfiyyat Baş İdarəsinin (444 saylı hərbi hissə) tabeçiliyində olan, xüsusi əməliyyat kəşfiyyatı ilə məşğul olan N və N saylı hərbi hissələrində xidmət etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin tabeçiliyində olan N və N saylı hərbi hissələrində xidmət edərkən, AR Müdafiə Nazirliyinin müvafiq planına uyğun olaraq, hərbi hissə komandirlərinin əmrlərinə əsasən müxtəlif illərdə döyüş tapşırıqlarını yerinə yetirmək ücun Gürcüstan Respublikasına 486 (dörd yüz. səksən altı) gün xidməti ezamiyyətə göndərilmişdir. Komandanlıq tərəfindən verilmiş, əmr və tapşırıqları bir zabit olaraq vicdanla, şərəflə, qüsursuz, yerinə yetirmişdir. Xidmət dövrü komandanlıq tərəfindən həmişə təltiflərə layiq görülmüşəm, "qüsursuz xidmətə görə” medalı ilə təltif olunmuşdur. İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin tabeçiliyində olan N və N saylı hərbi hissələrində xidmət edərkən, döyüş tapşırıqlarını yerinə yetirmək ücün ezamiyyətdə olduğu illər, hərbiçilərin güzəştli şərtlərlə xidmət illəri Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarına əsasən 13 sentyabr 2004-cü il tarixə qədər bir gün - üç gün kimi hesablanırdı. “Hərbi Qulluqçuların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə 01 sentyabr 2004-cü il tarixli 728-İİQİ) nömrəli Qanuna əsasən 13 sentyabr 2004-cü il tarixdən güzəştli xidməti illəri bir gün iki gün hesablanır. Qeyd olunan güzəştli xidmət illərinin hesablanması keçmiş MTN-nin 27 mart 2004cü il tarixli əsasnaməsinin 13-cü bəndində, AR kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında 29 iyun 2004-cü il tarixli 711-11 Q nömrəli Qanunun 20.1-ci maddəsində, AR hərbi qulluqçuların statusu haqqında 25 dekabr 1991-ci il tarixli 36 nömrəli Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş müddəalar, hərbi qulluqçuların pensiya təminatı haqqında 29 aprel 1992-ci il tarixli 109 nömrəli Qanunun 16-cı maddəsi və AR Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarına əsasən iddiaçıya da şamil olunmalı idi. Lakin onun 09.11.1993-ci il tarixdən 25.03.2005-cı il tarixə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq planına uyğun olaraq, hərbi hissə komandirlərinin əmrlərinə əsasən müxtəlif illərdə döyüş tapşırıqlarını yerinə yetirmək ücün Gürcüstan Respublikasına 486 (dörd yüz səksən altı) gün xidməti ezamiyyətdə olmağıma baxmayaraq, iddiaçının pensiya illəri hesablanarkən qeyd etdiyi müddətlər müvafiq qanunlara əsasən güzəştli hesablanmamış, bir gün-bir gün kimi hesablanmışdır. Bu isə öz növbəsində aldığı pensiya təminatına mənfi təsirini göstərmişdir. Bununla əlaqədar olaraq, iddiaçı tərəfindən 30 noyabr 2020-cı il tarixli ərizə ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edilərək pensiya illərinin yenidən düzgün hesablanması barədə müraciət olunmuşdur. 01 iyun 2021-cı il tarixli məktubla ərizəsinə cavab olaraq bildirilmişdir ki, ümumi xidmət illərinə əlavə edilməsi üçün təqdim edilmiş ezamiyyətlərdə olmağı barədə arayışlarda ezam olunduğunu hərbi hissələrin nömrələri göstərilmədiyindən ezamiyyət müddətlərinin hesablanması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası Sərhəd Qoşunlarının, o cümlədən Azərbaycan Ordusunun hərbi qulluqçularının, xidmət illərinin hesablanması "Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilib verilməsi ücün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarı ilə tənzimlənir. Bu Qərarın ikinci hissəsinə əsasən mütəmadi olaraq "Azərbaycan Ordusunun döyüş şəraitində olan hərbi hissə və bölmələrinin tərkibinin müəyyənləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Müdafiə Nazirinin müvafiq əmrləri ilə qüvvəyə minir. Bu əmrlərdə, döyüş şəraitində olan hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların xidmət müddətlərinin, habelə həmin hərbi hissələrə xidməti tapşırıqla ezam edilmiş hərbi qulluqçuların ezam müddətlərinin güzəştli qaydada sayılması ehtiva edilmişdir. Lakin Azərbaycan Respublikasının rayonlarına, Respublikanın hüdudlarından kənara və ya digər dövlətlərə, o cümlədən Gürcüstan Respublikasına, xidməti tapşırıqla ezam edilmiş hərbi qulluqçuların ezam müddətlərinin güzəştli qaydada sayılması barədə hər hansı bir müddəa nəzərdə tutulmamışdır. İddiaçı hesab edir ki, eyni vaxtlarda hərbi hissədə xidmət edən və eyni illərdə Gürcüstan Respublikasında ezamiyyətdə olan, döyüş tapşırıqlarını yerinə yetirən, hərbçi yoldaşlarına, ezamiyyətdə olduqları müddət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 saylı qərarına əsasən güzəştli qaydada sayılmışdır. Göründüyü kimi, iddiaçının 09.11.1993-ci il tarixdən 25.03. 2005-cı illərdə olan dövr güzəştli xidmət illəri kimi hesablanmalı olduğu təqdirdə həmin dövr güzəştli xidmət illəri kimi hesablanmamışdır. Göstərilən xüsusatlara və istinad olunan hüquq normalarına əsasən, iddiaçı hesab edir ki, onun güzəştli şərtlərlə xidmət illəri nəzərə alınmaqla pensiyam yenidən hesablanaraq, yenilənmiş məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçularla və xüsusi rütbəlilərlə iş departamentinə göndərilməsi vəzifəsinin cavabdeh Müdafiə Nazirliyinə həvalə edilməsinə dair müvafiq məhkəmə qərarı qəbul edilməlidir.

3. Məhkəmənin 11.10.2022-ci il tarixli hazırlıq iclasında iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) iştirak etmişdir. Cavabdehə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iclasda iştirak etməmişdir. Cavabdehin iştirakının təmin edilməsi və məhkəmə sorğusunun cavablandırılması məqsədilə iclas növbəti tarixə təxirə salınmışdır.

4. Məhkəmənin 17.12.2022-ci il tarixli baxış iclasında iddiaçı və nümayəndəsi (vəkili) və cavabdehin nümayəndəsi iştirak etmişdir. Cavabdeh tərəfindən tələb olunan məlumatın yazılı qaydada məhkəməyə təqdim edilməsi üçün iclas növbəti tarixə təxirə salınmışdır. Qeyd edilən iclasda cavabdeh tərəfindən verilmiş izahata əsasən, iddiaçının 09.11.1993-cü il tarixdən 25.03.2005-cı il tarixə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq planına uyğun olaraq, hərbi hissə komandirlərinin əmrlərinə əsasən müxtəlif illərdə döyüş tapşırıqlarını yerinə yetirmək ücün Gürcüstan Respublikasına 486 (dörd yüz səksən altı) gün xidməti ezamiyyətdə olduğu müddət güzəştli şərtlərlə xidmət illərinə daxil edilmişdir.

5. Məhkəmənin 04.02.2022-ci il tarixli baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri götürdüyünü bildirmişdir.

6. Cavabdeh orqanın nümayəndəsi məhkəmənin baxış iclasında iştirak etməmişdir.

II. İddianın geri götürülmüş sayılması

7. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

9. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 29.03.2016-cı il tarixli qərarı).

10. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

11. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

12. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

13. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

14. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

15. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

16. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

17. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

18. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

19. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

20. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.

21. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

22. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar