Məhkəmə qərarları › İş №2-1(112)-1839/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1839/2021

07.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1839/2021 07.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X26 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X5 iştirаkı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil növbəsinə bərpa olunma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmağına dair qərar qəbul edilməsi vəzifəsinin Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı 05.04.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyətinin 27 sentyabr 2019-cu il tarixli, 187 saylı sərəncamının ləğv edilməsinə, mənzil növbəsinə götürülməyi bərpa edilməklə Binəqədi rayon İcra Hakimiyyətinin 12 avqust 2014-cü il tarixli, 172 saylı sərəncamı ilə güzəştli şərtlə 4 nəfər ailə üzvü ilə mənzil növbəsinə götürülməyinin qanuni və əsaslı olmasına, mənzil növbəsinə götürülməyinin bu tarixdən hesablanmasına, həmin tarixdən ona kirayə pulu verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, ehtiyatda olan əlil hərbi zabit kimi yaşayış yerinə ehtiyacı olan şəxs qismində uçota alınmağı üçün etdiyi müraciəti Bakı şəhəri,Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun 22.07.2020-ci il tarixli cavab məktubu ilə əsassız hesab edilərək uçota alınmağından imtina edilmişdir. İmtinaya əsas səbəb kimi Qusar rayonunun İmamqulular kəndində olan fərdi yaşayış evini 29.10.2019cu il tarixdə özgəninkiləşdirməyi olduğu göstərilmişdir. Hesab edir ki,imtina tamamilə qanunsuz və əsassızdır. Belə ki, cavabdehin yaşayış yeri hesab etdiyi mənzil deyilən evdə o yaşamamış və yaşamır. Bütün sənədlərlə təsdiq olunur ki, Bakı şəhəri, Binəqədi rayonu,8-ci mikrarayon Azadlıq pros-ti ev 192,mənzil 28-də qeydiyyatda olmaqla başqa ünvanda kirayədə yaşamışdır.30 aprel 2019-cu il tarixdə X8 ilə Yasamal rayonu, Müzəffər Həsənov küçəsi ev 1 mənzil 3-ə kirayə müqaviləsi bağlayaraq və notariusda təstiq etdirərək bu ünvanda məskunlaşmışdır. Ailə üzvləri də Bakı şəhərində yaşamaqla övladları da Bakıda təhsil alırlar. Ev deyilən həmin daxma yararsız vəziyyətdə olmaqla istismar müddəti ən azı 50 il əvvəl keçmişdir. Yaşayış üçün yararsızdır və xeyli müddətdir ki, orada yaşayış yoxdur. Uzun müddət vətənə zabit rütbəsində hərbi xidmətilə qulluq etmiş və bu xidmətlə bağlı 1-ci qrup əlil olmuşdur. Qusardakı mülk deyilən yararsız ev mərhum atasının mərhum valideynlərinin olub və hazırkı duruma görə qardaşının Rusiyada yaşaması ilə bağlı ayrı vərəsə olmadığından qısa müddət onun adına rəsmiləşib. Qusar rayon İcra Hakimiyyəti Başçısının İmanqulukənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi 10 noyabr 2020-ci il tarixli, 907 saylı arayışı ilə də təstiq olunur ki, qeyd edilən ev 1905-ci ildə babası Əşirsultan tərəfindən inşa edilmiş, hazırda evin texniki vəziyyəti yarıtmaz olmaqla yaşayış üçün yararsızdır. Belə vəziyyətə onun mənzilə ehtiyacının olmaması qənaətinə gəlinməsinə əsas yoxdur. Digər tərəfdən onun və 4 nəfərdən ibarət ailə üzvünü Binəqədi rayon İcra Hakimiyyəti 12 avqust 2014-cü il tarixli, 172 saylı sərəncamı ilə mənzil növbəsinə götürüblər. Bu tarixdən sonra elə sərəncamın özünə görə də İcra Hakimiyyəti ona kirayə pulu verməli idi. Əlində mənzil kirayə müqaviləsi var ki, kirayədə yaşayır. Bununla belə 12 avqust 2014-cü il tarixdən bu günə kimi tələb etməyisinə baxmayaraq, ona kirayə pulu ödənməyib. Halbuki, Əlillərin reablitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, ’’Hərbi qulluqçuların statusu haqqında” Qanuna və “Yerli icra hakimiyyəti haqqında Əsasnamə”yə əsasən cavabdeh bunu etməli idi. Elə sərəncamın özündə ona ’’Hərbi qulluqçuların statusu haqqında” Qanuna əsasən mənzil sahəsi ilə təmin olunana kimi mənzil kirayə haqqı ödənilməsi qərara (sərəncamın 3-cü bəndi) alınıb. Sərəncamın ləğvi isə heç vaxt gündəmdə olmamış və bu barədə məlumatlı olmamışdır. 12 mart 2021-ci il tarixdəki məhkəmə prosesi zamanı cavabdehin nümayəndəsi bir sərəncam surəti təqdim etmişdir ki, guya 2014-cü ildəki sərəncam 27 sentyabr 2019-cu il tarixli, 187 saylı sərəncamla ləğv edilmişdir. Bu sənədin qanuniliyi ciddi şübhə doğurur. Sərəncamda 30 gün müddətinə şikayət vermək hüququnun olması göstərilsə də bu barədə ona məlumat verilməmişdir. Sərəncam onunla əsaslandırılmışdır ki, Binəqədi rayonu, Azadlıq prospekti 30 saylı binanın 28 saylı mənzili paylı mülkiyyət hüququ əsasında ona məxsus olmuş və 28.06.2014-cü il tarixdə müqavilə əsasında qızı Mədinəyə bağışlanmışdır. Ona görədə 5 il sonra növbəyə götürülə bilərdi. Hesab edir ki, bu sərəncamın 2019-cu ildə verilməsi şübhəlidir. Belə sərəncam olsa idi vaxtında üzə çıxardı. Sərəncamın qeydi ilə bağlı kitaba baxış keçirilsə məsələyə aydınlıq gələr. Digər tərəfdən sərəncamın mətni ilədə sənədin qanunsuzluğu öz təstiqini tapır .Əgər doğurdan da göstərilən səbəbdən 28 iyun 2014- cü il tarixdən 5 il sonra uçota götürmə hüququ yaramırdısa 28 iyun 2019-cu il tarixdə 5 il tamam olur və belə hüququ yaranır. Sərəncamın imzalandığı 27 sentyabr 2019-cu il tarixdə iddia olunan tarixdən 3 ayda keçmiş olur. Bununla belə yaşayış sahəsinə ehtiyacı olan hesab edilməyim üçün mən qəsdən hər hansı bir başqa qanunsuz hərəkətədə yol verməmişəm.Mənim heç vaxt yaşayış evim olmayıb.Göstərilən və mübahisələndirilən evlər müəyyən dövrdə vərəsəlik hüququ ilə bağlı olmuşdur. Sərəncamda Azadlıq prospekti 30 saylı binanın 28 saylı mənzili paylı mülkiyyət hüququ əsasında ona məxsus olması da düz göstərilməyib. Həmin ümumi sahəsi 62.08 kv.metr olmaqla 43.58 kv.metr yaşayış, 18.5 kv.metr yardımçı sahəsi olan mənzil valideynlərinin olub. O vərəsələrdən biri olmuşdur. Həmin mənzil atasının vəfatından sonra DƏDRX-nin 06.10.2012-ci il tarixli, ********** qeydiyyat nömrəsinə əsasən verilmiş RX seriyalı,0062599 saylı çıxarışa əsasən analığı Minvarə, o və qardaşı Kazanbəyin ümumi birgə mülkiyyəti kimi tanınıb. Orada 43.58 kv.metr yaşayış sahəsindən onun payı 14.52 kv.metr həcmində olub. Payı cüzi olduğundan və ailəsilə birgə orada yaşamağımın mümkünsüz olması səbəbindən özümə aid payı qanuna uyğun qızına vermişdir. Dövlət Reyestrindən verilmiş RX seriyalı,0450057 saylı çıxarışlada təstiq olunur ki, 02.07.2014-cü il tarixdə, ********** nömrə ilə həmin mənzil ümumi mülkiyyət kimi analığı Minvarə, qardaşı Kazanbəy və Mədinənin ümumi birgə mülkiyyəti olmuşdur. 28 iyun 2014-cü il tarixli bağışlama müqaviləsində aydın göstərilmişdir ki,bütünlükdə mənzili yox mənzildə olan payını Mədinəyə bağışlamışdır. Qızı Mədinə həmin mənzildəki payını İH-nin Qəyyumluq və Himayə orqanının rəyi ilə Rusiya Respublikasında yaşayan qardaşı Qırxlarov Kazanbekə 28 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi ilə bağışlamışdır. İşdə notariusda təstiq olunmuş müqavilə var. Odur ki,həmin mənzil hazırkı vəziyyətdə DƏDRX-nin 06.10.2012-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə 1\3 hissədə analığı X7, 02.10.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə 2\3 hissədə qardaşı Gyrkhlarov Kazanbekə məxsusdur. Bakı şəhər ərazi İdarəsinin 04.10.2017-ci il tarixli arayışı ilə təstiq olunur ki, heç vaxt Bakı şəhərində onun adına özəlləşdirilmiş mənzil olmayıb. Müdafiə Nazirliyinin Maliyyə-İstismar şöbəsinin 21.07.2014-cü il tarixli, 2417 saylı arayışı ilə təstiq olunur ki,onu Nazirlik mənzillə təmin etməyib. İş üzrə cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının məhkəmədə iddia irəli sürməzdən əvvəl ehtiyatda olan zabit kimi mənzil növbəsinə götürülməyinə köməklik göstərilməsi barədə Binəqədi Rayonu İcra Hakimiyyətinə ünvanladığı 30.06.2020-ci il tarixli Q-8/2-068/2-t/l saylı müraciətinə Binəqədi Rayonu İcra Hakimiyyəti başçısı yanında Ehtiyatda və ya istefaya buraxılmış hərbi qulluqçuların işləri üzrə Komissiyası tərəfindən baxılmışdır. İnzibati icraat zamanı təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, ünvan 6 kəndi ərazisində fərdi ev və onun yerləşdiyi 0,1183 ha torpaq sahəsi mülkiyyət hüquqları əsasında iddiaçıya məxsus olmuş və 29.10.2019-cu il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən iddiaçı həmin daşınmaz əmlakı özgəninkiləşdirmişdir. İddiaçının nəzərinə çatdırılmışdır ki, ona məxsus olmuş yuxarıda qeyd olunan evin və torpaq sahəsinin özgəninkiləşdirilməsi tarixindən (yəni 29.10.2019-cu il tarixdən) 5 il keçdikdən sonra mənzil sahəsinə ehtiyacı olan qismində uçota alınmağı məsələsinə yenidən baxıla bilər. Belə ki, qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Mənzil Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. İddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X13 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş tərəfin izahatını dinləyib iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş sənədlər: AA******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1984-cü ildə Krasnovodsk şəhərində anadan olmuşdur, ünvan 3 ünvanında qeydiyyatdadır. AZE № 09516385 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının həyat yoldaşı X16 22.05.1987-ci il tarixdə Rusiya Federasiyasının Leninqrad şəhərində anadan olmuşdur. ünvan 4 ünvanında qeydiyyatdadır. AZE № 12125237 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının qızı Qırxlarova Mədinə 13.11.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası Qırxlarova Aytən. ünvan 3 ünvanında qeydiyyatdadır. AZE № 12125401 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının oğlu Qırxlarov Murad 29.09.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası Qırxlarova Aytən. ünvan 3 ünvanında qeydiyyatdadır. AZ-İ № 287594 saylı 05 dekabr 2006-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X1 ilə nikah 05 dekabr 2006-cı il tarixdə Cəlilabad rayon VVADQ şöbəsi tərəfindən rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmiş 08.11.2012-ci il tarixli № 52 saylı arayışından görünür ki, həqiqətən istefada olan baş leytenant İddiaçı Mürsəl oğlu 04.08.2001-ci ildən 23.06.2005-ci ilədək müdavim, 23.06.2005-ci ildən 16.06.2006-cı ilədək dinləyici, 16.06.2006-cı ildən 09.06.2012-ci ilədək Azərbaycan Respublikası SQ-də xidmət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0165 saylı 09.06.2012-ci il tarixli əmrinə əsasən istefaya buraxılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 6 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş № 436175 saylı arayışın surətindən görünür ki, 1984-cü il təvəllüdlü İddiaçı 1 (birinci) qrup əlillik təyin edilmişdir. Əlilliyin səbəbi hərbi xidmət dövründə aldığı xəstəlik qeyd edilmişdir. Əlillik müddətsiz təyin edilmişdir. Əlilin iş yararlığı barədə TSEK-in rəyinə əsasən kənar şəxslərin daimi qulluğuna ehtiyyaçı olduğu qeyd edilmişdir. Əsas 3541 nömrəli 28.11.2014-cü il tarixli müayinə aktı. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 12 avqust 2014-cü il tarixli № 172 saylı sərəncamından çıxarışın surətindən görünür ki, vətəndaş İddiaçı ailə tərkibi 4 nəfərlə (özü, arvadı, qızı və oğlu) yaşayış yeri üzrə Binəqədi rayon İcra Hakimiyyətində ehtiyyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar İ qrup əlil kimi mənzil növbəsinə götürülməsi, ehtiyyatda olan zabit və hərbi ximət dövrü ilə əlaqədar İ qrup əlil olmasını nəzərə alaraq, mənzil növbəsi güzəştli əsaslarla yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına daxil edilməsi, “Hərbi qulluqçuların statusu haqqında” qanuna əsasən mənzil sahəsilə təmin olunanadək mənzil kirayə haqqı ödənilməsi barədə sərəncam verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 27 sentyabr 2019-cu il tarixli № 187 saylı sərəncamının surətindən görünür ki, Vətəndaş İddiaçı 23.08.2019-cu il tarixli Q-66/2-059/2-1/1 saylı ərizə ilə Binəqədi Rayonu İcra Hakimiyyətinə müraciət edərək, 12.08.2014-cü il tarixdən bu günədək olan dövr üçün müvəqqəti mənzil kirayə haqqının hesablanaraq ödənilməsini xahiş elmişdir. Müraciətdə qeyd olunmuş məsələ ilə əlaqədar araşdırma aparılarkən məlum olmuşdur ki, vətəndaş X15 Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının 12.08.2014-cü il tarixli 172 saylı sərəncamı ilə ehtiyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar 1 qrup əlil kimi güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Vətəndaş İddiaçı Binəqədi Rayonu İcra Hakimiyyətində mövcud olan mənzil növbə qovluğu araşdırılarkən məlum olmuşdur ki, Bakı şəhəri, Azadlıq prospekti, 30 saylı binanın 28 saylı mənzili paylı mülkiyyət hüququ əsasında İddiaçı məxsus olmuş və 28.06.2014-cü il tarixli müqaviləyə əsasən qızı Mədinə Qırxlarovaya bağışlanmışdır. Vətəndaş İddiaçı mənzil növbəsinə götürülən zaman qüvvədə olan AR Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Lakin İddiaçı mənzil növbəsinə götürülərkən Mənzil Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulmuş tələbə riayət olunmamışdır. Belə ki, yuxarıda qeyd olunan ünvanda yerləşən mənzilə dair bağışlama müqaviləsinin bağlanmasından 5 il keçməmişdir. Bundan başqa, vətəndaş İddiaçı məxsus olmuş mənzilin bir hissəsi bağışlama müqaviləsinə əsasən onun qızı Mədinə Qırxlarovaya keçmişdir ki, bu da öz növbəsində hüquq pozuntusudur. Belə ki, adına mülkiyyət hüququ əsasında mənzilin bir hissəsi olan Qırxlarova Mədinə mənzil növbəsinə götürülmüş İddiaçı qızı olduğundan onun Binəqədi Rayonu İcra Hakimiyyətində olan mənzil növbəsinin ailə tərkibinə salınmışdır. Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota dururaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Göründüyü kimi İddiaçı 25.07.2014-cü il tarixdə mənzil növbəsinə götürülməsi barədə ərizə ilə Binəqədi Rayonu İcra Hakimiyyətinə müraciət edərkən yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim etməmişdir. Binəqədi Rayon icra Hakimiyyəti başçısının 12.08.2014-cü il tarixli 172 saylı sərəncamı ləğv olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Seriya RX № ******* saylı 06.10.2012-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 62.08 kv.m olan mənzil X2, X3 və İddiaçı ümumi birgə paylarına verilmişdir. Hüququ rəsmiləşdirilən şəxs isə X9 qeyd edilmişdir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1740 nömrəli reyestr kitabının 159907 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Seriya RX № ******* saylı 02.07.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 62.08 kv.m olan mənzil X2, X3 və X6 ümumi birgə paylarına verilmişdir. Hüququ rəsmiləşdirilən şəxs isə X14 qeyd edilmişdir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1740 nömrəli reyestr kitabının 159907 nömrəli vərəqində qeydiyyata alınmışdır. 28 iyun 2014-cü il tarixli Bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı 1 saylı Bakı “Asan xidmət” mərkəzində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 30 №-li binada yerləşən 28 saylı mənzildən ümumi paylı mülkiyyət hüququ üzrə özünə məxsus olan hissəni qızı X10 bağışlamışdır. 28 sentyabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X14, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 62.08 kv.m, yaşayış sahəsi 43.58 kv.m, yardımçı sahəsi 18.5 kv.m olan 3 otaqlı mənzilin ümumi birgə mülkiyyət üzrə ona məxsus hissəni, atasının qardaşı olan Gyrkhlarov Kazanbekə hədiyyə vermişdir. 29 oktyabr 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 6 kəndi ünvanında yerləşən ümumi sahəsi 0.1183 ha olan torpaq sahəsini (tam hissədə) arvadının anası olan X18 hədiyyə etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən 62.08 kv.m ibarət mənzil Gyrkhlarov Kazanbekin adına **********58-05101-093014 saylı reyestr nömrəsi ilə rəsmiləşdirilərək qeydiyyata alınmışdır. Hüquq sahibləri kimi 06.10.2012-ci il tarixdə X9 1/3 hissə ilə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır, 02.10.2019-cu il tarixdə Gyrkhlarov Kazanbek 2/3 hissə ilə ********** saylı qeydiyyat nömrəsi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin № ********** saylı 13.11.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 6 kəndində 0.1183 ha torpaq sahəsi X17 adına **********63 saylı qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin № ********** saylı 13.11.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 6 kəndində 0.0620 ha torpaq sahəsinin üzərində tikilmiş 211.70 kv.metrlik fərdi yaşayış evi xüsusi mülkiyyətlə X17 adına **********62-10301 saylı qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 72 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 17.08.2020-ci il tarixli № 706 saylı arayışından görünür ki, X9 həqiqətən də ünvan 8 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı ünvanlanmış 22.07.2020-ci tarixli № 02/09-11-11/Q-8/2-068/2H1 saylı imtina məktubundan görünür ki, təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, ünvan 6 kəndi ərazisində fərdi ev və onun yerləşdiyi 0,1183 ha torpaq sahəsi mülkiyyət hüquqları əsasında iddiaçıya məxsus olmuş və 29.10.2019-cu il tarixdə bağlanmış müqaviləsinə əsasən iddiaçı həmin daşınmaz əmlakı özgəninkiləşdirmişdir. İddiaçıya məxsus olmuş yuxarıda qeyd olunan evin və torpaq sahəsinin özgəninkiləşdirilməsi tarixindən (yəni 29.10.2019-cu il tarixdən) 5 il keçdikdən sonra mənzil sahəsinə ehtiyacı olan qismində uçota alınmağı məsələsinə yenidən baxıla bilər. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsi tərəfindən ünvanlanmış 01.10.2020-ci il tarixli № BRB/d-472 saylı məktubundan görünür ki, Binəqədi rayon X4 uçot məlumat bazasında İddiaçı haqqında məlumat aşkarlanmamışdır. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış 13.10.2020-ci il tarixli № **********52 saylı məktubundan görünür ki, İddiaçı və X11 adlarına hazırda Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar şöbəsi tərəfindən verilmiş 21.07.2014-cü il tarixli arayışının surətindən görünür ki, ehtiyyatda olan hərbi qulluqçu baş leytenant İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti tərəfindən İddiaçı və X12 ünvanlanmış 16 sentyabr 2019-cu il tarixli № 04/06-11-11/Q- 123-166 saylı məktubun surətindən görünür ki, yetkinlik yaşına çatmayan övladları 13.11.2007-ci il təvəllüdlü X6 ümumi birgə mülkiyyətində olan ünvan 14 ünvanında yerləşən 28 saylı mənzildən onun payına düşən hissənin bağışlanmasına razılıq verilməsi barədə ünvan 15 ünvanlanmışdır. “Vətəndaşları müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılmış. Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyası Azərbaycan Respublikası “Ailə Məcəlləsi”nin 55.5-ci maddəsini, “Qəyyumluq və himayəçilik orqanları haqqında Əsasnamə”nin 7-ci maddəsinin 8-ci bəndini, toplanmış sənədləri və uşağın mənafeyini nəzərə alaraq Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 30 ünvanında yerləşən 28 saylı mənzildən 13.11.2007-ci il təvəllüdlü X6 payına düşən hissənin bağışlanmasına etiraz etmir. 30 aprel 2019-cu il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, X8 ünvan 16 ünvanında yerləşən ümumi sahəsi 41 kv.m olan 2 otaqlı evini İddiaçı 300 (üç yüz) manata kirayə vermişdir. Göründüyü kimi, iddiaçının iddia tələbi 2 hissədən ibarətdir: 1)Binəqədi rayon İcra Başçısının 27 sentyabr 2019-cu il tarixdə verdiyi sərəncamın ləğv edilməsi, onun və ailə üzvlərinin ehtiyatda olan zabit qismində hərbi qulluqçuların güzəştli mənzil növbəsinin bərpa olunması; 2)12 avqust 2014-cü il tarixdən ödənilməyən ayların kirayə xərclərinin ödənilməsi. Məhkəmə ilk əvvəl qeyd edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən Binəqədi rayon İcra Hakimiyyətinin 27 sentyabr 2019-cu il tarixli, 187 saylı sərəncamının iddiaçıya nə vaxt təqdim edilməsini, ümumiyyətlə təqdim edilməsini sübuta yetirə bilməmiş, iddiaçı isə məhkəmə gedişatında həmin sərəncamdan məlumatlı olmuşdur. Bu səbəbdən həmin sərəncamın mübahisələndirilməsi üçün qanunvericliklə müəyyən edilmiş müddət ötürülməmişdir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüquqları vardır. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. İş materiallarından müəyyən olunur ki, iddiaçı 16.06.2006-cı ildən 09.06.2012-ci ilədək Azərbaycan Respublikası SQ-də xidmət etmiş, ona hərbi xidmət dövründə alınmış xəstəliklə əlaqədar olaraq 1-ci qrup müddətsiz əlillik təyin edilmişdir. İddiaçı xidmət etdiyi müddət ərzində torpaq sahəsi və ya mənzillə təmin olunmamışdır. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, xəstəliyə görə ehtiyata və ya istefaya buraxılmış xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan zabitlərin yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Göründüyü kimi, iddiaçıya münasibətdə qanunvericilikdə müəyyən edilmiş bu şərtlər ödənilir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək Məhkəmə qeyd edir ki, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üstüstə düşməlidir (maddi-hüquqi baxımdan qanunvericilik). İşin araşdırılmış hallarından görünür ki, iddiaçı inzibati orqan tərəfindən ilk olaraq 12 avqust 2014-cü ildə ehtiyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar İ qrup əlil kimi güzəştli əsaslarla yaşayış yeri üzrə RİH-də mənzil növbəsinə götürülmüş, 5 il keçdikdən sonra 27.09.2019-cu ildə həmin sərəncam ləğv edilmiş, səbəb kimi Bakı şəhəri, Azadlıq prospketi 30 saylı binanın 28 saylı mənzilində olan payını 28.06.2014-cü ildə qızına bağışlaması göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu əsasla vətəndaş üçün əlverişli inzibati aktı ləğv etməsi əsassız olmuşdur. Göründüyü kimi, iddiaçı həmin mənzildən cüzi paya malik olmuş, mənzil köməkçi sahələrlə birlikdə 62,08 kvm olmuşdur. iddiaçı 4 nəfər ailə üzvündən ibarət olduğundan, iddiaçıya düşən 1\3 hissə sahə elə həmin vaxtı onun yaşayış sahəsinə ehtiyacı olmasına əsas hesab edilməli idi. Bundan əlavə cavabdehin AR Mənzil Məcəlləsinin 52-ci maddəsinə istinad etməsi də əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Göründüyü kimi, cavabdeh iddiaçının mənzildə ona məxsus cüzi payı özgəninkiləşdirilməsindən 5 il 3 ay keçdikdən sonra qanunvericiliyin müvafiq normasına istinad edərək, ehtiyatda olan zabit və hərbi xidmət dövrü ilə əlaqədar İ qrup əlil olan iddiaçının ailə üzvləri ilə birlikdə mənzil növbəsinə götürülməsi barədə sərəncamının ləğv edilməsi formal xarakterli olmaqla, ididaçının qazanılmış hüquqlarının pozulmasına səbəb olmuşdur. Bundan əlavə “Əlillərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən - Əlillər dövlətin hesabına mənzillə təmin edilirlər. İ qrup əlillərə mənzillər növbədənkənar verilir. - Əlillərə verilən mənzillər əlillərin səhhəti nəzərə alınmaqla müəyyən edilən sanitariya texniki tələblərə uyğun gəlməlidir. Əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsinin əsasları, onlara mənzil növbəliyi Azərbaycan Respublikasının mənzil qanunvericiliyi ilə müəyyən edilir. Bu zaman İ qrup əlillər ailədə adambaşına 9 kvm və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər sayılırlar. Beləlik, işin araşdırılması nəticəsində Məhkəmə hesab edir ki, mübahisələndirilən sərəncam ləğv edilməli, iddiaçının ailə üzvləri ilə birlikdə mənzil növbəsinə bərpa olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalır. İddiaçının digər tələbi 12 avqust 2014-cü il tarixdən kirayə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, bu hissədə iddiaçının tələbi qismən əsaslıdır. Belə ki, ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə»Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 №-li 06.08.2012-ci il tarixli qərarının 1-ci və 2-ci bəndlərinə əsasən: 1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Məhkəmə qüvvədə olan normativ hüquqi aktın tələblərini rəhbər tutaraq, qeyd etmək istəyir ki, yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Yaşayış sahəsi və ya yaşayış sahəsi alana kimi kirayə haqqı yalnız o halda verilir ki, vətəndaşın mülkiyyətində hər hansı bir əmlak mövcud olmasın və vətəndaşın kirayədə yaşaması ilə bağlı müvafiq sənədlər olsun (kirayə müqaviləsi). İddiaçı 12 avqust 2014-cü ildən kirayə xərclərinin ödənilməsini tələb etsə də, iş materiallarına sübut qismində iddiaçının kirayədə yaşamasını təsdiq edən 30 aprel 2019-cu il tarixli kirayə müqaviləsinin surəti əlavə edilmişdir. Beləliklə, Məhkəmə hesab edir ki, cavabdeh orqan əsassız olaraq Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 172 nömrəli, 12.08.2014-cü il tarixli sərəncamını 27.09.2019-cu il tarixli 187 saylı sərəncamı ilə ləğv etdiyindən, hazırki mübahisənin araşdırması çərçivəsində Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 27.09.2019-cu il tarixli 187 saylı sərəncamı ləğv edilməli, iddiaçı ailə üzvləri ilə birlikdə hərbi qulluqçu kimi mənzil növbəsinə bərpa olunmalı və 30.04.2019-cu il tarixdən keçmiş müddət ərzində ödənilməyən kirayə xərcləri ödənilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının 187 №-li, 27.09.2019-cu il tarixli sərəncamı ləğv olunsun. İddiaçı və onun ailə üzvlərinin ehtiyyatda olan hərbi qulluqçuların mənzil növbəsinə bərpa olunması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilsin. 30.04.2019-cu il tarixdən ödənilməyən aylar üzrə kirayə xərclərinin ödənilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan, məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər.

Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar