Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1839/2024 25.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iştirakı ilə, İddiaçınun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “iş illəri sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin olunması” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1977-ci il tarixdən xx.xx.2005-ci il tarixədək işlədiyi bütün dövrlər əmək stajına əlavə edilməklə əmək kitabçasında və arayışlarda qeyd edilən 27 (iyirmi yeddi) il 2 ay 20 günlük sosial sığorta stajını nəzərə almaqla ona xx.xx.2023-cü il tarixdən başlayaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabvehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1960-cı il təvəllüdlü iddiaçı ali təhsillidir. 1978-1983-cü il tarixədək Azərbaycan Mühəndis İnşaat İnstitutunda tələbə olmuş və hidrotexnika-mühəndisi ixtisası üzrə həmin institutu bitirmişdir. 27 il 2 ay 20 gün əmək (sığorta) stajı vardır. Əmək stajı xx.xx.1977-xx.xx.1978-ci illərdə Azərbaycan Dövlət İdman İnstitutunda laborant, xx.xx.1978-xx.xx.1980-cı illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunun "Hidromeliorasiya” fakültəsində tələbə olmuş, xx.xx.1980-xx.xx.1981-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ‘'AzDövSuTəsLayihə” İnstitutunun 2 №li layihə şöbəsində texnik, xx.xx.1981-xx.xx.1997-ci illərdə Azərbaycan SSR X9 İstehsal-Texniki Təminat Komitəsi, Konstruktor-Texnoloji Bürosu, Hesablama şöbəsində mühəndis, xx.xx.1997- xx.xx.2001-ci illərdə X6 Xidmət və Təminat üzrə X2 müəssisədə mühəndis, xx.xx.2001-xx.xx.2005-ci illərdə Bakı Avropa Liseyində laborant işləmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçının 63 yaşı tamam olub və həmin tarixdən yasa görə pensiya hüququ vardır. Lakin iddiaçının yaşa görə əmək pensiyanı təyin etmək üçün rəsmi müraciətinə cavabdeh əsassız olaraq imtina qərarı vermişdir. İmtina məktubunda iddiaçının təqdim etdiyi sənədlərə əsasən sığorta stajının 5 il 2 ay 20 gün təşkil etdiyi, iddiaçının işlədiyi 27 il, 2 ay 20 gün stajından 22 ilini heç bir ağlabatan və qanuni əsas olmadan tanımaqdan imtina etmişdir. Daha sonra imtina məktubunda qeyd olunur: “Bildiririk ki, xx.xx.1981-ci il tarixindən xx.xx.1997-ci il tarixinədək Azərbaycan SSR X9 İstehscıl-Texniki təminat Komitəsinin “Konstruktor-texnoloji” bürosunda və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək X6 xidmət və təminat üzrə X2 müəssisəsində olan əmək fəaliyyəti dövrləriniz barədə təqdim etdiyiniz arayışlar möhürlə təsdiq edilmədiyi üçün və Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək X6 xidmət və təminat üzrə X2 müəssisənin hüquqi və faktiki ünvanı məlum olmadığı və arxiv sənədləri Dövlət Əmlak Komitəsinə təhvil verilmədiyi üçün sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb.” İddiaçı qeyd edir ki, onun əmək stajının ən mühüm hissəsi (16 il 17 gün) məhz xx.xx.1981-xx.xx.1997ci illərində Azərbaycan SSR X9 İstehsal-Texniki Təminat Komitəsinin Konstruktor-Texnoloji Bürosunun Hesablama şöbəsində mühəndis vəzifəsinin icra edilməsi ilə bağlıdır. Həmin vəzifəyə o,142K saylı xx.xx.1981-ci il tarixli əmrlə işə qəbul olunmuş və 265K saylı xx.xx.1997-ci il tarixli əmrlə həmin vəzifədən azad olunmuşdur. Müvafiq qeydlər də əmək kitabçasında əksini tapmışdır. Bir işçi olaraq iddiaçının həmin dövlət təşkilatında fəaliyyəti olmasaydı, nə əmək kitabçasında müvafiq qeydlər olardı, nə müvafiq arayışlar olardı, nə də ki, bu danılmaz faktı təsdiq edən şahidləri. Əgər bunları təkzib edən əks hallar və ya faktlar mövcuddursa, müvafiq dövlət orqanı bunu sübut etməli və imtinasını bununla əsaslandırmalı idi. Eynilə, iddiaçının xx.xx.1997-xx.xx.2001-ci illərdə (4 il 4 gün) Bakı şəhəri, 373250 Xırdalan qəsəbəsində yerləşmiş X6 Xidmət və Təminat üzrə X2 müəssisədə mühəndis vəzifəsində çalışması faktının da DSMF tərəfindən qəbul edilməməsi və bunun üçün iddiaçı ilə heç bir əlaqəsi və ya ondan asılılığı olmayan hallara istinad etməsi həqiqətən də böyük təəsüf və təəccüb doğurur. DSMF-in bu cür ədalətsiz yanaşması qanunvericiliyin təməl prinsiplərini kobudcasına pozur. Necə olur ki, sənəd üzərində qeydiyyata alınmış 22 illik fəaliyyət qanuni əmək stajından çıxarılır, rədd olunur, hansı sübutlar, hansı qanuni əsaslarla. İstər Milli Arxiv İdarəsi, istər Kənd Təsərrüfatı Nazirliyi, istər Dövlət Arxivi tərəfindən müvafiq çıxarışların, arayışların, məlumatların təqdim edilməsi tərəfindən sorğulandıqda cavab belə olmuşdur ki: ya müvafiq məlumatlar (sənədlər) arxivdə mühafizə olunmur və yaxud da müvafıq məlumatlar (sənədlər) arxivə dövlət mühafizəsinə verilməyibdir. Əlavə olaraq DSMF imtina məktubunda göstərir ki: “....xx.xx.1978-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək təhsil aldığınız illər xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünüz ilə üst-üstə düşdüyü üçün sözügedən dövrlərin sosial sığorta stajına təkrar daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Burda qeyd edilməlidir ki, staja daxil edilməli olan Azərbaycan Mühəndis İnşaat İnstitutunda təhsil müddəti məhz xx.xx.1978xx.xx.1980-ci illərə (2 (iki) il, 6 gün), yəni İnstitutun “Hidromeliorasiya” fakültəsində ilk iki kursunda təhsil aldığı müddətə aiddir (sonrakı xx.xx.1980-xx.xx.1983-cü illərdə təhsil müddəti xaric). Odur ki, həm xx.xx.1978-xx.xx.1980-ci illərdə İnstitutda təhsil aldığı müddət, həmçinin də 323 saylı Əmrə əsasən xx.xx.1980-xx.xx.1981-ci illərdə (10 ay 9 gün) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında “AzDövSuTəsLayihə” İnstitutu, 2 № layihə şöbəsində Texnik vəzifəsində çalışdığı dövr üst-üstə düşmədiyindən əmək stajına aid edilməli və toplanmalıdır (hər ikisi ardıcıl olaraq bir yerdə 2 (iki) il, 10 ay, 15 gün təşkil edir). Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə (etirazda) bildirilmişdir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. İddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona iş illərinin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmadığına görə müraciətin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Maddələrin məzmunundan da göründüyü kimi, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt — işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçisinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İş materiallarından aydın olur ki, iddiaçının mübahisəsiz sosial sığorta stajı 05 il 02 ay 20 gündür (xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyəti dövrü). Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixdən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Bildirilir ki, xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci il tarixədək Azərbaycan SSR X9 İstehsal-Texniki təminat Komitəsinin “Konstruktor-texnoloji bürosu”nda və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X6 xidmət və təminat üzrə X2 müəssisəsində olan əmək fəaliyyəti dövrlərinə dair təqdim etdiyi arayışlar möhürlə təsdiq edilməmişdir. Həmçinin Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X6 xidmət və təminat üzrə X2 müəssisənin hüquqi və faktiki ünvanı məlum olmadığı və arxiv sənədləri Dövlət Əmlak Komitəsinə təhvil verilmədiyi üçün həmin dövrü araşdırmaq mümkün olmamışdır. Qeyd olunan səbəblərdən xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər sığorta stajına daxil edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Qeyd olunan maddənin tələblərinə uyğun olaraq xx.xx.1978ci il tarixdən xx.xx.1983-cü il tarixədək təhsil aldığı illər xx.xx.1980-ci il tarixdən xx.xx.1981ci il tarixədək olan əmək fəaliyyəti dövrü ilə üst-üstə düşdüyü üçün sözügedən dövrlərdən biri sosial sığorta stajına daxil edilə bilər. Bildirilir ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əyani təhsil almağı barədə arayışı təqdim etdikdən sonra onun təhsil illəri sosial sığorta stajına daxil edilə bilər. Göründüyü kimi istər hazırda qüvvədə olan, istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Hazırki işlə əlaqədar müəssisənin MDSS üzrə hesabatları aşkarlanmadığından həmin illər sosial sığorta stajına daxil edilməmişdir. Bundan əlavə, hüquqi şəxslərin dövlət qeydiyyatının və reyestrinin həyata keçirilməsi əsaslarını müəyyən edən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı döviət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Sözügedən normaların dispoziyasından aydın olur ki, hüquqi şəxsin fəaliyyət göstərməsi üçün əsas şərt onun dövlət qeydiyyatından keçməsidir. Bu səbəblə, hüquqi şəxsin yaradılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edilməlidir. Əks halda, qanunvericiliyin tələblərini həyata keçirmədən yaradılan hüquqi şəxslərin fəaliyyəti qanuni hesab oluna bilməz. Beləliklə, iddiaçı G. Məmmədovanın yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən heç birini ödəmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat vermiş və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmənin əvvəlki iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, 1988-2007-ci illərdə Azərbaycan SSR X9 İstehsal-Texniki təminat Komitəsinin "Konstruktor-texnoloji bürosu”nda direktorun katibəsi vəzifəsində işləmişdir. Həmin dövrdə İddiaçı həmin müəssisədə mühəndis vəzifəsində çalışırdı. Məhkəmə əvvəlki iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, 1985-1992-ci illərdə Azərbaycan SSR X9 İstehsal-Texniki təminat Komitəsinin "Konstruktor-texnoloji bürosu”nda əvvəlcə mühasibat şöbəsində, sonradan isə texniki işçi kimi çalışıb. İddiaçı başqa şöbədə mühəndis vəzifəsində işləyirdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi barədə müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun məzmunda cavab verilmişdir. -Səbail RPİ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -İddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının dublikatının surətindən görünür ki, kitabçanın “İş haqqında məlumat” qrafasında “Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Avropa Liseyinə işə daxil olana qədər əlavə edilmiş arayışlara əsasən il, ay əmək stajı olmuşdur.” qeydi aparılmışdır. Əmək kitabçasında aparılmış digər qeydlərdən görünür ki, iddiaçı 09.19xx-xx.1978ci illərdə Azərbaycan Dövlət İdman İnstitutunda laborant işləmiş, 09.19xx-xx.1980-cı illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunun əyani şöbəsinin tələbəsi olmuş, xx.xx.1980-cı ilən xx.xx.1981-ci il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında ‘'AzDövSuTəsLayihə” İnstitutunun 2 №li layihə şöbəsində texnik, xx.xx.1981-ci ildən xx.xx.1997-ci illərdə Azərbaycan SSR X9 İstehsal-Texniki Təminat Komitəsi, Konstruktor- Texnoloji Bürosunun hesablama şöbəsində mühəndis, xx.xx.1997-xx.xx.2001-ci illərdə X6 Xidmət və Təminat üzrə X2 müəssisədə mühəndis, xx.xx.2001-xx.xx.2005-ci illərdə Bakı Avropa Liseyində laborant işləmişdir. İddiaçı təhsil illəri daxil olmaqla, o cümlədən əmək fəaliyyəti barədə müvafiq əmr qeydləri və həmin qeydlərin müəssisələrin məsul şəxsləri tərəfindən imza və möhürlə təsdiq edildiyi müəyyən edilməmişdir. -xx.xx.1983-cü il tarixli KB seriyalı 016241 №li diplomun surətindən görünür ki, İddiaçı 1978-ci ildə Azərbaycan Mehəndis İnşaat İnstitutuna daxil omuş, 1983-cü ildə həmin institutun “Çay qurğularının və su elektrik stansiyalarının hidrotexniki tikintisi” ixtisası üzrə tam kursu bitirmişdir. -Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il, 141u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Hidromeliorasiya” fakültəsinin “Çay qurğularının və su elektrik stansiyalarının hidrotexniki tikintisi” ixtisasının əyani şöbəsinə qəbul olmuşdur. xx.xx.1979-cu il, 115u/p saylı əmrlə həmin fakültənin əyani şöbəsindən qiyabi şöbəsinə keçmiş, xx.xx.1983-cü il, 200u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Hidromeliorasiya” fakültəsinin qiyabi şöbəsinin “Çay qurğularının və su elektrik stansiyalarının hidrotexniki tikintisi” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının qərarına əsasən ona “hidrotexnika-mühəndisi” ixtisası verilmişdir. Diplom: KB №016241, qeydiyyat № 172. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2000-ci il tarixli 693 saylı qərarına əsasən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun adı dəyişdirilib, Azərbaycan Memarlıq və İnşaat Universiteti olub. -Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən cavabdeh inzibati orqana ünvanlanan 31 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Arxiv Fonduna əsasən İddiaçı həqiqətən 1978-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunda (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) “Hidrotexnika mühəndisi” ixtisası üzrə qiyabi şöbəyə daxil olmuş və 1983-cü ildə tam kursu bitirmişdir. Ona 016241 №li diplom verilmişdir. -Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi X6 xidmət və təminat üzrə X2 müəssisəsi tərəfindən verildiyi bildirilən 01 nömrəli, xx.xx.2005-ci il tarixli müvafiq qaydada təsdiq edilməmiş arayışından görünür ki, İddiaçı həmin müəssisədə xx.xx.1997xx.xx.2001-ci il tarixlərdə mühəndis vəzifəsində işləmişdir. -Kənd Təsərrüfatı yanında Dövlət Meliorasiya və su X8 Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Layihə-Axtarış Birliyi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli Arayışdan görünür ki, İddiaçı həqiqətən “Azdövsutəsislayihə” İnstitutunda xx.xx.1980-cı ildən (Əmr №323/LS-xx.xx.1980) 2 №li Layihə Şöbəsinə Texniki vəzifəyə qəbul edilmişdir, xx.xx.1981-ci ildə (Əmr №263/LS-xx.xx.1981). -Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi X6 xidmət və təminat üzrə X2 müəssisənin direktoru F.Məmmədov tərəfindən imzalanan, möhürlə təsdiq olunmayan 14 iyun 2005-ci il tarixli 01№li Arayışdan görünür ki, İddiaçı həqiqətən X6 xidmət və təminat üzrə X2 müəssisədə xx.xx.1997-ci ildən xx.xx.2001-ci il tarixədək mühəndis vəzifəsində işləmişdir. -Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2001-ci il tarixli, 000414 qeydiyyat nömrəli şəhadətnamənin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən X6 xidmət və təminat üzrə t/h ixtisaslaşdırılmış müəssisə İddiaçı və digərlərinə satılmışdır. Məhkəmənin sorğusuna cavab olaraq verilmiş: -Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixi məktubundan görünür ki, dövlət reyestrində Azərbaycan SSR X9 İstehsal-Texniki Təminat Komitəsinin “Konstruktor- Texnoloji Bürosu”nun və X6 Xidmət və Təminat üzrə X2 Müəssisəsinin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. -Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Azərbaycan SSR X9 İstehsal-Texniki təminat Komitəsinin "Konstruktor-texnoloji bürosu”na dair məlumat mövcud deyildir. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X1 Bürosu 24 dekabr 1996-cı il tarixindən 23 noyabr 2007-ci il tarixinədək Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmuşdur. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində X6 xidmət və təminat üzrə X2 müəssisə 09 yanvar 1998-ci il tarixində statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. -Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan SSR X9 İstehsal-Texniki təminat Komitəsinin "Konstruktor-texnoloji bürosu”nun sənədləri arxivə dövlət mühafizəsinə təhvil verilməməsi səbəbindən İddiaçı barəsində məlumatların verilməsi imkan xaricindədir. -Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixi məktubundan görünür ki, X6 xidmət və təminat üzrə X2 müəssisə Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmiş, X9 İstehsal-Texniki Təminat Komitəsinin “Konstruktor-texnoloji bürosu” haqqında dövlət əmlakının Registrində məlumat qeydiyyata alınmamışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü iddiaçı ona 63 yaşı tamam olduğu tarixdən staj müddətinə daxil edilməyən əmək fəaliyyəti illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bu məqsədlə cavabdehə müraciəti təmin edilməmişdir. İddiaçının pensiya yaşına çatması və pensiya kapitalının yığılmaması tərəflər arasında mübahisələndirilmir. İddiaçı tələbinin əsası kimi əmək kitabçasının dublikatına, iş yerinin və təhsil müəssisəsinin arxiv arayışlarına istinad edir. Cavabdeh hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən ümumi stajı qanunla tələb olunan müddətdən (25 il) az- 05 il 02 ay 20 gün təşkil edir. İşin mübahisəli hallarına görə, cavabdeh iddiaçının əmək kitabçasının dublikatında qeydlər aparılmış Azərbaycan SSR X9 İstehsal-Texniki təminat Komitəsinin "Konstruktortexnoloji bürosu”ndakı xx.xx.1981-xx.xx.1997-ci il tarixədək (16 il, 17 gün) və X6 Xidmət və Təminat üzrə X2 Müəssisəsindəki xx.xx.1997-xx.xx.2001-ci il tarixədək (4 il 4 gün) əmək fəaliyyəti müddətini onun sığorta stajına daxil etməmişdir. Cavabdeh bu qənaətini iddiaçının təqdim etdiyi arayışların möhürlə təsdiq edilməməsi, o cümlədən işlədiyi müəssisələrin hüquqi və faktiki ünvanının məlum olmadığı və arxiv sənədlərinin təhvil verilməməsi, o cümlədən həmin dövrlər üzrə əmək kitabçasındakı qeydlərin mötəbərliyinə əsaslı şübhələr olması ilə əsaslandırmışdır. İddiaçı hazırkı ilə iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: -qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli Qərarı ilə təsdiq edilmiş və 2006-cı il 26 sentyabr tarixədək qüvvədə olmuş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində göstərilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixədək sığortaolunanın qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli ollması şərti diqqətə alındıqda əmək kitabçasındakı məlumatların mötəbərliyi şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən faktlara dair həqiqi vəziyyəti əks etdirməlidir. Lakin iş materiallarına əlavə edilmiş iddiaçının əmək kitabçasının dublikatındakı qeydlərin həqiqiliyi şübhə doğurur. Belə ki, kitabçanın “İş haqqında məlumat” qrafasında “Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Avropa Liseyinə işə daxil olana qədər əlavə edilmiş arayışlara əsasən il, ay əmək stajı olmuşdur.” qeydi aparılsa da, iddiaçının sonuncu iş yeri olan Bakı Avropa Liseyi tərəfindən sözügedən əmək kitabçasının dublikatının doldurulması üçün əsas olmuş sənədlərin təqdim olunması üçün məhkəmənin sorğusuna cavab olaraq yalnız həmin dublikatın təsdiq edilmiş surəti göndərilmişdir. Dublikatda iddiaçının "Konstruktortexnoloji bürosu”nda (xx.xx.1981-ci ildən xx.xx.1997-ci illər) işə daxil olma və işdən azad edilmə barədə əmrlərə istinad edilsə də, adıçəkilən müəssisəsinin sənədləri dövlət arxivinə təhvil verilmədiyindən həmin əmrlərin, yaxud iddiaçının əmək stajı dövrünü təsdiq edən digər sənədlərin əldə edilməsi mümkün olmamışdır. Belə olan halda dublikatda iddiaçının Azərbaycan SSR X9 İstehsal-Texniki təminat Komitəsinin "Konstruktor-texnoloji bürosu”ndakı əmək fəaliyyəti müddətinin hansı məlumatlar əsasında doldurulması sual doğurur. Məhkəmə razılaşır ki, müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi və həmin sənədlərin saxlanıldığı yerin məlum olmaması iddiaçının məsuliyyət sferasına aid deyil, bununla belə əmək kitabçasının dublikatının doldurulması ilə bağlı da qanunvericiliyin tələbləri mövcuddur. Belə ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 7.3-cü bəndinə əsasən, əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Məhkəmə həmçinin bildirir ki, mövcud pensiya qanunvericiliyi xx.xx.2006-cı ilə qədərki dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında göstərilməsi ilə kifayətlənməyi məqbul hesab etmir, eyni zamanda əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda iş illərinin dövlət arxivinin arayışları və sair sənədlər ilə də təsdiq olunması imkanını tanıyır. Bununla belə iddiaçı tərəfindən "Konstruktor-texnoloji bürosu”ndakı əmək fəaliyyətini təsdiq edən hər hansı dəlil təqdim edilməmiş, məhkəmə araşdırması ilə də hər hansı nəticə hasil olmamışdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, iddiaçı əmək stajının hesablanması ilə bağlı əmək kitabçasının dublikatına istinad etdiyindən və həmin dublikatdakı qeydlərin hansı sənədlər əsasında doldurulduğu barədə sübut təqdim olunmadığından yalnız şahid ifadələri ilə onun mübahisəli dövrlər üzrə əmək fəaliyyətinin təsdiq edilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Belə ki, yuxarıda istinad olunan “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinin 2-ci cümləsinə əsasən, əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. İddiaçının X6 Xidmət və Təminat üzrə X2 Müəssisəsindəki əmək fəaliyyəti dövrünə (xx.xx.1997-xx.xx.2001-ci illər) gəldikdə isə qeyd edilməlidir ki, əmək kitabçasının dublikatında iddiaçının nə işə daxil olması, nə də işdən azad olması ilə bağlı əmrlərə ümumiyyətlə istinad edilməmişdir. İddiaçının təqdim etdiyi və Bakı Avropa Liseyinə təqdim edilməsi üçün Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi X6 xidmət və təminat üzrə X2 müəssisəsi tərəfindən verildiyi bildirilən 01 nömrəli, xx.xx.2005-ci il tarixli arayış isə müvafiq qaydada təsdiq edilməmişdir. Halbuki, “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 25-ci bəndinin 2-ci abzasına əsasən, əmək fəaliyyətinin təsdiqi üçün təqdim olunan sənədlər vəzifəli şəxslər tərəfindən imza edilməli və möhürlə təsdiq olunmalıdır. Bu baxımdan, əmək kitabçasındakı göstərilən qeydləri və iş yerinin arayışını məhkəmə mötəbər sübut kimi qəbul etmir. İddiaçının xx.xx.1978-xx.xx.1980-ci illərdə ali təhsil dövrünün ilk iki kursunun stajına hesablanmaması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1.4-cü bəndinə görə, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən sosial sığorta stajı kimi nəzərə alınır. İş materiallarında olan təhsil müəssisəsinin arayışından görünür ki, iddiaçı xx.xx.1978-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “Hidromeliorasiya” fakültəsinin “Çay qurğularının və su elektrik stansiyalarının hidrotexniki tikintisi” ixtisasının əyani şöbəsinə qəbul olunmuş, xx.xx.1979-cu ildə həmin fakültənin əyani şöbəsindən qiyabi şöbəsinə keçmiş və xx.xx.1983-cü il tarixdə həmin fakültənin qiyabi şöbəsini bitirmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.1978-xx.xx.1979-cu illərdə əyani təhsil almışdır. Lakin həmin dövr onun staj dövrünə daxil edilsə belə, yenə pensiya təyin edilməsi üçün zəruri olan stajı toplanmır (5 il, 2 ay, 20 gün + 1 il 5 gün= 6 il, 2 ay, 25 gün). Beləliklə, aparılmış araşdırmanın nəticəsi olaraq məhkəmənin qənaəti belədir ki, iddiaçıya yaşa görə əmək pensiyasını təyin olunması üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olmadığından cavabdehin imtinası qanunsuz deyil. Odur ki, iddia təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsəsən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə bu qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır, odur ki, iddia təmin edilməməlidir. vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-1839/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1839/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver