Məhkəmə qərarları › İş №2-1(112)-184/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-184/2020

12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-184/2020 12.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, X4 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiya ödənilməsi barədə iddiası üzrə işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı cavabdeh təşkilatların səhlənkarlığı nəticəsində ona vurulmuş ******* manat mənəvi zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 20 avqust 1987-ci ildə Masallı rayonunun Təklə kəndində anadan olmuşdur. Anadan olarkən həkimlər və valideynləri cinsini qız kimi müəyyən edib, onu Masallı rayon Təklə kənd nümayəndəliyinin (o zaman kənd Sovetində) doğum akt qeydlərində X1 qeydə aldırıblar. 1987-1989-cu illər arasında o, hazırki 1 saylı Klinik Xəstəxanada (o vaxt ki Semaşko adına xəstəxana) əməliyyat olunmuş, əməliyyat zamanı onun yumurtalığından biri götürülüb. Uzun illər o, qadın kimi böyüdülmüşdür. Lakin, o, böyüdükcə onda kişi orqanizminə aid hormonlar inşikaf etmişdir. Bu onun ailəsi ilə, ətrafı ilə münasibətlərini ciddi problem yaşadırdı. Hətta, o dərəcədə, olmuşdur ki, onlar rayondan Bakıya köçməli olmuşlar. O, düşünürdü ki, germofraditdir. O, hazırda kişi kimi həyatını davam etdirir. Bu yaxınlarda məhkəməyə yeni cinsiyyətini təsdiq etmək üçün müraciət etdikdə, məhkəmə tərəfindən təyin edilmiş tibbi ekspertiza aşkar etmişdir ki, o, ümumiyyətlə əvvəldən qadın deyil, kişi olmuşdur. Lakin, Səhiyyənin əməkdaşları nə onun doğuşu zamanı, nə də onu körpəlikdə əmliyyat edərkən onun cinsini müəyyən edə bilməmişlər. Bu səbəbdən də, ömrünün 30 ilini cinsi haqqında yalnış təsəvvürlərlə yaşamışdır. Sənədləri ilə görünüşü arasında fərqlər onu daha pis vəziyyətdə qoyub. Dəfələrə ciddi sarsıntılar keçirib, intihar barədə düşünmüşdür. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəməyə iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edərək bildirmişdir ki, iddia ərizəsindən müəyyən edilir ki, İddiaçı səhiyyə işçilərinin gəldiyi nəticəni qanunsuz hesab edərək ona həm fiziki, həm də mənəvi ziyan vurulduğunu hesab edir və bu əsasda ona vurulmuş ziyana görə cavabdehlərdən öz xeyrinə ******* (bir milyon) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hesab edirlər ki, həmin iddia rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı səhiyyə işçilərinin onunla bağlı gəldiyi nəticəylə əlaqədar mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini də cavabdeh qismində müəyyən etmiş və iddia tələbini Səhiyyə Nazirliyi ilə yanaşı ona da yönəltmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin hüquqi əsası qismində Azərbaycan Respublikası Mülki Məcələsinin 1096.1 və 1097.1-ci maddələrini qeyd etmişdir. Həmin maddələrdə aşağıdakılar göstərilib: “1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1. Mülki hüquq pozuntusu dedikdə (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.” Yuxarıda qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, Maliyyə Nazirliyi ilə iddiaçı arasında heç bir hüquq münasibətləri mövcud deyil və Nazirlik tərəfindən şəxsə qarşı heç bir ziyan vurulmamışdır. Eyni zamanda İddiaçı ərizəsində həmin Məcəllənin 1100-cü maddəsinə də istinad edərək dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının və ya müvafiq bələdiyyənin ödəməli olmasını vurğulayır. Azərbaycan Respublikasının Mülki Məcələsinin 43.3-cü maddəsində qeyd olunur: “43.3. Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər”. Bu isə o deməkdir ki, Azərbaycan Respublikası adından çıxış edən orqan təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyildir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Eyni zamanda bildirirlər ki, Maliyyə Nazirliyi səhiyyə münasibətləri ilə bağlı hər hansı bir səlahiyyətə malik deyildir. Bu sahədə dövlət siyasətini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında” Əsasnamənin 8.5-ci bəndinə əsasən Səhiyyə Nazirliyi müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş dövlət nəzarətini, o cümlədən səlahiyyətləri daxilində dövlət səhiyyə sisteminə daxil olan qurumların fəaliyyətinə, tibb təhsilinə, tibb sahəsində elmi tədqiqat işlərinə rəhbərliyi və nəzarəti, uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə nəzarəti, qeyri-dövlət tibb müəssisələrinin fəaliyyətinə nəzarəti və dövlət sanitariya-epidemioloji nəzarətini həyata keçirir. Digər tərəfdən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh qismində çıxış etməsi əsassızdır. Nazirlik bu prosesdə üçüncü şəxs qismində çıxış edə bilər. İş materialları əssında bir daha sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun ühquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də, iddia mövcud qanunvericilin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq digər cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxıla bilər. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 saylı Qərarının 2.1-ci bəndində qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının hazırki iddia tələbinin İPM-nin 2.2-ci maddəsi ilə müəyyən edilən iddia növlərindən hər hansı birinə aid edilməsi və həmin Məcəllənin tələblərinə uyğun verilmiş və 35-ci maddəsinə müvafiq əsaslandırılmış iddia kimi qəbul edilməsi istisna olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa ididaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarında qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “Tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. İddia ərizəsinin məzmunundan görünür ki, hazırda iddiaçı həkim səhvi nəticəsində, yaşadığı yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba görə vurulmuş mənəvi ziyanın ona ödənilməsini tələb edir ki, bu tələbdə inzibati icraat qaydasında baxılmalı olan tələb olmayıb, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan tələbdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, hazırki iddia inzibati icraat qaydasında baxılmalı olan iddia tələbi olmadığından iddia mümkün sayılmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar