Məhkəmə qərarları › İş №2-1(112)-184/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-184/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-184/2024 14.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 3 saylı evin birinci mərtəbəsində yerləşən 2 otaqlı 38 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Daha sonra iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 3 saylı evin birinci mərtəbəsində yerləşən 2 otaqlı 38 saylı mənzildə özbaşına aparılmış yaşayış sahəsinin yenidən qurulmasının razılaşdırılması və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir.. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə müraciət etmiş və Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 3 saylı evi 38 saylı 2 otaqlı birinci mərtəbədə yerləşən mülkiyyətində olan mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə çevrilməsi barədə sərəncam qəbul etməsin xahiş etmişdir. Uzun müddət keçməsinə baxmayaraq cavabdeh qurumun nümayəndəsi tərəfindən xx.xx.2021-ci il tarixdə imzalanmış imtina məktubu xx.xx.2022-ci ildə barəsində inzibati xəta haqqında məsələ müzakirə olunacağı ilə bağlı cavabdeh tərəfindən dəvət olunarkən almışdır. Cavabdeh mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi xahişimi: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun layihənin, müvafiq rəylərin, Azərbaycan Respublikası FHN, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin lazımi icazələrinin olmaması əsasında təmin etməmişdir. İddiaçı cavabdehə müraciətində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3 saylı binanın 38 saylı mənzilində aparılması nəzərdə tutulan yenidənqurmanın rekonstruksiyanın nələrdən ibarət olduğunu təsdiq edən aşağıdakı sənədlər təqdim etmişdir: Çıxarışın surəti, Mənzilin Texniki Pasportu, "xxxx" MMC tərəfindən tərtib edilmiş lahiyə, xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası FHN tərəfindən təsdiqlənmiş məktub. Lakin təqdim olunan sənədlər cavabdehi qane etməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddia ərizəsində iddiaçı Əliyev X1 Rayon İcra Hakimiyyətinə müraciət edərək mülkiyyətində olan Lökbatan qəsəbəsi, 28 May küçəsi, 3 saylı evin 38 saylı 2 otaqlı mənzilin yaşayış sahəsindən qeyri- yaşayış sahəsinə keçirilməsi barədə xahiş etdiyini bildirmişdir. Cavabdeh tərəfindən müraciətə cavab olaraq bildirilmişdir ki, yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsi zamanı yenidənqurma (rekonstruksiya) işləri ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq layihə, müvafiq rəylər Azərbaycan Respublikasının Fövqaləladə Hallar nazirliyinin aidiyyəti qurumları və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən icazə təsdiq olunduqdan sonra müraciətinə bir daha baxılacaq. Lakin İddiaçı sənədləri alınmadan binanın birinci mərtəbəsində yerləşən mənzildə özbaşına rekonstruksiya işləri aparılmış, qəsəbənin mərkəzi yoluna açılan mənzilin iki pəncərəsini sökərək qapı açmış və ora metal jalüz qapılar qoymuşdur. Bakı Şəhər İcra Hakimiyyəti xx.xx.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura daxil olmuş xx.xx.2021-ci il tarixli, XO-xx-xx-2021-03837 nömrəli müraciəti baxılıb müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə baxılması üçün Cavabdehnə göndərmişdir. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin müraciətində monitorinq nəticəsində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi ünvanında 4 mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildən pəncərə oyuğunun genişləndirilməsi və digər pəncərə oyuğunun qapı ilə əvəz olunması faktının aşkarlanması və müvafiq tədbirin görülməsi xahiş olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.6-cı və 21.9-cu maddələrin tələblərini pozaraq özbaşına olaraq yenidənqurma və yenidən planlaşdırma və ya digər işlər aparmışdır. Məlumat üçün bildirirəm ki, qeyd olunan yaşayış binasının sahibi Qaradağ Rayon Mənzil- Kommunal Təsərrüfat Birliyidir və Birliyin 27 dekabr 2021 -ci il tarixli 1042 saylı xəbərdarlığına baxmayaraq İddiaçı rekonstruksiya işlərini dayandırmamışdır. Bununla əlaqədar Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinə və Qaradağ Rayon Polis İdarəsinə məktub ünvanlamışdır. Əlavə olaraq Qaradağ Azərbaycan Respublikası Qaradağ Rayon Məhkəməsinə 12 yanvar tarixli, 23 saylı iddia ərizəsi ilə müraciət edərək rekonstruksiya işlərinin dayandırılması, quraşdırılmış qapının sökülməsi, pəncərələrin bərpası, pəncərə alt divar hissəsinin tikilməsi, üzlük (aqlay) daşın vurulması və dəyən maddi ziyanın ödənilməsi tələbini qoymuşdur. Buna baxmayaraq iddiaçı xəbərdarlığa, iddiaya məhəl qoymadan öz işini davam etdirmişdir. Hazırda mülki iş rayon məhkəməsinin icraatındadır. Qaradağ Rayon MKTB yenidən məhkəməyə ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 158.1.2 maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında qərardad çıxarılmasının təmin edilməsi barədə xahiş etmişdir. Qaradağ Rayon Məhkəməsi ərizəni təmin etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə Mənzil Məcəlləsinin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınmaqla yol verilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək onun təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 38 saylı mənzilə İddiaçı mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********28-05101-093031 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən 38 saylı mənzil 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 42,20 kv.metrdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 2/95 nömrəli iddiaya dair yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı sənədləri alınmadan binanın birinci mərtəbəsində yerləşən mənzildə özbaşına rekonstruksiya işləri aparılmış, qəsəbənin mərkəzi yoluna açılan mənzilin iki pəncərəsini sökərək qapı açmış və ora metal jalüz qapılar qoymuşdur. İşdə olan Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, monitorinq nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi ünvanında 4 mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə pəncərə oyuğunun ölçülərinin genişləndirilməsinə və digər pəncərə oyuğunun qapı ilə əvəz edilməsinə cəhd edilməsi müşahidə olunmuşdur. İddiaçı hazırda məhkəməyə müraciət edərək ona məxsus mənzildə edilmiş yenidən qurmaların razılaşdırılmasını və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, 3 saylı evin birinci mərtəbəsində yerləşən 2 otaqlı 38 saylı mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı inzibati aktın qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən: - 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. - 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. - 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. - 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. - 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: - 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); - 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); - 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); - 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. - 21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. - 21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. - 21.7. Əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. - 21.8. Sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd həmin sənəddə nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin ərizəçi tərəfindən görülməsi üçün əsasdır. - 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. - 22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: - 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; - 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; - 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. - 22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. - 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. - 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. - 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir) və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. - 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. - 27.2. Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: - 27.2.1 Bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları (25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda) aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; - 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Göründüyü kimi, qanunverici yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qaydasını dəqiq tənzimləmiş, həm təqdim edilməli olan sənədləri, həm də keçirilmə qaydasını müəyyən etmişdir. İstinad olunan normalara əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün:

1. sahənin keçirilməsi haqqında ərizə, keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər, keçirilən yaşayış sahəsinin texniki pasportu yerli icra hakimiyyəti orqanına təqdim edilir.

2. orqan sənədlərin təqdim edildiyi gündən otuz gündən gec olmayaraq sahənin keçirilməsi haqqında qərar qəbul edir.

3. əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, həmin qərar sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır.

4. belə işlərin görülməsi tələb edilirsə, keçirilmə barədə qərar həmin qərarda nəzərdə tutulmuş müvafiq yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) siyahısı göstərilən digər işlərin görülməsi üçün əsas təşkil edir.

5. həmin işlərin başa çatması orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir və bu akt orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilir.

6. Əgər yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun deyildirsə, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina edilir. İşdən görünür ki, iddiaçı onun mülkiyyətində olan mənzildə müvafiq yenidən qurmalar edərək həmin yaşayış sahəsindən qeyri-yaşayış sahəsi kimi istifadə etmiş, cavabehə müraciəti isə bu keçirilmənin rəsmiləşdirilməsi məqsədi daşımışdır. Məhkəmə tərəfindən iddiaçı tərəfindən aparılmış yenidən qurma işlərinin və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin qanunla müəyyən edilmiş normalara uyğunluğunun müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(112)-5532/2022 nömrəli qərardadı ilə iş üzrə mühəndis-texniki ekspertizası təyin edilərək, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Həmin qərardadın icrası ilə bağlı Mərkəz tərəfindən xx.xx.2023-cü il tarixdə 10/441 nömrəli ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəydə göstərilmişdir ki, “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi, 3 saylı evin birinci mərtəbəsində yerləşən 2 otaqlı, 38 saylı mənzilə gedişgəliş layihə üzrə pilləkən qəfəsindən olduğunu nəzərə alaraq, həmin mənzilə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün deyildir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı tərəfindən qeyriyaşayış sahəsi kimi istifadə edilən sahənin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsi 38 saylı mənzilinin tərkib hissəsi olduğu müəyyən edilir. Tədqiq olunan 38 saylı mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə əsasən aparılmalıdır. Belə ki, (bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma və yenidənqurma işlərinin təşkili) sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə edəcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Azərdövləttikintikomun qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nəticəsi haqqında texniki rəy verməlidir. İddiaçı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən, 3 saylı evin, 38 saylı mənzilin qeyri- yaşayış sahəsinə keçirilməsi üçün aparılan yenidənqurma və (və ya) yenidən planlaşdırma işlərinə dair hər hansı icazə sənədi, memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri əks etdirən razılaşdırılmış layihə sənədi mövcud olmadığından, həmin mənzil üzrə aparılmış tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının və şəhərsalma norma qaydalarına uyğun olmadığı müəyyən edilir. İddiaçı tərəfindən qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün 38 saylı mənzildə aparılmış yenidənqurma və (və ya) yenidən planlaşdırma işləri qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozub-pozmamasının müəyyən olunması tikinti-texniki ekspertin səlahiyyətlərinə aid olmadığından, eləcə də hüquqi xarakterli olduğundan, bu məsələ üzrə tədqiqat aparılmadı. Eyni zamanda qeyd olunur ki, 38 saylı mənzildə aparılmış yenidənqurma və (və ya) yenidən planlaşdırma işləri qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradıb-yaratmamasını müəyyən edilməsi Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin müvafiq mütəxəssisləri tərəfindən mübahisəli mənzildə müayinə tədqiqat işləri aparıldıqdan sonra müəyyən oluna bilər. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən, 3 saylı evin, 38 saylı mənzili üzrə xarici yükdaşıyan divarda mövcud olan pəncərə yeri genişləndirilərək qapı boşluğu açıldığını nəzərə alaraq, binanın xarici görünüşünə dəyişilik edildiyi müəyyən edilmişdir. Eləcə də 38 saylı mənzildən qapı boşluğunun açılmasına dair hər hansı icazə sənədi olmadığından, həmin qapı boşluğunun açılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının və şəhərsalma norma qaydalarına uyğun olmadığı müəyyən edilir.” Göründüyü kimi, ekspert iddiaçının ona məxsus mənzildə həyata keçirdiyi yenidən qurmanın şəhərsalma norma qaydalarına uyğun olmadığını müəyyən etmişdir. Həmçinin işdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin 1xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim edilmiş ünvan 4 ünvanında İddiaçı məxsus yaşayış evinin texniki vəziyyəti haqqında xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, “Tikintidə X2 Agentliyinin "Azərinşaatlayihə” DBLKTlnin texniki şöbəsinin aparıcı mühəndisi Emil Zeynalov Tikintidə X2 Agentliyinin şifahi tapşırığına əsasən ünvan 4 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinə texniki baxış keçirdim. Yaşayış binası 1970-ci ildə inşa edilmişdir. Bina planda düzbucaqlı formada olub, 4 mərtəbəli, kürsülüdür. Kürsünün hündürlüyü 0.6 metrdir. Binanın divarları mişarlanmış əhəngdaşındandır. Mərtəbə örtük konstruksiyaları boşluqlu dəmir-beton panellərdən inşa olunmuşdur. Dam örtüyü yastı tipli yığma dəmirbeton panellərdən olub, üstü ruberoid materialı ilə örtülmüşdür. Yaşayış binasının birinci mərtəbəsində yerləşən, iki otaqlı mənzili geyri-yaşayış sahəsi kimi istifadə etmək məqsədi ilə daxildə arakəsmələrdə qapı boşluğunun yeri dəyişdirilmiş və xarici yükdaşıyan divarında mövcud pəncərə boşluğu genişləndirilərək qapı boşluğuna ( 1,9 x 2.5(h) m) çevrilmişdir. Mənzilin iki otağında döşməsi səviyyəsi dağıdılaraq 0,6 metr döşəmə səviyyəsindən aşağı salınmışdır. Hal-hazırda həmin mənzilə iki yerdən-həm mövcud pilləkən qəfəsəsindən və küçə tərəfdən açılmış yeni qapıdan giriş və çıxış vardır. Aparılmış söküntü və yenidən qurma işləri barədə razılaşdırma və digər texniki sənədlər təqdim olunmamışdır. Qeyri yaşayış sahəsinə çevrilmiş mənzilin yükdaşıyan və qoruyucu konstruksiyalarında aparılmış söküntü və yenidənqurma işləri tikinti normativ sənədlərin tələblərinə ziddir”. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının mülkiyyətində olan 38 saylı mənzildə qeyri-yaşayış sahəsi kimi istifadə etmık üçün həyata keçirdiyi yenidənqurmaların tikinti norma və qaydalarına uyğun olmadığı müəyyən edilmişdir. Belə olan halda aydındır ki, hazırkı iş üzrə Mənzil Məcəlləsinin 22.1.3-cü maddəsində nəzərdə tutulan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtinaya əsas olan hal mövcuddur. Bu isə hazırkı məzmunda iddia tələbinin təmin edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin olunmasın. İş üzrə 100 (bir yüz) manat məhkəmə ekspertizası xərci İddiaçı tutularaq dövlət büdcəsinə (X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar