Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1842/2022 14.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2018-ci il və xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X7 Mənzil Məişət Komissiyasının 29 sentyabr 2006-cı il tarixli iclasının 3 nömrəli qərarı ilə ona verilmiş Xəzər rayonu, Türkan bağ massivi ərazisində sektor 5, sıra 63, sahəsi 600 kv.m olan 504 nömrəli bağ sahəsi torpağının və həmin torpaq sahəsinin üzərindəki tikili üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş xx.xx.2018-ci il və xx.xx.2021-ci il tarixli məktublarda bildirmişdir ki, iddiaçının adı 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Bağ sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X7 Mənzil Məişət Komissiyasının 29 sentyabr 2006-cı il tarixli, 03 saylı qərarı ilə ona verilmiş Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin "Məhsul" bağçılıq yoldaşlığının Türkan bağ massivi ərazisində 5-ci sektor, 63-cü sırada yerləşən, sahəsi 600 (altı yüz) kv.m olan 504 nömrəli bağ sahəsinin torpağına və həmin torpaq sahəsinin üzərindəki tikililərə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən Kənd Təsərrüfatı Nazirliyinin "Məhsul" bağçılıq yoldaşlığının Türkan bağ massivi ərazisindəki 5-ci sektor, 63-cü sırada yerləşən 575 kv.metr sahəsi olan 504 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1999-cu il tarixdən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatında baş məsləhətçi vəzifəsində işləmişdir. Nazirlikdə işləyərkən bağ sahəsinə ehtiyacı olduğu üçün tələb olunan sənədləri toplayıb Azərbaycan Resspublikası Kənd Təsərrüfatı Nazirliyinin X7 Mənzil Məişət Komissiyasına müraciət etmiş, Komissiyasının 29 sentyabr 2006-cı il tarixli, 3 nömrəli iclas qərarına əsasən ona "Məhsul" bağçılıq yoldaşlığının Türkan bağ massivi ərazisində 5-ci sektor, 63-cü sırada olan 504 nömrəli bağ sahəsi verilmişdir. Üzvlüyə qəbul olunmaq üçün 100 manat bir dəfəlik üzvlük haqqı ödəmişdir. Qeyd olunan torpaq sahəsi Kənd Təsərrüfatı Nazirliyinin varisi olan X9 Komitəsinin rəhbərliyi və Həmkarlar təşkilatı tərəfindən 1989-cu il tarixdə X2 verilsə də, o, verilən torpaq sahəsindən 29 sentyabr 2006-cı il tarixə kimi heç vaxt istifadə etməmişdir. X4 tərəfindən üzərinə düşən öhdəliyi yerinə yetirməməsi onun "Məhsul" bağçılıq yoldaşlığının nizamnamə şərtlərinə əməl etməməsi, tərəfindən üzvlük haqqının ödənilməməsi, iş yeri və bağçılıq yoldaşlığı ilə əlaqəsinin kəsildiyi və ayrılmış torpaq sahəsinin istifadəsiz qoyduğunu nəzərə alaraq Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən Kənd Təsərrüfatı Nazirliyinin X7 Mənzil Məişət Komissiyasının qərarı ilə 29 sentyabr 2006-cı il tarixdə onun (X1) torpaqdan istifadə hüququna xitam verilmiş və Türkan bağ massivi ərazisindən 5-ci sektor, 6-cı sırada 600 kv.m torpaq sahəsi iddiaçıya verilmişdir. O, verilmiş torpaq sahəsinin üzərində ev tikərək ailə üzvləri ilə birlikdə yaşayır, həyətində bağ-bostan əkib istifadə edir. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, Azərbaycan SSR X9 Komitəsinin rəhbərliyi və həmkarlar ittifaqı komitəsinin 24 saylı xx.xx.1987-ci il tarixli protokoluna əsasən Azərbaycan SSR X9 Komitəsinin Məhsul bağçılıq yoldaşlığın üzvlərinin siyahısı təsdiq edilmiş və hər bir üzvə 600 kv.metr torpaq sahəsi ayrılması qərara alınmışdır. Bakı şəhər X6 İcraiyyət Komitəsinin xx.xx.1988-ci il tarixli 9/459 nömrəli qərarından görünür ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1987-ci il tarixli 176 nömrəli sərəncamına əsasən Azərbaycan SSR X9 Komitəsinin kollektiv bağçılıq təşkilatı üçün Türkan üzümçülük sovxozunun ərazisindən 35 ha torpaq sahəsi ayrılmışdır. Kənd Təsərrüfatı Nazirliyinin X7 Mənzil Məişət Komissiyasının xx.xx.2006-cı il tarixli, 3 nömrəli iclas protokolundan görünür ki, Nazirliyin “Məhsul” bağçılıq yoldaşlığının Türkan bağ massivində vaxtı ilə X9 Komitəsinin keçmiş əməkdaşlarına ayrılmış və uzun illər (20 il) istifadəsiz qalmış bağ sahələrindən DFGMMK-nın 1 saylı iclasının qərarı ilə torpaqdan istifadə hüququna xitam verilmiş keçmiş istifadəçilərə məxsus bağ sahələrindən hazırda Nazirlikdə çalışan, sahə ayrılması ilə əlaqədar ərizə vermiş və müvafiq sənədləri əlavə etmiş 1 saylı siyahıda adları qeyd edilən əməkdaşların hər birinə 600 kvadrat metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. Protokolun 1 saylı Əlavəsində “Məhsul” bağçılıq yoldaşlığa üzv qəbul edilməsi təklif edilən əməkdaşların siyahısında Ərzaq məhsullarının keyfiyyəti, standartlar və lisenziya şöbəsinin baş məsləhətçisi İddiaçı adı qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Məhsul” Bağçılıq Yoldaşlığının 504 nömrəli üzvlük biletindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixli iclas qərarına əsasən “Məhsul” Bağçılıq Yoldaşlığın üzvlüyünə qəbul olunmuş, ona “Məhsul” başçılıq yoldaşlığın Türkan bağ massivi ərazisindən 5-ci sektor, sıra 63, sahəsi 600 kv.metr olan 504 saylı bağ sahəsi ayrılmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il və xx.xx.2022-ci il məktublarından görünür ki, göstərilən torpaq sahəsi sənəd üzrə 600,0 kv.m olsa da, faktiki olaraq hasar daxili 568,0 kv.m təşkil edir. Bağ sahəsinin üzərində 2 (iki) mərtəbəli bağ evi (natamam vəziyyətdə) və həyətyanı sahədə sanitar qovşağı, talvar (natamam vəziyyətdə), köməkçi tikili (natamam vəziyyətdə) mövcuddur. Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən torpaq sahəsi “Məsul” b/y-nın bölgü sxeminə əsasən 504 saylı bağın ərazisidir. Bağ sahəsinin cənub tərəfindən 150,0 kv.m hissəsi və tikililərin bir hissəsi 35kv yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir (dənizdən 260 metr aralıdadır). Vahid elektron kadastr bazasına əsasən iddiaçı tərəfindən göstərilən faktiki sahə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağına yerləşmir. Həmçinin torpaq sahəsi Xəzər dənizindən təqribən 260-270 metr aralı yerləşməkdədir. İşdə olan xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, İddiaçı istifadəsində olan Türkan bağ massivində yerləşən 504 nömrəli bağ sahəsinin hüqumüəyyənedici sənəd üzrə ölçüsü ilə 0,06 ha, faktiki ölçüsü 0, 0575 ha-dır. Bağ sahəsinin sərhədləri mişar daşı ilə hasarlanmışdır, bağ sahəsində “A” 2 mərtəbəli natamam bağ evi, B natamam bağ evi (yalnız divarları hörülüb, 7 daş), sanitar qovşaq və talvar var. Bağ sahəsindən 8.1-11.7 m məsafədən yüksək gərginlikli elektrik xətti keçir (35 kv). Bağ sahəsinin ərazisinin bir hissəsi və “A” bağ evi mühafizəyə düşür. İddiaçı hazırda onun istifadəsinə verilmiş Türkan bağ massivi ərazisində yerləşən 504 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Eyni zamanda “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 732 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən müəyyən edilmişdir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin dördüncü hissəsində və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İşdən görünür ki, iddiaçı bağçılıq yoldaşlıq təsərrüfatının üzvlük kitabçasını və üzvlərin iclasının protokolundan çıxarışı təqdim etmişdir. Belə olan halda aydındır ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. Lakin işdən görünür ki, cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir:
1. iddiaçının adının İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmaması;
2. bağ sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi. Məhkəmə cavabdehin bu dəlillərini əsaslı hesab etmir. Belə ki, İdarənin arxivində bir neçə siyahı olsa da, həmin siyahılarda tarix göstərilmədiyindən, onların hansı tarixə aid olmasını müəyyən etmək mümkün deyildir. Məhkəmə tərəfindən iddiaçının iş yeri olan və “Məhsul” bağçılıq yoldaşlığın aid olduğu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə sorğu verilmiş, Nazirlik sorğuya cavab olaraq iddiaçıya torpaq sahəsinin ayrılması barədə xx.xx.2006-cı il tarixli protokolu, həmin protokola əlavə olunmuş siyahını məhkəməyə təqdim etmişdir, hansı ki, həmin siyahıda iddiaçının adı da göstərilmişdir. Digər tərəfən, Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1980-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İşçi və qulluqçuların bağçılıq yoldaşlığının nümunəvi nizamnamə”sinin 1-ci bəndinə əsasən bağçılıq yoldaşlıq müəssisə, idarə, təşkilatın yanında yoldaşlığa üzv olmaq istəyən 30 nəfərdən az olmayan şəxsdən təşkil edilir. Nizamnamənin 11-ci bəndinə əsasən bağçılıq yoldaşlığın üzvü 18 yaşına çatmış işçi və qulluqçular, habelə daha əvvəl həmin müəssisə, idarə və ya təşkilatda işləmiş pensiyaçılar ola bilər. Həm iddia ərizəsindən, həm də iddiaçıya torpaq sahəsinin ayrılması barədə xx.xx.2006-cı il tarixli qərardan görünür ki, DFGMMK-nın 1 saylı iclasının qərarı ilə X9 Komitəsinin keçmiş əməkdaşlarının onlara ayrılmış və uzun illər (20 il) istifadəsiz qalmış bağ sahələrindən istifadə hüququna xitam verilmiş, nəticədə həmin şəxslərə məxsus bağ sahələri həmin dövrdə Nazirlikdə çalışan, sahə ayrılması ilə əlaqədar ərizə vermiş və müvafiq sənədləri əlavə etmiş şəxslərə, o cümlədən iddiaçıya ayrılmışdır. Göründüyü kimi, iddiaçının adı cavabdehə təqdim edilmiş siyahılarda olmasa da, ona torpaq sahəsinin ayrılması barədə qərar müvafiq torpaqayırmanı həyata keçirən qurumun tabe olduğu inzibati orqanda olmuş, həmin qurum bu faktı qəbul etmişdir. Həmin sənədlərin arxivsaxlayıcı olan cavabdehə təqdim edilməməsi isə iddiaçının təqsiri hesab oluna və bununla bağlı məsuliyyət iddiaçıya aid edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi üzvlük kitabçası və üzvlərin iclasının protokolundan çıxarış “Məhsul” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olmuşdur. Cavadehin ikinci dəlilinə gəldikdə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən: - bənd 6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. - bənd 7. Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. - bənd 12. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; Göründüyü kimi, qanunverici elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin mülkiyyətə verilməsi ilə bağlı deyil, həmin torpaq sahəsində görülən işlərlə bağlı məhdudiyyətlər nəzərdə tutmuş, bu zaman həmin işlərin görülməsini şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığından asılı etmişdir. Bundan əlavə, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2018-ci il, xx.xx.2022-ci il tarixli məktublarından görünür ki, İddiaçı adına ayrılmış 504 saylı 0,06 ha bağ torpaq sahəsinin kənarından keçən "xxxx" ASC-yə məxsus 35 kV-luq YS “Türkan-1”- YS 407 elektrik hava xəttinin təhlükəsiz məsafədə yerləşməsi və istismarında çətinlik yaratmaması əsası ilə "xxxx" ASC bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına etiraz etməmişdir. Məktublarda həmçinin qeyd olunmuşdur ki, 35 kV-luq hava xətti, 35/6 kV-luq 406 və 407 nömrəli yarımstansiyaları əlaqələndirmək məqsədi ilə 1978-ci ildə istismara verilmişdir. 2010-cu ildə “Türkan-1” yarımstansiyası istismara verilmiş və göstərilən hava xətti “406-Türkan 1” və “Türkan 1-407” hava xətləri kimi adlandırılaraq sxemə daxil edilmişdir. İstinad olunan normaları və yuxarıda göstərilən məktubları nəzərə alan məhkəmə hesab edir ki, cavabdehin bu dəlili də iddiaçının ona ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas kimi qiymətləndirilə bilməz. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. Çünki qanunvericiliklə iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədin hüuquların dövlət qeydiyyatı üçün nəzərdə tutulması iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsindəki Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "Məhsul" bağçılıq yoldaşlığının Türkan bağ massivi ərazisində 5-ci sektor, 63-cü sırada yerləşən 575 kv.metr sahəsi olan 504 nömrəli bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova