Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1843/2021 13.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdhein nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı yeni məlumat vərəqinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh qurumda xidmət çəkdiyi dövr ərzində “Usta” məharət dərəcəsi və “xarici dil bilməyə” görə aldığı əlavələrin təminat xərcliyinə əlavə edilməklə bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına yeni məlumat vərəqəsinin göndərilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair tələb irəli sürmüşdür. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1979-cu ildən 2005-ci ilə qədər Dövlət Təhlükəsizliyi xidmətində müxtəlif vəzifələrdə qulluq etmişdir. Xidmət çəkdiyi dövr ərzində qüsursuz xidmətə görə “Usta” məharət dərəcəsinə yiyələnmiş və həmin dərəcəyə malik olduğundan onun vəzifə maaşına müəyyən miqdarda əlavələr hesablanmışdır. Bundan başqa,o, işlədiyi dövr ərzində xarici dil biliyimə görə də, maaşına əlavələr alırdı. Xidmət göstərdiyi dövr ərzində yuxarıda göstərilən əlavələri alsa da, sonradan onların heç biri onun xüsusi orqanlarda fəaliyyətinə görə “təminat xərcilyi”-nə daxil edilməmişdir. Halbuki, o, xidmət çəkdiyi dövr ərzində “Usta” məharət dərəcəsindən məhrum edilməmiş, o cümlədən xarici dil biliklərini də, itirməmişdir. Qeyd olunan əlavələrin onun “təminat xərcliyinə” əlavə edilməsi üçün o, 15.10.2019-cu il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etsə də, həmin xidmət tərəfindən onun ərizəsinə heç bir münasibət bildirilməmişdir. Həmçinin, 17.01.2020-ci il tarixdə vəkili tərəfindən onun “Usta” məharət dərəcəsi, “xarici dil biliyinə” görə əlavə ödənişlərdən məhrum edilmə səbəblərinin öyrənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu verilmiş, lakin, həmin sorğuya qeyd olunan məlumatların verilməsinin mümkün olmaması bildirilərək, cavab verilməmişdir. Bundan sonra, o, 18.02.2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ( keçmiş Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxlərlə iş Departamenti) müraciət edərək, “məharət dərəcəsi” və “xarici dil biliyi” ilə bağlı aldığı müavinətlərin pensiyasına əlavə edilməsi və pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizəsində qeyd olunan əlavələrin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən onlara göndərilən məlumat vərəqəsində əks olunmadığı üçün onun pensiyasının hesablanmasından imtina etmişdir. Beləliklə, Dövlət Təhlükəsizliyi Xidmətində xidmət keçdiyi dövr ərzində vəzifə maaşıına “məharət dərəcəsi” və “xarici dil biliyi” ilə bağlı əlavələr alsa da, hazırda həmin əlavələr onun pensiyasına əlavə edilərək hesablanmır. Buna səbəb isə cavabdeh tərəfindən pensiya təyin edən orqana təqdim olunan məlumat vərəqəsində qeyd olunan əlavələrin əks olunmamasıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraza əsasən, iddiaçı C. Bağırov 01 avqust 1979-cu ildən, 20 may 1998-ci ilə qədər hərbi xidmətdə olmuş və həmin dövr qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən pensiya təyin edilmişdir. İddiaçı C. Bağırov xidmət etdiyi dövr ərzində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 19 oktyabr 1992-ci il tarixli 562 və “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 17 fevral 1994-cü il tarixli 67 nömrəli qərarlarının tələbləri nəzərə alınaraq, müvafiq qaydada 01 iyun 1990-cı ildən 01 iyun 1992-ci ilə qədər xarici dil bilməyə görə vəzifə maaşına 10% və 09 mart 1997-ci ildən 20 may 1998-ci ilə qədər “usta” məharət dərəcəsinə görə vəzifə maaşına 35% əlavə ödənilmişdir. Lakin, həmin dövr qüvvədə olan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” qanunun 40-cı maddəsinə əsasən hərbi qulluqçulara və onların ailələrinə pensiya hərbi qulluqçuların təminat xərcliyindən hesablanır. Bu zaman onlara pensiya hesablanması üçün vəzifə maaşı, hərbi və xüsusi rütbəyə görə müvafiq maaşlar, xidmət illəri üçün əlavə faiz və ərzaq payı müqabilində verilən pul kompensasiyası nəzərə alınır. Eyni zamanda, bildirirlər ki, iddiaçı C. Bağırov 01 noyabr 1999-cu ildən yenidən hərbi xidmətə qəbul edilərkən ona təyin olunmuş pensiya dayandırılmışdır. 26 fevral 2005-ci il tarixində “Hərbi xidmətkeçəmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” yarımbəndi (yaşa görə) ilə müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hərbi xidmətdən ehtiyata buraxıldığı günə (26 fevral 2005-ci il) təminat xərcliyi vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə 90% əlavədən və ərzaq payı əvəzinə verilən pul kompensasiyasından ibarət olmuşdur. Belə ki, iddiaçı C. Bağırov ehtiyata buraxılarkən onun pensiya təminatı “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmişdir. Həmin Qanununun 20.3-cü maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zaman onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır. Təminat xərcliyi (pul təminatı) dedikdə isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür. Belə ki, müvafiq strukturun sorğularına cavabı əsasında müəyyən edilmişdir ki, iddiaçının təminat xərcliyi vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından ibarət olmuşdur. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı 01 avqust 1979-cu ildən, 20 may 1998-ci ilə qədər cavabdeh qurumda hərbi xidmətdə olmuşdur. İddiaçı C. Bağırova xidmət etdiyi dövr ərzində “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” 19 oktyabr 1992ci il tarixli 562 və “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” 17 fevral 1994-cü il tarixli 67 nömrəli qərarlarının tələbləri nəzərə alınaraq, müvafiq qaydada 01 iyun 1990-cı ildən 01 iyun 1992-ci ilə qədər xarici dil bilməyə görə vəzifə maşına 10% və 09 mart 1997-ci ildən 20 may 1998-ci ilə qədər “usta” məharət dərəcəsinə görə vəzifə maaşına 35% əlavə ödənilmişdir. O, 01 yanvar 1999-cu ildən yenidən hərbi xidmətə qəbul edilərkən ona təyin olunmuş pensiya dayandırılmış, 26 fevral 2005-cı il tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” yarımbəndi (yaşa görə) ilə müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı hərbi xidmətdən ehtiyata buraxıldığı günə təminat xərcliyi vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə 90% əlavədən və ərzaq payı əvəzinə verilən pul kompensasiyasından ibarət olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı sonuncu dəfə cavabdeh qurumdan 26 fevral 2005-ci il tarixdə xidmətdən buraxılsa da, konstitusion normanın müddəalarına əsasən onun xidmətdən buraxıldığı vaxtdan sonra qüvvədə olan qanunvericiliklə iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran normalar geriyə tətbiq edilməlidir, iddiaçı xidmət etdiyi dövrdə xarici dil (ingilis dili) bilməyə görə aylıq vəzifə maaşına 10% əlavə və usta məharət dərəcəsinə görə aylıq vəzifə maaşına 35 % əlavə aldığına görə həmin əlavə nəzərə alınmaqla yenidən hesablanma üçün yeni məlumat vərəqinin verilməsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi əsaslıdır. İddiaçının hərbi xidmətdən buraxıldığı, dövrdən sonra qüvvəyə minmiş yüngülləşdirici norma olan 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın müvafiq müddəaları nəzərə alınmaqla, iddiaçıya pensiya hesablanması üçün Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməli olan “Məlumat vərəqəsində” xarici dil (ingilis dili) bilməyə görə aylıq vəzifə maaşına 10% əlavə və usta məharət dərəcəsinə görə aylıq vəzifə maaşına 35 % əlavə nəzərə alınmalıdır. 03 avqust 2004-cü il tarixdən qüvvəyə minmiş “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.3-cü maddəsinə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası qanununa və bu qanuna uyğun pensiya hüququna malik olan kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularına pensiya təyin edilən zamanı onların xidmətdən tərxis olunan günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda bütün növ pul təminatı (ərzaq payı əvəzinə verilən pul kompensiyasından başqa digər növ kompensasiya, birdəfəlik ödəmələr, müavinətlər, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 fevral 1994-cü il tarixli, 67 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifələrinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Qərarının 1-ci maddəsinə əsasən usta məharət (ali ixtisas) dərəcəsi olan zabit və rəis heyətlərinin məharət (tibbi hərbi qulluqçularının isə ixtisas) dərəcəsinə görə aylıq vəzifə maaşına 35 faiz məbləğlərində əlavələr müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. 01.07.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlarda nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən , ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı “Usta” məharət dərəcəsi və “xarici dil bilməyə” görə aldığı əlavələrin onun təminat xərcliyinə əlavə edilməklə bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərə Təyinat üzrə Mərkəzi Filialına yeni məlumat vərəqəsinin göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1843/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1843/2021
13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver