Məhkəmə qərarları › İş №2-1(112)-1843/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1843/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1843/2023 06.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “şəxsiyyət vəsiqəsinin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, 2021-ci ilin dekabr ayında ailə qurmaq məqsədiylə Azərbaycana gəlmişdir və xx.xx.2022-ci ildə X5 ilə rəsmi nikaha daxil olmuşdur. Daha sonra Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidmətinin 23 fevral 2022-ci il tarixli, ******* nömrəli qərarı əsasında İddiaçı vətəndaşlıq mənsubiyyəti tanınmışdır. İddiaçı qeyd edir ki, o, azərbaycanlıdır, ata və anası da azərbaycanlıdır. Hətta anası hal-hazırda Azərbaycan vətəndaşıdır. Şəxsiyyət vəsiqəsi olmadığı üçün ölkə ərazisində hərəkəti məhdudlaşmışdır. Nə səhhəti ilə bağlı xəstəxanalara, nə ictimai iaşə obyektlərinə, nə digər digər hüquqlarından sərbəst formada istifadə edə bilmir. Ardıcıl olaraq, xx.xx.2022-ci il tarixdə şəxsiyyət vəsiqəsinin alınması üçün müvafiq sənədlərlə birlikdə 4 saylı Asan Xidmət mərkəzinin “şəxsiyyət vəsiqlərin verilməsi və dəyişdirilməsi bölməsinə” müraciət etmişdir. Müraciət edərkən qanunvericiliyə uyğun olaraq tələb olunan bütün sənədlər verilmiş, fotoşəkli çəkilmiş, barmaq izləri götürülmüşdür. Həmən gün prosedurlar bitdikdən sonra məlumat verilmişdir ki, xx.xx.2022-ci il tarixində vəsiqəsini təhvil almaq üçün yaxınlaşa bilər. Qeyd edilən tarixdə yaxınlaşdıqda isə, hazır olmadığı bildirilmiş və bu günədək verilməmişdir. Artıq 4 aydan çoxdur ki, nə şəxsiyyət vəsiqəsi verilmir, nə də verilməməsinin səbəbləri barədə əsaslandırılmış rəsmi imtina verilmir. Bununla bağlı iddiaçı cavabdehə müraciət etmiş, 4 saylı ASAN Xidmət tərəfindən ərizə müvafiq olaraq Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə göndərilmişdir. Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi tərəfindən xx.xx.2022-ci il tarixli 018-152562-3222 nömrəli cavab məktubu göndərilmiş və həmin məktubda “zəruri yoxlamalar başa çatdıqdan sonra vəsatətin təmin edilməsi məsələsinə baxılması” qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 27 iyul 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı ilk dəfə şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməsi ilə bağlı ərizəsi xx.xx.2022-ci il tarixdə Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan 4 saylı “ASAN xidmət” mərkəzi üzrə regional qrup tərəfindən qəbul edilmiş və zəruri yoxlamalar başa çatdıqdan sonra vəsatətinin təmin edilməsi məsələsinə baxılacağı bildirilmişdir. -4 saylı Bakı “ASAN Xidmət” X4 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ № 483296 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü X5 ilə xx.xx.1997-ci il təvəllüdlü İddiaçı nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra arvada “Əhədova” soyadı verilmişdir. -Rusiya Federasiyası Noyabrsk şəhər administrasiyasının VVAQ şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin tərcümə edilmiş notarial təsdiqli surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdə Rusiya, Yamalo- Nenets muxtar dairəsi, Noyabrsk şəhərində anadan olmuşdur. Atası- X6, milliyyətiazərbaycanlı, anası- X3, milliyəti- azərbaycanlıdır. -Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə 81015256 № bildirişdən görünür ki, İddiaçı ünvan 1 ünvanda Nüşabə Əsədovaya məxsus mənzilə qeydiyyata alınmışdır. -“Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərarın təsdiq edilmiş surətindən görünür ki, 05 yanvar 1997-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. -Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının “Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli Qərar ləğv edilməmiş, yaxud dəyişdirilməmişdir. -Cavabdeh AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, vətəndaşlara pasportların və şəxsiyyət vəsiqələrinin verilməsinin, yaşayış və olduğu yer üzrə qeydiyyat işinin və bu məsələlərə dair mərkəzləşdirilmiş uçot sisteminin təşkil edilməsi vəzifəsi; eləcə də yaşayış yeri və olduğu yer üzrə qeydiyyat qaydalarına riayət olunmasına nəzarətin həyata keçirilməsinin təmin edilməsi hüququ qismində Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli, 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi haqqında Əsasnamə”nin 3.1.10-cu və 4.1.8-ci yarımbəndləri ilə müəyyən edilmiş Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin səlahiyyətləri DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi, ərazi polis orqanlarının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətləri tərəfindən həyata keçirilir. -AR DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhəkəmənin sorğularına cavab olaraq verdiyi xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli məktublarda bildirilmişdir ki, İddiaçı Rasimovanın ilk dəfə şəxsiyyət vəsiqəsi almaq barədə ərizəsi zəruri yoxlamalar başa çatdıqdan sonra vəsatətinin təmin edilməsi məsələsinə baxılacaqdır. İşin faktiki hallarından müəyyən edilir ki, AR Dövlət Miqrasiya Xidmətinin 23 fevral 2022-ci il tarixli, ******* nömrəli qərarı əsasında İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. İddiaçı şəxsiyyət vəsiqəsinin təmin edilməsi ilə bağlı müvafiq sənədlərlə birlikdə 4 saylı Asan Xidmət mərkəzinin “şəxsiyyət vəsiqələrin verilməsi və dəyişdirilməsi bölməsi”nə müraciət etmiş, lakin sonuncu tərəfindən şəxsiyyət vəsiqəsi ilə təmin edilmədiyindən cavabdeh Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət etmiş, sonuncu tərəfindən zəruri yoxlamalar başa çatdıqdan sonra vəsatətinin təmin edilməsi məsələsinə baxılacağı məzmunda cavab verilərək iddiaçının müraciəti uzun müddət təmin edilməmişdir. Bununla əlaqədar iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın əsaslı olduğunu hesab edir və gəldiyi nəticə ilə bağlı aşağıda qeyd olunanları bildirir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İİ hissəsində göstərilir ki, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının 30 sentyabr 1998-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 6-cı maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənəddir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, şəxsiyyət vəsiqəsindən həmin dövlətlərdə də vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə onun ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər. Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul edildikdən sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır. 15 yaşı tamam olmamış Azərbaycan Respublikasının vətəndaşı şəxsiyyət vəsiqəsini onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin (bundan sonra – qanuni nümayəndəsinin), habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti əsasında almaq hüququna malikdir. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, bu Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin ərizəsi, və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciətindən ən geci 10 gün keçənədək verilir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsi üçün zəruri olan sənədlərin X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər vətəndaşdan tələb edilmir. Belə sənədlərin X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. Şəxsiyyət vəsiqəsi on illik müddətə, 55 yaşı tamam olmuş şəxslərə isə qeyri-məhdud müddətə verilir. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.2-ci maddəsinə əsasən, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi, 2.2-1. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun qanuni nümayəndəsinin, habelə qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin müraciəti ilə bu Əsasnamənin 2.2-ci və 2.23-cü bəndlərində nəzərdə tutulmuş sənədlər əsasında həyata keçirilir. 2.2-2. 15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi üçün vətəndaşın əl-barmaq izləri götürülmür, həmçinin gözlərinin rəngi və boyu haqqında tibbi arayış tələb olunmur. 2.2-3. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir. 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Həmin Əsasnamənin 2.5-ci bəndinə əsasən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirmək zərurəti yarandıqda, vəsiqə verən orqan şəxsin bu Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulan sənədlərinin surətlərini və "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatı barədə məlumatları təsdiq edən rəsmi sənədini (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə) araşdırılmaq üçün dərhal Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərməlidir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həmin sənədlərə 10 gün müddətində baxaraq vəsiqə verən orqana şəxsin Azərbaycan Respublikasının vətəndaşı sayılıb-sayılmaması barədə yazılı cavab verir. Şəxs Azərbaycan Respublikasının vətəndaşı sayıldıqda, ona bu Əsasnamə ilə müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsi verilir (şəxsiyyət vəsiqəsinin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlər Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin cavab məktubu vəsiqə verən orqana daxil olduğu andan hesablanır). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində (www.mia.gov.az) yerləşdirilmiş “struktur qurumlar” bölməsindən görünür ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsini, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı, həmçinin bu məsələlərə dair mərkəzləşmiş uçot işini, qanunsuz miqrasiyanın profilaktikasını təşkil edən struktur qurumudur. İstinad olunan qanunvericilik müddəalarından məlum oldu ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi almalı olduğu məcburi göstərişlə şərtləndirilmiş, şəxsiyyət vəsiqəsi verilməsi üçün tələb olunan sənədlər, habelə müraciət edilmə qaydası dəqiq müəyyən edilməklə bu vəsiqənin müraciət edilmə tarixindən sonra ən geci 10 gün müddət ərzində verilməli olduğu təsbit edilmişdir. Hazırkı mübahisədə iddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan və ilk dəfə şəxsiyyət vəsiqəsi ilə təmin olunmaq məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmiş şəxsdir. Azərbaycan Respublikası vətəndaşı sayılmış şəxsə isə yuxarıda istinad olunan Əsasnamə ilə müəyyən edilmiş qaydada şəxsiyyət vəsiqəsi verilməlidir. Lakin iddiaçının şəxsiyyət vəsiqəsi verilməsi ilə bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmiş, nə inzibati icraat dövründə, nə də məhkəmə araşdırması dövründə imtinaya səbəb olan hallar əsaslandırılmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının müraciətindən sonra ona qanunvericilikdə nəzərdə tutulmuş müddətdə şəxsiyyət vəsiqəsi verilmədiyindən və cavabdeh qurum tərəfindən imtinasının əsasını təşkil edən hallar barədə məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, məhkəmə araşdırması ilə də cavabdehin imtinası üçün hüquqi əsaslar müəyyən olunmadığından iddia təmin edilməlidir. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2-ci maddə). Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı şəxsiyyət vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar