Məhkəmə qərarları › İş №2-1(112)-1844/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1844/2023

30.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1844/2023 30.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “Ziyil Arxı” firmasının cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı “qeyri-yaşayış binasına tikinti kodunun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı “Ziyil Arxı” firması (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti 2270-77-ci məhəllədə (Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 216 ünvanında) yerləşən avtomobillərə texniki xidmət məntəqəsinə tikinti kodunun verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, MİHO/2.1-2-2022-3198 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Nizami Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2004-cü il tarixli 04 nömrəli sərəncamla obyektin 600,0 kv.m torpaq sahəsində tikilməsinə icazə verildiyi halda, obyektin tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsində tikintialtı sahə 808,8 kv.m göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın 3.1.1-ci yarımbəndində əsasən əlavə tikinti işlərinin aparılması ilə əlaqədar tikintiyə icazə sənədinin surəti Komitəyə təqdim edildikdən sonra müraciətə yenidən baxılacaqdır. İddiaçı bundan sonra cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti 216 ünvanında yerləşən qeyri-yaşayış binasına tikinti kodunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı bütün sənədləri cavabdehə təqdim etmişdir. Qeyri-yaşayış binası Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti 216 ünvanında yerləşir və hal-hazırda öz yerindədir. Həmin binaya tikinti kodunun verilməsi vəzifəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulmalıdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda qeyd olunlara istinad edərək iddia tələbinin təmin edilməməsini xahiş etmiş və həmçinin bildirmişdir ki, Nizami Rayon icra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 04 nömrəli sərəncamı ilə "Ziyil Arxı” firması tərəfindən Bakı şəhəri. Nizami rayonu, Babək prospekti, 2270-77-ci məhəllə ünvanında yerləşən avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi başa çatdırılmışdır. Sözügedən avtomobillərə texniki xidmət məntəqəsinə tikinti kodu verilməsinə dair Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edilmiş, lakin qanunla müəyyən edilmiş sənədlər təqdim edilmədiyindən Komitə tərəfindən kodun verilməsinə imtina verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayədəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia obyektə tikinti kodunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhər Nizami Rayonu İcra Hakimiyyətinin 04 nömrəli, xx.xx.2004-cü il tarixli sərəncamından görünür ki, “Ziyil Arxı” kiçik müəssisəsinə Babək prospektinin 2270-77-ci məhəlləsində avtomobillərə texniki xidmət məntəqəsinin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmış, Ziyil Arxı” kiçik müəssisəsinə tikinti işlərinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq aparması tapşırılmışdır. Sərəncama məntəqənin eskiz layihəsi əlavə edilmiş, layihə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2003-cü il tarixli, 18/03-8/4391 saylı məktubu ilə razılaşdırılmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli, Ö/002704 nömrəli X2 görünür ki, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə (Babək prospekti 36E) 1 səviyyə zirzəmili, 3 mərtəbəli qeyri-yaşayış binasına dövlət nəzarəti həyata keçirilmiş, akta əsasən binanın ümumi sahəsi 2897,6 kv.metr, tikintialtı sahəsi 808.8 kv.metr təşkil etmiş, binanın tikintisi xx.xx.2004-cü ildə başlamış, xx.xx.2005-ci il tarixdə başa çatmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 11258 nömrəli icarə müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 216 ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 879.1 kv.m torpaq sahəsini “Ziyil Arxı” firmasının istifadəsinə vermişdir. Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, “Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 216 ünvanında yerləşən 0.0879 ha torpaq sahəsinə dair Ziyil Arxı” firmasının icarə hüququ xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, 24924/14613 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə ( Babək prospekti 36E) avtomobillərə texniki xidmət məntəqəsinin işçi layihəsi qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə uyğun hesab edilmişdir. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət X4 Qrupunun xx.xx.2019-cu il tarixli, 957 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2270-77-ci məhəllədə (Babək prospekti 36E) “Ziyil Arxı” firması tərəfindən inşa edilmiş avtomobillərə texniki xidmət məntəqəsinin təyinatı dəyişdirilməmək şərtilə yükdaşıyan konstruksiyalarının möhkəmlik və dayanıqlıq baxımından istismara yararlı olması barədə qərar qəbul edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi ünvan reyestrindən arayışdan görünür ki, “Ziyil Arxı” firmasına məxsus qeyri-yaşayış binasının ünvanı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti, 216 kimi müəyyən edilmişdir. İddiaçı hazırda Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Babək prospekti 216 ünvanında yerləşən bu qeyri-yaşayış binasına tikinti kodunun verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”na əsasən: - 1.1. Tikintilərin Dövlət reyestrinə (bundan sonra - Reyestr) daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları (bundan sonra – Qaydalar) “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.26-cı yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olmaqla, Reyestrə daxil edilən məlumatların tərkibini, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması qaydalarını tənzimləyir. - 1.4. Reyestrin aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən büdcə vəsaiti hesabına həyata keçirilir. - 2.1. Reyestrin aparılmasında məqsəd – yerli icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Mənzil X3 sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentlik və ya bələdiyyə tərəfindən nəzərdə tutulmuş qadağa və məhdudiyyətləri, tikilən, istismar edilən və sökülən tikintiləri qeydə almaqla, onların istifadəsi, planlaşdırılmasına dair dövlət orqanlarını və bələdiyyələri, hüquqi və fiziki şəxsləri müvafiq məlumatlarla təmin etməkdən ibarətdir. - 3.1. Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır: 3.1.1. tikintiyə icazə verən orqan (qurum) tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən: 3.1.1.1. obyektin tikintisinə icazənin surəti; 3.1.1.2. sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 3.1.1.3. tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması; 3.1.1.4. tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi; 3.1.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri, yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (koordinatlar bu Qaydaların 3.1.1.2-ci yarımbəndində nəzərdə tutulan sənədlərdə göstərilmədiyi hallarda), situasiya planı və təyinatı barədə məlumat; 3.1.1.6. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi. - 4.2. Tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir və bu barədə bu Qaydalara Əlavədə göstərilən Şəhadətnamə məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) göndərilir. Kağız və elektron daşıyıcılarda qeydə alınmış göstəricilər bir-birinə uyğun olmalıdır. Fərq aşkar edilərsə, kağız üzərində olan yazılara üstünlük verilir. Reyestrə daxil edilmiş tikinti obyektlərinə dair sənəd və məlumatlar qovluqlarda saxlanılır. Gələcəkdə həmin tikintilərdə müvafiq dəyişikliklər edilməsi barədə məlumat daxil olduqda həmin məlumatlar aidiyyəti qovluqlara əlavə olunur və rəhbərin yazılı göstərişi əsasında Reyestrdə müvafiq dəyişikliklər aparılır. - 4.4. Reyestrin yaranmasından əvvəl tikintisinə başlanılmış, lakin istismarına icazə verilməmiş tikinti obyektlərinə dair bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulan məlumat və sənədlər yerli icra hakimiyyəti orqanı və ya sifarişçi tərəfindən Reyestrə təqdim edilir və tikinti obyektinə kod verilir. İstinad olunan normalardan görünür ki, Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatlar ilkin mərhələdə, yəni tikintiyə başlayarkən tikintiyə icazə verən orqan, tikinti başa çatdıqdan sonra isə istismara icazə verən orqan tərəfindən Reyestrə təqdim edilir. Qaydalara əsasən əgər obyekt tikintisinə reyestrin yaranmasından əvvəl başlanılmış, lakin istismarına icazə verilməmiş obyektdirsə, onda həmin tikinti ilə bağlı məlumatlar habelə sifarişçi tərəfindən Reyestrə təqdim edilə, nəticədə tikinti obyektinə kod verilə bilər. İşin yuxarıda qeyd olunan hallarından məlum olur ki, hazırkı mübahisəli obyekt reyestrin yaranmasından əvvəl, yəni 2005-ci ildə tikilmiş və hazırkı tarixədək istismarına icazə verilməmişdir. İşdən görünür ki, iddiaçının hazırkı iddianı qaldırmaqda məqsədi də son nəticədə obyektin istismarına icazə verilməsinə nail olmaqdır. Qaydalardan görünür ki, reyestrə daxil edilməli ilkin sənəd və məlumatlar obyektin tikintisinə icazənin surəti və tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsidir. İşdən görünür ki, 2003-cü ildə 600 kv.metr torpaq sahəsində yerləşən mübahisəli obyektin layihəsi Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmış və Nizami Rayon İcra Hakimiyyəti də məhz həmin ölçüdə obyektin tikintisinə icazə verilməsi məqsədilə iddiaçıya 600 kv.metr torpaq sahəsi ayırmışdır. İşdən məlum olur ki, iddiaçı sonradan həmin ərazidə tikintialtı sahəsi 808.8 kv.metr təşkil edən tikinti obyekti inşa etsə də, əlavə inşa etdiyi sahə ilə bağlı tikintiyə icazəni və razılaşdırılmış layihəni cavabdehə təqdim etməmişdir. Qaydaların 4.3-cü bəndinə əsasən həmin Qaydaların 3.1.1-ci yarımbəndində qeyd olunan sənəd və məlumatlar tam tərkibdə Reyestrə təqdim edilmədikdə, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 (üç) iş günü müddətində məlumatları təqdim etmiş tikintiyə icazə verən orqana (quruma) əsaslandırılmış imtina məktubu göndərilir. Tikintiyə icazə verən orqan (qurum) çatışmayan sənəd və məlumatları imtina məktubunu aldığı tarixdən 5 (beş) iş günü müddətində Reyestrə təqdim edir. Məhkəmə hazırkı halda iddiaçının Qaydaların 3.1.1-ci yarımbəndinə əsasən təqdim etdiyi sənədlərdəki məlumatlarla tikinti obyektinin faktiki vəziyyəti arasında fərq (uyğunsuzluq) olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh mübahisəli tikinti obyektini Reyestrdə qeydə almamaqda haqlı olmuşdur. Belə ki, Qaydaların yuxarıda istinad edilən müddəalarından da görünür ki, Reyestrin aparılmasında məqsəd tikilən, istismar edilən, sökülən tikinti obyektləri barədə düzgün məlumatların toplanması yolu ilə həmin məlumatlara əlçatımlığın təmin edilməsindən, həmin tikililərin istifadəsi, planlaşdırılmasına dair dövlət orqanlarının və bələdiyyələrin, hüquqi və fiziki şəxslərin müvafiq məlumatlarla təmin edilməkdən ibarətdir. Buna görə də faktiki vəziyyəti ilə uyğunsuzluq təşkil edən tikinti obyektinə dair sənəd və məlumatların Reyestrə daxil edilməsi qanunvericiliyə zidd olduğu kimi, həmin qanunvericilik aktların qəbul edilmə məqsədinə də uyğun deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı hərəkətin edilməsini istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. O da qeyd olunmalıdır ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra həmin obyektlə bağlı əldə etdiyi yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar