Məhkəmə qərarları › İş №2-1(112)-1844/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1844/2024

01.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1844/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bağırova Ayla Fuad qızının katibliyi iddiaçının nümayəndəsi X4, inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X16 cəlb olunmaqla) «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail RPİ-yə qarşı «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, ünvan 1 ünvanında yerləşən mənzil 29 dekabr 2015-ci il tarixli müqavilə əsasında atası X3 tərəfindən iddaçıya bağışlanmışdır. Hal-hazırda iddiaçı mənzilin xüsusi mülkiyyətçisidir və mənzildə atası və ailəsi ilə birgə yaşayır. 14 yanvar 2008-ci il təvəllüdlü X16 iddiaçının mərhum qardaşı X7 övladıdır. Fuad Tağıyev 2015-ci ildə vəfat etmişdir. Riad Tağıyev və anası həmin mənzildə yaşamamışlar. Riad Tağıyevin qeydiyytatı tamamilə formal xarekter daşımışdır. Qardaşının vəfatından sonra Riad anası ilə yaşamışdır. İddiaçı ilə onların arasında ünsiyyət (münasibət) olmamışdır. Hal-hazırda da onların hansı ünvanda yaşaması iddiaçıya məlum deyil. Yetkinlik yaşına çatmamış 14 yanvar 2008-ci il il təvəllüdlü X10 iddiaçının mənzilində qeydiyyatda qalmağı onu narahat edir. Uzun müddətin keçməsinə baxmayaraq, Fiad Tağıyev bu günədək mənzildə qeydiyyatda qalmışdır. İddiaçı onun mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh Bakı şəhəri Səbail RPİ-yə ərizə ilə müraciət etmişdir. Cavabdeh Bakı şəhəri Səbail RPİ-nin 11 iyul 2023-cü il tarixli imtina məktubunda müvafiq mənzildən X10 qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddlərinə, İPM-in 2, 45, 46-cı maddələrinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsaslanaraq, iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən yaşayış sahəsindən 14 yanvar 2008-ci il təvəllüdlü X10 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Səbail RPİ-nin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmənin qərardadı ilə X16 inzibati məhkəmə icraatına üçüncü üçüncü şəxs qismində cəlb edilmişdir. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin nümayəndəsi X2 məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı münasibətində bildirilir ki, X14 (yetkinlik yaşına çatmayan X10 atası) 4 dekabr 2015-ci il tarixdə Günəşli yatağında 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində həyatını itirmişdir. Mərhumun iki övlası olmuşdur və hər kisi onun yaşadığı ünvan 3 ünvanında qeydiyyatda olmuşlar. X6 isə atasının evində qeydiyyatdadır. Fuad Tağıyevin vəfatından sonra 13 sentyabr 2015-ci il tarixdə doğulmuş qız övladı 6 oktyabr 2016-cı tarixdə xəstəlik nəticəsində vəfat etmişdir. Göstərilən mənzil dövlət mülkiyyətində olmuş və əvəzsiz olaraq X7 atası X1 adına özəlləşdirilmişdir. İndi məlum olur ki, Fuad Tağıyevin vəfatından sonra həmin ev Tahir Tağıyev tərəfindən Faudın qardaşı İddiaçı bağışlanmışdır. Bağışlanma zamanı gələcəkdə vərəsəlik hüququndan istifadə etmək imkanı alınaraq X11 maraqları nəzərə alınmamış və qanuni nümayəndəsi kimi Humay Tağıyevaya məlumat verilməmişdir. Bundan başqa, hazırda onu ailə müasibətlərindən əmələ gəlmiş yaşayış sahəsindən istifadə hüququndan da məhrum etmək istəyirlər. Hesab olunur ki, bu iddia təmin edilməməlidir. Belə ki, X16 yetkinlik yaşına çatmamışdır. Hal-hazırda müvəqqəti olaraq anasının (Humay Tağıyevanın) yanında yaşasa da, bu, məcburiyyətdən yaranan bir haldır, Bir tərəfdən onun hazırda həmin mənzildə qalmasına imkan verilmir, digər tərəfdən də özünün hələlik valideyn qulluğuna ehtiyacı vardır. Bu ehtiyac aradan qalxdıqdan sonra onun rəsmi yaşayış yerinə qayıtmaq hüququ olmalıdır. Onu bu hüquqdan məhrum etmək qanunsuz olmaqla yanaşı, həm də ədalətsizdir. İddiaçı Riad Tağıyevi yaşayış sahəsində qeydiyyatdan çıxarmaqda məqsədi heç də əhəmiyyətsiz maneələr deyil, mənzili sataraq hər hansı kompensasiya verməkdən yayınmaqdır. Onun belə məqsədinin olmasını iddia ərizəsində, məsələyə heç bir aidiyyəti olmadığı halda, Riad Tağıyevin ikinci nikahdan doğulmasını qeyd etməsi sübut edir. X14 bir dəfə nikahda olmuşdur. «Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında» Qanunun 7-ci maddəsinin beşinci hissəsinə görə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. Göstərilənlərə və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və inzibati çməhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçının və inzibati məhkımə icraatına cəlb olunmuş üçüncü şəxsin nümayəndələri gəlmişlər, cavabdeh tərəf (nümayəndəsi) gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 iddianı müdafiə etdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. O, bildirdi ki, evdə yaşamayan şəxsin qeydiyyatda qalmasına iddiaçı etiraz edir. İddiaçı cavabdeh Bakı şəhəri Səbail RPİ-yə müraciət etsə də, məsələnin həllindən imtina olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxsin nümayəndəsi X6 iddianın təmin olunmamasını xahiş etdi və bildirdi ki, özü Bakı şəhərinin ramana qəsəbəsində yaşayır, Riad Tağıyev də onunla birlikdə yaşayır. Riad Tağıyev yaşadığı əraziyə yaxın olan Bakıxanov qəsəbəsindəki 72 saylı orta məktəbdə oxuyur. Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, dalan 1, ev 5, 1 saylı mənzil Riad Tağıyevin babası Tahir Tağıyevin olmuşdur, sonradan Riadın atasının vəfatın sonra ev İddiaçı bağışlanmışdır. Riad Tağıyevin 18 yaşı tamam olmadığından, mənzildən qeydiyyatdan çıxarılmasına etiraz olunur. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materiallarından görünür ki, hədiyyə verən X3 ilə hədiyyə alan İddiaçı arasında notarial qaydada 29 dekabr 2015-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” bağlanmışdır və həmin müqavilənin müddəalarına görə hədiyyə verən ona məxsus Bakı şəhəri, Səbail rayonu, Əmək küçəsi, dalan 1, 5 saylı evin 1 saylı mənzilini əvəzi ödənilmədən hədiyyə alanın mülkiyyətində vermişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* npmrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 8 yanvar 2016-cı il) surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əmək küçəsi, dalan 1, 5 saylı evin 1 saylı mənzilinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən 3 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə alınmış ******* nömrəli 21 iyul 2023-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, X16 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Səbail RPİ-nin X5 ünvanlanmış 11 iyul 2023-cü il tarixli məktubunda bildirilir ki, Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, 5 saylı evin 1 saylı mənzilində qeydiyyatda olan X10 həmin ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələbləri nəzərə alınaraq, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsinə əsasən məhkəməyə müraciət edilməsi tövsiyə olunur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon MKTB-nin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 22 sentyabr 2023-cü il tarixli məktubunda bildirilir ki, mənzildə yaşayanların məlumatına əsasən Bakı şəhəri, Səbail rayonu, G.Əliyev küçəsi, dalan 1, 5 saylı evin 1 saylı mənzilində hal-hazırda X3, İddiaçı, X8, X13 və X12 yaşayırlar. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 6 oktyabr 2023-cü il tarixli məktubunda bildirilir ki, Bakı şəhəri, Səbail rayonu, Əmək küçəsi, 5 saylı evin 1 saylı mənzili üzərində X10 istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi (Əmək küçəsi), dalan 1, 5 saylı evin 1 saylı mənzilindən hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş X10 qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqan Bakı şəhəri Səbail RPİ-yə müraciət etdiyindən, cavabdeh isə, həmin məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer – onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyat çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Məhkəmə diqqətə çatdırır ki, iş materiallarından göründüyü kimi hazırda Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi (Əmək küçəsi), dalan 1, 5 saylı evin 1 saylı mənzilinə sahiblik, istifadə və sərəncam hüquqları İddiaçı məxsusdur. Təbii ki, bu hüququn yaranmasının əsası kimi müqavilə çıxış edir. Həmin hüquq isə, iddiaçıya köhnə mülkiyyətçidən keçmişdir ki, köhnə mülkiyyətçi əvvəllər əmlaka dair ona məxsus olmuş mülkiyyət hüququndan əvəzsiz oaraq imtina edərək onun başqa şəxsə keçməsi ilə bağlı iradə ifadəsini nümayiş etdirmişdir. Qeyd olunmalıdır ki, X16 isə, yetkinlik yaşaına çatmayan şəxs olduğundan, qanunvericiliklə onun yaşayış yeri qanuni nümayəndəsinin, yəni valideyninin razılığı ilə müəyyən olunsa da, nəzərə alınmalıdır ki, o, iddiaçıya məxsus Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi (Əmək küçəsi), dalan 1, 5 saylı evin 1 saylı mənzilində yaşamır və onun həmin mənzilə hüququnun mövcudluğunu təsdiq edən hər hansı sübut da məhkəmə icraatında təqdim olunmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə X18 İddiaçı məxsus yaşayış sahəsində yaşamadığından (bu hal təkzib olunmur), eləcə də onların həmin yaşayış sahəsinə hər hansı hüququ müəyyən edilmədiyindən, cavabdeh Bakı şəhəri Səbail RPİ tərəfindən həmin yaşayış sahəsindən mülkiyyətçi kimi hazırkı iddiaçının müraciəti əsasında adıçəkilən şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı imtinası qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi (Əmək küçəsi), dalan 1, 5 saylı evin 1 saylı mənzilindən 14 yanvar 2008-ci il tarixdə doğulmuş X10 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Səbail RPİ-nin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi (Əmək küçəsi), dalan 1, 5 saylı evin 1 saylı mənzilindən 14 yanvar 2008-ci il tarixdə doğulmuş X10 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Səbail RPİ-nin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar