Məhkəmə qərarları › İş №2-1(112)-18446/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-18446/2025

04.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-18446/2025 04.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun qeydə alınması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, “mənzilə dair mülkiyyət hüququnun qeydə alınması” tələbinə dair iddiası üzrə inzibati işə 4 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) 1983-cü il tarixdən “Azneft" İstehsalat Birliyinin ‘Abşeronneft” X5 İdarəsi 3 saylı Neft və Qazçıxarma sahəsində neft və qaz hasilatı üzrə operator vəzifəsində işləyir və 30 avqust 1993-cü il tarixdən SOCAR üzrə mənzil növbəsindədir. Azərbaycan Respublikası Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin 27 oktyabr 2020-ci il tarixli, 212 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin 14 oktyabr 2020-ci il tarixli birgə iclasının 6 saylı Protokol qərarının nəzərə alınması, ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən yaşayış sahəsi 19.04kv.m, ümumı sahəsi 32,98kv.m olan 1 otaqlı 43A saylı mənzilin daimi yaşayış üçün iddiaçının 2 nəfərdən ibarət ailə tərkibinə ayrılması və həmin mənzilin iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. İddiaçı ilə Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı MKTB arasında 22 sentyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən yaşayış sahəsi 19.04kv.m. ümumi sahəsi 32.98kv.m olan 1 otaqlı 43A saylı mənzilə dair müddətsiz xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasə Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüfatı Birliyi 145 saylı Mənzil Kommunal İstismar Sahəsinin 903 saylı, xx.xx.2021-ci il tarixli arayışına (Forma 2) əsasən iddiaçı həqiqətən də M.Ə.Rəsulzadə qəsəbəsi H.Məmmədquluzadə küçəsindəki 3 nömrəli 5 mərtəbəli evin 1-ci mərətəbəsində 1 otaqlı 43A saylı mənzilində yaşayır. Kommunal şəraitli bina Bakı şəhər MKTD-na məxsusdur. Sahibi iddiaçıdır. Ailəsi 2 nəfərdən ibarətdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən Bakı şəhəri, ünvan 3 ünvanında xx.xx.1964-cü il təvəllüdlü X2 yaşayış yeri üzrə qeydiyyatdadır. X1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, həmin mənzilin iddiaçının adına özəlləşdirilməsinə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə etiraz etmir. İddiaçı həmin mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, müraciətin təmin edilməsindən imtina edilmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…Bakı şəhəri. Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, X4 Küçəsi 3 saylı evin, 43A saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında’ Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti başçısının 212 saylı sərəncamı xx.xx.2020-ci il tarixdə verilmişdir.”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədı rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi ev 3, mənzil 43A saylı mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqan tərəfindən verilmiş imtina ilə razı deyil, çünki imtina məktubunda imtinanın əsası üçün göstərilən bütün sənədlər tərəfindən cavabdeh orqana təqdim edilmişdir. Ona görə də cavabdeh tərəfindən formal xarakter daşıyan imtina məktubunu əsassız hesab edərək, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Həmçinin bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı mənzilin ümumi sahəsinin faktiki ölçüsünün 33.2 kv.m, yaşayış sahəsinin 19.0 kv.m olduğu məlum olmuşdur. Məhkəmənin 4.02.2026-cı il tarixli iclasında protokol qərardadı ilə, hazırki iş üzrə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi hüquqi varislik qaydasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə ünvanlanmış 2025-ci il 01 dekabr tarixli, 3-21-3-02/2-12569/2025 saylı məktuba əsasən Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra –DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərir ki, bu halda, onların məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Bu hüquq DƏDKR-nin özünə məxsusdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müvafiq təşkilati xarakterli tədbirlər çərçivəsində ərazi idarələrinin məsul şəxslərinə sənədlərin, o cümlədən məhkəmə işləri ilə bağlı iddia ərizələrinin, etibarnamələrin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin və digər sənədlərin imzalanması səlahiyyətinin verilməsi barədə DƏDKR-in İdarə Heyətinin sədri tərəfindən müvafiq əmr imzalanmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnununun: 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 9-cu maddəsinin birinci abzasına əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. İşin mübahisələndirilməyən hallarına görə iddiaçının mülkiyyət hüququnu qeydə almasını istədiyi mənzil onun sahiblik və istifadəsindədir və iddiaçı ailə üzvləri ilə birlikdə qeydiyyatda olmaqla həmin mənzildə yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərüfatı Birliyi 145 saylı Mənzil Kommunal İstismar Sahəsinin 903 saylı, xx.xx.2021-ci il tarixli arayışına (Forma 2) əsasən iddiaçı həqiqətən də M.Ə.Rəsulzadə qəsəbəsi H.Məmmədquluzadə küçəsindəki 3 nömrəli 5 mərtəbəli evin 1-ci mərətəbəsində 1 otaqlı 43A saylı mənzilində yaşayır. Kommunal şəraitli bina Bakı şəhər MKTD-na məxsusdur. Sahibi iddiaçıdır. Ailəsi 2 nəfərdən ibarətdir. Cavabdeh öz mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməməsi və mənzilin ümumi sahəsinin faktiki ölçüsünün 33.2 kv.m, yaşayış sahəsinin 19.0 kv.m olması ilə əsaslandırmışdır. İş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Bakı şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin 27 oktyabr 2020-ci il tarixli, 212 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyinin və ANQSİHİ Respublika Komitəsinin 14 oktyabr 2020-ci il tarixli birgə iclasının 6 saylı Protokol qərarının nəzərə alınması, ünvan 1 ünvanında 1-ci mərtəbədə yerləşən yaşayış sahəsi 19.04kv.m, ümumı sahəsi 32,98kv.m olan 1 otaqlı 43A saylı mənzilin daimi yaşayış üçün iddiaçının 2 nəfərdən ibarət ailə tərkibinə ayrılması və həmin mənzilin iddiaçının adına sənədləşdirilməsi qərara alınmışdır. İddiaçı ilə Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı MKTB arasında 22 sentyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında 1-ci mərtəbədə yerləşən yaşayış sahəsi 19.04kv.m. ümumi sahəsi 32.98kv.m olan 1 otaqlı 43A saylı mənzilə dair müddətsiz xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. İddiaçının mübahisəli mənzillə bağlı hüquqları mənzil növbəsində olduğu 30 avqust 1993-cü il tarixdən yaranmışdır. Belə olan halda, iddiaçı 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəllənin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, 01 oktyabr 2009-cu ildən əvvəlki və sonrakı tarixlərdə verilmiş sərəncamlar (əgər 01 oktyabr 2009-cu ilədək mövcud olan əsasa söykənirsə) üzrə hüquqların qeydiyyata alınmasına “fərq qoyulması” eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının fərqləndirilməsinə gətirib çıxarır ki, bu da “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə ziddir. Göründüyü kimi, cavabdehin imtinasının əsası kimi istinad etdiyi birinci hal, yəni iddiaçının mübahisəli mənzilə dair hüquqmüəyyənedici sənədlərə malik olmaması işdə olan sənədlərlə təkzib edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnununun 5-ci maddəsinə görə, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Cavabdehin etirazında mənzilin ümumi sahəsinin faktiki ölçüsünün 33.2 kv.m, yaşayış sahəsinin 19.0 kv.m olması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tələbində mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. İddia tələbində mənzilin ölçüsü barədə hər hansı istinad edilməmişdir. Cavabdeh tərəfindən qeyd edilən hal iddiaçının mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina üçün əsas sayıla bilməz. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Məmmədquluzadə küçəsi ev 3, mənzil 43A saylı mənzilə dair İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar