Məhkəmə qərarları › İş №2-1(112)-1845/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1845/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1845/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X2 (ünvan 1 ünvanda qeydiyyatda olan) iştirakı ilə İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı “müharibə veteranı adı və vəsiqəsinin” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1972ci il tarixdə Naxçıvan Mutar Respublikası Şərur rayonunda doğulmuş İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 08 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının Veteran vəsiqəsi almaq üçün cavabdehə edilmiş müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, X5 onun qoşunların tərkibində hərbi xidmət keçməsini təsdiq edən hər hansı bir məlumat aşkar edilməmişdir. Hesab edir ki, təqdim olunan hərbi biletində N saylı hərbi hissədə xx.xx.1992-ci ildən xx.xx.1992-ci il tarixədək aparılan döyüş əməliyyatlarında iştirak etməyi öz əksini tapdığına görə cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Belə ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin xx.xx.2N9-cu il tarixli məktubundan görünür ki, arxiv sənədlərində Daxili Qoşunların tərkibində xidmət keçməsini təsdiq edən hər hansı məlumat aşkar edilməmişdir. Bildirilmişdir ki, daimi dislokasiya yeri Gəncə, müvəqqəti dislokasiya yeri Ağdərə şəhəri döyüş bölgəsi olmuş N saylı hərbi hissənin 1992-ci ili əhatə edən sənədlri 1993-cü ildə baş vermiş ’‘Gəncə hadisələri" zamanı məhv edildiyinə görə həmin ilə aid xidmətim barədə hər hansı məlumat verilməsi mümkün deyildir. Göstərilən müddətlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi hərbi biletində qeyd olunanlar əsasında sübuta yetirildiyinə görə ona “Müharibə veteranı" adının verilməsindən imtina edilməsi “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununa və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnaməyə uyğun olmamışdır. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda əməliyyatlarında iştirak etmiş səxslər müharibə veteranı sayılırlar. Həmin Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci bəndinə əsasən: “1991- ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara. 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı" adı verilir. “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilmsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, vətəndaş İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı “Müharibə veteram” adı və vəsiqəsinin verilməsi tələbinə dair iddiası əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırmağa çalışmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xx.xx.2020-ci il tarixli məktubunda onun veteran vəsiqəsi almaq üşün etdiyi müraciəti qoşunların tərkibində hərbi xidmət keçməsi barədə hər hansı bir arxiv məlumatları aşkar edliməməsi səbəbindən imtina edilmişdir. Həmçinin iddiaçı ərizəsində hərbi biletində N saylı hərbi hissədə xx.xx.1992-ci ildən xx.xx.1992-ci il il tarixədək aparılan döyüş əməliyyatlarında iştirak etməsinin öz əksini tapmamasına görə cavabdehin imtinasının əsassız olmasını, daimi dislokasiya yeri Gəncə, müvəqqəti dislokasiya yeri Ağdərə şəhəri-döyüş bölgəsi olmuş N saylı hərbi hissənin 1992-ci ili əhatə edən sənədləri 1993-cü ildə baş vermiş “Gəncə hadisələri” zamanı məhv edildiyinə görə xidməti barədə hər hansı məlumatın verilməsinin mümkün olmamasını bildirmişdir. Bundan başqa, iddaçı ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməyi hərbi biletində qeyd olunanlar əsasında sübuta yetirildiyinə görə ona “Müharibə veteram” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa və “Müharibə veteranı, Silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun deyildir. İddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, Silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməni və bir sıra məhkəmə qərarlarını əsas gətirərək ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi irəli sürmüşdür. Yuxarıda göstərilənlər üzrə iddiaçı tərəfindən göstərilən faktları əsassız hesab edir və ərizə təmin olunmamalıdır. Belə ki, X5n verilmiş 344 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan məlum olur ki, həqiqətən də, İddiaçı Daxili Qoşunların tərkibində xidmət keçməsini təsdiq edən hər hansı məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən 1991ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməsi qeyd olunmuşdur. Beləliklə, yuxarıda göstərilənlərdən məlum olur ki, iddiaçı M.X4 tərkibində xidmət etməsi və döyüş əməliyyatlarında iştirak etməsi barədə nizami hissə üzrə əmrlər və digər arxiv məlumatları aşkar olmadığından onun iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən cavabdeh İddiaçı cavabdeh Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinə qarşı “Müharibə veteram” adı və vəsiqəsinin verilməsi tələbi əsassız və normativ aktların tələblərinə zidd olduğundan təmin edilməməsini xahiş etmişdir. Hazırlıq icraatı mərhələsində iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən iddiaçıya verilmiş 08 sentyabr 2020-ci il tarixli, xx-xx/2847-18835 saylı imtina məktubundan görünür ki, İddiaçı «Müharibə veteranı» adı və vəsiqəsinin verilməsinə köməklik göstərilməsi barədə Daxili İşlər Nazirliyinə ünvanladığı müraciətinə baxılaraq bildirilmişdir ki, onun Azərbaycan Respublikası Daxili Qoşunların tərkibində hərbi idmət keçməsini təsdiqləyən hər hansı br məlumat aşkar edilmədiyinə görə müvafiq köməkliyin göstərilməsi imkan xaricindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin iddiaçıya ünvanlanan xx.xx.2N9-cu il tarixli 132/458-5511 nömrəli məktubundan görünür ki, iddiaçının X3 1-ci müavini, Qərargah rəisinə ünvanlandığı ərizəsinə aidiyyəti üzrə X5 baxılmış və arxiv sənədlərində Daxili Qoşunların tərkibində xidmət keçməsini təsdiq edən hər hansı məlumat aşkar edilmədiyi, daimi dislokasiya yeri Gəncə, müvəqqəti dislokasiya yeri Ağdərə şəhəri döyüş bölgəsi olmuş N saylı hərbi hissənin 1992-ci ili əhatə edən sənədləri 1993-cü ildə baş vermiş ’‘Gəncə hadisələri" zamanı məhv edildiyinə görə həmin ilə aid xidmətim barədə hər hansı məlumatın verilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə araşdırması dövründə İddiaçı məhkumluğunun olub-olmaması barədə məlumatın verilməsi sorğu əsasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 02 noyabr 2020-ci il tarixli məhkumluq barədə tələbnamə arayışdan görünür ki, İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə araşdırması zamanı xx.xx.1972-ci il təvəllüdlü İddiaçı hərbi xidmətə çağırılması və hərbi xidmətdən tərxis olunması barədə müvafiq əmrlərin surəti sorğu əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Suraxanı rayon İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsi tərəfindən 13 oktyabr 2020-ci il tarixli 1081 saylı məktubla xx.xx.1972-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olduğu qeyd olunmuşdur. Əsas olaraq hərbi qeydiyyat kartasına istinad edilmişdir. Həmin kartadan müəyyən edilir ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olduğu dövrdə avtomobil sürücüsü vəzifəsində çalışmışdır. O cümlədən məhkəmə araşdırması zamanı xx.xx.1972-ci il təvəllüdlü İddiaçı Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında ümumi Xidmət illəri barədə məlumatı (imtiyazlı (güzəştli) hesablama ilə göstərilməklə) sorğu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunların arxiv sənədlərində İddiaçı Daxili Qoşunların tərkibində xidmət keçməsini təsdiq edən hər hansı məlumatın aşkar edilmədiyi bildirilmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüququnu pozmur. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar planları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bundan əlavə, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmənin mövqeyinə görə, iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün əsas olmadığından, inzibati orqan tərəfindən iddiaçıya müharibə veteranı adının və vəsiqənin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarıdan İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilədək N №-li hərbi hissədə xidmət keçərkən döyüş əməliyyatlarında iştirak etdiyini qeyd etsə də, lakin məhkəmə araşdırması zamanı iddiaçının Daxili Qoşunların tərkibində xidmət etdiyini təsdiqləyən hər hansı məlumatın aşkar edilmədiyi müəyyən edilmişdir. Hazırki halda iddiaçının döyüşlərdə iştirakını təsdiq edən başqa sənədlər olmadığından, yalnız hərbi bilet əsasında ona “müharibə veteranı” adı və vəsiqəsi verilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar