Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1845/2022 22.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı Turizm və Ekskursiyalar üzrə Azərbaycan Respublika Şurasının Təmir Tikinti Sahəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) “dövlət sosial sığorta haqqı üzrə borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Turizm və Ekskursiyalar üzrə Azərbaycan Respublika Şurasının Təmir Tikinti Sahəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən Turizm və Ekskursiyalar üzrə Azərbaycan Respublika Şurasının Təmir Tikinti Sahəsinə hesablanmış sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə 2532,92 manat borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (direktoru) X4 izahatında bildirdi ki, iddiaçı Turizm və Ekskursiyalar üzrə Azərbaycan Respublika Şurasının Təmir Tikinti Sahəsi qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçdikdən sonra vergi ödəyicisi kimi qeydiyyata duraraq fəaliyyət göstərmişdir. Müəssisənin fəaliyyəti 2006-cı il tarixdən dayandırılmış və həmin tarixdən etibarən bugünədək heç bir fəaliyyəti olmamışdır. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən müəssisəyə sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə 2532,92 manat borc hesablanmışdır. Dəfələrlə borcun əsassız hesablanmasına dair və həmin borcun silinməsinə dair müraciət edilsə də müraciətə baxılmamışdır. Cavabdeh tərəfindən iddiaçıya sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə üzrə borc hesablaması tamamilə qanunsuz və əsassızdır. Belə ki, müəssisənin 2006-cı il tarixdən bəri heç bir fəaliyyəti olmadan, həmçinin heç bir işçisi olmadan sosial sığorta və işsizlikdən sığorta haqqı üzrə borc hesablanması əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 izahatında bildirdi ki, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən 10.06.2021-ci il tarixə vergilər üzrə 499,33 manat, məcburi dövlət sosial sığorta haqları üzrə 2532,92 manat borcu vardır. Məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borclar 01.01.2019-cu il tarixə qədər olan dövrlər üzrə yaranmış borclardır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının Prezidentinin 21.12.2018-ci il tarixli 421 nömrəli Fərmanına əsasən 01.01.2019-cu il tarixdən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti tərəfindən həyata keçirilir. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X6 izahatında bildirdi ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində “X7”da iddiaçının şəxsi hesab vərəqəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı üzrə 2532,92 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 0,00 manat olmaqla ümumilikdə 2532,92 manat Fonda borcu qalmışdır. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə, 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Həmin qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1, 2 və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Yəni 1 yanvar 2006-cı il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş (qanuni qüvvəsini almış məhkəmə qərarı olsa da) məcburi dövlət sosial sığorta haqları üzrə borclar silinir. 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə (qanuni qüvvəsini almış məhkəmə qərarı olsa da) tam məbləğdə silinir. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə (qanuni qüvvəsini almış məhkəmə qərarı olsa da) borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsinə dair" Təlimatına və “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018ci il tarixli 1042-VQ nömrəli Qanununa və sığortaedən Turizim və Ekskursiyalar üzrə Azərbaycan Respublika Şurasının Təmir Tikinti Sahəsinin təqdim etdiyi hesabatlara əsasən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsistemində “X7”da iddiaçının şəxsi vərəqəsindən 1 yanvar 2006-cı il tarixinə yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 2749,18 manat məcburi dövlət sosial sığorta haqqı, 1 yanvar 2015-ci il tarixinədək yaranmış və 1 aprel 2018-ci il tarixinədək ödənilməmiş 1252,50 manat məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) silinmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə silinir. Qeyd olunanlara əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa belə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların silinməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair” 24 may 2019-cu il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. Əlavə olaraq “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunu ilə vətəndaşların pensiya və digər sosial müdafiə hüquqlarının təmin edilməsi məqsədilə hər bir sığortaolunanın (vətəndaşların) stajı, əmək haqqı (gəliri) və ödədiyi məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların Fondun məlumatlar bazasına işlənilməsi təsbit olunmuşdur. Sığortaolunanlara təyin ediləcək pensiyanın məbləğinin sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləğindən asılı olaraq müəyyən edilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən məhkəmədə borcun silinməsinə dair qaldırılan iddia tələbi müəssisədə çalışan (çalışmış) işçilərin pensiya və digər sosial müdafiə hüquqlarının kobud surətdə pozulması deməkdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və ’’Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli Fərmanının 4.4-cü bəndinə əsasən 1 yanvar 2019-cu il tarixindən etibarən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə olunmuşdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən 15.12.2021-ci il tarixli **********4 nömrəli məktubla məhkəməyə təqdim edilmiş Sığortaedən Turizm və Ekskursiyalar üzrə Azərbaycan Respublika Şurasının Təmir Tikinti Sahəsinin 01 yanvar 2006-cı il tarixdən 01 oktyabr 2018-ci il tarixədək hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları və maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimələrin dinamikası, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən silinmiş borcları barədə məlumat cədvəlindən görünür ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 01 yanvar 2006-cı il tarixinə yaranmış və 01 aprel 2018-ci il tarixinədək ödənilməmiş 2749,18 manat məcburi dövlət sosial sığorta haqqı, 01 yanvar 2015-ci il tarixinədək yaranmış və 01 aprel 2018-ci il tarixinədək ödənilməmiş 1252,50 manat (tam şəkildə) məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) silinmiş, məcburi dövlət sosial sığorta haqqı üzrə 2532,92 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 0,00 manat olmaqla, ümumilikdə 2532,92 manat borcu qalmışdır. İş materillarında olan iddiaçı Turizm və Ekskursiyalar üzrə Azərbaycan Respublika Şurasının Təmir Tikinti Sahəsinin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, Turizm və Ekskursiyalar üzrə Azərbaycan Respublika Şurasının Təmir Tikinti Sahəsinin məcburi dövlət sosial sığorta haqqı üzrə borcu 2532,92 manat təşkil edir. İş materiallarında olan Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışlardan görünür ki, Turizm və Ekskursiyalar üzrə Azərbaycan Respublika Şurasının Təmir Tikinti Sahəsinin Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 01 yanvar 2006-cı il tarixinə 2749,18 manat məcburi dövlət sosial sığorta borcu, 01 yanvar 2015-ci il tarixinə 1252,50 manat (tam şəkildə) penya və maliyyə sanksiyası silinmişdir. İş materiallarında olan Sığortaolunanın hesabından çıxarışlardan görünür ki, Turizm və Ekskursiyalar üzrə Azərbaycan Respublika Şurasının Təmir Tikinti Sahəsi üzrə sığortaolunan X4 üçün 2006-cı ilin aprel ayından 2008-ci ilin dekabr ayınadək 1307,50 manat, sığortaolunan Mahmudov Vəkil Xosrov oğlu üçün 2006-cı ilin aprel ayından 2008ci ilin dekabr ayınadək 1192,50 manat, sığortaolunan X5 üçün 2006-cı ilin aprel ayından 2008-ci ilin dekabr ayınadək 892,50 manat məcburi dövlət sosial sığorta haqqı hesablanmış, lakin ödənilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-203/2014 saylı 27 may 2014-cü il tarixli qərarının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X12 Departamenti cavabdeh Turizm yə Ekskursiya Şurasının Təmir tikinti sahəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 01 aprel 2012-ci il tarixə 6.534,6 manat məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcunun cavabdehin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iq(82)- 441/2013 saylı 04 mart 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (iddia müddəti ötürüldüyü üçün). Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-34/2013 saylı 28 yanvar 2014-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 mart 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-203/2014 saylı 27 may 2014-cü il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 yanvar 2014-cü il tarixli, 2-2(103)- 34/2014 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış 14.02.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X12 Departamentinin cavabdeh Turizm və Ekskursiya Şurasının Təmir Tikinti Sahəsinə qarşı məcburi dövlət sosial sığorta haqqları üzrə yaranmış borcun tutulması barədə iddia tələbi 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2013-cü il 04 mart tarixli, 2iqt(82)-441/2013 nömrəli qətnaməsi ilə rədd edilmişdir. İddiaçı tərəfindən 2013-cü il 04 oktyabr tarixində apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2014-cü il 28 yanvar tarixli 2-2(103)-34/2014 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə X12 Departamenti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2013-cü il 04 mart tarixli, 2iqt(82)-441/2013 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2014-cü il 16 aprel tarixində iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2014-cü il 27 may tarixli 2-2(102)-203/2014 nömrəli Qərarına əsasən iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2014-cü il 28 yanvar tarixli 2-2(103)-34/2014 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2013cü il 04 mart tarixli, 2iqt(82)-441/2013 nömrəli qətnaməsi 2014-cü il 27 may tarixdə qüvvəyə minmişdir. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən sosial sığorta - bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. 2-ci maddəsinə əsasən Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Bu Qanunda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar. 3-cü maddəsinə əsasən sosial sığortanın işçilərə əmək qabiliyyətinin itirildiyi hər bir halda təminat verməsi sosial sığortanın prinsiplərindən biridir. 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 21.12.2018-ci ildə qəbul edilmiş və 01.01.2019-cu ildən qüvvəyə minmiş “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Fərmanının 4.4-cü bəndinə əsasən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin birinci hissəsinin ikinci və dördüncü abzaslarında, ikinci hissəsinin beşinci və altıncı abzaslarında, 10-cu maddəsinin dördüncü (hər iki halda) və beşinci abzaslarında, 13.1-ci maddəsində, 13.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.3-cü (birinci halda) və 13.4-cü maddələrində, 18-ci maddəsinin birinci hissəsinin altıncı abzasında və ikinci hissəsində, 29-cu maddəsində “orqan” dedikdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur. «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2-ci maddəsinə əsasən fərdi uçotun məqsədləri aşağıdakılardır: 2.0.1. dövlət sosial sığortasının həyata keçirilməsi, təkmilləşdirilməsi, əmək pensiyaların məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajından asılı olaraq hesablanması üçün informasiya bazasının yaradılması; 2.0.2. əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi; 2.0.3. məcburi dövlət sosial sığorta haqlarının ödənilməsində sığortaolunanların maraqlarının artırılması; 2.0.4. ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların fərdi şəxsi hesablarında əks olunmasına nəzarət etmək üçün sığortaolunanlara şərait yaradılması; 2.0.5. sığortaolunanlara əmək pensiyaların təyin edilməsi qaydalarının sadələşdirilməsi və təyinolunma müddətinin tezləşdirilməsi; 2.0.6. hər bir sığortaedən tərəfindən fərdi uçot üçün hesablanan və ödənilən məcburi dövlət sosial sığorta haqqı məbləği ilə fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına daxil olan məcburi dövlət sosial sığorta haqqı məbləğinin uyğunlaşdırılması. 3-cü maddəsinə əsasən fərdi uçot aşağıdakı prinsiplər əsasında təşkil edilir: 3.0.1. dövlət sosial sığorta sistemində sığortaolunanlar haqqında məlumatların uçota alınmasının ümumi və məcburi olması; 3.0.2. hər bir sığortaolunanın fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanında özü barəsində olan məlumatları əldə etməsi; 3.0.3. sığortaolunanlar barədə məlumatlardan əmək pensiyası təyinatı və qanunvericilikdə nəzərdə tutulan digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün istifadə olunması; 3.0.4. fərdi uçotun informasiya bazasından bu uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan digər məqsədlər üçün istifadəsinin yolverilməz olması; 3.0.5. sığortaolunanın bütün əmək fəaliyyəti dövründə fərdi uçotun həyata keçirilməsi. 06.03.2018-ci ildə qəbul edilmiş və 01.04.2018-ci ildən qüvvəyə minmiş «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. 2-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. 3-cü maddəsinə əsasən bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. 4-cü maddəsinə əsasən bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Məhkəmə tərəfindən müəyyən edildi ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddiaçı (Sığortaedən) Turizm və Ekskursiyalar üzrə Azərbaycan Respublika Şurasının Təmir Tikinti Sahəsinin 01 yanvar 2006-cı il tarixinə yaranmış və 01 aprel 2018-ci il tarixinədək ödənilməmiş 2749,18 manat məcburi dövlət sosial sığorta haqqı, 01 yanvar 2015-ci il tarixinədək yaranmış və 01 aprel 2018-ci il tarixinədək ödənilməmiş 1252,50 manat (tam şəkildə) məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) silinmiş, iddiaçının yalnız məcburi dövlət sosial sığorta haqqı üzrə 2532,92 manat borcu qalmışdır. Həmin borc məbləği “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun təsir dairəsinə düşmədiyi üçün silinməmişdir. Hazırda iddiaçı həmin borcun silinməsini tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 93.1.3-cü maddəsinin tələblərinə əsasən məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların silinməsinə yol verilmir. Qeyd olunan normada həmin borcların silinməsi istisna edilmişdir. Bundan başqa, işçilərin pensiya və digər sosial təminat hüquqlarının həyata keçirilməsi (pensiyanın təyin edilməsi, məbliğ və sair) məcburi dövlət sosial sığorta haqqının ödənilməsi və onun məbləği ilə əlaqədar olduğu üçün məcburi dövlət sosial sığorta haqqı üzrə borcların silinməsi həmin hüquqların pozulmasına səbəb olar. Ona görə də məhkəmə hesab edir ki, qeyd olunan borcun silinməsi tələbi əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-1845/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1845/2022
22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver