Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1846/2024 14.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından artıq hesablanmış pulun tutulması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi - X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin azaldılmasının və ondan tutulmaların qadağan edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək pensiyası məbləğinin azaldılmasına və həmin məbləğdən tutulmaların aparılmasına dair cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hərəkətlərinin qanunsuz hesab edilməklə, bu hərəkətlərin davam etdirilməsinin ona qadağan edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-1326/2023 nömrəli və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 6862/2023 nömrəli qərarlarının qəbul edildiyi vaxtdan qanunsuz hesab edilməsini və həmin qərarların ləğv edilməsi vəzifəsinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 55 yaşı tamam olan kimi xx.xx.2008-ci ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Pensiyanın alınması ilə bağlı bu illər ərzində hər hansı çətinlikləri olmamışdır. Lakin 2023-cü ilin əvvəllərindən aldığı pensiyanın məbləğində kəskin azalma baş vermişdir. Maraqlanan zaman şifahi surətdə ona bildirilmişdir ki, guya pensiya 2008-ci ildə düzgün hesablanmamışdır. Pensiya məbləğinin azalma səbəblərinə dair verilmiş şifahi cavab onu qane etmədiyindən, həmin şifahi cavaba etiraz ərizəsini 25 aprel 2023-cü il tarixində 4 saylı DOST mərkəzinə təqdim etmişdir. Müraciətinə mahiyyəti üzrə və qanunun tələblərinə uyğun baxmaq əvəzinə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından ona yazılı cavab verildi ki, guya pensiya vaxtilə düzgün təyin edilməmiş, o səbəbdən, ona ödəniləcək pensiya yenidən hesablanmış və artıq ödənilmiş pensiyanın 3 illik məbləği ondan tutulmaqdadır. Verilmiş yazılı cavab da onu qane etmədiyindən 30 may 2023-cü il tarixində pensiyanın yenidən hesablanmasına və tutulmasına etiraz ərizəsini nümayəndəm vasitəsi ilə yenidən 4 saylı DOST mərkəzinə təqdim etmişdir. İkinci müraciətinə də eyni cavab verilmişdir. Göründüyü kimi, verilmiş cavablar onun ərizəsinin mahiyyətinə və həmin ərizələrə qanunla nəzərdə tutulmuş baxılma qaydalarına uyğun olmamışdır. Göründüyü kimi, ondan xəbərsiz pensiyanın məbləğinin kəskin azaldılmasına və pensiyadan tutulmalara etiraz olaraq iki dəfə 4 saylı DOST xidmətinə müraciətlər etmişdir. Müraciətlərinə onun iştirakı ilə “Əmək pensiyaları haqqında” Qanunun 39.1 maddəsinin tələblərinə uyğun olaraq baxmaq əvəzinə cavabdeh bunu etməmiş,s əlahiyyət həddini aşaraq pensiya məbləğini azaltmaqla tutulmaları davam etdirmişdir. Hesab edir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının bu hərəkətləri tamamilə qanunsuz və əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqanın məhkəməyə təqdim olunmuş 3-17-1/2-194962/2023 saylı xx.xx.2023-cü il tarixli iddiaya dair yazılı etirazında göstərilmişdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “b” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 55 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 57 yaş müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006- cı il tarixinədək ümumi iş stajı 35 il 2 ay 17 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iddiaçının iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 41,57 manat (35,21 il x 170 manat : 144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 64,42 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7292,16 manat sığorta kapitalına uyğun 50,64 (7292,16:144) manat və baza hissəsi əlavə edilərək (75,00 manat) xx.xx.2010-cu il tarixinə 190,06 (64,42+50,64+75,00) manat (indeksləşdirilərək və sonrakı hesablanmalar nəzərə alınmaqla 31.01,2023-cü il tarixinə 478,93 manat) məbləğində əmək pensiyası hesablanmalı olduğu halda, səhvən qanunvericiliyə zidd olaraq ona xx.xx.2008-ci il tarixinə 961,15 manat (indeksləşdirilərək və sonrakı hesablanmalar nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 2490,09 manat)) məbləğində əmək pensiyası hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 72586,94 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunub. Həmin artıq ödənilmiş 72586,94 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hər ay 47,89 manat olmaqla iddiaçının əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Bundan əlavə, “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda hesab edirlər ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. İnzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhimizə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra tərəflərindən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İPM-in: 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Faktiki hallar və sübutlar: İddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1953-cü il tarixdə Xudat şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır. H3 seriyalı ******* №li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1975-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus xx.xx.1970-ci ildə doldurulmuş əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən iddiaçının əmək stajı aşğıdakı kimi olmuşdur: “Azərdənizneftinşaat” Tresti 5 №li Tikinti Quraşdırma İdarəsi xx.xx.1970-ci ildə 2-ci dərəcəli rəngsaz kimi işə qəbul olunub. xx.xx.1972-ci ildə 2-ci peşə kimi 3-cü dərəcəli elektrik qaynaqçısı təhkim olunub. xx.xx.1972-ci ildə hərbi xidmətə çağırışla (xx.xx.1972-ci ildən xx.xx.1975-ci ilədək) əlaqədar tutduğu vəzifələrdən azad olunub. xx.xx.1975-ci ildə 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə təyin olunub. xx.xx.1978-ci ildə 4-cü dərəcəli elektrik qaynaqçısı təhkim olunub. xx.xx.1979-cu ildə 5 №li Tikinti Quraşdırma İdarəsinin adı dəyişdirilərək, 2 №li Tikinti Quraşdırma İdarəsi adlandırılmışdır. xx.xx.1981-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçısı təhkim olunub. xx.xx.1985-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçıların briqadiri təyin olunub. xx.xx.1988-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçısı əl ilə və elektrikqövsü əməyi hesab olunmuşdur. xx.xx.1990-cı ildə işdən azad olunmuşdur. xx.xx.1990-cı ildə “Şelfsənayetikinti” İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsində 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə təyin olunub. xx.xx.1991-ci ildə 6-cı dərəcəli elektrik qaynaqçısı təhkim olunub. xx.xx.2002-ci ildə tutduğu vəzifədən azad olunub. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsi tərəfindən tərtib edilmiş 124343 №-li Pensiya uçot vərəqəsinin təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 1326/2023 №-li “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarının təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.2010-cu il tarixdə İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası (yenidən hesablanma)- artıq vermə (xx.xx.2008-xx.xx.2010-ci il tarixləri arasında artıqvermə) səbəbindən yenidən hesablanmışdır. Hazırki pensiya məbləği: 2490 manat, 09 qəpik; Yenidən hesablanmış pensiya məbləği: 417 manat, 55 qəpik təşkil edir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3- 6862/2023 №-li “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərarının təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.2010-cu il tarixdə İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 39.1-ci maddəyə əsasən artıqvermə (yenidən hesablanma) səbəbindən yenidən hesablanmışdır. Hazırki pensiya məbləği: 478 manat, 93 qəpik; Yenidən hesablanmış pensiya məbləği: 478 manat, 93 qəpik. İddiaçı tərəfindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, iddiaçı pensiyanın azalması və müəyyən məbləğin tutulmasına razılıq vermir. Rəsmi şəkildə cavab verilməsini xahiş etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış xx.xx.2023cü il tarixli, 3-17-1/2-X-115882/2023 №-li məktubunda göstərilmişdir ki, Azərbaycan Reşpublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “b” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 55 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321 -İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 57 yaş müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 yanvar2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Araşdırma zamanı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 35 il 2 ay 17 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanızın sığorta hissəsi 41,57 manat (35,21 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 64,42 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyiniz dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7292,16 manat sığorta kapitalına uyğun 50,64 (7292,16:144) manat və baza hissəsi əlavə edilərək (75,00 manat) xx.xx.2010-cu il tarixinə 190,06 (64,42+50,64+75,00) manat (indeksləşdirilərək və sonrakı hesablanmalar nəzərə alınmaqla xx.xx.2023-cü il tarixinə 478,93 manat) məbləğində əmək pensiyası hesablanmalı olduğu halda, səhvən qanunvericiliyə zidd olaraq ona xx.xx.2008-ci il tarixinə 961,15 manat (indeksləşdirilərək və sonrakı hesablanmalar nəzərə alınmaqla 31.01,2023-cü il tarixinə 2490,09 manat)) məbləğində əmək pensiyası hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona 72586,94 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunub. Həmin artıq ödənilmiş 72586,94 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hər ay 47,89 manat olmaqla əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. İddiaçı nümayəndəsi Vəkil tərəfindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən müəyyən olunur ki, maraqlarını təmsil etdiyi İddiaçı xx.xx.2023-cü il tarixində ərizə ilə ona müraciət edərək ona əvvəllər təyin olunmuş pensiyanın məbləğinin azaldılmasına və müəyyən məbləğin tutulmasına etiraz etmişdir. Mübahisəyə qanun çərçivəsində baxaraq əvəzinə pensiyadan tutma davam etdirilmişdir. Odur ki mübahisənin qanuna uyğun həll edilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış xx.xx.2023cü il tarixli, 3-17-1/2-M-135931/2023 №-li məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “b” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 55 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 57 yaş müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyası pensiya sığorta kapitalına əsasən deyil, ödənilmiş əmək haqqının orta aylıq məbləğinə uyğun olaraq hesablanırdı. Göstərilən tarixdən qanunvericiliyə edilmiş dəyişikliklə əlaqədar 1 yanvar 2010-cu il tarixindən sonra əmək pensiyasının məbləği toplanılan pensiya sığorta kapitalına (1 yanvar 2006-cı il tarixindən əvvəlki iş stajının da pensiya sığorta kapitalına şərti çevrilməsi aparılmaqla) əsasən hesablanılmasına başlanılıb. Araşdırma zamanı, etibarnamə üzrə nümayəndəsi olduğu İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar olunub. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170,00 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddiaçı pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 35 il 2 ay 17 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajınıza uyğun olaraq, “Əmək pensiyaları haqqında’’ Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 41,57 manat (35,21 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 64,42 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7292,16 manat sığorta kapitalına uyğun 50,64 (7292,16:144) manat və baza hissəsi əlavə edilərək (75,00 manat) xx.xx.2010-cu il tarixinə 190,06 (64,42+50,64+75,00) manat (indeksləşdirilərək və sonrakı hesablanmalar nəzərə alınmaqla 31.01,2023-cü il tarixinə 478,93 manat) məbləğində əmək pensiyası hesablanmalı olduğu halda, səhvən qanunvericiliyə zidd olaraq adıçəkilən şəxsə xx.xx.2008-ci il tarixinə 961,15 manat (indeksləşdirilərək və sonrakı hesablanmalar nəzərə alınmaqla 31.01,2023-cü il tarixinə 2490,09 manat)) məbləğində əmək pensiyası hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla İddiaçı 72586,94 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunub Həmin artıq ödənilmiş 72586,94 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hər ay 47,89 manat olmaqla ona əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Tətbiq edilən hüquq. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. ... Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. ... Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada). Bənd 2.1.8 Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş) Maddə 13. Abzas 1, yarımbənd “b”. Əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11.Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Maddə 61.İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Yuxarıda qeyd olunan normaların məzmununa uyğun olaraq, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iddiaçının 1997-ci ilin avqustun 1-dək 25 il ümumi iş stajı, 12 il 06 ay xüsusi iş stajı olmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmamasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyət etməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesablama aparmadan öncə istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Lakin cavabdeh inzibati orqanın iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. Zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətdirilmədən cavabdeh inzibati orqan əlverişsiz inzibati akt qəbul etmişdir. Cavabdeh inzibati orqanın mövqeyi əsassızdır. Belə ki, sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 55 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıda qeyd olunan şərtlərə birlikdə əməl olunmalıdır: şəxs pensiya almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatmalı; işlədiyi peşə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş siyahısında (2 nömrəli) təsbit olunmalı; 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12,6 il, ümumi iş stajı minimum 25 il olmalı; 12,6 il xüsusi və 25 il ümumi iş stajı xx.xx.1997-cı il tarixədək mövcud olmalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçının 1997-ci ilin avqustun 1-dək 25 il ümumi iş stajı, 12 il 06 ay xüsusi iş stajı olmasını mübahisələndirməmiş, iddiaçıya məxsus əmək kitabçasındakı qeydlər və hərbi xidmət nəzərə alınmaqla, həmin məlumatlar əsasında əmək pensiyası təyin etmiş (55 yaşdan), lakin sonradan onun 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmamasını bildirərək, xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1 yanvar 2010-cu il tarixinədək qüvvədə olmuş redaksiyası əsas götürülməklə hazırda mübahisələndirilən qərarlar qəbul olunmuşdur. İddiaçının qeyd olunan dövrlərdə işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında nəzərdə tutulmuşdur: XXVİİ Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (kod ********) fəsli, 2290100a—16671 kodu ilə dülgərlər; XXXİİİ. Ümumi peşələr (kod ********) fəsli, 23200000—11618 kodu ilə qaz kəsiciləri; 23200000—19906 kodu ilə əl ilə qaynaq aparan elektrik qaynaqçıları. Qanunla müəyyən olunmuş şərtlər əsasında xx.xx.1953-cü il təvəllüdlü iddiaçıya DSMF-nin Qaradağ rayon şöbəsinin 845 №li xx.xx.2009-cu il tarixli qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən orta əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin mübahisələndirilən əmək pensiyasının yenidən hesablanması barədə qərarı ilə iddiaçının pensiya hüququnun yarandığı tarix 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixə çəkilmiş, yenidən hesablama nəticəsində iddiaçının 2830 manat 59 qəpik məbləğində aylıq əmək pensiyası 726 manat 50 qəpik məbləğə endirilmişdir. Cavabdehin mövqeyinə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 57 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixindən orta əmək haqqına əsasən hesablanaraq təyin edilmişdir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “b” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 55 yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmış və nəticə etibarı ilə 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 57 yaş müəyyən edilmişdir. Yəni 1 avqust 1997-ci il tarixinədək ümumi və güzəştli iş stajını tamamlamış, lakin 55 yaşı tamam olmamış şəxslərə həmin tarixdən sonra sözügedən dəyişikliyə uyğun olaraq 57 yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının mövqeyinə görə 01 avqust 1997-ci il tarixədək 25 il ümumi və 12,6 il güzəştli iş stajı tamam olduğundan onun pensiya hüququ 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən yaranmışdır. Odur ki, cavabdehin pensiyanın yenidən hesablanması ilə bağlı qərarı əsassızdır. Məhkəmə iddiaçının hazırki iş üzrə mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə görə kişi cinsindən olan şəxsin 55 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan şərtlər (işlədiyi peşə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş siyahısında (2 nömrəli) təsbit olunmalı; 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12,6 il, ümumi iş stajı minimum 25 il olmalı; 12,6 il xüsusi və 25 il ümumi iş stajı xx.xx.1997-cı il tarixədək mövcud olmalıdır) iddiaçı tərəfindən xx.xx.1997-ci il tarixədək (qanunda dəyişiklik olunana qədər) ödənildiyindən və qeyd olunan dövrədək işlədiyi peşə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən kişi cinsindən olan şəxslər üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün məhz 55 yaş müəyyən olunduğundan iddiaçı hazırki tələbində haqlı olmuşdur. Məhkəmə hesab edir ki, əks mövqe xx.xx.1997-ci il tarixədək işlədiyi peşə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərin qanunla qorunan pensiya gözlənti hüququnun pozulmasına səbəb olmuş olardı. Bundan əlavə iş materiallarından da göründüyü kimi, cavabdeh inzibati orqanın xx.xx.2009-cu il tarixli Qərarı ilə İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 55 yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və sonuncuya həmin pensiya məbləği 15 (on beş) ilə yaxın bir müddətdə yəni hazırda mübahisələndirilən qərarlar qəbul olunanadək ödənilmişdir. “Avropa İnsan Hüquqları Məhkəməsinin “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə 27 may 2010-cu il tarixli Qərarında da deyildiyi kimi, "gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yəni şəxs öncədən nə qədər pensiya alacağını bilmədiyi üçün onun müvafiq dövlət qurumunun hesablamasını şübhə altına alması üçün əsası olmur və büdcələməsini məhz bu gözlənti əsasında həyata keçirir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstəələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3- 17-1/3-3-1326/2023 nömrəli və “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-6862/2023 nömrəli qərarları ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1846/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1846/2024
14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver