Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1847/2020 22.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş idarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə (bundan sonra DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsi) qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, 1974-1976-cı illərdə Lerik rayonun Babək adına sovxozda, 1976-cı ildən 1986 -cı ilədək Fioletov adına sovxozda, 1986-cı ildən 1994cü ilədək Mistan adına sovxozda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyanın təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 iyul tarixli 1325 nömrəli Sərəncamına əsasən Bakı İnzibati Məhkəməsi təşkil edilmişdir. Bakı İnzibati Məhkəməsinin təşkil edilməsi ilə bağlı hazırkı iş “AZEMİS” Elektron Məhkəmə sistemi vasitəsi ilə icraatıma verilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 1974-1976-cı illərdə Babək adına sovxozda, 1976-cı ildən 1986-cı ilədək Fioletov adına sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona 60 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı xx.xx.1957-ci ildə Lerik rayonun Təngəbin kəndində anadan olmuşdur. Lerik rayonunda yaşadığı müddət ərzində 1974-1976 -cı illərdə Babək adına sovxozda , 1976-cı ildən 1986 -cı ilədək Fioletov adına sovxozda, 1986-cı ildən 1994-cü ilədək Misdan adına sovxozda fəhlə işləmişdir. Respublikada aparılan aqrar islahatlar nəticəsində sovxoz və kolxozlar ləğv edilmişdir. O cümlədən sonuncu işlədiyi Mistan savxozu da ləğv edilmişdir. Həmin vaxtdan da işdən azad olunmuşdur. Əmək kitabçası olmadığı üçün yuxanda qeyd etdiyim illər üzrə stajının müəyyən edilməsi mümkün olmamışdır. Bir iş yerindən digər iş yerinə köçürülmə zamanı yol vermiş nöqsanlara görə və sovxoz ləğv olunarkən sənədlər dövlət arxivinə təhvil verilmədiyindən 1994-cü ilədək işlədiyimə dair sənədləri ala bilmir. İddiaçı yuxarıda qeyd etdiklərini ərizəsində göstərməklə təqaüdə çıxmaq üçün Dövlət Sosial Müdafiə fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə xx.xx.2018-ci il tarixdə müraciət etmişdir. xx.xx.2018-ci il tarixli imtina məktubunda tələb olunan sığorta stajı olmadığı səbəbindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün olmadığı bildirilmişdir. O, ərizə ilə yaşadığı Nizami rayon məhkəməsinə müraciət etmişdir. Nizami rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiası təmin edilməklə yuxarıda qeyd etdiyi sovxozlarda işləməyi faktı müəyyən edilmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi Bakı Apellyasiya məhkəməsinə həmin qətnamədən apelyasiya şikayəti vermiş, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə maraqlı şəxs tərəfindən verilən şikayət qismən təmin edilməklə göstərilmişdir ki, iddiaçı inzibati məhkəməyə müraciət etməlidir. Odur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsinə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunmuşdur. Cavabdeh DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsinin iddiaya dair xx.xx.2019-cu il tarixli, **********3 saylı yazılı etirazında aşağıdakılar göstərilmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçular, eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Vətəndaşlara pensiya təyin edilərkən Qanunun 21-cı maddəsinin tələblərini yerinə yetirən əmək fəaliyyəti sosial sığorta stajı kimi nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçı təqdim etdiyi arxiv arayışında qeyd olunan illər əmək kitabçasında qeyd olunmadığı üçün həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. Eyni zamanda da “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Həmin Qanunun 8-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının təqdim etdiyi arayışlardan onun 25 il əmək stajının olmadığı və fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasından yüksək pensiya təminatına imkan verən sığorta kapitalı olmadığından yaşa görə əmək pensiyası hüququ yoxdur. Sonda iddiaçının iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdimolunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrəkeçirilmiş şifahi məhkəmə baxışı iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş idarəsinin nümayəndəsi X3 etiraza əlavəni məhkəməyə təqdim etdi. Etiraza əlavədə göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinin tələblərinə əsasən sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o əmək kitabçası ilə birlikdə təqdim edilsin və əmək kitabçasında öz əksini tapsın. İddiaçının təqdim etdiyi arxiv arayışında qeyd edilən illər əmək kitabçasında qeyd olunmadığı üçün həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Nümayəndə iddia tələbini əsassız hesab edərək etiraza əlavədə yazılanlara uyğun izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirakı etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: - xx.xx.2012-ci il tarixdə Bakı-Nizami RPİ tərəfindən verilmiş iddiaçıya məxsus AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən aydın olur ki, İddiaçı xx.xx.1957-ci ildə Lerik rayonunun Təngəbin kəndində doğulmuşdur; - Lerik rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 135/3 nömrəli arxiv arayışının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X1 Babək adına kolxozda aşağıdakı üzrə əmək günü vardır (Fond 114, kitab 3, səhifə 47): 1974-cü il – 132 gün, 1975-ci il - 136 əmək günü, 1976-cı il – 36 əmək günü. Qeyd: kolxozda qadınlar üçün minimum əmək günü norması 80 (səksən) qəbul edilmişdir. O.Fioletov adına sovxoz üzrə 05 sentyabr 1976-cı il tarixli 32 saylı əmrlə sovxoza fəhlə təyin edilmişdir (Fond 121, kitab 1, səhifə 15). Fioletov adına sovxoz üzrə 15 oktyabr 1986-cı il tarixli 16 saylı əmrlə o, işdən azad edilərək, yeni təşkil edilmiş “Mistan” sovxozunun sərəncamına göndərilmişdir. Qeyd 2: Onun 1976-cı ildə Fioletov adına sovxoza fəhlə qəbul edilməsi, sonradan Mistan sovxozunun sərəncamına göndərilməsi barədə əmr kitablarında qeydiyyat olsa da, əmək kitabçasının olmaması və əmək haqqı cədvəllərinin arxivə tam təhvil verilməməsindən onun neçə il işləməsi barədə məlumat arxivdə aşkar edilmədi; - DSMF-nin Bakı şəhəri Nizami rayon şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********3 saylı cavab məktubunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə 22 10.2019-cu il tarixdə daxil olmuş ərizəsi ilə əlaqədar olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçular, eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin ediimiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Təqdim edilmiş arxiv arayışında qeyd olunan illərə aid əmək stajı əmək kitabçasında qeyd olunmadığı üçün pensiya hesablanması zamanı həmin illərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün deyildir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, bu olmadıqda isə azı 25 il əmək stajı olduqda təyin edilir. Fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum əmək pensiyasının məbləğindən yüksək pensiya təminatına imkan vermədiyindən və azı 25 il əmək stajı olmadığından yaşa görə əmək pensiyası hüququ yoxdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi, pensiya təyin edən cavabdeh orqan iddiaçının xeyrinə olan sübutları toplayıb iddiaçının xeyrinə olan halları araşdırmaqdan yayınmış, bununla da inzibati qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Mübahisənin mahiyyəti ilə əlaqədar isə məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 2017-ci il iyul ayının 1-dək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi qanunverici orqan 60 yaşı 2017-ci il iyul ayının 1-dək tamam olmuş və azı 12 il sığorta (əmək) stajı olan qadınların yaşa görə əmək pensiyası hüququnun yarandığını müəyyən edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İş materiallarından məlum olur ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən yuxarıda qeyd edilmiş əsaslara görə ona imtina edilmişdir. Cavabdeh inzibati orqanın imtina məktubunun məzmunundan müəyyən edilir ki, iddiaçının ona əmək pensiyasının təyin edilməsindən imtina edilməsi üçün 2 əsas göstərilmişdir: 1) təqdim edilmiş arxiv arayışında qeyd olunan illərə aid əmək stajının iddiaçının əmək kitabçasında qeyd olunmaması; 2) iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum əmək pensiyasının məbləğindən yüksək pensiya təminatına imkan verməməsi və onun azı 25 il əmək stajının olmaması. Məhkəmə cavabdehin imtinası ilə aşağıdakı əsaslara görə razılaşmır. Əvvəla məhkəmə göstərməyi zəruri hesab edir ki, işdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-680/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi təmin edilərək, İddiaçı 1974-cü ildən 1976-cı ilədək Lerik rayonu “Babək” adına sovxozda, 1976-cı ildən 1986-cı ilədək Lerik rayonu “Fioletov” adına sovxozda və 1986-cı ildən 1994-cü ilədək Lerik rayonu “Mistan” sovxozunda fəhlə işləməsi faktı müəyyən edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11330/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qərardadı ilə maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-680/2019 saylı, 21 fevral 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və ərizəçi İddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işin icraatına xitam verilməklə ona aidiyyəti üzrə İnzibati-İqtisadi Məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmənin mövqeyinə görə əlavə olaraq o halın qeyd edilməsi zəruridir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.2-ci bəndində göstərilmişdir ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.3-cü bəndinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 2-ci maddəsinin 6-cı bəndinə əsasən "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq notarius sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilsə də, əmək stajını təsdiq edən əmək kitabçasına alternativ sənədlərdən biri də əmək stajını təsdiq edən arxiv arayışı hesab edilir və işçinin müvafiq fəaliyyət dövrünün onun əmək kitabçasında qeyd edilməməsi həmin dövrün əmək fəaliyyəti dövrü kimi nəzərə alınmaması üçün əsas deyildir. Həmçinin, işə əlavə edilmiş arxiv arayışının notarial qaydada təsdiq edilməsi həmin sənədin mötəbərliyinə ola biləcək şübhəni aradan qaldırır. İddiaçının, ümumilikdə, 12 ildən artıq iş stajının olması iş materiallarında olan arxiv arayışındakı qeydlərə əsasən təsdiq edilir. İddiaçının işdə olan şəxsiyyət vəsiqəsindən görünür ki, onun 60 yaşı xx.xx.2017-ci ildə tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin qeydinə uyğun olaraq iddiaçının yaşa görə əmək pensiyası hüququ 60 yaşından, yəni xx.xx.2017-ci il ildən yaranır. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən, habelə, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə əlaqədar yuxarı – apelyasiya instansiyası məhkəməsinin mövqeyini və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi tövsiyəsini nəzərə alaraq, məhkəmə hesab edir ki, işə əlavə edilmiş arxiv arayışı əmək fəaliyyətini təsdiq edən sənəd kimi qəbul edilməklə iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixə 12 ildən artıq iş stajının olması ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada əksini tapan sosial təminat hüququ Əsas Qanunun 38-ci maddəsinin İİİ hissəsinə müvafiq olaraq qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Məhkəmə qeyd edir ki, pensiyaçılara əmək pensiyasının təyin edilməməsi onların artıq qazanmış olduqları mülkiyyətdən məhrum edilməsi deməkdir. Bu isə Konstitusiyanın 29cu maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir. Əmək pensiyası qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə müvafiq olaraq vətəndaşlara verilən aylıq pul ödənişi olmaqla onların mülkiyyətini təşkil edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, pensiya hüququ Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Avropa Məhkəməsi bir sıra Qərarlarında göstərmişdir ki, əvvəllər ödəmələrin edilməsi ilə şərtləndirilməsindən asılı olmayaraq, sosial dəstək tədbirlərindən söhbət getdikdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə dair işlər üzrə ümumilikdə tətbiq olunan bütün prinsiplər bərabər şəkildə qüvvədə qalırlar. (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77). İnzibati Prosessual Məcəllənin2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, iddia təmin edilməli, 1974-1976-cı illərdə Lerik rayonunun Babək adına sovxozda, 1976-cı ildən 1986-cı ilədək Fioletov adına sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə İddiaçı 60 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehDSMF-nin Nizami rayon şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 1974-1976-cı illərdə Lerik rayonunun Babək adına sovxozda, 1976-cı ildən 1986-cı ilədək Fioletov adına sovxozda işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə İddiaçı 60 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz)gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1847/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1847/2020
22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver