Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1847/2021 15.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X17 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik ödəmənin ödənilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 3-cü (iyul ayı üçün) və 4-cü (avqust ayı üçün) 190 manat məbləğində birdəfəlik ödəmənin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, evlidir. İki az yaşlı uşağı və əri ilə birlikdə yaşayır. X1 Mərkəzinə müraciət etsələr də, nə onu, nə də ərini işlə təmin etməmişlər. Hər dəfə demişlər ki, növbədə 700-dən çox işsiz var. Onları işlə təmin etsinlər, sonra isə münasib bir işlə təmin edərlər. Özü orta təhsillidir. Əri isə 8-ci sinifi bitirib. Sənədi yoxdur. Müəyyən yerlərdə iş tapıb qeyri-rəsmi işləyir. Çox vaxt isə işlədirlər, əmək haqqını ala bilmir. Evə cuzi qazanc gətirir, birtəhər dolanırlar. İmkanı olan qohumlar da, kömək edir. Sərt karantin müddətində dövlət tərəfindən az təminatlı ailələrə verilən 1-ci 190 manat birdəfəlik ödəməni aprel ayında poçt vasitəsi ilə almış, 2-ci ödəməni isə bank tərəfindən verilən kart ilə almalı idi. Digər işsizlər kimi onun əri də, “X18” MMC-də 25.04.2020-ci il tarixdə işə götürülmüşdür. O və ailə üzvləri sevinmişlər ki, hər ay ailələrinin qazancı olacaq. Lakin, iki aydan sonra, yəni 01.07.2020-ci il tarixində əmək müqaviləsinə xitam verilmiş, həyat yoldaşı işsiz qalmışdır. 2-ci 190 manat birdəfəlik ödəməni əri işlədiyinə görə ala bilməmişlər. Ancaq, iyul və avqust aylarında hər ikisi işsiz qalmışlar. Ailələrinin qazancı olmamışdır. Buna baxmayaraq, az təminatlı ailələrə verilən 3-cü və 4-cü 190 manat birdəfəlik ödəmələr bank tərəfindən verilmiş karta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüklənməmişdir. Bununla da, cavabdeh hüquqlarını pozmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin reijminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmçinin “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən işsiz şəxsin əsas meyarlarından biri olan işə başlamağa hazır olan şəxs kateqoriyasına aid olmamışdır. Onların müraicət etməkdə məqsədləri yalnız ödəmə ilə bağlı olmuşdur. Həmin Qaydaya əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. Həmçinin həmin Qaydanın 2.3.10-cu yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina üçün əsasdır. Birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin həmin Qaydaya uyğun olaraq, hüquqlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə, Daxili İşlər, Kənd Təsərrrüfatı nazirliklərinin, habelə digər dövlət orqan və təşkilatlarının, qurumların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunmaqla araşdırma aparılmışdır. Beləliklə, iddiaçı, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun qeydiyyata alınmış və 19.04.2020-ci il tarixində işsiz statusu verilmişdir. 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydaya uyğun olaraq iddiaçının məlumatları yoxlanılmış və aprel ayı üçün 190 manat birdəfəlik ödəmə verilmişdir. Daha sonra iddiaçının əri 25.04.2020-ci il tarixində “X18” MMC-də əmək müqaviləsi bağlayaraq işləməyə başlamışdır. Belə olan halda, 2020-ci il 7 aprel tarixli, 127 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydanın 2.3.9-cu yarımbəndinə uyğun olaraq (əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” sistemində aktiv əmək müqaviləsi bildirişi olanlara) sonrakı aylar üçün birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan X8 çıxarışdan görünür ki, İddiaçı ailə vəziyyəti evli, əri 28.11.1974-cü il təvəllüdlü X7 göstərilmişdir. X9 19.04.2020-ci il tarixdə 20 saylı Ərazi Məşğulluq Mərkəzi tərəfindən MAS-da işsiz kimi qeydiyyata alınmışdır. İddiaçının əri ilə 25.04.2020-ci il tarixdə “X18” MMC-də əmək müqaviləsi bağlanılmış, həmin əmək müqaviləsinə 01.07.2020-ci il tarixdə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X14 20 saylı Ərazi Məşğulluq Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış 08.10.2020-ci il tarixli, ********** nömrəli məktubdan görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar aprel ayı üçün 190 manat birdəfəlik ödəmə təyin edilmişdir. Növbəti yoxlamalar zamanı əmək bildirişləri alt sistemindən əldə edilmiş məlumatlara əsasən əri X4 adına əmək müqaviləsi olduğuna görə növbəti aylar üçün 190 manat birədəfəlik ödəmədən imtina edilmişdir. Xüsusi karantin rejimində işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə üzrə təyinatla bağlı müraciətlər cari ilin 27 aprel tarixində dayandırılmışdır. X2 mərkəzdə 22.04.2020-ci il tarixdə işsiz kimi qeydiyyata alınmışdır. Mərkəz tərəfindən ona 25.04.2020-ci il tarixdə “X18” MMC-də sosial işçi, ictimai işlər (əmək haqqı 250.00 manat) təklif olunmuşdur. Təklif olunan işlər onu qane etdiyi üçün ona X11 (MAS) vasitəsilə elektron göndəriş verilmiş və o, 25.09.2020-ci il tarixdə işə qəbul olunmuşdur. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, aşağıdakı qanunvericiliyin normalarına əsasən hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 19.04.2020-ci il tarixdə 20 saylı Ərazi Məşğulluq Mərkəzi tərəfindən MAS-da işsiz kimi qeydiyyata alınmış, iddiaçının məlumatları yoxlanılmış və aprel ayı üçün 190 manat birdəfəlik ödəmə verilmişdir. Lakin, daha sonra onun X2 25.04.2020-ci il tarixində “X18” MMC-də işlə təmin olunaraq onunla əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsi 01.07.2020-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçı hazırki iddia tələbində ona Koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.06.2020-ci il tarixli, 216 saylı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.08.2020-ci il tarixli, 283 saylı Qərarları ilə müəyyən edilmiş 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin ödənilməsini tələb etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.06.2020-ci il tarixli, 216 saylı Qərarı qəbul edilən zaman iddiaçının ərinin adına aktiv əmək müqaviləsi bildirişi olmuş və o, həmin Qərara əsasən müəyyən edilmiş 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəməni almaq hüququna malik şəxs olmamışdır. Bu səbəbdən də, iddiaçının hazırki iddia tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.06.2020-ci il tarixli, 216 saylı qərarı ilə müəyyən edilmiş 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin ödənilməsi hissəsində təmin edilməməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.08.2020-ci il tarixli, 283 saylı Qərarı ilə müəyyən edilmiş 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin ödənilməsi hissəsində isə təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin Qaydaların 1-ci bəndinin müddəalarına əsaəsən - 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra – pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2-ci bəndinin müddəalarına əsasən - 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. Koronovirus (COVİD-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07.08.2020-ci il tarixli, 283 saylı Qərarına əsasən müəyyən edilmiş 190 (yüz doxsan) manat birdəfəlik ödəmənin iddiaçıya ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1847/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1847/2021
15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver