Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1847/2025 06.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalova Leyla Afiq qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Türkiyə Respublikası Atatürk Universiteti tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli tarixli 65025 nömrəli bakalavr diplomunun ölkə ərazisində tanınması öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı 2018-2022-ci il tarixlərində Türkiyə Respublikası Ərzurum şəhərində yerləşən Atatürk Universitetinin İctimaiyyətlə əlaqələr və Tanıtım fakültəsində (Public relations and Promotion faculty) “açıköğretim” təhsil formasında (bakalavriat) təhsil almış və həmin universiteti müvəffəqiyyətlə bitirərək ölkəyə qayıtmışdır (diplom nömrəsi - 65025). Diplomumun Azərbaycan Respublikasında tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (cavabdeh) xx.xx.2024-cü il tarixində elektron ərizə sistemi vasitəsilə müraciət ünvanlamışdır. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən iddiaçının müraciətinə xx.xx.2024-cü il tarixli NA00029401 nömrəli məktubla cavab verilmiş və bildirilmişdir ki, təhsil aldığı “açıköğretim” təhsil forması ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid deyildir, bu səbəbdən müraciəti barəsində mənfi qərar qəbul edilmişdir. Qərar bununla əsaslandırmışdırlar ki, Azərbaycan Respublikasında mövcud olan qanunvericilikdə sözügedən təhsilin forması üzrə tədrisin təşkili və qiymətləndirilməsi metodu nəzərdə tutulmamışdır. Habelə Azərbaycan Respulikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalilifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.5-ci yarımbəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsasın yarandığı bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalilifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci yarımbəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aiddir. Qeyd olunanlarla əlaqədar diplomumun tanınmasından (kvalifikasiyasından) imtina edilmişdir. 4 il ərzində təhsil aldığı Atatürk Universiteti dövlət mülkiyyətində olan təhsil müəssisəsidir və o, həmin Universitetin ictimaiyyətlə əlaqələr və təqdimat fakültəsində türk dilində “açıköğretim” formatında, yəni qiyabi (distant) formada təhsil almışdır. Təhsil müddətində dərslərdə və imtahanlarda iştirak etmiş (həmin müddətlərdə xarici pasportunda Türkiyə Respublikasına giriş-çıxış etdiyinə dair təsdiqləyici möhürlər mövcuddur) və tədris prosesini uğurla başa vurduğundan Atatürk Universitetinin 65025 nömrəli xx.xx.2022-ci il tarixli bakalavr diplomuna sahibdir. Hazırda ölkədə ixtisasına uyğun işləmək və ya təhsilini davam elətdirmək üçün diplomunun tanınması vacibdir. Bununla əlaqədar olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyinə edilən müraciətə isə əsassız və doğru araşdırma aparılmadan, diplomumun tanınmasından imtina edilməsi barədə cavabdeh tərəfindən iddiaçıya məlumat verilmişdir ki, iddiaçı hesab edir ki, həmin imtina əsassızdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh yazılı etirazda qeyd etmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab olunur ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, “Təhsil haqqında” AR Qanununun 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Göründüyü kimi Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması müəyyən edilməmişdir. “Açıköğretim” təhsil forması qeyri-ənənəvi təhsil formasıdır. Türkiyə Cümhuriyyətinin “X4” haqqında qanunun 8-ci maddəsinə əsasən imkanlar daxilində a) ali təhsildə çap edilmiş tədris alətləri, kasetlər, videolar, lentlər, lentlər və filmlər b) Radio və televiziya c) oxşar avadanlıq və sistemlərdən istifadə olunur. Qeyd olununan maddəyə əsasən məlum olur ki, tələbə tədris zamanı hər hansı dərs ixtisas dərsi tədris edilmədən, göndərilmiş materillar əsasında diplom əldə edir. “Açıköğretim” təhsil forması beynəlxalaq təcrübədə modul tipli təhsil formasına uyğundur. Sözügedən təhsil Azərbaycan Respublikası qanunvericilik sistemində mövcud deyildir. Həmçinin bu hal ilə bağlı Türkiyə Respublikası qanunvericiliyində də “açıköğretim” və “distant” təhslin fərqli anlayışlar olduğu qeyd olunmuşdur. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası (İPM-in 2.2.2) mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Cavabdeh tərəfindən iddiaçıya sözügedən imtinanın hansı tarixdə təqdim edildiyini təsdiq edən hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə tərəfindən iddianın mümkünlüyünü istisna edən hal aşkar olunmamışdır. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Türkiyə Respublikası Atatürk Universiteti tərəfindən verilmiş 65025 №-li diplomun surətindən görünür ki, İddiaçı Atatürk Universitetinin xüsusi qanun və qaydalarına əsasən təhsili müvəffəqiyyətlə bitirdiyinə görə Turkiyə Respublikası qanunlarının verdiyi bütün haqq və səlahiyyətlərdən istifadə etmək üzrə ona diplom verilmişdir. Diploma əlavədən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü İddiaçı “İctimaiyyətlə əlaqələr və Marketinq, Bakalavr dərəcəsi” istiqaməti üzrə “İctimaiyyətlə əlaqələr və Marketinq” ixtisası verilmişdir. Təhsilin müddəti 4 il təşkil edir. Cavabdeh tərəfindən verilmiş “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi” barədə 14 iyun 2024-cü il tarixli, NA00029401 nömrəli qərarı ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, iddiaçının bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsil əldə etmədiyi müəyyən edilmişdir. Bələ ki, iddiaçının bütün təlim müddəti ərzində vasitəsilə təhsil aldığı "açık öğretim' təhsilalma forması ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid deyildir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və ədalətli həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Maddə 27. Təhsil haqqında dövlət sənədi ... 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri ... 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. İddiaçının diplom aldığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya)”Qaydalarına əsasən: bənd 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. bənd 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən: 1.5.5. kvalifikasiyanın akademik tanınması (bundan sonra – akademik tanınma) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasında təhsilin növbəti pilləsində (səviyyəsində) təhsilini davam etdirmək hüququnun verilməsi; 1.5.6. kvalifikasiyanın peşə tanınması (bundan sonra – peşə tanınması) – xarici dövlətin səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsilə aid kvalifikasiyanın sahibinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi bağlanılarkən onun əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təqdim edilən təhsil sənədində qeyd edilən müvafiq peşə fəaliyyəti göstərmək hüququnun verilməsi; 1.5.8. tanınma şəhadətnaməsi – “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə (bundan sonra – TMİS) elektron sənəd formasında yaradılan və elektron formada verilən tanınmaya dair sənəd; 1.5.9. tanınma – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra – xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi; 4.1.Tanınma üzrə ümumi tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Məhkəmə diqqətə çatdırır ki, iddiaçının aldığı ixtisas üzrə kvalifikasiyasının tanınmasından imtina olunması bilavasitə tədris olunan təhsil formasının “açıq öyrətim” təhsil forması olmasıdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, açıq öyrətim ali təhsil qurumlarında üz-üzə və distant təhsil istisna olmaqla, tələbələrin və müəllimlərin məkandan asılı olmayaraq qarşılıqlı əlaqəsi və ünsiyyəti olmadan həyata keçirilən təhsil formasıdır. Tələbə tədris zamanı hər hansı dərs, ixtisas dərsi tədris edilmədən, göndərilmiş materiallar əsasında diplom əldə edir. “Distant (məsafədən)” təhsil isə ali təhsil müəssisələrində təlim-tədris prosesinin informasiya və kommunikasiya texnologiyaları əsasında planlaşdırıldığı və həyata keçirildiyi, tələbə ilə müəllimin və tələbələrin öz aralarında qarşılıqlı ünsiyyəti/əlaqəsi əsasında dərslərin şəxsən müəllim tərəfindən eyni mühitdə olma zərurəti olmadan ancaq sinxron şəkildə keçirildiyi təlim-tədris formasıdır. Açıq öyrətim distant təhsilalma formasından fərqli olaraq özündə təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətini ehtiva etmir. Elə bu səbəbdən həm də açıq öyrətim distant təhsilin xüsusi forması kimi də qəbul edilə bilməz. Göründüyü kimi, “açık öyrətim” təhsil “distant (məsafədən)” təhsil ilə eyni olmamaqla fərqli təhsilalma formalarıdır. Məhkəmə bildirir ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi (kvalifikasiyanın tanınması)üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə “açıq öyrətim formasında xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. “Təhsil haqqında” Qanunun 13-cü maddəsində əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma forması müəyyən edilmişdir, yəni təhsil qanunvericiliyində “açıq öyrətim” təhsilalma forması nəzərdə tutmamışdır. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Qanunun diplomların tanınması və ekvivalentliyi adlanan 12-ci maddəsində qeyd edilir ki, azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq,...həyata keçirilir. İddiaçı təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar”ının 2.2-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlarda iddiaçının Türkiyə Respublikasında təhsil aldığı “açıq öyrətim” təhsil forması nəzərdə tutulmamışdır Bununla yanaşı Məhkəmə diqqətə çatdırır ki, dünyada mövcud olan ayrı-ayrı təhsilalma formalarını qəbul etmək, eləcə də ali təhsilin müxtəlif pillələrinə münasibətdə həmin formalardan hər hansı birini (və ya bir neçəsini) qəbul etməmək hər bir dövlətin həyata keçirdiyi təhsil siyasəti və bundan irəli gələn mülahizə sərbəstliyi ilə sıx bağlı olan məsələdir. Dövlətlər özlərinin bu sahədəki siyasətlərini və mülahizə sərbəstliyi imkanlarını müxtəlif amilləri nəzərə almaqla formalaşdırır və həyata keçirirlər. Bir qayda olaraq, belə mülahizə sərbəstliyi daxilində edilmiş seçimlər məhkəmə nəzarətindən kənardırlar. Çünki, konkret təhsilalma formasının, eləcə də ali təhsilin müxtəlif pillələrinə münasibətdə həmin formalardan hər hansı birinin (və ya bir neçəsinin) tanınmasına qiymət vermək son nəticədə hüquqilik yox, məqsədə müvafiqlik dəyərləndirilməsinin aparılmasına gətirib çıxarır. İnzibati məhkəmələrin inzibati orqanların fəaliyyəti üzərindəki məhkəmə nəzarəti isə məqsədə müvafiqliyin yoxlanılmasını nəzərdə tutmur. Bu dəyərləndirmənin işığında məhkəmə qeyd edir ki, ümumən “açık öyrətim” formasının Azərbaycan Respublikasında tanınmamasına qiymət verilməsi, hazırkı işin halları baxımından məhkəmə qaydasında yoxlanılmalı və qiymətləndirilməli məsələni təşkil edə bilməz. Qanunvericinin mülahizə sərbəstliyi çərçivəsində etdiyi bu seçim Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartı kimi qəbul edilməlidir. Müvafiq olaraq xaricdə açık öyrətim formada alınmış təhsil, təhsilalma forması ilə bağlı dövlət standartına uyğunsuzluq halı yaratdığı üçün ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtinaya əsas təşkil edə bilər. Buna görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının mövcud təhsil sistemində “açık öyrətim” təhsil forması üzrə tədrisin aparılması nəzərdə tutulmadığından, iddiaçının bakalavr pilləsi üzrə aldığı ali kvalifikasiyanın tanınmasından cavabddeh tərəfindən imtina olunması əsaslı olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-2312/2024 nömrəli analoji iş üzrə xx.xx.2024-cü il tarixli qərarının 28-32-ci bəndlərində analoji mövqedən yanaşaraq hətta qeyd etmişdir ki, “... 28. Kollegiya hesab edir ki, sözügedən mövqeyə yenidən baxmaq və dəyişiklik etmək zərurəti yaranmışdır...”. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X5.
Məhkəmə qərarları › İş №2-1(112)-1847/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1847/2025
06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver