Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-18473/2025 10.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsinə qarşı “iddiaçıların övladının soyadının dəyişdirilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il təvəllüdlü X1 doğum haqqında akt qeydində soyadının dəyişdirilib, baba adı ilə soyad verilməsinə, “Sarıyev” soyadından “Aqilzadə” soyadına dəyişdirilməsinə dair və bu barədə doğum haqqında akt qeydi kitabında müvafiq qeydiyyatın aparılmasının və oğlumuza yeni soyadla yeni “Doğum haqqında şəhadətnamə” verilməsinin cavabdeh Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıların 25 sentyabr 2025-ci il tarixdə İlyas adlı övladı doğulmuşdur. Onun soyadının “Aqilzadə” kimi göstərilməsini Qeydiyyat şöbəsindən xahiş etdilər. Lakin bu xahiş təmin olunmadı. Uşağın atası kimi iddiaçının soyadı Sarıyevdir. Bu soyad müasir deyil, müxtəlif şəxslər tərəfindən rişxənd və sataşmaq kimi sui-istifadə edilir və gələcəkdə övladının psixoloji sarsıntılar keçirməsini istəmir. Bundan əlavə, uşağın atası kimi, iddiaçının atası Aqil cavan olarkən vəfat edib və oğul kimi atasının adını övladının soyadında yaşatmaq istəyir.
3. Nizami rayon qeydiyyat şöbəsinin iddiaçının müraciətinə əsasən xx.xx.2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3. maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Adın,ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1. maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, soyadını və ata adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Göstərilənlərlə bağlı nəzərinizə çatdırırıq ki, övladınızın soyadının dəyişdirilib baba adı ilə soyad verilməsi ilə bağlı ərizənizin qeydiyyat şöbəsində təmin edilməsi imkan xaricindədir.”
4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir
5. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
7. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir.
8. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
9. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
10. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar
11. AA******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.2001-ci il tarixdə anadan olmuşdur.
12. AA******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.2000-ci il tarixdə anadan olmuşdur.
13. AZ-İİ 620199 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə İddiaçı2 arasında xx.xx.2024-cü il tarixdə nikah bağlanmışdır. Ərə Sarıyev, arvada Rəhimli soyadı verilmişdir.
14. AZ-V 165042 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı1, anası İddiaçı2dır. Şəhadətnamə xx.xx.2025-ci il tarixdə 6 saylı Bakı ASAN Xidmət mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmişdir.
IV. Məhkəmənin mövqeyi
15. İş materiallarında olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıların xx.xx.2025-ci il təvəllüdlü oğluna məxsus AZ-V 165042 nömrəli doğum haqqında şəhadətnamədə soyadı atanın soyadına uyğun “Sarıyev” kimi qeyd olunmuşdur. İddiaçılar oğlunun soyadının “Aqilzadə” kimi dəyişdilərək ona məxsus sənədlərdə düzəliş edilməsini xahiş edirlər.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır; 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır; 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir; 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur; Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi 54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. 54.3. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.
19. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması ilə əlaqədar vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında dəyişikliklər edilmişsə, əvvəllər verilmiş şəhadətnamələr ləğv edilir və onların əvəzində qeydiyyatda dəyişikliklər nəzərə alınmaqla yeni şəhadətnamələr verilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi» Qaydalarının: 4.1-ci bəndinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir; 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; 6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; 6.5-ci bəndinə əsasən ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir; 6.6-cı bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizə (1 nömrəli əlavə) vətəndaşın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə, xarici ölkədə daimi və ya il ərzində 182 gündən artıq müvəqqəti yaşayan Azərbaycan Respublikasının vətəndaşı tərəfindən isə konsulluğa verilir; 6.18-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə, qeydiyyat şöbəsi və ya konsulluq idarəsi bundan imtina edilməsi barədə bu Qaydaların 1.5-ci bəndində nəzərdə tutulan qərarı çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə və ya konsulluq idarəsinə gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır.
22. Şəxsi ad, soyad və ata adı fərdin özünü müəyyən etməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir və şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir.
23. Digər tərəfdən, ad hüququnun təzahürü kimi ad, ata adı və soyadın verilməsi və dəyişdirilməsi hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, bu hüququn məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, ictimai maraqlara xidmət etməklə başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.
24. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması ilə bağlı qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir.
25. Eyni zamanda, ad hüququ dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların təmin olunması üçün də məhdudlaşdırıla bilər.
26. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi hüququnun məhdudlaşdırılması ilə bağlı aşağıdakı meyarlar müəyyən edilir: - uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir; - İctimai (ümumi) maraqların qorunması məqsədi ilə adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsinə məhdudiyyətlər tətbiq edilə bilər.
27. İctimai maraqlar dedikdə, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması, şəxsin kimliyinin müəyyən olunması üsullarının və hər hansı bir adın (soyadın) daşıyıcısının müəyyən bir ailə və nəsil ilə əlaqələndirilməsi vasitələrinin qorunması, dövlət dilinin işlənməsinə və qorunmasına dair ümumi maraqların, eləcə də milli adqoyma ənənələrinin qorunmasının təmin olunması və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar ictimai maraqlar naminə məhdudiyyətlər tətbiq edərkən ictimai maraqlar ilə fərdin maraqları arasında ədalətli tarazlığın qorunmasına diqqət yetirməlidir. İctimai maraqlar naminə məhdudiyyətlər o zaman tətbiq oluna bilər ki, konkret mübahisənin halları baxımından ictimai maraqları fərdin maraqlarından üstün tutmaq mümkün olsun.
28. Fərdi maraqlar dedikdə, uşağın və şəxsin mənafeyinin təmin edilməsi, şəxsin öz kimliyini formalaşdırmaq və ifadə etmək hüququ, özünü emosional və mənəvi cəhətdən tanıdığı və qəbul etdiyi şəkildə adlandırmaq hüququ, keçmişi və ailə üzvləri ilə bağlılığın simvolik olaraq ifadəsi və bu kimi digər məqsədlər başa düşülür. Məhkəmələr və inzibati orqanlar fərdin maraqlarının (mənafeyinin) aydınlaşdırılması və qiymətləndirilməsi zamanı şəxsin istinad etdiyi konkret əsaslandırmaları nəzərə almalı, xüsusən də, onun məhrumiyyətlərinin nədən ibarət olmasına və iddia edilən məhrumiyyətlərin təsdiq olunub olunmadığına diqqət yetirməlidir.
29. Ad və soyadla bağlı dəyişiklik tələbi zamanı şəxsin qarşılaşdığı real, ciddi və əsaslandırılmış məhrumiyyətlərin olması vacibdir. Yalnız şəxsi zövq, sadə emosional bağlılıq və ya adi sosial-mədəni səbəblərə istinad etmək fərdi hüquqların üstünlüyü təmin etmək üçün kifayət deyil. Şəxsin adını (soyadını) dəyişdirməyə sövq edən gerçək səbəblər mövcud olmalı, həmin səbəblərin mövcudluğunun davam etməsi onun həyatında real məhrumiyyətlər yaratmalıdır.
30. Həmçinin, adın, ata adının və soyadın verilməsi ilə müqayisədə dəyişdirilməsi zamanı dövlətin dəyişiklikləri həyata keçirmək və izləmək üçün müəyyən resursları sərf etdiyi, buna görə də, daha real, ciddi və əsaslandırılmış səbəblər tələb oluna biləcəyi nəzərə alınmalıdır.
31. İşin hallarına əsasən, iddiaçılar İddiaçı1 ilə İddiaçı2 birgə nikahlarından xx.xx.2025-ci ildə X2 doğulmuşdur. Hazırda iddiaçılar uşağının soyadının «Sarıyev»dən «Aqilzadə»yə dəyişdirilməsini tələb edir və bununla bağlı cavabdeh inzibati orqana müraciət etsələr də, cavabdeh iddiaçıların müraciətinin təmin edilməsindən imtina etmişdir.
32. İddiaçı1 dəlilləri ondan ibarətdir ki, onu böyütmüş və xatirəsini ehtiramla yad etmək istədiyi atasının adı Aqildir, ona görə də, uşağının soyadının “Aqilzadə” olmasını istəyir. Belə ki, iddiaçının soyadı Sarıyevdir, İddiaçı2 ilə arasında nikah bağlanmış, qadına nikahdan sonra Rəhimli soyadı verilmişdir. Hazırda isə uşağının bu soyadları daşımağını istəmirlər.
33. Məhkəmə nəzərə alır ki, qüvvədə olan qanunvericilikdə uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir, mövcud qanunvericilik uşağın soyadının digər valideynin soyadına dəyişdirilməsi qaydalarını müəyyən etmişdir və həmin dəyişikliyə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verir. Bununla belə, yuxarıda geniş şərh olunduğu kimi, bu hüquq da mütləq deyil, müəyyən məhdudiyyətlərə tabedir. Beynəlxalq təcrübədə də soyadların dəyişdirilməsi zamanı fərdin şəxsi, sosial və hüquqi vəziyyətinə təsir edən əsaslı səbəblərin təqdim edilməsi zəruri hesab edilir və bu məsələlərdə şəxsi istəklə ictimai maraqlar arasında balansın qorunması vacibdir.
34. Soyad şəxsin kimliyinin, xüsusilə, onun ailə mənsubiyyəti və nəsil əlaqələrinin müəyyənləşdirilməsinin əsas elementidir. İddiaçı1 soyadı Sarıyevdir, arvadı İddiaçı2 soyadı isə Rəhimlidir, hazırda isə uşağının soyadını atasının adına uyğun olan “Aqilzadə” kimi dəyişdirmək istəyirlər.
35. Məhkəmə hesab edir ki, iddiaçıların təqdim etdiyi səbəblər simvolik və emosional motivasiyalara əsalanır. Onun hər hansı real, ciddi və əsaslandırılmış məhrumiyyətlər və çətinliklər ilə qarşılaşdığı görünmür. Belə ki, dəyişdirilməsini istədiyi “Aqilzadə” soyadı nəsillərində olmamışdır. İddiaçı1 öz atasına olan ehtiramını göstərmə arzusu və xatirəsini yaşatmaq istəməsi başa düşüləndir, lakin onun atasının adını uşağının soyadı kimi qəbul etməsi bu ehtiramı göstərməyin yeganə yolu deyil. Soyadın bu şəkildə dəyişdirilməsi üsulu, yəni hər kəsin soyadını ehtiram göstərdiyi yaxın qohumuna dəyişdirməsi imkanı ailə mənsubiyyətinin müəyyənləşdirilməsində qeyri-müəyyənlik yaradır, ictimai maraqlarla uyğunlaşmır və dövlət qurumları üçün əlavə çətinlik və yükdür. Əhalinin qeydiyyat sisteminə xələl gətirən üsulla soyadın dəyişdirilməsinin sadəcə emosional bağlılıqla əsaslandırılması ciddi səbəb sayıla bilməz.
36. Məhkəmə nəzərə alır ki, iddiaçıların fərdi marağı onun şəxsi kimliyinin, emosional və psixoloji rahatlığının təmin olunmasına yönəlib və cavabdeh imtinası ilə onun şəxsi həyatına müdaxilə etmişdir. Lakin cavabdehin imtinası zəruri və legitim ictimai maraqlara mütənasib olmuşdur.
37. Belə ki, soyadın sabitliyinin təmin edilməsi ictimai mənafeyə, təhlükəsizliyə və digər şəxslərin hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Ona görə də əhalinin qeydiyyat sisteminə xələl gətirən üsullarla edilən və qeyri-müəyyənlik yarada biləcək soyad dəyişikliklərinə dövlət tərəfindən məhdudiyyətlər qoyula bilər. Müvafiq qanunvericilik soyadın dəyişməzliyi ilə bağlı ictimai mənafeyə əsaslanır ki, bu da hüquqi müəyyənliyin və vətəndaşlıq vəziyyətinin sabitliyinin mühüm elementi sayılır. Belə ki, bir şəxsin soyadının dəyişdirməyə sövq edən gerçək səbəblər olsa da, bu, ictimai maraqlar baxımından, o cümlədən, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması və ya şəxsin kimliyinin müəyyən olunması və hər hansı bir soyadın daşıyıcısının müəyyən bir ailə ilə əlaqələndirilməsi vasitələrinin qorunması məqsədi ilə məhdudlaşdırıla bilər.
38. Beləliklə, hazırkı işin halları baxımından iddiaçıların sadəcə simvolik və emosional motivasiyalara əsaslanan soyadını dəyişməkdən ibarət olan fərdi marağı ictimai maraqlardan üstün tutulması üçün yetərli deyil.
39. İctimai maraqların qorunması qanuni məqsəddir və sözügedən qanuni məqsədə çatmaq üçün cavabdeh orqan tərəfindən edilmiş müdaxilə iddiaçı üçün müəyyən narahatlıq törətsə də, qeyri-mütənasib hesab ediləcək, yaxud da qanunvericiliyin, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının pozulması kimi qiymətləndiriləcək həddə deyil (AİHM-in İsmayılzadə Azərbaycana qarşı və Stjerna Finlandiyaya qarşı işləri).
40. Odur ki, cavabdeh inzibati orqan tərəfindən belə halda müdaxiləyə yol verilməsi iddiaçıların hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
41. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva