Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1848/2022 24.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********5 nömrəli, 24.06.2021-ci il tarixli cavab məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) müvafiq olaraq teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə SOCAR-ın “Heydər Əliyev adına X5”unda 11.12.1989-01.01.2006-cı il tarixləri arasındakı dövr ərzində teplovoz maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi "Heydər Əliyev adına X5”unda işlədiyi teplovoz maşinisti vəzifəsi yuxarıda göstərilən dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər sahəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 12 il 6 aydan az (1 il 19 gün (17.11.1988-06.12.1989-cu il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra İddiaçı 06.08.2021-ci il tarixdə Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı 57 yaşının tamam olduğu 2020-ci il 16 fevral tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1984-cü ildən başlayaraq hazırkı vaxta kimi 37 il işləmişdir. Peşə məktəbində 3 il təhsil müddəti və 2 il hərbi xidmət müddəti nəzərə alınmaqla 42 ildən çox əmək stajı vardır. İddiaçının zərərli iş şəraitində əmək stajı 01 yanvar 2006-cı il tarixinə 25 il 11 ay 05 gün təşkil etmişdir. Yəni güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 illik ümumi və 12 il 6 aydan çox güzəştli olan əmək stajı yarandığına görə 57 yaşının tamam olduğu 16 fevral 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh 04.10.2021-ci il tarixdə iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş, etirazda imtina məktubunda göstərilən dəlillərə istinad olunaraq iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu yarımbəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra - 2 nömrəli Siyahı) əsasında müəyyən edilir. Burada istinad olunan əvvəllər qüvvədə olmuş Qanun “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunudur ki, həmin Qanunun 13-cü maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Beləliklə, sadalanan hüquq normalarından görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlə əmək pensiyası təyin edilməsi üçün 2006-cı ilin yanvarın 1-dək güzəştli iş stajı 12 il 6 aydan, ümumi stajı 25 ildən az olmamalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sənədlərə (AZE Seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin, НЗ №4494627 nömrəli hərbi biletin, B №814245 nömrəli diplomun, 30.04.2021-ci il tarixli arayışın, ИТ-l №0250913 nömrəli əmək kitabçasının surətləri) əsasən iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuş, 01.09.1978-ci ildə Bakı şəhər 2 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 13.07.1981-ci ildə Elektrovozun maşinist köməkçisi peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almış, 17.11.1981-24.10.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. İddiaçı 19.03.1984-cü il tarixindən V.Lenin adına Bakı Metropoliteninin Qatarların hərəkət xidmətinin kompleks briqadasına İİİ dərəcə ilə elektrik avadanlıqların təmiri üzrə elektrik çilingəri peşəsinə qəbul edilmiş, 28.11.1984-cü il tarixdə istismar sahəsinə elektrik qatarlarının maşinist köməkçisi keçirilmiş, 16.11.1988-ci ildə digər işə keçirilməsi ilə bağlı həmin işdən azad edilmişdir. İddiaçı 17.11.1988-ci ildən 26.05.1989-cu ilə kimi Azərbaycan Dəmir Yolları QSC-nin Bakı Lokomotiv deposunda Elektrovozların baxımı və təmiri üzrə çilingər, 26.05.1989-cu il tarixindən 06.12.1989-cu il tarixinədək elektrovoz maşinisti köməkçisi peşəsində işləmiş, 11.12.1989-07.09.1990-cı illərdə Heydər Əliyev adına X3 15 nömrəli sexində teplovoz maşinisti, 08.09.1990-01.04.1995-ci illərdə isə Bakı Baş Tikinti İdarəsində teplovoz maşınisti, 19.04.1995-01.02.1996-cı illərdə “Zenit” idman cəmiyyətində məşqiçi müəllim vəzifəsində işləmişdir. İddiaçı 06.02.1996-cı ildə yenidən Heydər Əliyev adına X4 15 nömrəli sexinə teplovoz maşinist vəzifəsinə qəbul edilmiş, 15.08.2014-cü ilədək həmin vəzifədə işləmiş, 15.08.2014-cü ildə dəmiryol üzrə xidmət sahəsinə teplovoz maşinisti keçirilmiş, 11.03.2015-ci ildə isə yenidən 15 nömrəli sahəyə teplovoz maşinisti keçirilmişdir və hazırda həmin vəzifədə işləyir. Beləliklə, istinad olunan sənədlərdən görünür ki, iddiaçının 57 yaşı 16.02.2020-ci il tarixdə tamam olmuş, onun 01.01.2006-cı il tarixə 26 il 6 ay 9 gün ümumi stajı olmuşdur. İddiaçının 01.01.2006-cı il tarixə xüsusi stajına gəldikdə iş materiallarından görünür ki, iddiaçının xüsusi stajı həmin tarixə 12 il 6 aydan az olmuşdur. Belə ki, işdə olan Azərbaycan Dəmir Yolları QSC-nin 11.02.2021-ci il tarixli, 44030 nömrəli Arayışından görünür ki, iddiaçı 17.11.1988-ci il tarixindən 26.05.1989-cu il tarixinədək "Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Lokomotiv deposunda elektrovozların baxımı və təmiri üzrə çilingər, 26.05.1989-cu il tarixindən 06.12.1989-cu il tarixinədək (ümumilikdə 1 il 19 gün olmaqla) elektrovoz maşinist köməkçisi peşəsində işləmişdir. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxildir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi vaxt qüvvədə olan 2 nömrəli Siyahıya əsasən iddiaçının işlədiyi bu vəzifələr kod - 23001000- 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər; kod -23001000—16885elektrovozlarda maşinist köməkçiləri və kod - 23001000—18540 - hərəkətdə olan tərkibin təmiri üzrə çilingərlər peşəsinə uyğun gəlir. Bu uyğunluq həm istehsalat sahəsi, həm də həmin istehsalat sahəsinə aid iş, peşə və vəzifələr üzrə müəyyən edilir. İddiaçının "Bakı Metropoliteni” QSC-də işlədiyi dövrə gəldikdə işdə olan "Bakı Metropoliteni” QSC-nin 09.03.2021-ci il tarixli, A/159 nömrəli Arxiv Arayışından görünür ki, iddiaçı 19.03.1984-cü il tarixindən V.Lenin adına Bakı Metropoliteninin Qatarların hərəkət xidmətinin kompleks briqadasına İİİ dərəcə ilə elektrik avadanlıqların təmiri üzrə elektrik çilingəri peşəsinə qəbul olunmuş (Əmr № 40/OK, 19.03.1984-cü il), 28.11.1984-cü il tarixindən istismar sahəsinə elektrik qatarlarının maşinist köməkçisi (ağır əmək şəraiti) peşəsinə keçirilmiş (Əmr № 458/OK, 28.11.1984-cü il), 16.11.1988-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmişdir (Əmr № 491/OK, 16.11.1988-ci il). "Bakı Metropoliteni” QSC tərəfindən verilmiş arayışda iddiaçının işlədiyi həmin vəzifənin 2 nömrəli Siyahının hansı koduna uyğun gəldiyi konkret olaraq göstərilməmiş, məhkəmə də bu istiqamətdə araşdırma aparmamışdır. Çünki həmin dövr araşdırılmadan da toplanmış sübutlar iş üzrə yekun nəticəyə gəlməyə kifayət edir. Belə ki, qeyd edilən dövr xüsusi staja daxil edilsə belə, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 01.01.2006-cı il tarixədək tələb olunan 12 il 6 aylıq müddət tamamlanmır. Çünki işdən görünür ki, cavabdeh iddiaçıya pensiya təyin etməkdən imtina edərkən yuxarıda göstərilən dövrləri deyil, onun 08.09.1990-01.04.1995-ci illərdə Bakı Baş Tikinti İdarəsində, 11.12.1989-07.09.1990-cı və 06.02.1996-01.01.2006-cı illərdə Heydər Əliyev adına X3 15 nömrəli sexində işlədiyi dövrləri mübahisələndirmiş və həmin müəssisələrdəki teplovoz maşinisti vəzifəsinin güzəştli şərtlərlə pensiya təyin etməyə imkan verən peşə olmamasına istinad etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsaslı olmuşdur. Çünki iddiaçının həmin dövrdə teplovoz maşinisti vəzifəsində işlədiyi sahə dəmiryol nəqliyyatına aid olmamışdır. Belə ki, İddiaçının tələbinin əsası kimi istinad etdiyi 2 nömrəli Siyahının (23000000 XXVİİİ. Nəqliyyat 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər. 23001000—14241 teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri) quruluşundan da göründüyü kimi, ilk növbədə “istehsalat” sahələri aşkar surətdə fərqləndirilmiş, yalnız bundan sonra həmin istehsalat sahəsinə aid iş, peşə və vəzifələr təsbit olunmuşdur. İddiaçının bilavasitə çalışmış olduğu “iş, peşə və vəzifə” isə dəmiryolu nəqliyyatına deyil, digər istehsalat sahəsinə aid olmuşdur. Başqa sözlə, iddiaçının icra etdiyi “iş, peşə və vəzifə” onun bilavasitə çalışdığı Bakı Baş Tikinti İdarəsində və Heydər Əliyev adına X4 istehsal prosesinin tərkib hissəsi olmuşdur. Bunun əksini təsdiq edə bilən hər hansı sübut işdə mövcud deyil. İddiaçının əsaslandığı – işlədiyi müəssisə tərəfindən verilmiş arayışlar isə iddiaçının əmək kitabçasında qeyd olunan istehsalat sahəsində və işdə/vəzifədə çalışması faktını təsdiq edir, lakin barəsində qeyd olunan iş, peşə, vəzifələr və onların icra olunduğu əmək şəraiti arasındakı uyğunluğu (eyniliyi) təsdiq etmir. Məhkəmə qeyd edir ki, burada, söhbət müxtəlif istehsalat sahələrində (hazırkı halda, nəqliyyat və istehsal sahələrində) işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin və əmək şəraitinin eyniliyinin, deməli, həm də əmək şəraitinin xüsusilə ağırlığına və zərərliliyinə dair eyni və ya oxşar əsasların, faktiki halların mövcudluğunun təsdiq olunmasından gedir. Hazırkı işdə bu, təsdiq edilmir. Məhkəmə onu da qeyd edir ki, məsələyə bu cür yanaşma eyni zamanda oxşar məhkəmə işləri üzrə yuxarı intansiya məhkəmələri tərəfindən formalaşdırılmış təcrübəyə də uyğundur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, iddiaçıya ona 57 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan zəruri şərtlərdən biri, 01.01.2006-cı il tarixədək 12 il 6 ay xüsusi stajın olması şərti hazırkı iş üzrə ödənilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-1848/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1848/2022
24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver