Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1849/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə iddiaçının cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı “iddiaçının təhsilə yararlı hesab edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaya xx.xx.2022-ci il tarixədək baxılıb qərar verilməsinin təmin edilməsi, Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinin Xüsusi-Həkim Komissiyası tərəfindən qəbul edilmiş onun daxili işlər orqanlarında xidmətə (Polis Akademiyasında təhsilə) yararsız hesab edilməsi barədə inzibati aktın ləğv edilməsi və daxili işlər orqanlarında xidmətə (Polis Akademiyasında təhsilə) yararlı hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbulla bağlı test imtahanında iştirak etmiş və 600.1 bal toplamışdır. xx.xx.2022-ci il tarixdə Polis Akademiyasına qəbulla bağlı Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Xüsusi Həkim Komissiyasında (XHK-də) şəhadətləndirilmiş, oftalmoloji müayinə nəticəsində ona "sol gözün mürəkkəb hipermetropik astiqmatizmi" diaqnozu təyin edilmişdir. Bundan sonra, iddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi- tibb baş idarəsində oftalmoloji tibbi müayinədən keçmiş və görmə itiliyi korreksiyasız sol göz (OS) üçün 0.8, sağ göz (OD) üçün 1.0 olması, korreksiya ilə isə hər iki göz üçün 1.0 olması müəyyən edilmişdir. Nəticədə göstərilmişdir ki, iddiaçıda OD sağlam, OS qarışıq dərəcəsi 1,0 ümumi ametrofiyası 2,0 olan astiqmatizm vardır (tibbi sənədin surəti əlavə edilir). Eyni zamanda, X2un verdiyi xx.xx.2022-ci il tarixli ümumi oftalmoloji müayinə vərəqəsindən də görünür ki, iddiaçının görmə itiliyi korreksiyasız sol göz (OS) üçün 0.8, sağ göz (OD) üçün 1.0 olması, korreksiya ilə isə yalnız sol göz üçün 0.9 olması müəyyən edilmişdir. Həmçinin, Tibbi terminologiyaya əsasən 0.8 görmə itiliyinin olması 20 faiz gözün zəif görməsi deməkdir.1.0 isə vahid görmə itiliyi anlamına gəlir. X5 Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının baş oftalmoloqu vəzifəsində çalışır. Refreaksiya həddi kimi OS üçün +2,0, -1,0 və 0 göstərilmişdir. Diaqnoz sol gözün qarışıq astiqmatizmi təyin edilmişdir (tibbi sənədin surəti əlavə edilir). Habelə, Yasamal rayonu 13 nömrəli Uşaq poliklinikasının iddiaçı barəsində olan xx.xx.2022-ci il tarixli arayışından görünür ki, onun hər iki gözünün itiliyi 1.0 olması, yəni vahid görmə qabiliyyətli olması müəyyən edilmişdir (tibbi sənədin surəti əlavə edilir). DİN-in XHK-nın qərarından fərqli olaraq 3 müxtəlif tibb mütəxəssislərinin, o cümlədən xüsusi tibb müəssisəsi olan DTX-nın tibb müəssisəsinin verdiyi tibbi sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının görmə itiliyi uzaqgörmə üçün korreksiya ilə bir göz üçün 0,5-dən xeyli yuxarıdır, digər göz üçün isə 0,1dən və ya hər iki göz üçün 0,4-dən yuxarıdır. Bu isə o deməkdir ki, o, Polis Akademiyasında qəbula yararlıdır. Belə ki, Daxili İşlər nazirinin xx.xx.2021-ci il tarixli 570 nömrəli əmri ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla xx.xx.2002-ci il tarixli 25 nömrəli əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında tibbi şəhadətləndirilmə qaydaları" haqqında Əsasnaməyə (bundan sonra - "Əsasnamə") əsasən XHK-nın ekspert qərarı Xəstəliklər cədvəlinin 1-ci qrafası (yeni qəbul olunanlar) əsasında qəbul edilir (6.1-ci bənd). 6.2-ci bəndə əsasən isə XHK tibbi müayinənin nəticələrinə əsasən xüsusi təyinatlı təhsil müəssisələrinə yeni qəbul edilənlər barəsində aşağıdakı qərarlardan birini qəbul edir: "A" xidmətə yararlı; "Ç" müvəqqəti xidmətə yararlı; "D" - xidmətə yararsız. Əsasnamənin 1 nömrəli Əlavəsinə əsasən DİN tədris müəssisələrinə qəbul edilən şəxslərə Xəstəliklər cədvəlinin 1-ci qrafasındakı tələblər nəzərdə tutulur. Xəstəliklər cədvəlinin 35-ci maddəsinin izahına əsasən Xəstəliklər cədvəlinin 1-ci qrafası ilə şəhadətləndirilənlər üçün xidmətkeçməyə mane olmayan görmə itiliyi, uzaqgörmə üçün korreksiya ilə bir göz üçün 0,5-dən, digər göz üçün 0,1 və ya hər iki göz üçün 0,4-dən aşağı olmamalıdır. Göründüyü kimi, iddiaçının görmə itiliyi uzaqgörmə üçün korreksiya ilə bir göz üçün 0,5-dən, digər göz üçün isə 0,1-dən xeyli yuxarıdır. Habelə, onun hər iki göz üçün birlikdə görmə itiliyi 0,4-dən də yuxarıdır. Bu isə onu göstərir ki, XHK Əsasnamənin tələbinə zidd olaraq, iddiaçının görmə itiliyini düzgün qiymətləndirməmiş və nəticədə əsassız olaraq onun DİO-ya xidmətə yararsız hesab edilməsi barədə qərar qəbul etmişdir. Bu isə XHK-nın iddiaçı barəsində olan xidmətə yararsız hesab edilmə barədə qərarımn ləğv edilməsini və onun barəsində XHK tərəfindən xidmətə yararlı hesab edilmə barədə qərar qəbul edilməsini şərtləndirir. Bundan sonra, iddiaçı barədə qəbul edilmiş xidmətə yararsız hesab edilmə barədə qərarının ləğv edilməsi və onun daxili işlər orqanlarında təhsilə yararlı hesab edilməsi barədə qərar qəbul edilməsi üçün cavabdehə müraciət edilmişdir. Cavabdehin XHK-nin göndərişi əsasında iddiaçı xx.xx.2022-ci il tarixdə X9 adına Milli Oftalmologiya Mərkəzində müayinə olunmuşdur. Nəticədə sol gözündə refreksiyanın +3,0 (keçid həddi +2,0-dək), astiqmatizm -2,0 (keçid həddi 1,0) olması müəyyən edilərək, "Qarışıq miopik astiqmatizm" diaqnozu təyin edilmişdir. Cavabdehin 21.07.22-ci il tarixli 029-2231-1222 nömrəli inzibati akt hesab edilən məktubu (bundan sonra - "İnzibati akt") ilə müəyyən edilmişdir ki, qeyd edilən refraksiya anomaliyasınm dərəcəsinə əsasən İddiaçı Polis Akademiyasında təhsilə yararsız hesab edilir. Yararsız hesab edilmənin hüquqi əsası kimi Əsasnaməyə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli 570 nömrəli əmrin V cədvəlində qeyd edilən normativlərin "35ç" maddəsi göstərilmişdir. Aşağıdakı səbəblərə görə iddiaçı hesab edir ki, cavabdehin 21.07.22-ci il tarixli 029-2231-1222 nömrəli inzibati aktı ləğv edilməli və iddiaçı Polis Akademiyasında təhsilə yararlı hesab edilməlidir. İlk növbədə qeyd edilməlidir ki, cavabdehin xx.xx.2022-ci il tarixli 029-2231-1222 nömrəli inzibati aktının hüquqi əsası kimi Əsasnaməyə dəyişiklik edilməsi barədə 13.09.21-ci il tarixli 570 nömrəli əmrin V cədvəlində qeyd edilən normativlərin "35ç" maddəsi göstərilmişdir ki, guya həmin maddə sol gözdə refreksiya həddinin aşıldığına və "qarışıq miopik astiqmatizm" diaqnozu olmasına əsasın təhsilə yararsızlığın tibbi xəstəliyi kimi təsvir edilmişdir. Bununla bağlı ilk növbədə qeyd edilməlidir ki, qeyd edilən V cədvəldən görünür ki, həmin cədvəldə birbaşa "35ç" maddəsi göstərilməmiş, cədvəlin Qeydinin 1-ci hissəsinə əsasən "Xəstəliklər cədvəli" dedikdə, Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin İX hissəsi ilə müəyyən olunmuş "Xəstəliklər cədvəli" nəzərdə tutulur. "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nin "35ç" maddəsindən görünür ki, korluq, zəif görmə, rəng görmə anomaliyalarına aiddir və həmin xəstəliklərə gözdə refreksiya həddinin aşılması və "qarışıq miopik astiqmatizm" nəzərdə tutulmamışdır. İnzibati aktın faktiki əsası barədə ilk növbədə qeyd edilməlidir ki, Əsasnamədə və ona dəyişikliklər edilməsi barədə xx.xx.2021-ci il tarixli 570 nömrəli əmrdə gözdə refraksiya həddinin, o cümlədən sol gözdə refraksiya həddinin +2,0 olması, habelə astiqmatizm keçid həddinin 1,0 olması təsvir edilməmiş, astiqmatizmin dərəcəsinin keçid həddi kimi 1,0 göstəricisindən aşağı, yoxsa yuxarı olması halında normadan kənarlaşma (yararsızlıq) sayılması əks olunmamışdır. Bu isə ondan xəbər verir ki, inzibati aktın inzibati orqan hesab edilən cavabdeh tərəfindən diskresion səlahiyyətindən istifadə etməklə qəbul edildiyini və həmin qərarın fiziki şəxsin hüquqlarını əsassız məhdudlaşdırılmasına yönəldildiyi, inzibati orqanın öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmadığını göstərir. Qeyd edilməlidir ki, inzibati aktda göstərilənin əksinə olaraq əslində sol gözdə refreksiya +3,0 olmamış, astiqmatizm isə -2,0 olmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə X9 adına Milli Oftalmologiya Mərkəzində keçirilmiş müayinədən cəmi 15 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə DTX Hərbi-tibb baş idarəsində keçirilmiş oftalmoloji tibbi müayinə sənədindən görünür ki, iddiaçının sol gözündə (OS) refraksiya həddini aşma (ametrofiya) 1,0, astiqmatizm isə 2,0 dərəcədədir. Eyni zamanda, X2un verdiyi xx.xx.2022-ci il tarixli ümumi oftalmoloji müayinə vərəqəsindən də görünür ki, iddiaçının refreaksiya həddi sol gözü üçün (i) +2,0, (ii) -1,0 və (iii) 0 göstərilmişdir. Bütün bu göstərilənlər onu təsdiq edir ki, inzibati aktın faktiki əsası da əsaslı deyildir və xx.xx.2022-ci il tarixli X9 adına Milli Oftalmologiya Mərkəzində keçirilmiş müayinə də mötəbər deyildir. Halbuki, "inzibati icraat haqqında" Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Cavabdeh isə tibbi sənədin mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görmədən qeyd edilən müddəanın pozuntusuna yol vermişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) təqdim etməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə ünvanladığı yazılı münasibətində iddiaya etiraz edərək bildirmişdir ki, 2005-ci il təvəllüdlü İddiaçı DİN-nin Polis Akademiyasına qəbulla əlaqədar tibbi şəhadətləndirilməsi üçün Yasamal RPİ-nın göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə DİN-in Tibb İdarəsinin Xususi Həkim Komissiyasında olmuşdur. Şəhadətləndirmə prosesində keçirilən oftalmoloji müayinə nəticəsində İddiaçı "sol gözün mürəkkəb hipermetropik astiqmatizmi" diaqnozu təyin edilmişdir. Qeyd olunan diaqnoz nəzərə alınmaqla İddiaçı DİN-in 13 sentyabr 2021-cı il tarixli 570 nömrəli "DİN in 2002-ci il 23 yanvar tarixli 25 nömrəli əmrində dəyişiklik edilməsi barədə” əmrinin V cədvəlində qeyd edilən normativlərə əsasən “35ç” maddəsi ilə Polis Akademiyasında təhsilə yararsız hesab edilmişdir. “Alyans” Vəkil Bürosunun vəkili Arif Əyyubovun müraciəti ilə bağlı, İddiaçı tibbi rəy verilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə XHK-nın göndərişi ilə X9 adına Milli Oftalmologiya Mərkəzinin Ekspertiza şöbəsində dərinləşdirilmiş müayinəyə göndərilmişdir. Keçirilmiş müayinə nəticəsində İddiaçı sol gözündə refraksiyasının +3,0 (keçid həddi +2,0dək), astiqmatizmin -2,0 (keçid həddi 1,0) olması müəyyən edilərək, “Qarışıq miopik astiqmatizm" diaqnozu təyin edilmişdir (tibbi rəy № 6921). Qeyd olunan refraksiya anomaliyasının dərəcəsinə əsasən İddiaçı Polis Akademiyasında təhsilə yararsız hesab edilmişdir. Qərarın ləğv edilməsi imkan xaricindədir. Məhkəmənin iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə etməklə iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat vermiş və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın əsassız olduğundan təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı onun üçün əlverişsiz hüquqi nəticələr yaradan AR DİN Tibb İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun ləğv edilməsini və onun yenidən xüsusihəkim komissiyasında şəhadətləndirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qeyd edilməlidir ki, inzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis idarələri və şöbələri inzibati orqan sayılır. Hazırkı iş üzrə cavabdeh AR DİN Tibb İdarəsi AR Daxili İşlər Nazirliyinin ixtisaslaşdırılmış polis idarəsi olduğundan inzibati orqan sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. AR Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında inzibati aktın anlayışı və inzibati aktın hansı əlamətlərə malik olması açıqlanmışdır. Həmin Qərarda qeyd edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. X8 belə nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubu iddiaçı üçün hüquqi nəticələr yaratdığından inzibati akt kimi qiymətləndirilməlidir. Həmçinin iddia düzgün cavabdehə qarşı yönəldilmiş, aidiyyət qaydalarına əməl edilməklə təqdim edilmişdir. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. İşin mahiyyətinə gəldikdə isə məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının DİN-in Polis Akademiyasında təhsilə yararsız olması barədə Xüsusi Həkim Komissiyasının qərarının ləğv edilməsi barədə müraciətinə baxılmış və iddiaya etirazın məzmununa uyğun imtina cavabı verilmişdir. -AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2005-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi tərəfindən verilən xx.xx.2022-ci il tarix oftalmoloji tibbi müayinə sənədindən görünür ki, iddiaçının OD sağlam, OS qarışıq dərəcəsi 1.0 ümumi ametropiyası 2,0 olan astiqmatizm diaqnozu qoyulmuşdur. -X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ümumi oftalmoloji müayinə vərəqəsindən görünür ki, iddiaçının görmə itiliyi korreksiyasız (OS) 0.8, (OD) üçün 1.0 olmaqla ona sol gözün qarışıq astiqmatizmi diaqnozu qoyulmuşdur. -13 nömrəli Uşaq poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, iddiaçıya VSOD=1,0, VSOS=1,0 diaqnozu qoyulmuşdur. -X9 adına Milli Oftalmologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 6921 №li tibbi rəydən görünür ki, İddiaçı müayinəsi nəticəsində aşağıdakılar aşkar olunmuşdur: VİS OD=0,9, VİS OS=0,8. OD-sadə miopik astiqamtizm, OS- Qarışıq astiqmatizm HM+3,0 astiqmatizm H-2,0. -Məhkəmənin sorğusuna əsasən DİN-in Tibb İdarəsi tərəfindən verilən xx.xx.2022ci il tarixli 611 №li rəyin dublikatından görünür ki, 2005-ci il təvəllüdlü İddiaçı AR Daxili işlər nazirinin 25 nömrəli, xx.xx.2002-ci il tarixli əmrinin Xəstəliklər cədvəlinin İ qrafasının 35 ç maddəsinə İ təyinat qrupu üzrə xüsusi –həkim komissiyasında 23 iyun 2022-ci il tarixdə şəhadətləndirilərkən DİN-nin Polis Akademiyasının əyani şöbəsində təhsil almağa yararsız hesab edilmişdir. Diaqnoz H52.2. OS-Sol gözünün mürəkkəb hipermetropik astiqmatizmi (görmə itiliyi OD=0,8, OS=0,3). Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilərək ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Canlı müayinə olunmaqla xx.xx.2005-ci il təvəllüdlü İddiaçı “sol gözün mürəkkəb hipermetropik astiqmatizmi” diaqnozu təsdiqini tapırmı?
2. Eyni qaydada yoxlanılmaqla İddiaçı “qarışıq miopik astiqmatizm” diaqnozu təsdiqini tapırmı?
3. Müayinə aparmaqla İddiaçı hər iki gözünün görmə itiliyi ölçüsü müəyyən edilsin.
4. Aparılmış müayinələr nəticəsində İddiaçı gözlərinə cərrahiyyə əməliyyatının aparıldığı müəyyən edilirmi? Əgər edilirsə cərrahi müdaxilənin həyata keçirildiyi vaxt və onun gözlərdə izlərini müəyyən etmək mümkündürmü? Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X7 Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 664 №li ekspert rəyinin məhkəmə-tibbi müayinə hissəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Birliyin Təkrari ekspertizalar şöbəsində müayinədən keçirilmişdir. Deməsinə görə: Məktəbdə oxuyarkən göz həkiminin müayinəsi zamanı sol gözündə zəiflik aşkar olunmuş və bu barədə ona bildirilmişdir. Gözü ilə əlaqədar oftalmoloqa heç vaxt müraciət etməmişdir. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi qidalıdır. Müayinə olunan ATUnun X3 göz həkimi dosent R.Allaherdiyevin müayinəsinə göndərildir. xx.xx.2022-ci il oftalmoloqun müayinəsi: sağ gözün görmə itiliyinin = 1,0; sol gözün görmə itiliyinin - 0,7k\ilə =1,0. Hər iki gözdə- ön hissə dəyişilməmişdir. Optik mühitlər şəffafdır. Göz dibipatologiyasızdır. Tor qişa damarlarının kalibrləri nisbəti 2:3-dir. Diaqnoz: OS-mürəkkəb hipermetrik astiqmatizm. Xəstənin gözlərində əməliyyat izləri aşkar olunmamışdır. Beləliklə, İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən o, hazırda “Sol gözün mürəkkəb hipermetrik astiqmatizmi” xəstəliyindən əziyyət çəkir. Rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir: 2005-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı məhkəmə tibbi müayinədən keçərkən göz həkiminə müayinəyə göndərilmiş və xx.xx.2022ci il tarixdə göz həkimində müayinə olunarkan ona “Sol gözün mürəkkəb hipermetropik astiqmatizmi” diaqnozu müəyyən edilmiş, sağ gözün görmə itiliyi- 1,0; sol gözün görmə itiliyi isə-0,7k\ ilə- 1,0 olmuş, gözlərində cərrahi əməliyyat izləri aşkar olunmamışdır. İddiaçı tərəf məhkəməyə ünvanladığı ərizədə ekspert rəyinə münasibət bildirərək qeyd etmişdir ki, müvafiq ekspert rəyinə əsasən iddiaçının sol gözünün mürəkkəb hipermetropik astiqmatizmi diaqnozu müəyyən edilmiş, sağ gözün görmə itiliyi - 1,0 dərəcədə, sol gözün görmə itiliyi isə -0,7k ilə - 1,0 dərəcədə olmuşdur. Halbuki, Cavabdeh xx.xx.2022-ci il tarixli 0292231-1222 nömrəli inzibati aktla İddiaçını ona görə Polis Akademiyasında təhsilə yararsız hesab etmişdir ki, İddiaçının sol gözündə refreksiyanın +3,0 (keçid həddi +2,0-dək), astiqmatizm -2,0 (keçid həddi 1,0) dərəcədə olması müəyyən edilərək, “Qarışıq miopik astiqmatizm” diaqnozu təyin edilmişdir. Refraksiya anomaliyasının dərəcəsinə əsasən İddiaçı təhsilə yararsız hesab edilir. Cavabdehin əsaslandığı hüquqi əsas Daxili İşlər nazirinin xx.xx.2002-ci il tarixli 25 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında tibbi şəhadətləndirilmə qaydaları” haqqında Əsasnaməyə dəyişikliklər edilməsi barədə 13.09.21 -ci il tarixli 570 nömrəli əmrlə təsdiq edilmiş V cədvəlində qeyd edilən “35ç” maddəsi ilə təhsilə yararsız hesab edilməyə əsas verir. Qeyd edilməlidir ki, 5-ci Cədvələ əsasən refraksiya (dptr) yaxıngörmə zamanı 1,0/1,0 dərəcədən çox olmadıqda, uzaqgörmə zamanı 2,0/2,0 dərəcədən çox olmadıqda, astiqmatizm zamanı 1,0/1,0 dərəcədən çox olmadıqda, şəxs təhsilə yararlı hesab edilir. Ekspert rəyindən göründüyü kimi, orada iddiaçının gözünün sağlamlıq vəziyyəti refraksiya (dptr) dərəcəsinə uyğun təyin edilməmiş, yalnız görmə itiliyi dərəcəsinə uyğun təyin edilmişdir. Halbuki, cavabdeh iddiaçını görmə itiliyinin dərəcəsinə görə deyil, refraksiya dərəcəsinə görə astiqmatizm zamanı təhsilə yararsız hesab etmişdir. Bu baxımdan iddiaçının gözünün sağlamlıq vəziyyəti ekspert rəyi ilə yalnız astiqmatizm zamanı refraksiya (dptr) dərəcəsinə uyğun olaraq təyin edilməli idi. Bununla yanaşı, qeyd edilməlidir ki, 5-ci Cədvəldə birbaşa “35ç” maddəsi göstərilməmişdir. Digər tərəfdən isə qeyd edilməlidir ki, “Xəstəliklər cədvəli”nin “35ç” maddəsi refraksiya və ya astiqmatizm zamanı deyil, korluq, zəif görmə, rəng görmə anomaliyalarına aiddir və yalnız bu xəstəliklərlə bağlı İ qrafakı “D” və ya “YS” (yararsız) qərarının, yəni təhsilə yararsız barədə qərarın qəbul edilməsini nəzərdə tutur. Digər tərəfdən qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixli 570 nömrəli əmrin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən DİN-in xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan hərbi xidmət keçməmiş şəxslər üçün əksgöstərişlər “Xəstəliklər cədvəli”nin İ qrafası ilə “4” təyinat göstəricilərini nəzərdə tutan xəstəliklər sayılır. “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 3 nömrəli Əlavəsindən (vətəndaşların sağlamlıq vəziyyətinə dair əlavə tələblər) görünür ki, görmə orqanı ilə bağlı 4-cü təyinat göstəricisi korreksiyasız 0,5//0,1 dərəcədən aşağı olmayaraq, korreksiyalı isə 0,5/0,1 dərəcədən aşağı olmayaraq müəyyən edilmişdir. Ekspert rəyinə əsasən isə iddiaçının görmə itiliyi korreksiyasız 1,0/0,7, korreksiya ilə 1,0/1,0 dərəcədə təyin olunmuşdur. Bu isə onu göstərir ki, iddiaçı 4-cü təyinat göstəricisi əsasında təhsilə yararlı hesab edilir. Məhkəmə gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Daxili işlər nazirinin 23 yanvar 2002-ci il tarixli, 25 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası daxili işlər orqanlarında tibbi şəhadətləndirilmə qaydaları haqqında Əsasnamə”nin 1.1-ci bəndinə görə, bu Əsasnamə AR 28 oktyabr 1999-cu il tarixli Qanununa, Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin fiziki inkişaf və sağlamlığının, habelə daxili işlər orqanları əməkdaşlarının və onların ailə üzvlərinin tibbi şəhadətləndirilməsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin 1.2-ci bəndinə əsasən, daxili işlər orqanlarında tibbi şəhadətləndirilmə DİN-in Tibb İdarəsinin Xüsusi-həkim komissiyası, Naxçıvan MR DİN-in Xüsusi həkim komissiyası və DİN-in A.N.Heydərov adına Mərkəzi hospitalının ştatdankənar xüsusi-həkim komissiyası tərəfindən həyata keçirilir. Həmin Əsasnamənin 6.1-ci bəndinə əsasən Xüsusi-həkim komissiyaları tibbi müayinənin nəticələrinə əsasən aşağıdakı qərarlardan birini qəbul edirlər: -“A”-vəzifədə ((vəzifəni, ixtisası göstərməli), bölmə və fəaliyyət növü və ya təyinat qrupu) xidmətə yararlıdır. -“Ç”-müvəqqəti xidmətə yararsızdır. -“D”-xidmətə yararsızdır. DİN-in 2002-ci il 23 yanvar tarixli 25 nömrəli əmrində dəyişiklik edilməsi barədə AR Daxili İşlər Nazirliyi üzrə 13 sentyabr 2021-ci il tarixli, Ə570-001-21№li əmrə əsasən Əsasnamənin İV hissə aşağıdakı redaksiyada verilmişdir: İV. Daxili İşlər Nazirlyinin xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan mülki şəxslərin tibbi şəhadətləndirilməsi. 4.1. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olmaq istəyən hər bir namizəd (abituriyent) terapevt, cərrah, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq və zəruri hallarda, digər ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən şəhadətləndirilir. Namizəd qadınlar mütləq ginekoloq tərəfindən müayinə olunurlar. 4.2. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin əyani şöbələrinə daxil olan mülki şəxslər barədə Xüsusi-həkim komissiyasının ekspert qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin İX hissəsi ilə müəyyən olunmuş “Xəstəliklər cədvəli”nin İ qrafası və bu Əsasnaməyə Əlavə 1-V cədvəl. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan mülki şəxslərin sağlamlıq vəziyyətinə dair əlavə tələblər” əsasında qəbul edilir.”... Sözügedən V cədvəlin Fiziki inkişafın göstəriciləri. Xəstəliklərin və “Xəstəliklər cədvəli”nin siyahısında görmə orqanları bəndində göstərilir ki, görmə itiliyi, aşağı olmayaraq: korreksiyasız uzaq üçün 0,8/0,8, yaxın üçün 1,0/1,0. Refraksiya (dptr), çox olmayaraq yaxıngörmə -1,0/1,0, uzaqgörmə +2,0/2,0, astiqmatizm 1,0/1,0. Qeydlər. Bu cədvəldə “Xəstəliklə cədvəli” dedikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin İX hissəsi ilə müəyyən olunmuş “Xəstəliklər cədvəli” nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, istinad olunan ekspert rəyi ilə AR DİN Tibb idarəsinin XHK tərəfindən iddiaçıya qoyulmuş “Sol gözün mürəkkəb hipermetropik astiqmatizmi” diaqnozu təsdiq edilmiş, iddiaçının sağ gözününü görmə itiliyinin - 1,0; sol gözününü görmə itiliyinin - 0,7k\ilə - 1,0 olduğu müəyyən edilmişdir. İstinad olunan Əsasnamənin V cədvəlində nəzərdə tutulmuş normativlərin tələblərinə görə isə xüsusi təyinatlı təhsil müəssisələrinə daxil olan mülki şəxsin görmə itiliyi korreksiyasız uzaq üçün 0,8/0,8, yaxın üçün 1,0/1,0 olmalıdır. Göründüyü kimi iddiaçının sol gözünün görmə itiliyi (0,7) Xəstəliklər cədvəlindəki tələblərə uyöun gəlmir. Məhkəmə ekspertin rəyinin əsaslılığına şübhə yaradan hər hansı hal müəyyən etmədiyindən həmin rəyi mötəbər sübut kimi qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, AR Daxili İşlər Nazirliyinin Tibbi İdarəsinin Xüsusi-Həkim Komissiyası tərəfindən qəbul edilmiş İddiaçı daxili işlər orqanlarında xidmətə yararsız hesab edilməsi barədə inzibati aktın ləğv edilməsinə əsas olmadığından iddia təmin edilməməlidir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68-ci, 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov