Məhkəmə qərarları › İş №2-1(112)-185/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-185/2023

14.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-185/2023 14.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X6 üçüncü şəxs X12 və onun vəkili Vəkil iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxslər X10 və X12) «sərəncamın qismən ləğv edilməsi» barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh Bakı şəhəri Xətai RİH-ə və üçüncü şəxslər X10 və X9 qarşı «sərəncamın, alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı ASC istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur. Bakı şəhəri üzrə abonentlər tərəfindən axıdılan çirkab suların davamlı nəql edilərək tam tənzimlənməsinə nail olunması üçün təmizləyici qurğular və kanalizasiya xətlərinin mütəmadi olaraq nəzarətdə saxlanılması və onlara vaxtaşırı texniki xidmətin göstərilməsi olduqca vacib məsələdir. İddiaçı ASC-yə məxsus 1970-ci ildən hazırkı vaxtadək istismarda olan, Bakı şəhərinin Nizami və Xətai rayonlarından keçən diametri 1.200 mm və məhsuldarlığı 0.92 m3/san olan xüsusi əhəmiyyətə malik “8-ci kilometr” kanalizasiya kollektorunun üzərində və mühafizə zonasında X9 məxsus tikilinin mövcud olduğu müəyyən edilmişdir. Araşdırma zamanı qanunvericiliyin, tikinti norma və qaydalarının tələbləri pozulmaqla Bakı şəhəri Xətai RİH-in 17 avqust 1999-cu il tarixli 284 nömrəli sərəncamı ilə kanalizasiya kollektorunun Xətai rayonu, Şahin Səmədov küçəsinin yaxınlığından keçdiyi (yerləşdiyi) torpaq sahəsi inşaat işlərinin aparılması məqsədilə X10 ayrılması və onun da öz növbəsində qeyd olunan torpaq sahəsində fərdi yaşayış evini inşa etməsi müəyyən edilmişdir. X3 üzərində inşa etdiyi tikilini 23 sentyabr 2014-cü il tarixli ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X5 və nəticədə buna dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X9 hüquqların dövlət qeydiyyatı haqqında ******* nömrəli reyestrdən çıxarış verilmişdir. İnşa edilən fərdi yaşayış evi kanalizasiya kollektorunun üzərinə və mühafizə zolağına düşməklə, kollektora vaxtlıvaxtında texniki xidmətin göstərilməsini mümkünsüz etmişdir. Kollektorlarla ötürülən müxtəlif tərkibli çirkab suların birləşməsi nəticəsində xətlərdə alışmağa, partlayışa meyilli və insan səhhətinə ciddi ziyan vuracaq xüsusi təhlükəli (zəhərli) qazlar yaranır ki, bu hal da təhlükə mənbəyi olmaqla bədbəxt hadisələrin baş verməsi, yanğın, partlayış ehtimalını artırır, oradan istifadə edən və ətrafda yaşayan şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün real təhlükə riskini yaratmış olur. Eyni zamanda, kollektorun altında qalan hissədə baş verəcək qəzalara müdaxilə edərək qəza-bərpa işləri aparmaq qeyri-mümkün olmaqla qəzalı hissədən xaric olan tullantı suları ətrafa axaraq ərazidə yaşayan və fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin həyat və sağlamlığına, əmlakına ziyan vuracaqdır. Bu cür hallar dəfələrlə baş vermiş, bunun nəticəsində İddiaçı ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi barədə məhkəmələrdə iddialar qaldırılmış, ASC dəfələrlə kompensassiya ödəmək məcburiyyətində qalmışdır. Verilmiş sərəncam nəticəsində qüvvədə olan «Su təchizatı və tullantı suları haqqında» Qanunun, «Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında» Qanunun və «Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı»nın, «Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları»nın və «Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları»nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin qərarının, həmçinin AzDTN 2.6-1 saylı «Dövlət tikinti normaları»nın tələbləri pozulmuşdur. Belə ki, hazırda qüvvədə olan «Su təchizatı və tullantı suları haqqında» Qanunun 70-ci maddəsinin tələblərində birbaşa qeyd olunur ki, su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərinin yerinə yetirməsi qəti qadağandır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 62-ci maddəsində də qeyd olunmuşdur ki, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin (yəni, İddiaçı ASC-nin) razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Prezidentinin «Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında» 17 sentyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq yerli icra hakimiyyəti orqanları yalnız tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olduqda tikintiyə icazə verirlər. Yuxarıda qeyd olunan qanunvericilik aktların tələblərindən görünür ki, kanalizasiya xəttinin üzərində və ya onların sanitar-mühafizə zolağında yerləşən torpaq sahələrində tikinti işlərinin aparılması və tikinti aparılması üçün ayrılması tamamilə qanunsuzdur. İddiaçı ASC hesab edir ki, ona məxsus kanalizasiya xəttinin keçdiyi ərazinin maraqlı şəxsin mülkiyyətinə verilməsinə dair sərəncam və çıxarış ləğv edilməlidir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasinin Konstitusiya Qanununa əsasən yerli icra hakimiyyəti orqanlarının sərəncamları normativ xarakterli aktlar kateqoriyasına daxildir və həmin sərəncamlar digər normativ xarakterli aktlar ilə ziddiyyət təşkil edə bilməz, yəni Xətai RİH başçısı tərəfindən imzalanmış sərəncam yuxarıda qeyd olunan qanunlarla ziddiyyət təşkil etdiyi üçün ləğv edilməlidir. Göstərilənlərə və İPM-in 2, 45-ci maddələrinə əsaslanaraq, cavabdeh Bakı şəhəri Xətai RİH-in Xətai rayonu, Şahin Səmədov küçəsindən keçən diametri 1.200 mm “8-ci kilometr” kanalizasiya kollektorunun üzərində yerləşən torpaq sahəsinin X10 ayrılmasına dair 17 avqust 1999-cu il tarixli 284 nömrəli sərəncamının, torpaq sahəsi və üzərində inşa edilmiş tikilinin X1 dair 23 sentyabr 2014-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və X9 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Xətai RİH-in iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında qeyd olunur ki, İddiaçı ASC Xətai rayonu. Şahin Səmədov küçəsindən keçən diametri 1200 mm 8-ci kilometr kanalizasiya kollektorunun üzərində yerləşən torpaq sahəsinin X18ma ayrılmasına dair Xətai RİH tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 284 nömrəli sərəncamın, torpaq sahəsi və üzərində inşa edilmiş tikilinin X2 dair 23 sentyabr 2014-cü il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin və X9 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında reyestrdən çıxarışın ləğv edilməsi tələbini irəli sürür. İddiaçı qeyd edilən fərdi yaşayış evinin 22 il öncə tikildiyini etiraf edərək kanalizasiya kollektorunun üzərinə və mühafizə zolağına düşməklə, kollektora vaxtlı-vaxtında texniki xidmətin göstərilməsinin mümkünsüz olduğunu bildirir və kanalizasiya kollektorunun üzərində və qanunla müəyyən edilmiş mühafizə zonasında inşa edilmiş tikilinin sökülərək mühafizə rejiminin təmin olunmasını xahiş edir. Xətai RİH qeyd edilən idda tələbi ilə razılaşmır. Məhkəmədə işə baxılarkən müddət məsələsinə də fikir verilməli araşdırma üçün mühüm əhəmiyyət kəsb edən bu amili diqqətdən qaçırılmamalıdır. Belə ki, cavabdeh Xətai RİH-in 17 avqust 1999-cu il tarixli sərəncamı ilə X10 və digərlərinə fərdi yaşayış evinin tikintisi ilə əlaqədar torpaq sahəsi ayrılması barədə sərəncamın verildiyi müddətdən uzun illər keçdikdən sonra iddiaçı 2021-ci ildə həmin ərazinin mühafizə zolağına düşdüyünü xatırlayaraq məhkəməyə müraciət etmiş və bununla da o, ciddi qanun pozuntusuna yol vermişdir. Münasibətlərin yarandığı vaxt qüvvədə olan Mülki Məcəlləsinin 73, 77 və 78-ci maddələrində təsbit olunmuşdur ki, hüquqları pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının və s. ictimai təşkilatların biri-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir. İddia müddətinin axımı iddia hüququ əmələ qələn gündən başlanır, iddia hüququ şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.4-cü bəndinin məzmununa görə məhkəmə qərarı o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olsun, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq edilən faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qərarda göstərilən hallar işin materiallarına uyğun olsun. Xətai RİH qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, qeyd edilən sərəncam ləğv edilərsə gələcəkdə həmin şəxslərin göstərilən fərdi yaşayış evinə mülkiyyətlərini təsdiq edən sənədlərin alınması məhdudlaşdırıla bilər. Halbuki, yuxarıda qeyd edilən sərəncam təsdiq olunan zaman İddiaçı ASC-yə aidiyyəti şəxslər tərəfindən su pulu ödənilmiş və mövcud məntəqənin fəaliyyəti barədə kifayət qədər məlumatlar olmuşdur. Ümumilikdə, iddiaçının istinad etdiyi qanunvericiliyə diqqət yetirdikdə aydın görünür ki, iddiaçı işin mövcudluğuna tam diqqət yetirməmiş və araşdırma aparmamışdır. Mülki Məcəllənin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.Eyni zamanda həmin maddənin 7.3-cü bəndinə əsasən Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Bununla yanaşı, iddiaçı qismində çıxıs edən İddiaçı ASC-ti vətəndaşlara xidmət etməli olduğu halda, əksinə onların mülkiyyət və istifadə hüquqlarını məhdudlaşdırmaq mövqeyində durmuşlar. Bu da ona əsas verir ki, İddiaçı ASC tutduğu mövqedən sui-istifadə edir. Mülki Məcəllənin 16.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin tələbinə əsasən qanunvericilikdə mülki hüquqların qorunması dedikdə, ancaq mülkiyyətlə bağlı subyektləri nəzərdə tutmaq deyil, eyni zamanda hüquqların da müdafiəsini təmin edir. Həmin Məcəllənin 17.1-ci bəndinə əsasən bütün dövlət hakimiyyəti orqanları, yerli özünü idarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Eləcə də, həmin Məcəllənin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydada və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Yuxarıda qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Üçüncü şəxs X7 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında qeyd olunur ki, İddiaçı ASC-nin iddiası rədd edilməlidir. Belə ki, İddiaçı ASC X9 qarşı kanalizasiya kollektorunun mühafizə zonasında özbaşına inşa edilmiş tikilinin sökülərək mühafizə rejiminin təmin edilməsi haqqında iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. X4 məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evimin ərazisindən keçən İddiaçı ASC-yə məxsus kanalizasiya xəttinin ASC-nin öz hesabına həmin ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsi ilə bağlı X12 tərəfindən həmin məhkəməyə qarşılıqlı iddia ərizəsi verilmişdir. Məhkəmə müəyyən etmişdir ki, Cabir Məhərləmova məxsus ünvan 2 ünvanda yerləşən ev heç də özbaşına tikili deyildir. Həmin evin yerləşdiyi torpaq sahəsi o ərazidə inşa edilmiş çoxsaylı evlərdən biri kimi Bakı şəhər Xətai RİH-in 284 nömrəli 17 avqust 1999-cu il tarixli “Qəsəbədaxili ərazidə torpaq sahəsinin ayrılması haqqında” sərəncamına əsasən vətəndaş X10 ayrılmış və həmin yerdə mübahisə obyekti olan ev inşa edilmişdir. Evin tikintisi ilə bağlı layihə-smeta bürosu və RİH-in memarı tərəfindən çəkilmiş cizgidə həmin ərazidən hər hansı magistral su xəttinin keçmədiyi bildirilir. 27 aprel 2013-cü il tarixdə Səkinə Rəşidova ilə Cabir Məhərləmov arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən sonuncu həmin evi almış və ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* nömrəli (qeydiyyat nömrəsi **********) 9 oktyabr 2014-cü il tarixli reyestrdən çıxarış və reyestr nömrəsi **********73-10301 olan fərdi yaşayış evinin texniki pasportu verilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-2517/2020 saylı iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə mülki iş üzrə İddiaçı ASC-nin iddiası və Cabir Məhərləmovun qarşılıqlı iddiası rədd edilmişdir. İlkin iddia və qarşılıqlı iddia üzrə apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinə baxış 4 iyun 2021-ci il tarixə təyin edilmişdir. Apellyasiya şikayətinə baxış zamanı İddiaçı ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən məlum olmuşdur ki. Bakı İnzibati Məhkəməsində sonuncunun iddiası üzrə işə baxılır və iş üzrə məhkəmə ekspertizası təyin edilmişdir. İddiaçı ASC tərəfindən məqsədli şəkildə məhkəmə prosesləri barədə məlumat verilməmişdir. Xətai Rayon Məhkəməsində işə baxılarkən məhkəmə-texniki ekspertizası keçirilmiş və eynilə Bakı İnzibati Məhkəməsi tərəfindən qoyulan şullarla bağlı eksperiza aparılmış və ekspertdən 4 avqust 2020-ci il tarixli 10/1429 saylı rəy alınmışdır. Həmin rəylə Cabir Məhərləmova məxsus evin kanalizasiya xəttinin mühafizə zolağında yerləşməsi müəyyən olunmuşdur. İddiaçı ASC tərəfindən bu barədə məlumat verilməməsi və Cabir Məhərləmova məxsus ünvanı məqsədli şəkildə yanlış göstərməsi ilə məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsinə nail olmaq olmuşdur. İddiaçı tərəfindən Xətai Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsində və məhkəmənin digər bütün sənədlərində onun ünvanı mübahisəli evin ünvanı göstərilmişdir. İddia ərizəsində iddiaçı düzgün olmayaraq onu və Səkinə Rəşidovanı üçüncü şəxs kimi işə cəlb etmişdir. Belə ki, Rəşidova Səkinə ilə onun (Cabir Məhərləmov) arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və reyestrdən çıxarışın ləğvi birbaşa onların maraqlarına toxunur. Ona görə də Səkinə Rəşidova və Cabir Məhərləmov cavabdeh kimi işə cəlb olunmalıdır. Bundan əlavə olaraq reyestrdən çıxarışın ləğvi ilə bağlı məsələ ilə əlaqədar DƏDRX də cavabdeh kimi işə cəlb edilməlidir. Qanunvericiliyin tələbinə əsasən kanalizasiya xəttinin mülkiyyətçisi və istismarçısı olan İddiaçı ASC müntəzəm olaraq həmin kanalizasiya xəttinə nəzarət etməli, onun mühafizə zolağında tikililərin inşa edilməsinə qanunamüvafiq qaydad imkan verməməli idi. İddiaçı iddia ərzəsində bildirir ki, həmin kanalizasiya xətti keçən əsrin 70-ci illərində inşa edilmişdir. 90-cı illərdən başlayaraq həmin ərazidə və həmin xəttin mühafizə zonasında 50-dən artıq yaşayış evi inşa edilmiş və orada ailələr məskunlaşaraq yaşayır. Həmçinin Xətai RİH tərəfindən onun evinin inşası ilə bağlı 17 avqust 1999-cu il tarixdə sərəncam verilmişdir və ev tikilmişdir. Həmin vaxtdan 21 il müddətində iddiaçının kanalizasiya xəttinə nəzarət etməməsi sual doğurur. Sərəncam verildikdə və ərazidə evlər inşa edildikdə ASC-nin məlumatı olmuşdur, həmin ərazi kanalizasiya xəttinin mühafizə zolağıdır. Belə çıxır ki, iddiaçı buna bilərəkdən yol vermişdir. Hazırkı vaxtda isə əhali külli miqdarda vəsait sərf edərək evlər inşa etmiş və orada məskunlaşıb yaşayırlar. Bütün bunlarla bağlı onlara dəymiş zərərin kim tərəfindən ödənilməsi sual olaraq qalır. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Mülki Məcəllənin 180, 373, 421-ci maddələrinə, «Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında» Qanunun 8, 9-ci maddələrinə, İPM-in 38-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 mart 2005-ci il tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 2.1-ci bəndinə görə İddiaçı ASC hüquqi şəxsdir, mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır, 2.2-ci bəndinə görə qurumun mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlaka cavabdehdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. «Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında» Qanunun 17-ci maddəsinə əsasən hidrotexniki qurğuların təhlükəsizliyinin təmin olunması ilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26-cı fəslinin 297 və 298-ci maddələrinə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır) görə - (maddə 297.1) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin; - (maddə 297.2) Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Həmin Məcəllənin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Göründüyü kimi, mübahisə predmeti olan sərəncamın qəbul olunduğu dövrdə “İnzibati icraat haqqında” Qanun və İPM qüvvədə olmasa da, Mülki Prosessual Məcəllənin 26-cı fəsli müvafiq icra hakimiyyəti orqanlarının qərarları və hərəkətləri (hərəkətsizliyi) İlə əlaqədar mübahisələri tənzimləyirdi. Həmin fəslin, eləcə də 1 yanvar 2011-ci il tarixdən qüvvyə minmiş İPM-in müddəaları yerli icra hakimiyyəti orqanlarının müvafiq aktlarının mübahisələndirilməsi üzrə məhkəməyə müraciət edilməsi üçün 1 ay müddət müəyyən etmişdir. Lakin nəzərə alınmalıdır ki, İddiaçı ASC hazırkı iddianı məhkəmədə 28 yanvar 2021-ci il tarixdə qaldırsa da, məhkəmə icraatında mübahisə predmeti olan 17 avqust 1999-cu il tarixli sərəncamın ona 28 dekabr 2020-ci il tarixdə əvvəlki dövrdə məlum olmasını təsdiq edən sübut, arqument və ya dəlil prosesin digər iştirakçıları (o cümlədən, cavabdeh inzibati orqan) tərəfindən təqdim edilməmişdir. Belə olan halda, Xətai RİH-in 28 yanvar 1999-cu il tarixli 284 saylı sərəncamının mübahisələndirilməsi üzrə iddia müddəti buraxılmış qiymətləndirilə bilməz. İddiaçının müvafiq sahədə görməli olduğu hidrotexniki qurğuların təhlükəsizliyi, mühafizəsi, vaxtaşırı müayinəsi ilə bağlı tədbirlərə gəldikdə isə, məhkəmə qeyd edir ki, bu tədbirlər nəticəsində aşkar olunmuş və ya olunmalı hallar şəxslərə müvafiq ərazidə torpaq sahəsi ayrılması barədə aktların mövcudluğunu bildirmir. İnzibati aktın mübahisələndirilməsi üzrə iddia müddəti marağına toxununlan şəxsə aktın surətinin təqdim edildiyi və ya məzmununun elan edildiyi vaxtdan başlayır. Bununla bağlı iddia müddəti buraxılmadığından, sərəncam cavabdeh tərəfindən qəbul edildiyindən, habelə iddianın mümkünlüyünü istisna edən hər hansı hal mövcud olmadığından məhkəmə hesab etmişdir ki, iddia “cavabdehin 17 avqust 1999-cu il tarixli 284 nömrəli sərəncamının X10 0,02 ha torpaq sahəsi ayrılması hissəsində ləğv edilməsi” hissəsində mümkün iddiadır. Lakin nəzərə alınmalıdır ki, mübahisə predmeti olan 17 avqust 1999-cu il tarixli 284 nömrəli sərəncamla yalnız X10 deyil, digər şəxslərə də ayrı-ayrı ərazilərdə torpaq sahələri ayrılmışdır. İddiaçı sözügedən sərəncamın tam şəkildə ləğv olunmasını iddia etsə də, məhkəmə hesab edir ki, iddiaçının dəlilləri sərəncamın yalnız adıçəkilən şəxsə aid hissəsi ilə bağöl olduğundan, sərəncamın qalan hissəsinə münasibətdə iddia mümkünsüzdür. Eləcə də iddiada “alqı-satqı müqaviləsinin və daşınmaz əmlak üzərində hüququn qeydiyyatının (reyestrdən çıxarışın) ləğv edilməsi” tələbləri də irəli sürülür. Məhkəmə müvafiq qərardad qəbul edərək iddianın həmin hissələrə inzibati məhkəmə icraatı qaydasında baxılmasını yolverilən saymamış və iddianı həmin qismən mümkünsüz qiymətləndirmişdir. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi, üçüncü şəxs X13 və onun nümayəndəsi (vəkili) gəlmişlər, cavabdeh tərəf və digər üçüncü şəxs gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsaslanaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X15 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X8 nümayəndəsi (vəkili) Vəkil iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı «sərəncamın qismən ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə görə əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Hazırkı iş üzrə məhkəmənin 5 aprel 2021-ci il və 13 iyun 2022-ci il tarixli qərardadları ilə ekspertizalar təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirlməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: - Bakı şəhəri Xətai RİH-in 17 avqust 1999-cu il tarixli 284 nömrəli sərəncamı ilə X10 ayrılmış 0,02 ha torpaq sahəsinin və onun üzərində inşa edilmiş evin İddiaçı ASC-yə məxsus Bakı şəhəri Xətai rayonundan (həmin ərazidə) keçən diametri 1200 mm və məhsuldarlığı 0.92 m3/san olan xüsusi əhəmiyyətə malik “8-ci kilometr” kanalizasiya kollektorunun üzərində və mühafizə zonasında yerləşib-yerləşməməsinin, yerləşdiyi təqdirdə hansı hissədə yerləşməsinin müəyyən edilməsi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekpertinin 2 iyun 2021-ci il və 13 sentyabr 2022-ci il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatları ilə iş materialları qərardadlar icra olunmadan qaytarılmışdır. Məlumatlarda qeyd olunur ki, tədqiqat obyektinə baxış keçirilməsi ilə bağlı verilmiş vəsatətlər təmin olunmadığından, qərardadlarda qoyulmuş suallar icra olunmadan sənədlər geri qaytarılır. İş materiallarında surəti olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olmuş 2(011)-2517/2020 saylı mülki iş üzrə müvafiq qərardadı ilə keçirilmiş ekspertizanın nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1429 saylı 4 avqust 2020-ci il tarixli ekspert rəyinin “tədqiqatın nəticəsi” hissəsində aşağıdakılar qeyd olunur: - İddiaçı ASC-nin əməkdaşları tərəfindən 15 iyul 2019-cu il tarixdə tərtib olunmuş akta əsasən kanalizasiya kollektorunun mühafizə zonasında tikili inşa edildiyi göstərilmiş, baxış zamanı Xəzər rayonu, Şahin Səmədov küçəsində yerləşən İddiaçı ASC-yə məxsus kanalizasiya kollektorunun cavabdeh X16 tərəfindən inşa edilmiş daş hasar və 2 mərtəbəli fərdi yaşayış evinin tam olaraq 28 oktyabr 1999-cu il tarixli 723-İQ nömrəli «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinin a) bəndində göstərilən 5.0 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilir; - Mülki iş materiallarında İddiaçı ASC-yə məxsus diametri 1.200 mm olan kanalizasiya kollektorunun üzərində inşa edilmiş tikintiyə dair hüquqmüəyyənedici və texniki sənəd olmadığına görə inşa edilmiş tikilinin tikinti norma və qaydalarına uyğun inşa edlib-edilməməsini müəyyən etmək mümkün olmadı. Qeyd olumalıdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)- 2517/2020 saylı mülki iş üzrə İddiaçı ASC cavabdeh X9 qarşı «kanalizasiya kollektorunun mühafizə zonasında inşa edilmiş qanunsuz tikiliin sökülməsi» tələbinə dair iddia, cavabdeh X12 İddiaçı ASC-yə qarşı «kanalizasia xəttinin mübahisəli ərazidən çıxarılması» tələbinə dair qarşılıqlı iddia irəli sürmüşlər. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai RİH-in 17 avqust 1999-cu il tarixli 284 nömrəli sərəncamı ilə X10 Xətai rayonu, 6-cı Əhmədli küçəsində cizgidə göstərilən sahədə 0,02 ha torpaq sahəsi ayrılmışdır. Sərəncamda torpaq sahələrinin fərdi yaşayış evinin tikintisi üçün ayrılmasının nəzərdə tutulduğu qeyd olunmuşdur. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Həmin Məcəllənin 18-ci maddəsinin 1-ci hissəsinə görə şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Həmin Məcəllənin 18-ci maddəsinin 2-ci hissəsinə görə yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən mühafizə və sanitariya zonaları qoruq torpaqlarının, yaşayış məntəqələrinin sağlamlaşdırma zonalarının, çayların, bulaqların, su hövzələrinin, hidrotexniki və sugötürmə qurğularının, içməli və texniki su təchizatı mənbələrinin ətrafında yaradılır. Mühafizə və sanitariya zonası torpaqlarından istifadə qaydaları, şərtləri və onların ölçüsü müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 70ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan aşağıdakılar qadağan edilir: a) su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək; b) su kəmərləri və kanalizasiya texniki qurğularının hər hansı torpaq, daş və digər mühafizə örtüklərini, hasar və dayaqlarını dağıtmaq və ya çıxarmaq. «Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında» Qanunun 1.0.1-ci maddəsinə əsasən hidrotexniki qurğu – su anbarları, bəndlər, magistral sunəqledici kəmərlər, su elektrik stansiyaları, sutullayıcı, suburaxıcı, suqəbuledici, sudurulducu, suötürücü, su nasosxanaları, tunellər, kanallar, kollektorlar, səviyyəəlaqələndirici, sahilqoruyucu, sahilbərkidici, məcranizamlayıcı, balıqburaxan və balıqqoruyucu, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yerləşən dəniz qurğuları (estakadalar, estakadayanı meydançalar, stasionar dəniz platformaları, su mühiti ilə qarşılıqlı təsirdə olan, dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi və gəmilərin dayanması üçün nəzərdə tutulmuş mühəndis-texniki qurğular, gəmiburaxan şlyüzlər), habelə yeraltı və yerüstü su ehtiyatlarından istifadə etmək və suyun zərərli təsirlərinin qarşısını almaq üçün istifadə olunan digər xüsusi mühəndis-texniki qurğulardır. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında» 11 iyun 2004-cü il tarixli 252 nömrəli Sərəncamının 1 – 3-cü hissələri ilə qərara alınmışdır ki: - X20 Su Cəmiyyəti İddiaçı Səhmdar Cəmiyyəti adlandırılsın. - Azərbaycan “Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərsukanaltəmir” və “Azərkəndsutəchizat” istehsalat birlikləri ləğv edilsin, onların funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar balanslarındakı əmlakla birlikdə İddiaçı Səhmdar Cəmiyyətinə verilsin. - Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Kanalizasiya İstehsalat Birliyi ləğv edilsin, onun funksiyaları və balansında olan əmlak İddiaçı Səhmdar Cəmiyyətinə verilsin. «İnzibati icraat haqqında» Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə qeyd edir ki, cavabdeh Bakı şəhəri Xətai RİH-in 17 avqust 1999-cu il tarixli 284 nömrəli sərəncamı ilə X10 Xətai rayonu ərazində ayrılmış 0,02 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin həmin ərazidə İddiaçı ASC-yə məxsus kanalizasiya kollektorunun 5.0 m-lik mühafizə zonasına düşməsi işdə olan 10/1429 saylı 4 avqust 202-ci il tarixli ekspert rəyi ilə təsdiqini tapır. Qeyd olunan ekspert rəyi hazırkı iş üzrə verilməsə də, müvafiq mülki işdə iştirak edən tərəflər hazırkı mübahisədə iddiaçı və üçüncü şəxs kimi iştirak edirlər. Ona görə sözügedən rəyi mübahisə obyektinə münasibətdə hazırkı işdə də mötəbər sübut qismində qəbul olunur. Nəzərə alınmalıdır ki, sözügedən ekspert rəyində 0,02 ha torpaq hissəsinin deyil, onun içərisində inşa edilmiş fərdi evin mühafizə zonasına düşməsi müəyyən edilsə də, torpaq sahəsinin ölçüsünün kiçik olması və sərəncamda göstərilən məqsədli təynatı baxımından həmin tikili üçün sahənin müxtəlif yerlərində mühafizə zonasına düşməmək az ehtimallıdır. Belə olan halda, məhkəmənin qənaəti belədir ki, cavabdeh Bakı şəhəri Xətai RİH 17 avqust 1999-cu il tarixli 284 saylı sərəncamla X10 torpaq sahəsi ayırarkən müvafiq sahənin hidrotexniki qurğunun mühafizə zonasında yerləşməsini nəzərə almamış və həmin dövrdə aidiyyəti orqanları cəlb etməklə onların münasibətini öyrənməmiş, bununla da torpaq qanunvericiliyinin tələblərini pozmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə Bakı şəhəri Xətai RİH-in 17 avqust 1999-cu il tarixli 284 saylı sərəncamı müvafiq hissədə əlverişli inzibati akt kimi qanunvericiliyə zidd qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, cavabdeh Bakı şəhəri Xətai RİH-in 17 avqust 1999-cu il tarixli 284 nömrəli sərəncamı “X10 0,02 ha torpaq sahəsi ayrılması” hissəsində ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Xətai RİH-in 17 avqust 1999-cu il tarixli 284 nömrəli sərəncamı “X10 0,02 ha torpaq sahəsi ayrılması” hissəsində ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar