Məhkəmə qərarları › İş №2-1(112)-1850/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1850/2020

29.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1850/2020 29.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “özəlləşdirilməsinin ləğv edilməsi” tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Natəvan küçəsi, 133B ünvanında yerləşən “Atıcı” (Oxatan) Pioner düşərgəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən X1 adına özəlləşdirilməsinin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir İşin hazırlıq icraatı mərhələsində məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından iddiaçılara hüquqi yardımın göstərilməsi barədə məktub ünvanlanaraq mübahisənin kökündə mülki hüquq münasibətinin (alqı-satqı müqavilələri) durduğu və özəlləşdirilmənin alqı-satqı müqaviləsi əsasında həyata keçirildiyi, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verildiyi və qeyd olunanlara əsasən sözügedən mübahisəyə ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu bildirilmişdir, lakin iddiaçı tərəfindən buna dair müvafiq hərəkət edilməmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə araşdırması dövründə sorğu əsasında X1 adına olan ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair çıxarış və çıxarışın verilməsinə əsas olmuş sənədlərin surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmiş və həmin sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlər əsasında müəyyən edilmişdir ki, X2 Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi ünvanında yerləşən 2137,1 kv.metr qeyri-yaşayış sahəsini satın almış və buna dair ona dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2009-cu il tarixdə 004278 saylı şəhadətnamə verilmiş, həmçinin həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 13224,1 kv.metr torpaq sahəsini qanunvericliklə müəyyən edilmiş qaydada satın almış və buna dair ona xx.xx.2009-cu il tarixdə 001902 saylı özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair şəhadətnamə verilmişdir. İddiaçılar hazırda həmin alqı-satqı müqavilələri əsasında üçüncü şəxs X2 tərəfindən satın alınmış əmlakın özəlləşdirilməsinin ləğv edilməsini tələb edirlər. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən “Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmənin mövqeyi belədir ki, iddiaçı hazırda cavabdeh inzibati orqan DƏDRX Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia qaldırsa da, mübahisə predmeti olan daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydiyyatı müvafiq müqavilə əsasında aparıldığından mübahisə publik xarakterli sayıla bilməz. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması qeyri mümkündür. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Digər tərəfdən qeyd olunmalıdır ki, mövcud qanunvericilik mülki münasibətlərdən irəli gələn mübahisələr üzrə ayrıca məhkəmə aidiyyəti müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Göstərilənlərə əsasən və İPM-in 23-cü, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, xx xxxxx 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. (15.1-ci bənd) Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibatiiqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. (15.2-ci bənd) Həmin qərarın 15.3-cü bəndinə əsasən “bu səbəbdən mülki və ya cinayət mühakimə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı, iddiaçıya aidiyyəti məhkəmədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 13, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 və İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “özəlləşdirilməsinin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya iddiaçıya aidiyyəti məhkəmədə mülki məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar