Məhkəmə qərarları › İş №2-1(112)-1851/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1851/2020

20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1851/2020 20.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı X2 cavabdeh Bakı şəhəri Sabunçu rayonu Zabrat Bələdiyyəsinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh Bakı şəhəri Sabunçu rayonu Zabrat Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, cavabdeh Zabrat Bələdiyyənin təqsiri nəticəsində əmlakdan məhrum olduğuna görə iddiaçıya və onun ailəsinə vurulan ziyanın 14.000 (on dörd min) manat tikilən evə görə, 9.000 (doqquz min) manat 36 ay ərzində kirayəyə ödənilən vəsait və16.000 (on altı) min manat mənəvi ziyanın ödənilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilərək iş üzrə məhkəmə hazırlıq icraatının iclası 20.05.2020-ci il tarixə təyin edilmişdir. İddiaçının nümayəndəsi İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi F.Məmmədov iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi mümkünsüz sayılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb aşağdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Əvvələn, Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkün-lü-yü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərlən-dirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prossessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İddiaçı hazırki iddia tələbi ilə ona ayrılmış torpaq sahəsi üzərində tikilmiş evin sökülməsi ilə bağlı ona dəymiş zərəri tələb etdiyi halda, torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə bələdiyyələrin qərarını və bələdiyyə ilə arasında bağlanmış müqavilənin surətin məhkəməyə təqdim edə bilməmişdir. 20 may 2020-ci ildə keçirilmiş məhkəmə iclasında iddiaçı torpaq sahəsinin cizgisindən və ərizələrdən başqa sənədinin olmadığını bildirmişdir. Halbuki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə görə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 6.9-cu maddəsində qeyd edilmişdir ki, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanımemarlıqplanlaşdırmabaxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaqsahəsininbələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdiyaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsibarədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədiləhərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə vətorpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu vəşəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyialındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndində nəzərdə tutulmuşdur ki, yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələrə tövsiyə olunsun ki, Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsin. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələr tərəfindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinin tələbləri pozulmaqla tikinti üçün mülkiyyətə bu Fərman qüvvəyə mindikdən sonra ayrılmış torpaq sahələrində tikinti obyektinin inşasının aparıldığını aşkar etdikdə, tikinti işlərinin dayandırılması üçün dövlət şəhərsalma nəzarəti qaydasında müəyyən edilmiş tədbirlər görsün və bununla bağlı rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin. Göründüyü kimi, mövcud qanunvericiliyin tələblərinə əsasən Bakı şəhərinin ərazisində bələdiyyələr tərəfindən torpaq ayrılması barədə qərarlar qəbul olunmasını, birmənalı olaraq qabaqcadan müvafiq orqanlardan, o cümlədən yerli icra hakimiyyəti orqanlarından rəy alınması ilə şərtləndirilir. İş materiallarında olan ərizənin surətindən görünür ki, iddiaçı X5 22 sentyabr 2007-ci il tarixdə Zabrat Bələdiyyəsinə müraciət edərək bildirmişdir ki, onun oğlunun adına Balaxanı Bələdiyyəsi tərəfindən Zabrat-Balaxanı sərhədi yaxınlığından asfalt zavodun şimal-şərq hissəsində yerləşən 1200 m2 torpaq sahəsi müqavilə ilə verilmiş, həmin torpaq sahəsi üzrə əkin-beçin işləri aparılmış, lakin sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsi Zabrat Bələdiyyəsinə aiddir. Ona görə də, iddiaçı həmin torpaq sahəsindən 600 m2-nin iddiaçının adına alqı-satqı qaydasında sənədləşdirilməsini xahiş etmişdir. İş materiallarında olan Zabrat Bələdiyyəsinin 02 noyabr 2007-ci il tarixli, 300 saylı məktubun surətindən görünür ki, X6 qəsəbəsi, Asfalt zavodunun şimal-şərq hissəsində yerləşən 600 m2-nin torpaq sahəsinin alqı-satqı yolu ilə vətəndaş X2 mülkiyyətinə verilməsi üçün rəy və təkliflərinin bildirilməsi məqsədi ilə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və ŞəhərSalma Baş İdarəsinə məktub ilə müraciət etmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərşalma Baş İdarəsinin 27 dekabr 2007-ci il tarixli, 18/03-8/7751 saylı məktubun surətindən görünür ki, vətəndaş X3 fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılması üçün rəy bildirilməsi barədə Zabrat Bələdiyyəsinin müraciətinə Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən araşdırılmış, qeyd olunan sahə bələdiyyənin ərazisinə aid olmadığından, müraciətinin yerinə yetirilməsi mümkün olmamışdır. İşin faktiki hallarından görünür ki, Zabrat-Balaxanı sərhədi yaxınlığından asfalt zavodun şimal-şərq hissəsində yerləşən 1200 m2 torpaq sahəsinin, nə də 600 m2-nin torpaq sahəsinin bələdiyyələr tərəfindən iddiaçıya ayrılması ilə bağlı hər hansı bir sənəd mövcud deyildir. İddiaçının bələdiyyə ünvanlanmış ərizəsinin surəti, həmçinin bələdiyyənin və Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərşalma Baş İdarəsinin cavab məktubları olsa da, həmin məktublarda belə sözügedən torpaq sahəsi üzərində iddiaçının hər hansı bir hüququnun olması təsdiqlənmir. Göründüyü kimi, iddiaçının həmin torpaq sahəsinə aidiyyətini təsdiq edən heç bir sənəd və sübut işə əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı dəymiş zərər ilə bağlı tələbin bələdiyyə qarşı yönəltməsi əsassızdır. Belə ki, mübahisəli torpaq sahəsi üzərində tikilən ev məhkəmə qətnaməsi ilə sökülmüşdür (iddiaçı özü qeyd etmişdir).Göründüyü kimi, bələdiyyə orqanı, nə torpaq sahəsinin ayrılmasında, orada tikintinin aparılmasında, nə də torpaq sahəsi üzərində tikilmiş evin sökülməsində cavabdehlik daşımır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 5-ci bəndində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddia tələbi formal cəhətdən inzibati məhkəmə icraatı qaydasında baxılan iddia növünə uyğun gəlsə də, iddiaçı evinin sökülməsində dəymiş zərərə görə cavabdeh olan bələdiyyənin cavabdehlik daşımalı olduğunu sübuta yetirə bilmədiyindən, iddiaçı ilə cavabdeh bələdiyyə arasında sözügedən torpaq sahəsi ilə bağlı hər hansı bir rəsmi münasibət yaranmadığından, hazırki iddia mümkün sayılmamalıdır. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 cavabdeh Bakı şəhəri Sabunçu rayonu Zabrat Bələdiyyəsinə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar