Məhkəmə qərarları › İş №2-1(112)-1851/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1851/2021

30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1851/2021 30.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı «nəqliyyat vasitəsinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh AR DİN Baş X4 İdarəsinə «nəqliyyat vasitəsinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi» tələbini irəli sürərək Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Mercedes-Benz E220 CDİ minik markalı, ** SE *** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı (ban WDB2110061A628629) avtomobil mülkiyyət hüququ üzrə iddiaçıya məxsusdur. Bu barədə AR DİN Baş X3 İdarəsi tərəfindən onun adına 9 yanvar 2015-ci il tarixdə mülkiyyət hüququna dair AC 333482 saylı şəhadətnamə verilmişdir. O, həmin avtomobili BDYPİ-də aparılan alqı-satqı əsasında 9 yanvar 2015-ci il tarixdə satıçı X1 almışdır. Hal-hazırki vəziyyətdə mülkiyyətində olan həmin daşınar əmlakdan qanunverciliyin müəyyən etdiyi qaydalara əsasən istifadə edə bilmir. Səbəbi isə avtomobilin üzərinə qoyulmuş hansısa məhdudiyyətdən ibarətdir. O, cavabdeh AR DİN Baş X3 İdarəsinə mülkiyyətində olan avtomobil üzərində tətbiq olunan məhdudiyyətin müəyyən edilib götürülməsinə dair rəsmi ərizə ilə müraciət etmişdir. Cavabdeh 6 mart 2020-ci il tarixdə məktubla bildirmişdir ki, Baş X3 İdarəsinin mərkəzi informasiya sistemində həmin avtomobilin İsveç Respublikasının, Stolkholm şəhərində 19 noyabr 2013-cü il tarixdən axtarışda olması barədə məlumat mövcuddur. Məsələ ilə bağlı müvafiq səfirliyə müraciət etmək tövsiyyə olunur. Hesab olunur ki, mülkiyyətçi və vicdanlı alıçı olaraq bu məsələnin ona hec bir aidiyyatı yoxdur. 2015-ci ildə o, qanunverçiliyin müəyyən etdiyi qaydada avtomobilə dair satıçı ilə notariat qaydada alqı-satqı etdiyi zaman avtomobillə bağlı BDYPİ-də hec bir məhdudiyyətin olmaması göstərilmiş, alqı-satqı həyata keçirilmiş və bu barədə ona müvafiq şəhadətnamə verilmişdir. Mülkiyyətçi və vicdanlı alıcı olaraq onun mülkiyyətində olan daşınar əmlakın üzərində tətbiq olunan məhdudiyyətin götürülməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Qanunun mənasından (Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəlləsinin 152.1-ci maddəsi) da göründüyü kimi, Mersedes-Benz E220 CDİ minik markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı 2004-cü il buraxılışlı avtomobil mülkiyyət hüququ üzrə ona məxsus olsa da, onun qanunla müəyyən olunmuş qaydada ondan istifadə etmək hüququ məhdudlaşdırılmış, mülkiyyətçi kimi hüquqları pozulmuşdur. Göstərilənlərə və İPm-in 2.2.2, 33.1, 35.1-ci maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçının mülkiyyətində olan Mersedes-Benz E220 CDİ markalı (minik), **-SE-*** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı avtomobilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası»nın 1.3-cü bəndinə görə nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması yalnız nəqliyyat vasitəsinin Azərbaycan Respublikası DİN X3 idarəsinin qeydiyyat-imtahan hissələrində müayinədən keçirilməsi haqqında arayış təqdim edildikdən sonra Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq aparılır. Qaydaların 1.4-cü bəndinə görə nəqliyyat vasitələrinin müayinədən keçirilməsi onların axtarışda olub-olmaması faktının, məhkəmə orqanları, yaxud digər səlahiyyətli dövlət orqanları, vəzifəli şəxslər tərəfindən mövcud qanunvericilik aktlarına müvafiq olaraq cinayət, yaxud başqa qanun pozuntusu törədilməsinə görə nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə və girov saxlanmasına müvəqqəti məhdudiyyətlərin qoyulmasının mövcudluğunun yoxlanılması, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması və insan hüquqlarının təmin edilməsi məqsədilə həyata keçirilir. Qaydaların 2.1-ci bəndinə görə nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsində və girov qoyulmasında maraqlı olan şəxs müvafiq əqd bağlamazdan əvvəl, nəqliyyat vasitəsini müayinədən keçirilməsi üçün onu ərizə ilə birlikdə qeydiyyat məntəqəsinə təqdim etməlidir. Qeydiyyat məntəqəsi ərizəni xüsusi kitabda qeydə almaqla nəqliyyat vasitəsinin qeydiyyat sənədlərini, onun mühərrik, ban və şassi nömrələrini, rəngini informasiya-axtarış bazasının məlumatları əsasında yoxlayır və yoxlamanın nəticəsi barədə nəqliyyat vasitəsini təqdim etmiş şəxsə nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış verir. Qaydaların 2.8-ci bəndinə görə təqdim edilən sənədlərdə və ya nəqliyyat vasitəsinin aqreqat nömrələrində saxtakarlıq əlamətləri aşkar edildikdə, nəqliyyat vasitəsinin aqreqat nömrələrinin qeydiyyat məlumatları ilə uyğunsuzluğu, habelə nəqliyyat vasitələrinin və ya təqdim edilən sənədlərin axtarışda olmaları barədə məlumatlar mövcud olduqda həmin sənədlər və nəqliyyat vasitələri saxlanılır və müvafiq yoxlamalar aparılır. Qaydaların 2.9-cu bəndinə əsasən bu qaydaların 2.8-ci bəndində göstərilən hallar aşkar olunduqda, arayışın verilməsindən imtina edilir. Qaydaların 2.10-cu bəndinə görə ərizəçi, arayış verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra müvafiq arayışı almaq üçün bu qaydalara uyğun olaraq qeydiyyat məntəqəsinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir. Qaydaların 5.1-ci bəndinə görə nəqliyyat vasitəsinin müayinədən keçirilməsi haqqında arayış ərizəçi tərəfindən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsini və girov qoyulmasını sənədləşdirən orqana təqdim edilir. Müvafiq əqd bağlanması barədə həmin orqan tərəfindən verilən sənəddə arayışı verən qeydiyyat məntəqəsinin adı, arayışın qeydiyyat nömrəsi və verilmə tarixi göstərilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları («Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması Qaydası»nın müddəaları) nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi və girov qoyulması prosedurunda onların Azərbaycan Respublikası DİN X3 idarəsinin müvafiq strukturlarında müayinədən keçirilməsi haqqında arayışların təqdim edilməsini zəruri sayır. Nəqliyyat vasitəsinin axtarışda olması faktının müəyyən edildiyi halda isə, onun müayinədən keçirilməsi haqqında arayışın verilməsindən imtina olunması nəzərdə tutulur. Hazırkı işin hallarına görə iddiaçı mülkiyyətində olan Mersedes-Benz E220 CDİ (minik) markalı **-SE-*** dövlət qeydiyyat nişanlı, ban WDB2110061A629629 nömrəli, 2004-cü il buraxılışlı nəqliyyat vasitəsi üzərinə qoyulmuş məhdudiyyətin götürülməsini tələb etsə də, mahiyyətcə o, həmin avtomobilin özgəninkiləşdirilməsinin sənədləşdirilməsi üçün müayinə arayışının verilməsində məhdudiyyətin götürülməsini tələb, yəni arayışın verilməsindən imtinanı mübahisələndirir. Məhkəmənin qənaəti belədir ki, iddiaçının mülkiyyətində olan Mersedes-Benz E220 CDİ markalı **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xarici ölkədə axtarışda olduğundan (bu, işin mübahisə olunmayan hallarına aiddir), cavabdeh inzibati orqan həmin nəqliyyat vasitəsinin üzərindən məhdudiyyətin götürülməsindən imtina etməkdə haqlı olmuşdur və bu imtina qanunvericiliyə zidd sayılmamalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı «nəqliyyat vasitəsinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi» tələbinə dair iddiası əsassız olduğundan, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinə qarşı «nəqliyyat vasitəsinin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar