Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1852/2021 06.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı pul təminatının ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Gözətçi Gəmilərində xidmət etdiyi müddətdə ona verilməyən gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatı - gəmi pulu 01.09.1997-ci il tarixdən 2015-ci il iyul ayı tarixinədək, «Hərbi gəmilərdə və onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə» - 14 cü maaş pul təminatının isə 2019-cu il aprel ayına qədər (tərxis olunduğu günədək) bu günün ehtiyyac meyarı nəzərə alınmaqla indeksləşdirilməklə hal-hazırki vəzifə və rütbə maaşı ilə hesablanaraq birdəfəlik ödənilməsi və ödənilmə həyata keçirilərkən məbləğin hesablanma qaydası, ödənilən məbləğin miqdarı və hansı illərin ödənilməsi haqqında ona və məhkəməyə məlumatın verilməsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, X2 Gözətçi Gəmilərində xidmət etdiyi müddətdə ona verilməyən gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatı – gəmi pulu 01.09.1997-ci il tarixdən 2015-ci ilin iyul ayı tarixinədək, “Hərbi gəmilərdə və onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə” 14-cü maaş pul təminatının isə 2019-cu ilin aprel ayına qədər (tərxis olunduğu günədək) ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06 dekabr 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1997-ci ildən 2019-cu il aprel ayına qədər Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin zabiti olmuş, 26 il 10 ay güzəştli, 33 il 9 ay xidmət etmişdir. 15 aprel 2019-cu il tarixdə Silahlı qüvvələrin ehtiyyatına buraxılmışdır. 30.08.1997-ci il tarixli 785 saylı əmrə əsasən Dövlət Sərhəd Xidmətinin X3 kimyaçısı (Kütləvi Qırğın Silahlarından Mühafizə xidmətinin rəisi) vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəyə təyinat aldıqdan sonra 01.09.1997-ci il tarixdə hərbi hissə komandirinin daxili əmri ilə hərbi gəmilərdə dənizçi mütəxəssislərin çatışmamazlığı ilə əlaqədar olaraq X7 gəmi komandirinin baş köməkçi vəzifəsinə təyin olunmuşdur. Uzun müddət 01.09.1997-ci il tarixdən 2015-ci ilin iyul ayına qədər gəmi komandirinin baş köməkçi (bəzi hallarda Gəmi komandiri) vəzifəsini icra etdiyi halda ona gəmi ekipajına aid olan pul təminatı (Gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatı - gəmi pulu və Dövlət Sərhəd Xidməti rəisinin 0216 saylı əmrinə əsasən «Hərbi Gəmilərdə, onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə» 14-cü maaş pul təminatı) şamil edilməmişdir. Səbəb isə onun gəmidə (01.09.1997-ci il tarixdən 2015-ci il iyul ayınadək) vəzifəsinin icrasının hərbi hissə komandirinin daxili əmri ilə və gəmidə xidmətə görə staj üzrə 1 ilin, 1 il 6 ay hesablanmaması göstərilmişdir. 2019-cu ilin aprel ayında təxris olunan zaman Dövlət Sərhəd Xidmətinə raportla müraciəti əsasında xidməti araşdırılma aparılmış və güzəştli xidmət illəri hesablanaraq onun xeyrinə qərar qəbul edilərək, xidməti illərinə əlavə edilmiş və bununla ona gəmi ekipajına aid olan bütün təminatların şamil olunması Dövlət Sərhəd Xidməti tərəfindən təsdiq edilmişdir. Lakin təxris olunduqda ona heç bir pul təminatı ödənilməmişdir. 01.07.2019-cu ildə onun tərəfindən məktub vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisinə müraciət olunmuş və 17.07.2019-cu il tarixində Dövlət Sərhəd Xidməti tərəfindən məktub vasitəsi ilə ona bildirilmişdir ki, gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatının - gəmi pulunun 2019-cu ilin sonunadək hesabına köçürülməsi təmin ediləcəkdir. «Hərbi Gəmilərdə, onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə» 14-cü maaş pul təminatının ödənilməsi isə Sahil Mühafizə rəsinin müvafiq əmri olmadığı üçün imkan xaricindədir. Gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatı - gəmi pulu hər ay gəmidə xidmət edilən müddət ərzində vəzifə maaşının 15%-i həcmində hesablanır, «Hərbi Gəmilərdə, onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə» 14-cü maaş pul təminatı isə gəmidə fasiləsiz 4 il xidmət etdikdən sonar, xidmətin 5-ci ilindən başlayaraq ildə bir dəfə vəzifə maaşı və rütbə pulu həcmində verilir. 2019-cu ilin sonunda ona məktubda qeyd edildiyi kimi Dövlət Sərhəd Xidməti tərəfindən pul keçirilməmiş, 2020-ci ilin may aylarında DSX-nin Maliyyə İdarəsi ilə əlaqə saxlanılmış və bildirilmişdir ki, pulun köçürülməsi üçün bank hesab nömrəsini Dövlət Sərhəd Xidmətinin Maliyyə İdarəsinə təqdim etsin. Onun tərəfindən 10.06.2020-ci il və 02.07.2020 ci il tarixlərində bank hesab nömrəsi DSX-in qəbul şöbəsinə təqdim edilmiş, 30.07.2020-ci il tarixdə o, bir daha məktubla Dövlət Sərhəd Xidmətinin Maliyyə İdarəsinə ona veriləcək məbləğin hesablanma qaydası, ödəniləcək məbləğin miqdarı, hansı illərin ödənilməsi barədə məlumatın verilməsi və bank hesab nömrəsi əlavə edərək məktubla müraciət etmişdir. Lakin məktubun göndərilməsindən 30 gündən artıq vaxt keçməsinə baxmayaraq ona heç bir cavab verilməmiş və Gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatının-gəmi pulunun 2019-cu ilin sonunadək ödənilməsinə söz verilsə də 2020-ci ilin bu tarixinədək ödəmə təmin edilməmişdir. Hərbi gəmilərdə və onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə 14-cü əmək haqqını verməməkdə isə hərbi hissə komandirinin əmrinin olmaması bəhanə edilir. Göstərilən səbəbin isə heç bir hüquqi əsası yoxdur və bununla onun Dövlət Sərhəd Xidməti tərəfindən əmək hüququ pozulmuşdur. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, sabiq hərbi qulluqçu İddiaçı müraciəti ilə bağlı N nömrəli hərbi hissəyə sorğu verilmiş və sorğu nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı 1997-ci ildən qoşunların hazırlığı bölməsi flaqman kimyaçısı vəzifəsində xidmətə başlamış 06 oktyabr 2009-cu ildən Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmrinə əsasən dəniz şöbəsinin kütləvi qırğın silahlarından mühafizə üzrə flaqmanı vəzifəsinə təyin edilmişdir. Gəmi birləşmələrinin idarələrində uzunmüddətli və fasiləsiz xidmətə görə pul mükafatı verilə bilən DSX Sahil Mühafizəsində vəzifələrin siyahısında sonuncu tutduğu vəzifə 14 noyabr 2013-cü il tarixədək Dövlət Sərhəd Xidmətinin rəisi X1 müvafiq əmrində öz əksini tapmışdır. Müəyyən olunmuşdur ki, İddiaçı gəmilərə ezam olduğu üçün və tam beş il fasiləsiz xidmət təşkil etmədiyi üçün bu baxımdan hərbi gəmilərdə və onların birləşmələrində idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə hərbi hissə komandirinin pul mükafatının verilməsi əmrində sabiq hərbi qulluqçunun adı qeyd edilməmişdir. İddiaçı xüsusi qulluq şəraitinə görə (15%) faiz əlavəsi xidmət etdiyi dövrlərdə «naviqasiya vaxta» kitabına əsasən nizami hissə tərəfindən maliyyə bölməsinə təqdim olunmuş əmrdən çıxarışlara əsasən hesablamalar aparılaraq ödənişlər olunmuşdur. (Ödənişlər barədə cədvəl əlavə olunur). DSX rəisinin müvafiq əmrinə əsasən 1997-2014cü illər üzrə «naviqasiya vaxta» kitablarının saxlanma müddəti bitdiyi üçün və İddiaçılə bağlı nizami hissə tərəfindən maliyyə bölməsinə həmin dövrlər ərzində çıxarışlar daxil olmaması səbəbindən hər hansı bir hesablamanın aparılması imkan xaricindədir. Əlavə olaraq “Dövlət Sərhəd Xidmətinin Hərbi Qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 1.9-cu bəndini nəzərə alaraq hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilmiş pul təminatı hərbi qulluqçuların (ehtiyatda olan hərbi vəzifəlilər də daxil olmaqla) pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını və hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 01 iyul 2019-cu il tarixli ərizədən görünür ki, iddiaçı X6 01.09.1997-ci il tarixdən 2015-ci il may ayı tarixinədək xidməti dövründə verilməyən gəmi ekipajına aid olan pul təminatının (gəmi pulu və 14-cü maaş pul mükafatı) hesablanaraq ona ödənilməsi barədə müraciət etmişdir. İşdə olan iddiaçıya EZ seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 1997-ci il tarixdə Bakı Ali Hərbi Dənizçilik Məktəbini bitirmiş, 30.08.1997-ci il tarixdən 17.01.2003-cü il tarixədək N saylı hərbi hissəyə flaqman-kimyaçı, 17.01.2003-cü il tarixdən 24.11.2011-ci il tarixədək N saylı hərbi hissədə flaqman-kimyaçı, 24.11.2011-ci il tarixdən KQSM üzrə flaqman, 07.08.2018-ci il tarixdən N saylı hərbi hissədə KQSM üzrə flaqman vəzifəsində xidmət etmişdir. Dövlət Sərhəd Xidməti rəisinin 21.01.2019-cu il tarixli 41 ş/h saylı əmrinə əsasə (xəstəliyə görə) ehtiyata buraxılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçıya ünvanlanmış 15 iyul 2019-cu il tarixli, 10/99 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə Maliyyə-Plan İdarəsində baxılmış və bildirilmişdir ki, həqiqi hərbi xidmətdə olduğu dövrdə X4 ekipajı tərkibində səfərdə olduğu dövr (dəniz pul təminatı 30% aldığı dövr) üçün ona xüsusi qulluq şəraitinə görə ödənilməmiş faiz əlavəsi araşdırılaraq hesablanıb 2019-cu ilin sonunadək hesabına köçürülməsi təmin ediləcəkdir. Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmri ilə təsdiq edilmiş “Hərbi gəmilərdə və onların birliklərinin idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə pul mükafatı verilə bilən vəzifələrin sıyahısına uyğun olaraq Sahil Mühafizəsi rəisinin müvafiq əmri əsasında Hərbi və mülki gəmilərdə (katerlərdə) və onların birləşmələri idarələrində zabit, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına (vəzifə və rütbə) həcmində pul mükafatı ödənilir. Mükafatın ödənilməsinə dair Sahil Mühafizəsi rəisinin müvafiq əmri olmadığı üçün ona mükafatın ödənilməsinin imkan xaricində olduğu bildirilmişdir. Cavabdeh tərəfindən iddiaya dair verilmiş yazılı etiraza əlavə edilmiş arayışdan görünür ki, sabiq hərbi qulluqçu İddiaçı DSX-nin Sahil Mühafizəsində xidmət etdiyi illər ərzində xüsusi qulluq şəraitinə görə (15%) əlavəsi aşağıdakı kimi olmuşdur; 1998-ci ildən 2008-ci il tarixədək ümumiyyətlə əlavənin hesablanmadığı, 2009-cu il üzrə 97,21 manat, 2010-cu il üzrə 403,57 manat, 2011-ci il üzrə 655,57 manat, 2012-ci il üzrə 712,01 manat, 2013-cü il üzə 690,52 manat, 2014-cü il üzrə 745,49 manat, 2015-ci il üzrə 173,57 manat olmaqla ümumilikdə 3477,92 manat məbləğində xüsusi qulluq şəraitinə görə 15% əlavə ödənilmişdir. Hazırki iddia tələbi üzrə iddiaçının tələbi iki hissədən ibarət olmaqla, iddiaçı ilk növbədə X2 Gözətçi Gəmilərində xidmət etdiyi müddətdə ona verilməyən gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatı – gəmi pulunun 01.09.1997-ci il tarixdən 2015-ci ilin iyul ayı tarixinədək cavabdeh tərəfindən ona ödənilməsini tələb etməkdədir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı tərəfindən bununla bağlı cavabdehə müraciət olunmuş, cavabdeh həqiqi hərbi xidmətdə olduğu dövrdə X5 tərkibində səfərdə olduğu dövr (dəniz pul təminatı 30%) üçün ona xüsusi qulluq şəraitinə görə ödənilməmiş faiz əlavəsinin araşdırılaraq hesabanıb 2019-cu ilin sonunadək hesabına köçürülməsinin təmin ediləcəyini bildirmişdir. Lakin cavabdeh tərəfindən iddiaya dair verilmiş yazılı etiraza əlavə edilmiş arayışdan görünür ki, 1998-ci il tarixdən 2019-cu il tarixədək iddiaçıya DSX Sahil Mühafizəsində xidmət etdiyi illər ərzində xüsusi qulluq şəraitinə görə 15% əlavə olaraq ümumilikdə 3477,92 manat məbləğində vəsait ödənilmişdir. Həmin arayış üzrə 1998-ci ildən 2008-ci il tarixədək ümumiyyətlə əlavənin hesablanmadığı, 2009-cu il üzrə 97,21 manat, 2010-cu il üzrə 403,57 manat, 2011-ci il üzrə 655,57 manat, 2012-ci il üzrə 712,01 manat, 2013-cü il üzə 690,52 manat, 2014-cü il üzrə 745,49 manat, 2015-ci il üzrə 173,57 manat olmaqla ümumilikdə 3477,92 manat məbləğində xüsusi qulluq şəraitinə görə 15% əlavə qismində vəsait ödənilmişdir. Məhkəmə araşdırması dövründə məhkəmə tərəfindən təkrar sorğular göndərilib tələb edilməsinə baxmayaraq, iddiaçının xidmət illəri ilə bağlı müvafiq əmrlərin surəti məhkəməyə təqdim edilməmişdir. Lakin məhkəmə hesab edir ki, müəyyən dövr üzrə ödənişlərin edilməsi ilə cavabdeh iddiaçının xidmətdə olduğu 01 sentyabr 1997-ci ildən 2015-ci ilin iyul ayınadək xüsusi qulluq şəraitinə görə (15%) faiz əlavəsi almaq hüququnun olmasını faktiki olaraq təsdiq etmişdir. Lakin cavabdeh iddiaçıya xüsusi qulluq şəraitinə görə (15%) faiz əlavəsi xidmət etdiyi dövrlər üzrə qismən ödənilməsini DSX rəisinin müvafiq əmrinə əsasən 1997-2014cü illər üzrə «naviqasiya vaxta» kitablarının saxlanma müddəti bitdiyi üçün və İddiaçılə bağlı nizami hissə tərəfindən maliyyə bölməsinə həmin dövrlər ərzində çıxarışlar daxil olmaması səbəbindən hər hansı bir hesablamanın aparılması imkan xaricində olması əsası ilə imtina etmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 saylı qərarı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilmişdir. Həmin siyahı üzrə - Bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə həmin pul təminatına aiddir. Məhkəmə hesab edir ki, iddiaçıya xidmət etdiyi dövrdə ödənilməli olduğu halda cavabdeh tərəfindən həmin əlavənin ödənilməməsi, həmçinin sonradan müvafiq əmrlərin saxlanmadığı əsası ilə tam ödəniş edilməsindən imtina edilməsi əsassızdır və iddiaçının hüquqlarını pozur. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçının X2 Gözətçi Gəmilərində xidmət etdiyi 01.09.1997-ci il tarixdən 2015-ci ilin iyul ayınadək olan müddət üzrə ödənilmiş 3477,92 manat məbləğ nəzərə alınmaqla, həmin dövr üzrə ona ödənilməyən gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatının hesablanaraq ödənilməsi cavabdehə həvalə edilməlidir. İddiaçı iddia tələbi üzrə həmçinin “Hərbi gəmilərdə və onların idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə” 14-cü maaş pul təminatının isə 2019-cu ilin aprel ayına qədər (tərxis olunduğu günədək) ödənilməsinin cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçıya həmin əlavənin ödənilməsindən imtina edilməsinə əsas Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmri ilə təsdiq edilmiş “Hərbi gəmilərdə və onların birliklərinin idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə pul mükafatı verilə bilən vəzifələrin sıyahısı”na uyğun olaraq Sahil Mühafizəsi rəisinin müvafiq əmri əsasında Hərbi və mülki gəmilərdə (katerlərdə) və onların birləşmələri idarələrində zabit, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına (vəzifə və rütbə) həcmində pul mükafatı ödənildiyi, mükafatın ödənilməsinə dair Sahil Mühafizəsi rəisinin müvafiq əmrində iddiaçının adının olmadığı göstərilmişdir. Müvafiq əmrdə iddiaçının adının olmamasına əsas olaraq isə iddiaçının gəmilərə ezam olduğu üçün və tam beş il fasiləsiz xidmət təşkil etmədiyi üçün bu baxımdan hərbi gəmilərdə və onların birləşmələrində idarələrində uzun müddətli və fasiləsiz xidmətə görə hərbi hissə komandirinin pul mükafatının verilməsi əmrində sabiq hərbi qulluqçunun adının qeyd olunmadığı göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası həmin hissədə əsaslı olmuşdur. Belə ki, pul mükafatının verilməsi inzibati orqanın rəhbərinin diskresion səlahiyyətləri çərçivəsindədir və xidmət etdiyi dövr üzrə iddiaçıya həmin mükafatın verilməsi barədə əsaslar mövcud olmadığından bu barədə verilmiş müvafiq əmrdə onun adı qeyd olunmamışdır. Belə olan halda iddiaçının həmin mükafatı cavabdehdən tələb etməsi əsassızdır. İnzibati-Prosessual Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz; 73.3.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə. Məhkəmənin mövqeyinə görə, yuxarıda sadalanan xüsusatlara əsasən cavabdeh tərəfindən iddiaçıya uzun müddətli və fasiləsiz xidmətə görə pul mükafatının ödənilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının X2 Gözətçi Gəmilərində xidmət etdiyi 01.09.1997-ci il tarixdən 2015-ci ilin iyul ayınadək olan müddət üzrə (ödənilmiş 3477,92 manat məbləğ nəzərə alınmaqla) ona ödənilməyən gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatının hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia tələbi qismən təmin edilsin. İddiaçı X2 Gözətçi Gəmilərində xidmət etdiyi 01.09.1997-ci il tarixdən 2015-ci ilin iyul ayınadək olan müddət üzrə (ödənilmiş 3477,92 manat məbləğ nəzərə alınmaqla) ona ödənilməyən gəmi ekipajına aid olan xüsusi qulluq şəraitinə görə pul təminatının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1852/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1852/2021
06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver