Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1852/2022 18.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı, Laçın Rayon Təhsil Şöbəsi üçüncü şəxs qismində cəlb edilməklə “attestatın bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi tam orta təhsil haqqında attestatın alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1974-cü ildə Laçın rayonunun Mığıdərə kəndində doğulmuşdur. 1991-ci ildə Mığıdərə kənd orta məktəbini bitirmişdir. Həmin il 096180 nömrəli attestatla təmin olunmuşdur. Naməlum səbəbdən həmin attestatı itirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı 29 noyabr 2021-ci il tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Laçın rayonu Mığıdərə kənd orta məktəbi tərəfindən adına verilmiş 08.07.1991-ci il tarixli, 096180 nömrəli orta təhsil haqqında attestatın bərpa edilməsi ilə bağlı müvafiq hərəkətlərin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 29 noyabr 2021-ci il tarixli məhkəmə iclasında məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iddia tələbi “Laçın rayonu Mığıdərə kənd orta məktəbi tərəfindən adıma verilmiş, 08.07.1992-ci il tarixli. 096180 nömrəli orta təhsil haqqında attestatın bərpa edilməsi ilə bağlı müvafiq hərəkətlərin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilsin.” kimi göstərilmişdir. Məhkəmənin 29 noyabr 2021-ci il tarixli qərardadı ilə Laçın Rayon Təhsil Şöbəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 23.07.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, 1991-1992-ci ilə dair Laçın rayon məktəbləri barədə məlumatlar Təhsil Nazirliyinin Arxiv Fondunda aşkar olunmadığından məsələnin həlli imkan xaricindədir; 08 iyul 1992-ci ildə verilmiş 096180 nömrəli orta təhsil haqqında attestatın Şamaxı rayon Dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq olunmuş surətindən görünür ki, 1974-cü ildə Laçın rayonu, Mığıdərə kəndində doğulmuş İddiaçı 1991-ci ildə Laçın rayonu, Mığıdərə kənd orta məktəbin bütün kursunu bitirmişdir; Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq, Dövlət Notariat Arxivinin 25.10.2021-ci il tarixli məktubu ilə, Şamaxı rayon dövlət notariat ofisində 18 avqust 1992-ci il tarixdə 833 və 834 nömrələri ilə aparılmış notariat hərəkətinin qeydə alındığı 1C indeksli reyetsr kitabından çıxarış məhkəməyə təqdim edilmişdir. Həmin çıxarışdan görünür ki, İddiaçı məxsus, 08 iyul 1992-ci ildə Laçın rayonu, Mığıdərə kənd orta məktəbi tərəfindən verilmiş orta təhsil haqqında attestatın surəti notarial qaydada təsdiq edilmişdir. Məhkəmə işin sadalanan halları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun: 5.4-cü maddəsinə əsasən, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir; 19.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edir; 19.15-ci maddəsinə əsasən, ümumi orta təhsil müvafiq təhsil proqramına əsasən həyata keçirilir; 17.2-ci maddəsinə əsasən, təhsilin pillələri və səviyyələri arasında qarşılıqlı əlaqə və varislik təmin olunur. Hər bir təhsil pilləsi və səviyyəsi (məktəbəqədər təhsil pilləsi və ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi istisna olmaqla yekun qiymətləndirmənin və ya attestasiyanın nəticələrinə uyğun olaraq məzunlara təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatır; 19.20-ci maddəsinə əsasən, ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi və təhsil haqqında dövlət sənədinin verilməsi məqsədilə ümumi təhsil müəssisələrinin buraxılış siniflərində (İX və Xİ sinif) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsilalanların yekun attestasiyası keçirilir və nailiyyətlərinə görə təhsilalanlara attestat, fərqlənmə attestatı və xüsusi nümunəli attestat verilir; 19.21-ci maddəsinə əsasən, ümumi təhsil haqqında dövlət sənədi növbəti səviyyədə və pillədə təhsili davam etdirmək və ya əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2016-cı il tarixli, 479 nömrəli qərarı ilə təsdiq edilmiş, “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası”nın: 2.2-ci bəndinə əsasən, ümumi təhsil pilləsində təhsil haqqında aşağıdakı növ dövlət sənədləri müəyyənləşdirilir: 2.2.1. ümumi orta təhsil haqqında attestat (adi və fərqlənmə); 2.2.2. tam orta təhsil haqqında attestat (adi, fərqlənmə və xüsusi nümunəli). 2.3-cü bəndinə əsasən, ümumi orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vuran məzunlara ümumi orta təhsil haqqında fərqlənmə attestatı, digər hallarda isə ümumi orta təhsil haqqında adi attestat verilir; 4.1-ci bəndinə əsasən, ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın nümunələri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi əsasında çap olunur; 4.2-ci bəndinə əsasən, ümumi orta təhsil haqqında attestat və tam orta təhsil haqqında attestat tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrinə (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir; 4.3-cü bəndinə əsasən, ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın uçotu Azərbaycan Respublikasının Təhsil Nazirliyində və ümumi təhsil müəssisələrində aparılır və onlar ciddi hesabat sənədləri kimi saxlanılır; 5.3-cü bəndinə əsasən, ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın surəti məzunun şəxsi işində saxlanılır; 5.5-cü bəndinə əsasən, ümumi təhsil müəssisəsi ləğv olunduqda, ümumi orta təhsil haqqında attestat, tam orta təhsil haqqında attestat və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ümumi təhsil müəssisəsi tərəfindən verilə bilər; 5.9-cu bəndinə əsasən, ümumi orta təhsil haqqında attestatı və tam orta təhsil haqqında attestatı itirmiş şəxslərə ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın dublikatının verilməsi barədə qeydiyyat eyni məlumatlar üzrə ayrıca kitabda aparılır; 5.10-cu bəndinə əsasən, ümumi orta təhsil haqqında attestatı və tam orta təhsil haqqında attestatı itirən şəxs ərizə ilə ümumi təhsil müəssisəsinin direktoruna müraciət etməlidir. Ərizəyə sənədin axtarışda olması barədə məlumat və “Azərbaycan müəllimi” qəzetində verilən elan əlavə olunur. Elanda şəxsin soyadı, adı, atasının adı, ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın adı, seriyası və nömrəsi, onu verən ümumi təhsil müəssisəsinin adı və verilmə tarixi göstərilir; 5.11-ci bəndinə əsasən, ümumi təhsil müəssisəsi həmin ərizəyə əsasən 15 gün müddətində ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın dublikatını verir; 5.12-ci bəndinə əsasən, ümumi təhsil müəssisəsində ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın dublikatı arxiv sənədləri əsasında verilir; 5.13-cü bəndinə əsasən, dublikat kimi verilən ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın sağ səhifəsinin yuxarı küncündə “Dublikat” ştampı vurulur; 5.14-cü bəndinə əsasən, itirilmiş ümumi orta təhsil haqqında attestatın və tam orta təhsil haqqında attestatın əvəzinə arayış vermək qadağandır. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, iddiaçının təhsil aldığı ümumi təhsil müəssisəsi hazırda fəaliyyət göstərmədiyindən, 1991-1992-ci illərə dair Laçın rayon məktəbləri barədə məlumatlar Təhsil Nazirliyinin Arxiv Fondundan aşkar olunmadığından, o cümlədən sözügedən təhsil sənədinin əvvəllər mövcud olması məhkəmə araşdıması ilə öz təsdiqini tapdığından, həmin sənədin bərpa edilməsi ilə bağlı iddiaçının təhsil aldığı ümumi təhsil müəssisəsinə müraciət etmək imkanı olmadığından, attestatın notarial qaydada təsdiq edilmiş surətində göstərilən məlumatlar əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ümumi təhsil müəssisəsi tərəfindən attestatın bərpa olunması (dublikatının verilməsi) üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Laçın rayonu Mığıdərə kənd orta məktəbi tərəfindən verilmiş, 08.07.1992-ci il tarixli. 096180 nömrəli orta təhsil haqqında attestatın bərpa edilməsi (dublikatının verilməsi) ilə bağlı müvafiq hərəkətlərin edilməsi (eyni tipli ümumi təhsil müəssisəsinə yazılı müraciət edilməsi) vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus Laçın rayonu Mığıdərə kənd orta məktəbi tərəfindən verilmiş, 08.07.1992-ci il tarixli. 096180 nömrəli orta təhsil haqqında attestatın bərpa edilməsi (dublikatının verilməsi) ilə bağlı müvafiq hərəkətlərin edilməsi (eyni tipli ümumi təhsil müəssisəsinə yazılı müraciət edilməsi) vəzifəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1852/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1852/2022
18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver