Məhkəmə qərarları › İş №2-1(112)-1852/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1852/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1852/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək əmək kitabçası üzrə işlədiyi illərin sosial sığorta stajına əlavə edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ona əmək pensiyasının təyin edilməsi üçün aidiyyatı üzrə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan imtina etmişdir. İddiaçı cavabdeh orqanın imtinasını əsassız və qanunsuz hesab edir. Belə ki, xx.xx.2006-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınıb-alınmaması iddiaçının deyil müəssisənin öhdəliyidir. Bundan əlavə xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək “X2” bürosunda olan əmək fəaliyyəti zamanı xx.xx.1999-cu il tarixindən xx.xx.1999-cu il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğuna münasibətdə bildirilmişdir ki, ümumiyyətlə həmin tarixlərdə tərəfindən öz hesabına yəni şəxsi vəsaitləri hesabına ödənişsiz məzuniyyətdə olmamışdır. Odur ki, imtinada qeyd olunan müddətlər üzrə işlədiyi illər sığorta stajına əlavə edilərək pensiyanın verilməsi məsələsinə yenidən baxılmalıdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi imtina məktubunda göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçının ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən iddiaçı Respublikas Hesablama Mərkəzinə qəbul olmamışdan qabaq heç yerdə işləməyib. xx.xx.1975-ci il tarixdə operator vəzifəsinə qəbul edilmiş, xx.xx.1976-cı il tarixdə baş operator vəzifəsinə keçirilmişdir. xx.xx.1976-cı il tarixdə işdən azad edilmişdir. xx.xx.1976cı il tarixdə ÜETİ Geofizika Azərbaycan şöbəsinin 5 saylı Laboratoriyasına laborant vəzifəsinə qəbul edilmiş, xx.xx.1980-cı il tarixdə 4-1 saylı laboratoriyaya laborant kimi keçirilmişdir. xx.xx.1991-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1991-ci il tarixdə 20 saylı Şəhər uşaq poliklinikasına tibb bacısı vəzifəsinə təyin edilmiş, xx.xx.1992-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1997-ci il tarixdə KTŞ KT ANAKA 8-ci dərəcəli texnik kimi ETS-ya qəbul olunmuş, xx.xx.2000-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası poliklinika şöbəsinə təsərrüfat bacısı vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə işdən azad olunmuşdur. İddiaçı xx.xx.1997-ci ildə “Kosmik Cihazqayırma və Konstruktor Bürosu”na texnik vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2000-ci ildə işdən azad edilmişdir. Cavabdehin 08 iyun 2024-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, iddiaçı tərəfindən təqdim olunan sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən sığorta stajı 24 il 2 ay 13 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 22 il 7 ay 13 gün sığorta stajına uyğun olaraq 22.792,42 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1.435,19 manat olmaqla, ümumilikdə 24.227,61 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320,00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən iddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək “X2” bürosunda olan əmək fəaliyyəti zamanı xx.xx.1999-cu il tarixindən xx.xx.1999-cu il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Bu səbəbdən də öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2022-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. Cavabdehin Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2024-cü il tarixli, 3-17-1/1-N-113633/2024 nömrəli qərarından görünür ki, vətəndaşın ümumi əsaslarla pensiya yaşı xx.xx.2018-ci ildə tamamlanır. Tələb olunan sosial sığorta stajı olmadığı üçün yaşa görə pensiya hüququ yaranmır. xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək fərdi hesabında pensiya kapitalı yoxdur. Tərtib olunmuş akta əsasən xx.xx.1999xx.xx.1999-cu illərdə öz hesabına məzuniyyətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X4 X1 Bürosunun 09 oktyabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Büronun keçmiş əməkdaşı İddiaçı Büro üzrə imzalanmış xx.xx.1999-cu il tarixli, 03/k nömrəli əmrə əsasən 1999-cu il 4 yanvar tarixindən 2 (iki) ay müddətinə və xx.xx.1999-cu il tarixli, 19/k nömrəli əmrə əsasən 1999-cu 1 mart tarixindən 1999-cu 31 dekabr tarixinə qədər ödənişsiz məzuniyyətdə olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 28 noyabr 2024-cü il tarixli məktubu ilə iddiaçının məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim edilmişdir. İddiaçının yanvar 2021-sentyabr 2022-ci il dövr üzrə cəmi gəliri 5 200,00 manat, cəmi hesablanmış və ödənilmiş 1 300,00 manat təşkil etmişdir. Cavabdehin 5 dekabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək 22 il 7 ay 13 gün sığorta stajına uyğun olaraq 22792,42 manat, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1469,78 manat olmaqla ümumilikdə pensiya kapitalı 24262,2 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ müraciət etdiyi tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində əmək kitabçası üzrə işlədiyi illərin sosial sığorta stajına əlavə edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azəbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır (27.1. ). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Həmin “Qaydalar”ın 4.1.2-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən müəyyən edilir. Cavabdeh tərəfindən iddiaçının xx.xx.1997-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək “X2” bürosunda olan əmək fəaliyyəti zamanı xx.xx.1999-cu il tarixindən xx.xx.1999-cu il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövrün sığorta stajına daxil edilməməsi səbəbindən onun sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Göründüyü kimi işçinin əmək haqqı ödənilmədən öz hesabına çıxdığı məzuniyyət dövrü sosial sığorta stajına daxil edilmir. Verilmiş məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli X4 X1 Bürosunun 09 oktyabr 2024-cü il tarixli məktubunda iddiaçının 1999-cu il 4 yanvar tarixindən 2 ay müddətinə və xx.xx.1999-cu il tarixli, 19/k nömrəli əmrə əsasən 1999-cu 1 mart tarixindən 1999-cu 31 dekabr tarixinə qədər ödənişsiz məzuniyyətdə olduğu göstərilmişdir. Belə olan halda iddiaçının sığorta stajı 25 ildən az, yəni 24 il 02 ay 13 gün təşkil edir. Eyni zamanda iddiaçının pensiya kapitalı da 24262,2 manat təşkil edir ki, bu ona minimum pensiya məbləğində əmək pensiyasının təyin edilməsi üçün kifayət deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar