Məhkəmə qərarları › İş №2-1(112)-1853/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1853/2022

11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1853/2022 11.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona 60 yaşdan, yəni 14 fevral 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) xx xxxxxx 1961-ci il tarixdə doğulmuşdur. Halhazırda “X7” MMC-də baş direktorun istehsalat üzrə 1-ci müavininin müşaviri vəzifəsində çalışır. 4 may 2021-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı cavabdeh DSMF X5 üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdehin 28 iyul 2021-ci il tarixli məktubu ilə ona əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtinaya səbəb kimi onun işlədiyi sahənin və vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuş sahə və vəzifələrə aid olmaması göstərilmişdir. İmtina barədə məktub ona 29 iyul 2021-ci il tarixdə təqdim olunmuşdur. İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinasını əsassız hesab edir. Belə ki, onun çalışdığı “X7” MMC-də xarici investorlar tərəfindən idarə edildiyi dövrdə bəzi vəzifələrin adlarında ingilis mənşəli sözlər yer almışdır. İddiaçının 1 sentyabr 2005-ci il tarixdən 1 noyabr 2006-cı il tarixədək çalışdığı Poladəritmə sexində “menecer müavini” vəzifəsi məhz “sex rəisinin müavini” vəzifəsi olmuşdur. Həmçinin, 1 sentyabr 2009-cu il tarixdən 1 sentyabr 2014-cü il tarixədək işlədiyi təkrarqarametal tədarükü sahəsi Poladəritmə sexinin daxilində yerləşən metal tullantılarının emalını həyata keçirən sahədir. Göründüyü kimi, həmin sahə yuxarıda qeyd edilən Siyahının 3.6-cı bəndində nəzərdə tutulan “polad və ferroərintilər istehsalı” sahəsinə aiddir və iddiaçının işlədiyi vəzifələr də uyğun olaraq 3.6 (b) yarımbəndində nəzərdə tutulmuş böyük usta, sahə rəisi, sex rəisi, onların müavinləri vəzifələrinə uyğundur. “X7” MMC-nin 30 aprel 2021-ci il tarixli 50/L saylı məktubunda yuxarıda qeyd edilənlər ətraflı şəkildə öz əksini tapmışdır. Bununla bağlı iddiaçı olaraq cavabdehin əməkdaşlarının və mütəxəssislərinin iştirakı ilə yerində baxış keçirməklə onun işlədiyi sahənin nə dərəcədə zərərli və isti sahə olması tələb etsə də, heç bir araşdırma aparılmadan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. Təqdim edilən sənədlərdə qeyd olunduğu kimi iddiaçının 60 yaşı olan müddətə, yəni 14 fevarl 2021-ci il tarixədək hərbi xidmət və təhsil müddəti də nəzərə alınmaqla 42 il 9 ay ümumi əmək stajı, 15 il 11 ay güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı və 124.441 manat məbləğində pensiya kapitalı var. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1, 31.1, 32.1-1, 37.7-ci maddələrinə, İPM-in 33.1, 38.2-ci maddələrinə əsaslanaraq, ona (iddiaçıya) 60 yaşdan, yəni 14 fevral 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarlarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın “Metallurgiya istehsalatı” bölməsinin (3) polad və ferroərinti istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində (3.6) rəhbərlər və mütəxəssislər yarımbəndində (b) sex rəisləri, onların müavinləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 21 noyabr 1983-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında 1 sentyabr 2005-ci il tarixdən 1 noyabr 2006-cı il tarixədək dövr ərzində “X7” MMC-nin Poladəritmə sexində menecerin müavini vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi sex menecerinin müavini vəzifəsi yuxarıda qeyd olunan sex rəisləri, onların müavinləri vəzifəsinə uyğun deyil. Bundan başqa, iddiaçının təqdim etdiyi sənədlərdə 1 sentyabr 2009-cu il tarixdən 1 sentyabr 2014-cü il tarixədək olan dövr ərzində Təkrarqarametal Tədarükü sahəsində böyük usta və sahə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi Təkrarqarametal Tədarükü sahəsində usta və sahə rəisi vəzifələri yuxarıda qeyd olunan polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması sahəsinə aid deyil. Bu səbəbdən güzəştli iş stajı 12 il 6 aydan az (9 il 9 ay 12 gün) təşkil edir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil ərizəsində göstərilənləri təsdiqlədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı münasibətdə göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşdə olan sənədlər (əmək kitabçası, diplom, arayışlar və s.) əsasında aparılan məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxxxx 1961-ci il tarixdə doğulmuşdur. O, 1978 – 1983cü illərdə Azərbaycan Politexnik İnstitutunda əyani şöbədə ali təhsil almış və ona müvafiq ixtisas üzrə tam kursu bitirməsi barədə diplom verilmişdir. İddiaçı 21 noyabr 1983-cü il tarixdən əmək fəaliyyətomnə başlamış və hazl-hazıradək işləyir. O, 60 yaşı tamam olduğu 14 fevral 2021-ci ildən sonra 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 ay Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə staja mail olduğunu bəyan etməklə ona müvafiq pensiyanın təyin olunması ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, 1) iddiaçının əmək kitabçasında 2005 – 2006-cı illərdə “X7” MMC-nin Poladəritmə sexində menecerin müavini vəzifəsində işlədiyi qeyd olunsa da, bu vəzifə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının “Metallurgiya istehsalatı” bölməsinin (3) polad və ferroərinti istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması bəndində (rəhbərlər və mütəxəssislər yarımbəndində) nəzərdə tutulan sex rəisinin müavini vəzifəsi uyğun deyil; 2) təqdim edilən sənədlərdə 2009 – 2014-cü illərdə Təkrarqarametal Tədarükü sahəsində böyük usta və sahə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur, lakin həmin vəzifələr yuxarıda qeyd olunan polad və ferroərintilər istehsalı, qarışıqların hazırlanması və kopyor işləri, metallurgiya sobalarının təmiri, dolomitin və əhəngin yandırılması sahəsinə aid deyil (güzəştli iş stajı 9 il 9 ay 12 gün təşkil edir). İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 150.038,26 manat təşkil edir ki, bu da əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər (8.1.1 – 8.13-1-ci maddələrindən başqa) hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdehin olduğu yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Nəzərə alınmalıdır ki, iddia ərizəsi məhkəmənin icraatına 1 oktyabr 2021-ci il tarixdən əvvəlki dövrdə daxil olduğundan, İPM-in 8.1.2-ci maddəsinin həmin tarixdən qüvvəyə minmiş dəyişiklik üzrə tələbləri hazırkı mübahisəyə tətbiq oluna bilməz. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Həmin Siyahının “3. Metallurgiya istehsalatı” bölməsinin (3.6) “Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması” bəndində “b” rəhbərlər və mütəxəssislər – sex rəisləri, onların müavinləri, növbə rəisləri, sahə rəisləri, ustalar, böyük ustalar nəzərdə tutulmuşdur. Qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını aşağıdakılarla şərtləndirir: - 60 yaşına çatması; - 25 il sığorta stajına malik olması; - 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə çalışmasıı; - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalın;n əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Nəzərə alınmalıdır ki, iddiaçının müvafiq yaş həddinə çatması, yetərli pensiya kapitalı toplaması, eləcə də 25 il sığorta stajına malik olması işin mübahisə olunmayan hallarına aiddir və məhkəmə icraatında tədqiq edilmiş əmək kitabçası, diplom və digər sənədlərlə də bu hallar təsdiqini tapır. Cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlil isə, yalnız iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 12 il 6 aydan az (9 il 9 ay 12 gün) staj toplamasıdır. İş materiallarında olan “X8” MMC-nin 19 aprel 2018-ci il tarixli 85/L və 133/A nömrəli arayışlarında, 30 aprel 2021-ci il tarixli 50/L nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: - (85/L nömrəli arayış) İddiaçı 1 sentyabr 2009-cu il tarixdən 7 iyul 2011-ci il tarixədək Təkrarqarametal Tədarükü sahəsində böyük usta, 7 iyul 2011-ci il tarixdən 1 sentyabr 2014-cü il tarixədək Təkrarqarametal Tədarükü sahəsinin rəisi, 1 sentyabr 2014-cü il tarixdən 10 oktyabr 2016-cı il tarixədək Poladəritmə sexinin rəisi, 10 oktyabr 2016-cı il tarixdən 10 mart 2017-ci il tarixədək Poladəritmə sexinin rəis müavini, 10 mart 2017-ci il tarixdən hal-hazıradək Baş direktorun istehsalat üzrə 1-ci müavininin müşaviri vəzifəsində çalışır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.6 (b) yarımbəndində ustalar, böyük ustalar, sahə rəisləri, sex rəisləri, onların müavinləri kimi öz əksini tanmışdır; - (133/A nömrəli arayış) İddiaçı “X7 Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X4 Salan Mərkəz tərəfindən tərtib edilmiş “X7 Limited” şirkətinin arxiv fondunun materiallarında qeyd edilmişdir ki, 28 mart 2001-ci il tarixdən 1 sentyabr 2005-ci il tarixədək Poladəritmə sexində zərərli iş şəraitində növbə rəisi, 1 sentyabr 2005-ci il tarixdən 1 noyabr 2006-cı il tarixədək Poladəritmə sexinin menecerin müavini vəzifəsində, 1 noyabr 2006-cı il tarixdən 1 sentyabr 2009-cu il tarixədək Poladəritmə sexində zərərli iş şəraitində şixtə (xəlitə) sahəsinin rəisi vəzifəsində çalışmışdır (Əsas: Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X4 Salan Mərkəz tərəfindən tərtib edilmiş Arxiv fondunun materialları. Fond №1, Siyahı №1Ş, 21№li saxlama vahidi, 246№li saxlama vahidi). Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.6 (b) yarımbəndində növbə rəisləri, sahə rəisləri, sex rəisləri, onların müavinləri kimi öz əksini tanmışdır; - İddiaçı 28 mart 2001-ci il tarixdən 1 sentyabr 2009-cu il tarixədək olan dövr ərzində “X7” MMC-nin Poladəritmə sexində növbə rəisi, menecerin müavini, şixtə sahəsinin rəisi vəzifələrində çalışmışdır. Qeyd edilən dövrdə “X7” xarici investorlar tərəfindən idarə edildiyi üçün bəzi vəzifələrin adlarında ingilis mənşəli sözlər yer almışdır. Menecer müavini sex rəisinin müavini kimi başa düşülməlidir. İddiaçı öz əmək funksiyalarını Elektrik poladəritmə sexində, isti və zərərli iş şəraitində yerinə yetirirdi. Bu baxımdan qeyd edilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qəran ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.6 (b) yarımbəndində növbə rəisləri, sahə rəisləri, sex rəisləri və onların müavinləri vəzifələrinə uyğundur. Bundan başqa, Təkrarqarametal Tədarükü sahəsi “metallurgiya istehsalatı”na aid olan Elektrik poladəritmə sexinin daxilində yerləşir. Həmin sahədə metal tullantıların emalı prosesi həyata keçirilir. İddiaçı 1 sentyabr 2009-cu il tarixdən 1 sentyabr 2014-cü il tarixədək olan dövr ərzində həmin sahədə böyük usta və sahə rəisi vəzifələrində çalışmışdır. Bu vəzifələr də yuxarıda qeyd edilən Siyahının 3.6 (b) yarımbəndində növbə rəisləri, sahə rəisləri, sex rəisləri və onların müavinləri vəzifələrinə uyğundur. “X7” MMC Respublikamızın metallurgiya sənayesində aparıcı rol oynayan poladəritmə müəssisəsidir. Müəssisədə iş şəraiti ağır və zərərlidir. İş yerlərinin attestasiyasının nəticələri əsasında əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərə (o cümlədən İddiaçı) əmək şəraitinə görə güzəştlər – maaşlara artım və əlavə məzuniyyət günlərinin verilməsi təmin edilmişdir. İddiaçı iş yeri bilavasitə Elektrik poladəritmə sexinin daxilində yerləşirdi və o bütün iş vaxtım isti və zərərli iş şəraitində keçirmişdir. Məhkəmə işin mübahisəli xüsusatı ilə bağlı yuxarıda qeyd olunan arayışıları diqqətə çəkir və vurğulayır ki, həmin arayışlarda iddiaçının 2001 – 2014-cü illərdə işlədiyi vəzifələrin xüsusiyyətləri, o cümlədən iş şəraiti (vəzifənin adı fərqli ifadə olunsa da) təsvir olunmuş və həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qəran ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.6-cı bəndinin “b” yarımbəndində nəzərdə tutulan növbə rəisi, sex rəisi, sex rəsinin müavini vəzifələrinə uyğun olması qeyd olunmuşdur. Məhkəmə icraatında cavabdeh tərəf həmin arayışlardakı məlumatların qeyri-mötəbərliyi ilə əlaqədar hər hansı dəlil gətirmədiyndən, belə hal icraatda müəyyən edilmədiyindən, həmin sənədlər mötəbər qiymətləndirilir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının 2001 – 2014-cü illərdə işlədiyi müvafiq vəzifələr «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 3-cü “Metallurgiya istehsalatı” bölməsinin 3.6-cı bəndinin “b” yarımbəndində nəzərdə tutulan müvafiq vəzifələrə uyğun olduğundan, onun 60 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır və bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna ziddir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə İPM-in 13 və 52-ci maddələrini rəhbər tutaraq, iddia ərizəsində tələb kimi “əmək pensiyasının məbləğinin ödənilməsi” ifadəsini “əmək pensiyasının təyin edilməsi” kimi qəbul edir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 14 fevral 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 14 fevral 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar