Məhkəmə qərarları › İş №2-1(112)-1854/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1854/2021

30.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1854/2021 30.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X1 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “informasiya sorğusuna cavab verilməməsinin qanunsuz hesab edilməsi” tələbinə dair inzibati iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək 28 iyul 2020-ci il tarixli informasiya sorğusuna cavab verilməməsinin qanunsuz hesab edilməsi və cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirli cənab Oqtay Şirəliyevin üzərinə 28 iyul 2020-ci il tarixli informasiya sorğusu vasitəsilə istənilən informasiyaları ona təqdim etmək öhdəliyinin Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi 22.09.2020-ci il tarixdə məhkəməyə təqdim edilmiş, iş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları 27.10.2020, 17.11.2020, 14.01.2021-ci il, 11.03.2021-ci il, 28.04.2021-ci il, 30.06.2021-ci il tarixlərə təyin edilmiş və iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvana məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri, həmçinin, məhkəmə iclasında uzun müddət yayındığı üçün iddianın geri götürülmüş hesab edilə biləcəyinə dair məktub göndərilmiş, lakin iddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir. İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə görə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, həmin bildiriş rəsmi qaydada verilmiş sayılır. Göründüyü kimi, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən artıq müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındığından, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “informasiya sorğusuna cavab verilməməsinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəlləsinin 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları tərəfindən baxılır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında İPM-in 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.04.2014-cü il tarixli Qərarının 2-ci bəndində belə qənaətə gəlinmişdir ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Həmçinin, iddiaçıya izah olunur ki, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması onun yenidən məhkəməyə müraciət etməsi üçün maneə deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prossesual Məcəllənin 55.3, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “informasiya sorğusuna cavab verilməməsinin qanunsuz hesab edilməsi” tələbinə dair iş üzrə iddiası geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar