Məhkəmə qərarları › İş №2-1(112)-1858/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1858/2022

29.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1858/2022 29.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyinin qiymətləndirilməsi haqqında cavabdehin qərarının ləğv olunması və əlilliyinin yenidən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, 2-ci qrup əlilliyinin bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 07 iyun 2021-ci il tarixində 0082003AAEAX nömrəli forma 88-lə əlilliyinin qiymətləndirilməsi üçün müraciət etmiş, Tibbi Sosial Ekspert Komissiyasının 13 iyul 2021-ci il tarixli qərarı ilə əlavə müalicəyə ehtiyacın olduğuna istinadla əlilliyin təyin edilməsindən imtina olunmuşdur. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun 21 iyun 2021-ci il tarixli 201143653/1622 nömrəli arayışında diaqnoz olaraq “Sol baldır sümüklərinin aşağı 1\3 hissəsinin qeyridüzgün bitişmiş sınığı. Sol aşıq baldır oynağının ankilozu Sol qamış sümüyünün postravmatik osteomieliti” qeyd olunmuşdur. Bu diaqnoza əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamənin 2.5.5-ci maddəsinə uyğun olaraq əlillik təyin olunmalıdır. Həmçinin imtinaya əsas göstərilən əlavə müalicəyə ehtiyacın olması səbəbi heç bir əsasnamə və qərarda qeyd olunmamışdır. 08 oktyabr 2008-ci ildə “Kamaz” markalı avtomobil piyada hərəkət zamanı iddiaçını vurmuş, bu zaman sol baldır sümükləri sınmış, sol baldırında əzilmiş cırılmış yaralar və ümumi sol ayağı natamam amputasiya vəziyyətinə gəlmişdir. Hadisə baş verən tarixdən 15 noyabr 2008-ci il tarixinə qədər Bakı Baş Səhiyyə İdarəsinin Kliniki Tibb mərkəzində koma vəziyyətində qalmış, ondan sonra 3 il yataq vəziyyətində hərəkətsiz qalmışdır. Bu 3 il ərzində dəfələrlə əməliyyatlar keçirmiş və nəticədə sol baldırında sümüklərin 1/3 hissəsi qeyri-düzgün bitişmiş və topuğu hərəkətsiz qalmışdır. İddiaçı bu hadisədən sonra əmək fəaliyyətini qismən itirmişdir. Bu günə qədər ağrıları davam edir və sağlamlığını qorumaq üçün müəyyən xərclər çəkir. 23 aprel 2009-cu il tarixdən ona 2-ci qurp əlillik təyin olunmuş, 16 iyun 2016-cı ilədək hər il komissiyadan keçərək əlillik müddəti davam etdirilmiş və həmin tarixdən isə 5 illik müddətinə, yəni xx.xx.2021-ci il tarixədək əlillik təyin olunmuşdur. İlkin əlillik təyin olunan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetini 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına dair əsasnamədə qeyd olunmuşdur ki, birinci dərəcə əlillik fasiləsiz olaraq dörd il, ikinci dərəcə əlillik isə fasiləsiz olaraq on il təyin edildiyi hallarda əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edilir. İddiaçı 12 ildən artıq ikinci qrup əlil olmasına baxmayaraq əlilliyi ləğv olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinə 14 saylı Birləşdirilmiş Şəhər Xəstəxanasının xx.xx.2009-cu il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 18 saylı Şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və bir il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. 18 saylı Şəhər Poliklinikasının xx.xx.2015-ci il tarixli 0082003AAABL0 saylı göndərişi əsasında baxılmış və bir il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və Sol baldır sümüklərinin aşağı 1\3 qeyri-düzgün bitişmiş sınığı. Sol aşıq baldır oynağının ankilozu. Sol qamış sümüyünün postravmatik osteomieliti diaqnozu ilə beş il müddətinə ikinci dərəcə əlillik dərəcəsi verilmişdir. Bakı 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0082003AAEAX saylı göndərişi əsasında baxılmış və “X1: XİX sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=> S80-S89- Diz və baldırın travmaları=> S82- Baldır sümüklərinin sınığı, aşıq- baldır oynağı da daxil olm...; Diaqnozun mətni: Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, Sol baldır sümüklərinin aşağı 1/3 qeyri-düzgün bitişmiş sınığı. Digər cərrahi əməliyyatlar, Sol baldır sümüklərinin İlizarov aparatı ilə osteosintez c/ə icra edilib. Hərəkətin və yerişin pozulmaları, Sol aşağı ətrafın funksiyasının pozulması, Digər daimi ağrı, Daimi ağrı sindromu ilə;” diaqnozu üzrə Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması –Səbəb: Əlavə stasionar müalicəyə ehtiyacı vardır” səbəbi ilə imtina verilmişdir. İddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir. Cavabdeh qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti xx.xx.2009cu il tarixdə yoxlanılmış və ona Sol baldırın aşağı 1/3-in hər iki sümüyünün açıq qəlpəli yerdəyişən sınığından s/v Sol baldırın çoxsaylı çapıqları diaqnozu ilə ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. xx.xx.2014-cü ildə iddiaçı yenidən müayinə olunmuş və ona eyni diaqnoz ilə ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. Müddət bitdiyindən xx.xx.2015-ci ildə iddiaçı təkrar müayinə olunmuş və ona “Sol baldır sümüklərinin aşağı 1\3 qeyri-düzgün bitişmiş sınığı. Sol aşıq baldır oynağının ankilozu. Sol qamış sümüyünün postravmatik osteomieliti” diaqnoz ilə ümumi xəstəlik səbəbindən 1 il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 2015-ci il 30 dekabr tarixdə qəbul edilmiş 413 nömrəli qərar ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilmiş, Əsasnamənin 6.1-ci bəndinə əsasən həmin Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılmışdır. Bu normaya uyğun olaraq xx.xx.2016-cı il tarixdə elektron təyinat aparılmış və iddiaçıya təyin edilmiş ikinci dərəcə əlillik müddəti xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İddiaçıya təyin edilmiş ikinci dərəcə əlilliyin müddəti bitdikdən sonra “Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, Sol baldır sümüklərinin aşağı 1/3 qeyri-düzgün bitişmiş sınığı. Digər cərrahi əməliyyatlar, Sol baldır sümüklərinin İlizarov aparatı ilə osteosintez c/ə icra edilib. Hərəkətin və yerişin pozulmaları, Sol aşağı ətrafın funksiyasının pozulması, Digər daimi ağrı, Daimi ağrı sindromu ilə” diaqnozu ilə yeni göndəriş verilmiş, xx.xx.2021-ci il tarixdə cavabdeh əlavə stasionar müalicəyə ehtiyacın olması əsası ilə iddiaçıya əlilik təyin etməkdən imtina etmişdir. İddiaçı cavabdehin bu imtinasını mübahisələndirərək onun əlilliyinin bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı zamanı iddiaçının sağlamlıq vəziyətinin əyani müayinə əsasında qiymətləndirilməsi məqsədilə məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli qərardad ilə cavabdehə müddət təyin edilmiş, cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********7 saylı məktubla bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. İddiaçı hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı. Sol baldır sümüklərinin aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı. Digər cərrahi əməliyyatlar, sol baldır sümüklərinin İlizarov aparatı ilə osteosintez cərrahi əməliyyatı icra edilib. Hərəkətin və yerişin pozulmaları. Sol aşağı ətrafın funksiyasının pozulması. Digər daimi ağrı, daimi ağrı sindromu ilə” diaqnozu-anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5-ci bəndinə müvafiq olaraq İddiaçı ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********7 saylı əmri ilə yaradılmış 2 nömrəli komissiyanın xx.xx.2022-ci il tarixli **********1 saylı iclas protokolundan görünür ki, Bakı İnzibati Məhkəməsinin məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq iddiaçıya xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı bu qərarla razılaşmamış, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş, ikinci qrup əlilliyinin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə müraciət etdiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən: - 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. - 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. - 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. - 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. - 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. - 2.6. Bu Qaydanın 2.5-ci bəndinə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. - 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:

1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.

2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.

3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İstinad olunan normalardan görünür ki, qanunverici şəxsə ilk dəfə əlillik təyin edilmə proseduru ilə əlilliyin müddəti bitdikdən sonra yenidən əlillik təyin edilmə proseduru arasında heç bir fərqləndirmə qoymamış, hər dəfə əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilməsi üçün eyni tələbləri təsbit etmişdir. İddiaçı hazırda ona təyin edilmiş ikinci dərəcə əlilliyin bərpa olunması barədə tələb irəli sürsə də, iddiaçının əlilliyinin müddəti bitdikdən sonra onun müraciəti əsasında yenidən əlilliyinin müəyyən edilməsinə dair qəbul edilən qərar yeni, müstəqil bir inzibati aktdır və qəbul edildiyi tarixdən şəxsə hüquq verməklə onun əvvəlki əlilliyinin bərpasına səbəb olmur. Çünki “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Belə olan halda aydın olur ki, hazırkı halda iddiaçının tələbi müddəti bitmiş 2-ci qrup əlilliyin bərpası deyil, ona müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi ilə bağlıdır. Məhkəmə iddiaçının bu tələbinə uyğun olaraq onun sağlamlıq vəziyyətinin ikinci dərəcə əlilliyin təyin edilməsi meyarlarına uyğunluğunun müəyyən edilməsi məqsədilə məhkəmənin 2-1(112)-1858/2022 saylı xx.xx.2022-ci il tarixli qərardad ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin etmiş, xx.xx.2022-ci il tarixdə iş üzrə ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Rəydə göstərilmişdir ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli göndərişdə qeyd edilmiş “baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, sol baldır sümüklərinin aşağı 1\3 hissəsinin qeyri-düzgün bitişmiş sınığı, digər cərrahi əməliyyatlar, sol baldır sümüklərinin İlizarov aparatı ilə osteosintez cərrahi əməliyyatı icra edilib, hərəkətin və yerişin pozulmaları. Sol aşağı ətrafın funksiyasının pozulması, digər daimi ağrı, daimi ağrı sindromu ilə” diaqnozu ilə əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2 bəndində olan xəstəliklərə uyğun gəlmədiyindən, 2.5.5-ci bəndinə uyğun olaraq ümumi xəstəlik səbəbi ilə müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi, iş üzrə ekspert iddiaçıya təyin edilmiş əlilliyin düzgünlüyünü təsdiq etmiş və onun sağlamlıq vəziyyətinin müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsinə uyğun olmadığını bildirmişdir. Məhkəmə ekspert rəyi ilə aşağıdakı əsaslara görə razılaşır. Belə ki, iddiaçıya dair verilmiş sonuncu göndərişdə xəstəliyinin beynəlxalq təsnifatı aşağıdakı kimi olmuşdur: “X1: XİX sinif- Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=> S80-S89- Diz və baldırın travmaları=> S82- Baldır sümüklərinin sınığı, aşıqbaldır oynağı da daxil olm...;” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4-cü bəndinə əsasən ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18- N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri. Eyni zamanda həmin Əsasnamənin 2.4-cü bəndinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5); 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9); 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); 2.4.5. dağınıq skleroz (G35); 2.4.6. bir budun güdülü (Z89.8); 2.4.7. bir əlin olmaması (Q71.2, Z89.1); 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); 2.4.9. tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66); 2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1). Göründüyü kimi, əsasnamədə göstərilən ikinci dərəcə əlilliyin, o cümlədən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi ilə bağlı xəstəliklər arasında iddiaçıya qoyulmuş diaqnoz (o cümlədən xəstəliyin beynəlxalq təsnifatı üzrə) mövcud deyil. Buna görə də, məhkəmə hesab edir ki, ekspert rəyi mötəbərdir və onu təkzib edən, şübhə altına alan hər hansı bir sübut işdə mövcud deyil. İddiaçı ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən edilməsi barədə qanunvericiliyin normasına istinad edərək, tələbini ona 12 ildən artıqdır ki, ikinci dərəcə əlillik təyin edildiyindən cavabdeh tərəfindən müddətsiz əlillik təyin edilməli olması ilə əsaslandırmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda istinad olunanlardan da məlum olduğu kimi, iddiaçıya 2009-cu ildən 2015-ci ilədək müxtəlif müddətlərə ikinci dərəcə əlillik təyin edilmiş, daha sonra isə 2016-cı ildə qanunvericiliyə edilmiş dəyişiklik çərçivəsində iddiaçının əlilliyi hər hansı qiymətləndirmə aparılmadan, fərqləndirmə qoyulmadan, göndəriş verilmədən elektron təyinat qaydasında növbəti 5 il müddətinə uzadılmışdır. Buna görə də məhkəmə hesab edir ki, fasiləsiz olaraq 10 (on) il təyin olunma bu halda tətbiq edilə və bu dəlil iddianın təmin üçün özlüyündə kifayət hesab edilə bilməz. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı barəsində verilmiş göndərişdə qeyd edilən diaqnoz ona ikinci dərəcə müddətsiz əlillik təyin edilməsinə imkan vermədiyindən iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı : İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar